AXC-nin
sonuncu naziri...
«Şərq» qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyinə həsr etdiyi «Cümhuriyyətçi jurnalistlər»
layihəsi çərçivəsində
Cümhuriyyətimizin sonuncu
maarif naziri olmuş Nurməhəmməd
Adilxan oğlu Şahsuvarovun məzarını
ziyarət etdi. Cümhuriyyət nazirinin məzarının Vətəndə
- Bakıda olması çox nadir, hətta görünməmiş,
gözlənilməz hadisədir.
Nə yaxşı ki, Cümhuriyyət ideyalarına
sadiq qalan, xalq Cümhuriyyətimizin dəyərlərini yüksək
tutub onun tarixi, dövlətin, hökumətin qurulmasında
əvəzsiz xidmətlər
göstərmiş dahi
şəxsiyyətlərimizin həyatını araşdıran
layiqli ziyalılarımız
var. AXC-nin maarif naziri olmuş
Nurməhəmməd Şahsuvarovun
məzarını tapan
mərhum ziyalımız
Teyyub Qurbanovdur. Teyyub Qurbanov AXC dönəmində xarici ölkələrə təhsil
almağa göndərilmiş
ilk qaranquşlar - 100 azərbaycanlı tələbənin
taleyindən bəhs edən «100 tələbə
100 tale» kitabının
müəllifidir. Kitabda
cümhuriyyət qurulduqdan
dərhal sonra başlanan milliləşmə
prosesinin gedişatında
xaricə təhsil almağa göndərilmiş
ilk 100 tələbə
barədə məlumatlar
əksini tapıb.
Mərhum Teyyub Qurbanov
cümhuriyyət tələbələrinin
həyatını araşdırarkən
Nurməhəmməd Şahsuvarovun
qardaşı Mürsəl
Şahsuvarovun da Almaniyaya təhsitl almağa göndərilmiş
tələbələr arasında
olduğunu müəyyənləşdirib.
Mürsəl Şahsuvarovun
məzarının Bakıdakı
Yasamal qəbirstanlığında
olduğunu yaşlı
bir molladan öyrənib. Demə, Nur-Məhəmməd Şahsuvarovun
məzarı da orada imiş. Bir zəruri qeydi etmədən keçə bilmərik.
AXC-nin maarif nazirinin məzarının
Bakıda olması haqda məlumatı qəzetimizin baş redaktoru Akif Aşırlıya Bakı
Atatürk Liseyinin müəllimləri Elmar Həsənov, Müşfiq
Əlizadə verib. Bu vətənpərvər
ziyalılar vaxtilə
mərhum Teyyub Qurbanovla məzarı ziyarət ediblər. Buna baxmayaraq yenə də məzarı ziyarət etmək üçün
«şərqçi»lərə qoşulacaqlarını demişdilər.
Beləcə, AXC-nin sonuncu naziri
Nurməhəmməd Şahsuvarovun
məzarını ziyarət
etmək üçün
Yasamal qəbirstanlığına
yol aldıq. Atatürk liseyinin adını çəkdiyim müəllimləri,
həmçinin Bakı
Dövlət Universitetinin
müəllimi, tarix üzrə fəlsəfə
doktoru Bayram Quliyev, «Bilik» Fondunun aparıcı məsləhətçisi, dəyərli
həmkarımız Ramilə
Qurbanlı da (xoş təsadüfdən
- red.) bizə qoşuldu.
AXC nazirinin məzarına
qərənfillər düzdük.
Dövlət bayrağımızı,
onun uğrunda mücadilə aparan, dövlətin əsaslarını
yaradan görkəmli şəxsin məzarı
arxasında asdıq.
