Sabir Azəri  təkcəədəbiyyatda deyil, publisistikada da öz sözünü deyib

O, 34 il ərzində mətbuatda, radioda jurnalistikanın inkişafına xidmət edib

Azərbaycan ədəbiyyatı ilə yanaşı, ölkənin mətbuat həyatında da özünəməxsus yeri olmuş tanınmış şəxslərdən biri də görkəmli yazıçı-publisist, 1964-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Sabir Azəri (Tatlıyev) idi. Sabir Azəri 1938-ci il martın 22-də Azərbaycanın Ağstafa rayonunun Dağkəsəmən kəndində dünyaya gəlib.

Həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb. Elə ilk yazılarını da tələbə ikən yazmağa başlayıb. S.Azəri universiteti bitirəndən sonra, yəni 1961-ci ildən etibarən 33 il ərzində mətbuat sahəsində, radioda çalışıb. Yazıçı-publisist əvvəlcə "Azərbaycan gəncləri” qəzetində fəaliyyətə başlayıb. Jurnalistika üzrə tam kursu bitirdikdən sonra ona qəzetin ədəbi işçisi ixtisası verilib. Tez bir zamanda oxucuların rəğbətini qazanıb. Bir il sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor vəzifəsinə dəvət alıb. Televiziyadan sonra "Ədəbiyyat və incəsənət” qəzetində publisistika şöbəsinin müdiri vəzifəsini icra edib. Bir müddət sonra "Ulduz” jurnalında nəsr şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini olub. Tələbəlik illərində ədəbi fəaliyyətə başlayan Sabir Azərinin "Dalanda” romanı Moskvada "Sovetski pisatel” jurnalında və onun əlavəsi "Roman-qazeta”da kütləvi tirajla buraxılıb. Romanın kitab halında 3 milyon 500 min nüsxə nəşr olunması yazıçının yaradıcılığına ciddi maraq oyadıb. Həmin tarixdən sonra "Molodaya qvardiya” və "Sovetski pisatel” nəşriyyatları publisistin povest və hekayələrini dönə-dönə kütləvi tirajla buraxıblar. Sabir Azərinin "Qorxu” povesti 1990-cı ildə "Karvan” jurnalında, "Sonsuzluq” romanı isə "Azərbaycan” jurnalında dərc olunub. Yazıçı yaradıcılığı boyu otuza yaxın kitab yazıb. Əsərləri keçmiş sovet xalqlarının, habelə ingilis, alman, ispan, fin, hind, türk dillərinə tərcümə edilib. 1993-cü ildən sonra görkəmli publisist sərbəst yaradıcılıqla məşğul olmağa başlayıb. 2010-cu ilin yanvarında infarkt keçirən və ağır vəziyyətdə Neftçilər Xəstəxanasına yerləşdirilən yazıçı iki həftə sonra dünyasını dəyişib.

Qocaman jurnalist, Əməkdar jurnalist Məzahir Süleymanzadə "Şərq”ə açıqlamasında deyib ki, Sabir Azəri çox güclü qələm sahibi, tanınan və sevilən publisist olub: "Hamımız onun imzasını tanımışıq və oxumuşuq. Ümumiyyətlə, Sabir Azəri həm mətbuat, həm də ədəbiyyat aləmində tanınan, hörmət edilən şəxs olub. Onun publisist yazıları, mətbuatda fəaliyyəti əsasən ədəbi yazılarla bağlı idi. Çox təəssüf ki, həyat bizi qarşılaşdırmayıb, birlikdə işləmək şansımız olmayıb”.

 

Sabir Azəri nəsr yaradıcılığına oçerk və hekayələrlə başlayıb. İlk nəsr əsərləri uşaqlıq xatirələrinə və kənd həyatı materialına əsaslanıb. "Nişan üzüyü”, "Kar qaya” kitablarından sonra ictimaiyyət tərəfindən tanınıb.

 

Keçən əsrin 70-ci illərində Sabir Azərinin yaradıcılığını qısqananlar onu "pantürkist” kimi qələmə verməyə, bununla da yazıçını gözdən salmağa səy göstəriblər. Əlbəttə, həmin dövr üçün bu cür ittiham çox ağır idi. Xüsusən, yazıçının 1973-cü ildə "Tatlıyev” soyadından imtina edərək və özünə "Azəri” soyadını götürməsi ona qarşı olan təzyiqlərin artmasına gətirib çıxarıb. Ancaq Sabir Azəri sovet dövründə azərbaycanlı olması və "Azəri” soyadı ilə fəxr etdiyini bildirib.

