I DÜNYA
MÜHARİBƏSİ İLLƏRİNDƏ AZƏRBAYCAN
MƏTBUATI...
Bakı Dövlət Universitetinin
Mətbuat tarixi və ideoloji iş metodları
kafedrasının doktorantı, "Jurnalistika” Elmi-tədqiqat
laboratoriyasının elçi işçisi Samir
Xalidoğlunun qələmə aldığı "I
Dünya Müharibəsi illərində Azərbaycan mətbuatı
- (1914-may 1918)” adlı monoqrafiyası işıq üzü
görüb. Müəllif tədqiqat əsərində
sözügedən dövrün mətbuat aləmini ətraflı
şəkildə təhlil edib. Birinci Dünya müharibəsi
illərində milli mətbuatımızın fəaliyyətindən
bəhs edən tədqiqat işi 1914-cü ilin iyunundan -
1918-ci ilin mayına qədərki dövrü əhatə
edib.
Kitabda anadilli mətbuat, onun mövzu dairəsi,
aparıcı jurnalist və publisistləri haqqında
dolğun məlumat verilib. Xüsusilə vurğulamaq
lazımdır ki, Azərbaycan jurnalistikasında Birinci
Dünya müharibəsi illərində mətbuatın fəaliyyəti
geniş və daha dəqiq şəkildə məhz Samir
Xalidoğlunun araşdırması əsasında
aparılıb. Dövrlə bağlı indiyə
qədər ayrı-ayrı məqalələr yazılsa da,
proseslərə səthi toxunulsa da, sistemli şəkildə tədqiqat
"I Dünya Müharibəsi illərində Azərbaycan mətbuatı”
adlı monoqrafiyada öz əksini tapıb. Əsərin
giriş bölməsində bəyan edilib ki, mətbuat
tariximizin hər bir dövrü, həmin dövrdə
çıxan hər bir mətbuat orqanının öyrənilməsi
mühüm əhəmiyyət kəsb edir. Azərbaycan mətbuatı
və jurnalistikası tarixinin elə dövrləri var ki, bu və
ya digər səbəbdən indiyə qədər əsaslı
tədqiq olunmayıb. Həmin səbəblərdən
birincisi, sovet dövrünün siyasi, ideoloji tələbləridirsə,
ikincisi isə müstəqillik illərindən əski Azərbaycan-ərəb
əlifbasının yaratdığı maneələrlə
bağlı olub. Sadalanan səbəblərə görə,
öyrənilməyən dövrlərdən biri də Birinci
Dünya müharibəsi illərinin mətbuatıdır.
Halbuki bu zaman kəsiyi həm Azərbaycan milli hərəkatı,
həm də mətbuat tarixində xüsusi çəkisi
olan dövrlərdəndir. Çünki Azərbaycan Xalq
Cümhuriyyətinə gedən yol məhz bu dövrdən
keçir. Müəllif vurğulayıb ki, Cümhuriyyətimizin
elmi, nəzəri və ideoloji konsepsiyası məhz
dövrün mətbuat səhifələrində yaranıb və
formalaşıb.
Kitabda vurğulanıb ki, Birinci Dünya
müharibəsinin başlanması və Rusiyanın
müharibə tərəflərindən biri olması
imperiyada iqtisadi, siyasi və ictimai problemləri də
özü ilə gətirib. Bu çətinliklər
çarizmin əksər ucqarları kimi Azərbaycanda da
özünü bariz şəkildə büruzə verib.
İctimai-siyasi həyatın əksər sahələrində
hiss olunan tənəzzül halları mətbuata da təsirsiz
ötüşməyib. Müharibə mətbuat
qarşısında bir sıra çətinliklər, süni
maneələr yaradıb. Problemlər arasında mətbuat
üçün ən aktual və eyni zamanda ən
dözülməzi heç şübhəsiz ki, senzura olub.
Xüsusən, Birinci Dünya müharibəsi dövründə
senzura problemi daha kəskin müstəviyə qədəm
qoyub, daha qabarıq şəkildə özünü göstərib.
Mətbuat həm mülki, həm də hərbi senzorlarla
çəkişmək məcburiyyətində qalıb. Bu hal onsuz da çar senzurasını hər zaman
öz başı üzərində "Domokl
qılıncı” hesab edən milli mətbuatın vəziyyətini
daha da pisləşdirib. Üzeyir Hacıbəyovun təbirincə
desək, "müsəlman mühərrirləri bir deyil,
iki, üç, dörd, beş senzor qabağında pasovat eləməyə
məcbur” ediliblər. Yerli qəzetlər yalnız hərbi
senzuranın icazə verdiyi xəbər və məlumatları
dərc edə bilərdi. Mətbuat
orqanlarında vaxtaşırı olaraq təlimat xarakterli
yazılar dərc etdirilib, yerli jurnalist və publisistlərə
atmalı olduqları addımlar qabaqcadan göstərilib, onlar
bir növ müəyyən çərçivə daxilində
fəaliyyətə məcbur ediliblər. İndiyə qədər
araşdırılmayan bir dövrə müraciət edən
müəllif əsəri barədə "Şərq” qəzetinə
geniş müsahibə verib. Mövzu ilə bağlı
suallarımızı cavablandıran mətbuat tarixi üzrə
araşdırmaçı olduqca maraqlı məqamlara təmas
edib..