Baş
redaktorumuz, tarixz üzrə fəlsəfə
doktoru Akif Aşırlı Nurməhəmməd
Şahsuvarov haqqında
məlumat verdi:
- Nurməhəmməd Adilxan oğlu Şahsuvarov 1883-cü ildə
Zəngəzur qəzasının
Minkənd kəndində
(Laçın rayonu) anadan olub. İlk
təhsilini Zəngəzurda
alıb. Sonra Qori Müəllimlər Seminariyasında təhsilini
davam etdirib. 1915-ci ildə Kiyev Universitetində ekstern yoluyla hüquq fakültəsinə daxil olub. Universiteti ali hüquq diplomu ilə bitirib. 1917-ci il fevral
inqilabından sonra Dağıstana gəlib. Dağlılar Respublikası
yaradıldıqda maarif
naziri vəzifəsində
çalışıb. Azərbaycan
Xalq Cümhuriyyyətində
Nəsib bəy Yusifbəylinin təşkil
etdiyi 4-cü kabinetdə
Nurməhəmməd Şahsuvarova
maarif nazirinin müavini vəzifəsi tapşırılıb. 1920-ci ildə
təşkil olunan
5-ci kabinetdə isə
artıq maarif naziri təyin edilib. Nurməhəmməd
Şahsuvarov «İttihad»
partiyasının üzvü
idi. Bilirsiz ki, AXC parlamenti tam demokratik bir təsisat idi, orada müxtəlif
partiyaların - solçular,
bolşeviklər… üzvləri
təmsil olunurdu. Baxmayaraq ki, çoxluq Müsavat partiyasındaydı, koalisiya
hökumətləri qurulurdu.
Nurməhəmməd Şahsuvarov
rus dili mütəxəssisi olmaqla
yanaşı təhsilimizin
milliləşməsi istiqamətində
fədakar əmək
sərf edib. Onun biliyi, idarəçilik
bacarığı sovet
hakimiyyəti dönəmində
də diqqətdən
kənarda qalmayıb.
Və o, 1920-ci ildə
Xalq Komissarı Soveti sədri Nəriman Nərimanovun göstərişi ilə
xalq maarif komissarının müavini
təyin edilib. Uxun illər bu vəzifədə çalışıb, təhsil,
maarif sahəsində fəaliyyətini davam etdirib. Lakin 1940-ci ildə N.Şahsuvarov həbsə alınıb və Krasnodara sürgün edilib. Sürgündən sonra Bakıya qayıdan N.Şahsuvarov Azərbaycan
Pedaqoji İnstitutunun rus dili kafedrasında
müəllim işləyib.
1956-cı ildə vəfat
edib.
AXC nazirinin məzarı
ilə yanaşı qardaşı Mürsəl
Şahsuvarovun məzarıdır.
Mürsəl Şahsuvarov
1900-cü ildə anadan
olub və artıq dediyimiz kimi AXC hakimiyyəti tərəfindən xarici ölkələrə təhsil
almağa göndərilmiş
ilk 100 tələbə
sırasında o da olub. M.Şahsuvarov Almaniyada yüksək tibb təhsili alıb.
M.Şahsuvarov barədə Atatürk Liseyinin müəllimi Elmar Həsənov mərhum ziyalı Teyyub Qurbanovun iki böyük arzusunun olduğunu dedi:
- Teyyub müəllimin
ən böyük arzusu «100 tələbə
100 tale» kitabının
nəşrini görmək
idi. Biz Teyyub müəllimlə bu məzarları ziyarət etmişik. Hamısının ruhu şad olsun, Allah rəhmət eləsin. Bu qəbirstanlıqda xaricə
təhsil almağa göndərilmiş başqa
bir tələbənin
də məzarı var; Ələkbər Qəhrəman oğlu Əliyev. Onu da ziyarət edərik.
Oradan ayrılıb
Elmar müəllimin istiqamətləndirdiyi tərəfə
getdik və Ələkbər Əliyevin
məzarını ziyarət
etdik.
Ələkbər Əliyev şuşalıdır,
Şuşada realnı
məktəbi bitirdikdən
sonra, kənd təsərrüfatı sahəsində
mütəxəssis kimi
yetişmək üçün
Almaniyaya göndərilib.
1976-cı ildə vəfat
edib.
Onu da qeyd edək ki, cümhuriyyət nazirimizin məzarını
ziyarət edərkən
«Aran» studiyası da orada çəkiliş
aparırdı. Və
Mürsəl Şahsuvarovun
nəvəsi Mürsəli
dəvət etmişdilər.
Cümhuriyyət qurucuları varislərinə
Vətəndə rast
gəlmək, həqiqətən
də insana xüsusi fərəh hissi yaşadır. Azərbaycan xalqına istiqlal, hürriyyət, dövlət bəxş etmiş şəxslərin
ruhu şad olsun!..
Məlahət Rzayeva
Şərq.-
2018.- 3 may.- S.8.