 

Professor Bədirxan Əhmədov Sabir Azəri ilə bağlı qələmə aldığı məqalədə yazıb ki, ötən əsrin 70-80-ci illərinin gəncliyi də yazıçını əsasən "Kar qaya” və "Dalanda” povestlərinin müəllifi kimi tanıyıb. Lakin yazıçı qələmə aldığı bütün hekayə, povest və romanları ilə ədəbi prosesin həmişə diqqət mərkəzində olub. Fərdi üslubu, yazı tərzi ilə müasir ədəbiyyat tarixində də özünəməxsus yer tutub. Yaradıcılığına və ədəbi fəaliyyətinə rəğmən, adekvat qiymətini almayıb. Özü və əsərləri haqqında yetəri qədər araşdırmalar aparılmayıb. Yaxud bir qədər də səmimi desək, əlində müəyyən imkanlar olsa da əsərlərinin çapı və təbliği ilə məşğul olmayıb. Ədəbi cameədə xarakteri, təmkini, hadisələrə münasibətdə obyektivliyi və sabitliyi ilə seçilən Sabir Azəri həmişə şəxsi ləyaqətini qorumağa çalışıb. Yazıçı vicdanının səsinə qulaq asıb, ürəyinin hökmü ilə yazıb-yaradıb.

 

Zaman keçdikcə yazıçının yaradıcılığının mahiyyəti bütün təfərrüatı ilə üzə çıxıb. Üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabımı yazarkən ötən əsrin ədəbi həyatında Sabir Azərinin özünəməxsus sabit, bitkin bir yerinin olduğu bəlli olur. Sovet rejiminin sərt senzura, yaxud sosrealizm çərçivəsində yazıb yaratdığı ilk bədii uğuru olan "Kar qaya”, "Yol üstündə toy”, "Sarı at” trilogiyasından bu yana yazdığı əsərlərindəki obrazlarının, xarakterlərinin daşıdığı ictimai yük, dilin canlılığı, süjet xətlərinin dinamizmi, yazı manerası ədəbiyyat tarixindəki mövqeyini qoruyub saxlayır. Yaradıcılığının sonrakı mərhələsində qələmə aldığı çoxlu hekayələrini, "Duman çəkilir”, "Darıxan şəhər”, "Gecə məşəl yanır”, "İlk təkan”, "Bozdağın nağılı”, "Günəşə sarı gedəndə”, "Ölə bilməyən adam” povestlərini, "Dalanda”, "Sonsuzluq” romanlarını bir ümumi cəhət birləşdirir. Yazıçı ədəbi və publisistika fəaliyyətinin böyük bir mərhələsini sovet dövründə keçməsinə rəğmən, rejimin mövzu aktuallığına tamamilə biganə qalıb. Onun yaradıcılığında nəinki konyuktura ilə yazılmış əsər, hətta ayrı-ayrı epizod, süjet xətləri belə tapmaq çətindir. Sovet rejimindən sonra da konyukturadan uzaq olub, orijinal, sabit yazıçı təcrübəsinə, qələminə, şəxsi ləyaqətinə, vətəndaş cəsarətinə sadiq qalıb. Sabir Azərinin sağlığında qələmə aldığı publisist əsərləri on min tirajlarla Bakıda, Moskvada, eləcə də keçmiş sovetlərin ayrı-ayrı müttəfiq respublikalarında tərcümə edilərək otuz dəfədən çox nəşr olunub. Böyük oxucu kütləsi qazanıb. "Dalanda” romanından sonra "İlk təkan” povesti də milyon yarım tirajla Moskvada "Roman-qazeta”da dərc olunub. Yazıçı özü də tərcümələrlə məşğul olub. R.Həmzətovun "Mənim Dağıstanım” kitabının birinci hissəsini dilimizə çevirib. Onun ssenarisi əsasında "Köhnə bərə” bədii filmi çəkilib. Sabir Azəri Azərbaycan ədəbiyyatının altmışıncılar nəslinə mənsubdur.

Yazıçının nəsr təcrübəsinin formalaşmasında onun müxtəlif mətbuat orqanlarında çap etdirdiyi hekayələri başlıca yer tutur. Mətbuatda dərc olunan, daha sonra kitab halına salınan bu hekayələr forma və strukturuna görə, ənənəvi nəsr düşüncəsindən tamamilə fərqlənən əsərlərdir. "Qağayılar ağlayır”, "Qonaq”, "Payızın ilk günü”, "Dostluq”, "Qisas”, "Durnalar qayıdır”, "Bir tikə çörək” və s. hekayələrinin hər biri lirik-poetik düşüncə tərzi, daxili dinamizmi və dramatizmi ilə oxucunu düşündürür. Bu hekayələrdə yazıçı insan və onun xarakterlərinin gizlinləri, çoxyönlülüyü, cəmiyyət və təbiət münasibətlərinin mürəkkəblikləri ilə bağlı problemləri qələmə alır.