- Samir müəllim, hansı səbəblərdən
I Dünya Müharibəsi dövrünü
araşdırmağa ehtiyac duydunuz?
- Mövzunu mənə mətbuat tədqiqatçısı,
professor Şirməmməd Hüseynov təklif etmişdi.
2007-2008-ci illərdən etibarən bu dövr məndə
xüsusi maraq doğururdu. O vaxtdan yavaş-yavaş tədqiqatlar
aparmağa başlamışdım. Əvvəlcə həmin
dövrdə nəşr edilən qəzetlərin
siyahısını tutdum və hər dəfə arxivə
gedəndə mətbu orqanlarla bağlı bir-bir
araşdırma apardım. Qəzetləri oxudum və
özüm üçün qeydlər götürdüm. Həm
əski əlifbanı bildiyimə, həm mətbuat
tarixçisi olduğuma, həm də olduqca maraqlı dövr
olduğuna görə sırf müharibə illərini
araşdırdım. Bilirsiz ki, Cümhuriyyət dövrü
müəyyən istisnalar olmaqla işlənilib. Amma
Cümhuriyyətin elmi-nəzəri bazasının
hazırlandığı bu dövr demək olar ki,
araşdırılmayıb. Mətbuatla bağlı dövrlərdən
biri müharibəyə qədər olan dövrdür.
1909-10-11 və 12-ci illər, eləcə də I Dünya
Müharibəsi illəri az işlənib. Mən sonradan bildim
ki, Akif Aşırlı da həmin dövrlə bağlı dəyərli
araşdırma aparıb. Təəssüflər olsun ki,
araşdırma ilə o vaxt tanış olmaq imkanım
olmayıb. Ancaq etiraf etmək lazımdır ki,
7-8 ilə qədər dövrlə bağlı ciddi tədqiqatlar
yox idi, sadəcə bir neçə məqalələr
yazılmışdı. Dövr ayrıca
araşdırılmadığı üçün boşluq
yaranmışdı. Sovet dönəmində qələmə
alınan kitablarda isə həmin dövrün
üstündən keçilmişdi. Bir az Cümhuriyyət
dövrünə toxunmaqla birbaşa sovet dövrünə
keçid edilirdi. Boşluğun olması müəllim kimi
bizə çox çətinlik yaradırdı. Dərs deyəndə
dövrlə bağlı material tapa bilmirdik. Əski əlifbanı
bilməyən müəllimlər əllərində olan
hazır əsərlərlə kifayətlənmək məcburiyyətində
qalırdılar. Görün, neçə ildən
söhbət gedir, hardasa 8-9 illik böyük bir dövr
araşdırılmamış qalırdı. Mən elə
hesab edirəm ki, bu kitab həmin dövrə müəyyən
qədər işıq tuta bilər. Əlbəttə, bu,
ilkin araşdırmadır, yəqin ki, məndən
sonrakılar daha dərindən tədqiqat aparacaqlar.
- Əski əlifbanı bilmək dövrlə
bağlı daha dəqiq və dolğun araşdırma
aparmağa imkan verirmi?
- Əlbəttə, əski əlifbanı bilmək
çox mühüm rol oynayır. Kitabda elə mətbuat
orqanlarından bəhs edilib ki, onlar haqqında ilk dəfə
məlumat verilib. Bizdə biblioqrafiq kitablar var. Məsələn,
Nazim Axundovun və digər müəlliflərin
kitablarında mətbu orqanların adı sadəcə
informasiya formasında keçib. Yəni ümumi məlumat
verilib ki, hansı qəzet neçənci ildə
çıxıb və redaktoru kim olub. Məsələ
ondadır ki, həmin əsərlərdə də müəyyən
yanlışlıqlar var idi. Mən onları öz
araşdırmamda göstərmişəm və hansı səhvlərə
yol verildiyini qeyd etmişəm. Bəlkə də sovet
dövründə ancaq bu səviyyədə araşdırma
aparmaq mümkün idi. Ancaq doğrular əvvəl-axır
yazılmalıdır. Çalışmışam ki, əksər
qəzetləri ancaq orijinal nüsxələrindən oxuyum.
