143 yaşlı mətbuatımız
Azərbaycan mediası bir model olaraq
dünya üçün
örnək olacaq bir yol keçib
Milli mətbuatımızın yaranmasından 143 il ötür. Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi olmuş anadilli mətbuatımız həm də çoxəsrlik yazılı tariximizin son 143 ilinin zəngin salnaməsini yaradıb. Mətbuatımız zəngin tarixi irs və təməl üzərində bu gün də dinamik inkişaf edir, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmur, dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə sadiqlik nümayiş etdirir. Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması, əslində, ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən maarifçilik hərəkatının, dünyəvi teatrın və yeni tipli məktəbin təşəkkül tapması ilə sıx şəkildə bağlıdır.
143 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Əsası "Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalıb, amma Həsən bəy Zərdabi milli dilin yaşaması naminə hər çətinliyə dözdü və tutduğu şərəfli yoldan dönməyib.
Qəzetə maraq oyatmaq məqsədilə Həsən bəy Zərdabi "Əkinçi”ni geniş kütlələr arasında pulsuz yaymalı olub. Eyni zamanda, bu cəfakeş insan dövrünün görkəmli ziyalılarını qəzet ətrafında toplaya bilib. Əksər mütəxəssislərin də qeyd etdikləri kimi, Həsən bəy Zərdabi ilk gündən "Əkinçi” vasitəsilə ən başlıca vəzifəsini -xalqı maarifləndirməyin təbliğini öz qarşısında məqsəd qoyub. Qəzetdə kəndli həyatına, kəndli təsərrüfatına, əkinçilik mədəniyyətinə, suvarma işlərinə, əmək alətlərinə dair məqalələr nəşr etməklə böyük ədib kənd təsərrüfatında geriliyi aradan qaldırmağa çalışıb. Eyni zamanda, ayrı-ayrı məqalələrdə xalqımızın mədəni həyatına dair materiallar da dərc edilib. Ən başlıcası isə Həsən bəy Zərdabi məhz "Əkinçi”nin səhifələrində milli oyanışın xüsusiyyətlərini, milli birliyi yaratmaq məsələsini qoyub.
"Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün "Əkinçi”ni yaratdı. "Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan "Əkinçi” millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.
Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya”, "Kəşkül”, "Şərqi-rus”, "İrşad”, "Molla Nəsrəddin” kimi qəzet və jurnallar "Əkinçi”nin ənənələrini davam etdirdi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayır.
143 il əvvəl xalqın zəruri tarixi tələbatından yaranmış və ötən dövrdə onun köklü maraqlarına xidmət etmiş milli mətbuatımızın pozulmaz-dəyişməz amalı, tarixi təcrübəsi, gərəkli ənənələri və şəksiz xidmətləri deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin hərtərəfli tərəqqisi və modernləşdirilməsi dövrünün vəzifələrini də jurnalistikamız uğurla yerinə yetirəcək. Mövqelərini ildən-ilə möhkəmləndirən azad mətbuat, yeni tipli KİV ölkəmizdə sivil, demokratik cəmiyyət yaradılmasına layiqli töhfələr verəcək.
"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan mediası bir model olaraq dünya üçün örnək olacaq bir yol keçib. Onun sözlərinə görə, milli mətbuatımızın inkişafında ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir: "143 il yol gələn milli mətbuatımız müstəqilliyimizin bərpasından sonrakı illərdə real, müstəqil mətbuat kimi formalaşdı, söz, fikir azadlığına geniş şəkildə diqqət yetirildi. 1995-ci ildə Azərbaycan Konstitusiyasının əksər iddiaları insan haqlarının qorunması, fikir azadlığının təsbit olunmasını özündə ehtiva edir. Eyni zamanda 1998-ci il 6 avqust tarixində senzuranın aradan qaldırılması Azərbaycan mətbuatı tarixində olduqca önəmli bir hadisə idi. Müstəqil mətbuat məhz o gündən sonra formalaşmağa başladı.
Ulu öndər Heydər Əliyevin medianın inkişafı ilə bağlı kifayət qədər sərəncamları, qərarları olub. Hesab edirəm ki, bütün bu qərarlar Azərbaycan mətbuatının inkişafında xüsusi önəm kəsb edir. Ümumiyyətlə, ulu öndərimizin dövründə mətbuatımız tam və dəqiq, sərrast formada fəaliyyət göstərməyə başladı. H.Əliyev milli mətbuatımızın yaranması ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsində xüsusi göstərişlər verirdi, bu artıq ənənə halını aldı və Azərbaycan mətbuatında xidmətləri olan jurnalistlərimiz dövlətin ali mükafatları ilə təltif olundu.
2003-cü ildə ölkəmizdə Mətbuat Şurası yarandı. Mətbuat Şurası özünü tənzimləyən qeyri-hökümət təşkilatı olaraq kifayət qədər uğurlu layihələrə imza atıb. 2005-ci ildə isə cənab prezident İlham Əliyev "Əməkdar jurnalist” adını bərpa elədi və ölkənin aparıcı media qurumlarında çalışanlar fəxri adlar, bəziləri isə şöhrət ordeni, tərəqqi medalı ilə mükafatlandırılırdı. 2009-cu ildə İ.Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yarandı. Fondun özü redaksiyaların maliyyə-iqtisadi durumunun yaxşılaşdırılması, jurnalist peşəkarlığının artırılması ilə bağlı kifayət qədər layihələr həyata keçirib. Artıq 9 ildən artıqdır ki, fond fəaliyyət göstərir. Ümumiyyətlə, SSRİ respublikaları arasında belə bir qurum yoxdur. Doğrudan da KİVDF-nin yaranması Azərbaycan mətbuatı tarixinin ən parlaq səhifələrindən biridir ki, qəzetlərin maliyyə durumunun yaxşılaşdırılması yönündə kifayət qədər tədbirlər reallaşdırır. Bu məsqədlə 35 milyon manat vəsait ayrılıb, hesab edirəm ki, bu da olduqca yüksək məbləğdir”.