 

Bu hekayələr yazıçının yalnız təbiət təsvirləri ilə yadda qalmır, hər biri roman mövzusu olacaq təbiətlə cəmiyyətin dialoq zərurətini anladır. Publisist qələmə aldığı yazılarında göstərmək istəyir ki, dünyanın, cəmiyyətin, bir qədər də konkret düşünsək, gələcək nəsillərin taleyi bizim torpağa, dağlara, çaylara olan münasibətimizdən asılıdır. "Darıxan şəhər”, "Duman çəkilir”, "İlk təkan”, "Günəşə sarı gedəndə”, "Dalanda” povest və romanları yazıçının bir nasir kimi professionallığını, səriştəliliyini ortaya qoyur. Ən əsası isə yazıçı bu əsərlərində hadisələrə mənəvi-psixoloji aspektdən, təbiət-cəmiyyət prizmasından yanaşmağı bacarır. "Duman çəkilir” povestində Azərbaycan nəsrində müxtəlif rakurslardan işlənmiş 20-ci illərdə yeni quruluşun gətirdiyi kataklizmləri göstərməyə çalışır. Sabir Azəri nəsrinin əsas xüsusiyyətlərindən biri simvolikanın, bədii şərtiliyin, metaforik qatların bir sistem şəklində olmasıdır. Bütün bunlar müəllifə cəmiyyət problemlərini açmağa və oxucunu düşündürməyə geniş imkanlar açır.

 

S.Azərinin qəhrəmanları heç zaman yaşadıqları mühitə seyrçi qalmırlar. Yaşadıqları problemləri həll etməyə, analitik-assosiativ təhlillər aparmağa çalışırlar. "Günəşə sarı gedəndə”, "İlk təkan”, "Qorxu”, "Gecə məşəl yanır” və s. əsərlərində yazıçı həyat həqiqəti ilə bədii gerçəkliyin sintezini yaratmağa çalışıb. "Ölə bilməyən adam” povestində isə Kor Fətinin faciəsi ictimai münasibətlər fonunda açılır. S.Azəri nəsrinin əsas xüsusiyyətlərindən olan bədii detal üzərində qurulmuş süjet xəttində Kor Fətinin taleyi təsvir edilib. Son günlərini kənddəki evində deyil, məzarlıqdakı türbədə yaşayan, ölümünü gözləyən Kor Fətinin kənddən kənar gəzməsi, heç kimin gözünə görünməməsi ictimai səbəblərlə bağlanılır. Hekayədə bildirilir ki, müharibə zamanı kənd soveti sədri işləyən Kor Fəti camaata qan uddurub, altlarındakı döşəyə qədər yığıb müharibəyə göndərib. İndi isə müharibə bitib, çox şey dəyişib. Kor Fətinin arvadı ölüb, əlindəki hakimiyyət də itib. Heç kim onu danışdırmır, o isə türbəyə gələrək ölümünü gözləyir. Ona görə buraya gəlirdi ki, heç kim onun can verməsini görməsin. Yazıçı xalqa qarşı amansız mövqe tutan insanların cəmiyyət tərəfindən kənara atılmasını bədii şəkildə göstərmək istəyirdi. Əslində Kor Fəti diri-diri özünü basdırmışdı. İndi isə istəyi odur ki, son nəfəsində camaat günahını bağışlasın, kəndə qayıtsın və insanların arasında ölsün.

 

Qısa məqalə ilə 72 illik ömür sürmüş görkəmli publisist və ziyalı Sabir Azərinin yaradıcılıq portretinin sadəcə bəzi məqamları üzərində dayanmaq mümkündür. Lakin bəzən qısa mətn də yazıçının şəxsiyyəti və yaradıcılığı ilə bağlı müəyyən qənaətlərə gəlməyə imkan verir. Qənaət isə ondan ibarətdir ki, altmışıncılar nəsrinin bənzərsiz nümayəndəsi, sözə bağlı bir ömür yaşamış Sabir Azərinin yaradıcılığı ədəbiyyatın ən yaxşı səhifələrindən birini təşkil edib.

 

İsmayıl

Şərq.- 2018.- 2 may.- S.11