Yalan olmasın, bəzən bir qəzetin 40-50 səhifəsini
oxuduqdan sonra sadəcə 5-6 cümlə çıxara bilirsən.
Elə qəzet var ki, 4 il ərzində çıxıb. Məcbursan
ki, 4 il ərzində qəzetlərin mümkün qədər
çox sayını vərəqləyəsən ki,
yanlış informasiyalar dərc etməyəsən. Ola bilər,
hansısa araşdırmaçı mənim
baxmadığım 20 nömrəni oxuyar və iddia edər
ki, müəllif kitabında səhv informasiya verib. Ona görə bütün sayları gözdən keçirmişəm
ki, ən azından zəruri informasiyalar, yəni qəzetin
redaktoru, nəşr olunduğu yeri, dövriliyi və səhifələrinin
sayı barəsində düzgün məlumat verim.
Çalışmışam ki, yanlışlıq minimum səviyyədə
olsun. O baxımdan sadəcə yazılanlarla kifayətlənmək
olmaz, mütləq qəzetlərə də baxmaq əsas
şərtdir.
- Bir tərəfdən müharibənin, digər
tərəfdən də senzuranın olduğu həmin
dövrdə anadilli mətbuat orqanları necə fəaliyyət
göstərib? Hansı çətinliklərlə üzləşib?
- Problemlər arasında senzuranı xüsusilə
qeyd etmişəm. Senzura müharibədən qabaq da var idi. Elə
mətbuat yaranandan senzura mövcud olub. Məsələ
ondadır ki, həmin dövrdə həm mülki, həm də
hərbi senzura var idi. Yəni mətbuat üzərində
ikiqat senzura hökm sürürdü. O dövrün qəzetlərini
vərəqləyəndə görürsən ki, bir səhifənin
yarısı boş buraxılıb. Qəzet
yığılandan sonra senzura idarəsinə gedirdi, orada
baxırdılar və "təhlükəli” olanı
çıxarırdılar. Dövrün qəzetçiləri
özləri də bilərəkdən hansısa səhifəni
ağ qoyurdular. Yəni oxucuya çatdırırdılar ki, əslində
biz burda yazı vermişdik, amma senzuraya görə həmin
yazı çapa getməyib. Məsələn, Cəlil Məmmədquluzadə
çıxarılan məqalənin yerində qayçı
şəkli qoyurdu, yəni demək istəyirdi ki, məqalə
senzor tərəfindən qayçılanıb. Müəlliflər
bununla bir növ öz etirazlarını bildirirdilər.
Əslində çıxarılan yazının yerinə
başqa, "təhlükəsiz” məqalə qoya bilərdilər.
Amma qəsdən boş buraxırdılar. Hətta elə
olurdu ki, materialın yarısı gedirdi, digər
yarısını kəsib çıxarırdılar, ya da
bir abzasını, bir sütununu kəsib
çıxarırdılar. Məqalə yarımçıq
gedirdi, amma oxucu söhbətin nədən ibarət
olduğunu bilirdi. Ən çox da Ömər Faiq Nemanzadənin
məqalələrini çıxarıblar. Elə olub ki, təkcə
imzası qalıb, yazı olmayıb, amma biliblər ki,
Ö.F.Nemanzadənin burada məqaləsi gedib. Məsələn,
"Yeni İqbal” qəzetində Məhəmməd Əmin Rəsulzadənin
bir yazısı getməliymiş. Rəsulzadə məqaləsində
Xalq Məktəbləri Şöbəsinin müdirini tənqid
edibmiş. Həmin məqalə böyük qalmaqala səbəb
olub. Hətta sırf bu yazıya görə, may ayında Rəsulzadəni
həbs ediblər. Çünki Rəsulzadə həmin
yazısının üstündə mübarizə aparıb
və israrla yazının çap olunmasına
çalışıb. Həmin dövrdə Martinov, hərbi
senzor və bir neçə başqa instansiya işə
qoşulublar. Amma təəssüflər olsun ki, Rəsulzadənin
israrına rəğmən onun məqaləsi çap
olunmayıb, yeri boş qalıb. Rəsulzadəni həbs etdilərsə
də, tutarlı fakt olmadığına görə, ay
yarımlıq dustaq həyatından sonra sərbəst
buraxmağa məcbur qaldılar. Yəni jurnalist məqaləsini
yazır və arxasında da dururdu. Halbuki o çətinliklərin
qarşısında, xüsusən də 1917-ci ilin fevral
inqilabına qədər senzuranın tüğyan etdiyi bir
dövrdə belə bir təşəbbüs göstərmək
çox müşkül məsələ idi. Böyük cəsarət
və iradə tələb edirdi.
(Davamı var)
Qocayev İsmayıl
Şərq.-
2018.- 7 mart.- S.7.