V.Rəhimzadə bildirib ki, ölkəmizdə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması böyük bir hadisədir və bu hal Azərbaycan mətbuatının zənginliyindən xəbər verir: "Milli mətbuatımız öz inkişaf dövrünü uğurla davam etdirir və Azərbaycanda fikir və söz azadlığı yüksək səviyyədə təmin olunub. Cənab prezidentə də maraqlıdır ki, Azərbaycanda müstəqil mətbuat inkişaf eləsin və Azərbaycan mətbuatı dünyanın ən nüfuzlu mətbuat orqanlarından birinə çevrilsin. Üzərimizə düşən ən şərəfli vəzifələrdən biri dövlətimizin inkişafında aparılan siyasətə dəstək olmaq və bir vətəndaş kimi mövqeyimizi nümayiş etdirməkdir”.
Azərbaycan mətbuatının yarandığı ilk gündən bu günə kimi zəngin inkişaf yolu keçdiyini deyən "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev hazırda mediamızın olduqca perspektivli olduğunu bildirdi: "Milli mətbuatımızın keçdiyi 143 illik tarixə nəzər yetirəndə onun daxilində saysız-hesabsız iri və xırda mərhələlər, müxtəlif keyfiyyət-kəmiyyət dəyişmələri, ideoloji qabarmalar, geriləmələr, inkişaf və tərəqqi meyillərini görmək mümkündür. Milli mətbuatımızın ilkin mərhələdə fəaliyyəti bir tarixdir. Əvvəlki dövrlərdə, yəni Həsən bəy Zərdabinin dövründə "Əkinçi” qəzetinin fəaliyyəti, sovet dövründə mətbuatın fəaliyyəti və milli demokratik, müstəqil dövri mətbuatımız prinsip və keyfiyyətcə biri-birindən fərqlidir. Məsələn, sovet dövründə mediamız daha çox ideoloji basqı və çərçivədə fəaliyyət göstərirdi. Yalnız proletar beynəlmiləlçiliyinə və qondarma sovet xalqı deyilən bir ideologiyaya xidmət elədiyinə görə, mediamızda milli-mənəvi dəyərlərdən, vətənpərvərlik duyğularının təbliğindən qətiyyən söhbət gedə bilməzdi.
Demokratik cümhuriyyət dövründəki mediamız çox perspektivli və tarixi əhəmiyyətli tendensiyalara malik olsa da, onun ömrü uzun çəkmədi. Sovet dövründə mediamızda başlamış olan inkişaf, oyanış demək olar ki, dayandırıldı. Mətbuatımızın ən böyük inkişaf mərhələsi 1991-ci ildən bu günə, yəni müstəqil Azərbaycan dövrünə düşən fəaliyyətidir. Dövrün ən xarakterik keyfiyyəti, fərqləndirici xüsusiyyəti mediada peşəkarlığın inkişaf etdirilməsi, mediamızın daha çox dövlət mənafelərini bir prinsip olaraq üstün tutması və jurnalistlərdə vətənpərvərlik hisslərinin yüksək səviyyədə olmasıdı. Mediamız heç vaxt indiki qədər dövlətçi olmayıb. Bu, birinci növbədə jurnalistlərimizin təfəkküründə müstəqil dövlətçiliyə olan bağlılığın təzahürüdür. Medianın və jurnalistlərin dövlət himayəsi altına alınması dünya üçün Azərbaycan timsalında yeni bir modeldir. Başqa ölkələrdə buna oxşar modellər olsa da, Azərbaycanda bu, keyfiyyətcə fərqlənir. Fərqli xüsusiyyət medianın müstəqilliyinə xələl gətirmədən jurnalist peşəkarlığının inkişafına şərait yaratmaq və eyni zamanda mediaya dövlətin dəstəyini bir institut kimi formalaşdırmaqdır. Mediaya dövlətimizin dəstəyi var, bu, olduqca əhəmiyyətli bir uzlaşmadır. Yəqin ki, həm dövlətin dəstəyi, həm də medianın müstəqilliyinin qorunub saxlanması gələcəkdə də mediamızın inkişafı üçün həlledici bir prinsip olacaq. Əlbəttə, jurnalistlərimizin vətənpərvərlik və peşəkarlıq səviyyəsi əvvəlki dövrlərdə, xüsusilə də sovet dövrü jurnalistikası ilə müqayisədə xeyli dərəcədə inkişaf etməsi ilə qürur duymaq olar. Əvvəlki tarixi mərhələlərlə müqayisədə mediamızın inkişafında qeyri-adi inkişaf mərhələləri və xüsusiyyətləri var”.
(davamı var...)
Yeganə Bayramova
Şərq.- 2018.- 20 iyul.- S.11.