Sabirdən
müsahibə alan ilk və yeganə
jurnalist –
Salman Mümtazın journalist
və publisistik fəaliyyəti böyük bir tarıxdir
Professor
Şirməmməd Hüseynov yazır: “Böyük şairlə
ünsiyyətdə olan, onun yaradıcılığına və
şəxsiyyətinə məftun olanlardan biri də görkəmli
tədqiqatçı-ədəbiyyatşünas, jurnalist və
publisist Salman Mümtazdır. Onun “Sabir
haqqında xatirələrində biz bunu bariz şəkildə
görürük. Həm də məlum olur ki,
S.Mümtaz M.Ə.Sabirdən müsahibə alan
ilk və yeganə jurnalistdir. Əhvalatı o belə təsvir
edir: “1910-cu ilin iyun ayında mən Bakıya gəlmişdim və
Bakıdan da Tiflisə gedəcəydim. Burada təsadüfi
olaraq ikinci dəfə Sabirlə görüşə bildim.
Bu da Aşqabaddan 1893-cü ildə ilk dəfə Sabirlə
görüşdüyümüz tarixdən 17 il
sonra idi…”
1910-cu ilin iyununda M.Ə.Sabir Haşımbəy Vəzirovun
gündəlik “Səda” (1909-1911) qəzetində korrektor
(müsəhhih) işləyir və “İsla-miyyə”
mehmanxanasında qalırdı. Əvvəlcə
“Metropol” mehmanxanasına düşən S.Mümtaz Sabirlə
görüşdükdən sonra onun qaldığı
mehmanxanaya köçür.
S.Mümtaz
yazır: “… Sabiri öz nömrəmə gətirdim
və qalmağı təklif etdim. Sabir
razı oldu. Əlahiddə krovat qoymaq
mümkün olmadığından krovatımı ona verərək
özüm kuşetkanın üstündə uzandım.
Sabir yarım saatdan çox o böyrü və
bu böyrü üstündə çevrildi. Səbəbini
soruşduqda krovatdan şikayət edərək “məni
atıb-tutur”, -dedi. Yerimizi dəyişdik.
Kuşetkanın üstündə uzanan kimi “ox, buna nə
demişəm, mən prujinli krovatı harda görmüşəm”
– deyərək yatdı… Gecə gec yatmağımıza
görə səhər bir az gec durmalı
idik. Lakin konkaların zənginin səsi vəbazar
əhlinin hay-küyü buna mane oldu və o gün Sabirlə
aşağıdakı müsahibəmiz oldu”.
Qeyd edim ki, M.Ə.Sabirdən ilk müsahibə alanda
S.Mümtazın 27 yaşı, şairin isə bu vaxt 48
yaşı vardı. 1911-ci ildə M.Ə.Sabir
dünyasını dəyişəndə onun
yaradıcılığına və şəxsiyyətinə
vurğun olan S.Mümtaz “Böyük Sabirə” adlı
şeirini yazmış və dərc etdirmişdi. Bu barədə tədqiqatçılar A.Zamanov və
R.Tağıyev ətraflı yazmışlar”.
Bu müsahibə, professor Şirməmməd Hüseynov
tərəfindən 20 aprel 2002-ci ildə “Günay” qəzetində
dərc edilib. Senet.az oxucularına həmin
müsahibəni təqdim edir:
Sual: –
Sizin ilk təxəllüsünüz olan “Hop-hop”
sözünün mənası nədir və nə səbəbə
bunu qəbul etmisiniz?
Cavab: – Bu
təxəllüsü mənə əziz dostum Məşədi
Həbib vermişdir. Hop-hop quş adıdır.
Bu quşun bu addan başqa el arasında yenə
bir neçə adı vardır ki, Fatmabacı, bu-bbu, op-op və
şanapipik o cümlədəndir. Məşədi
Həbib mənə “Fatmabacı” deyə xitab etmək
üçün bu adı intixab etmişdir
(seçmişdir). Mən də bunun əvəzində
onun təxəllüsünü “Qızdırmalı”
qoymuşam ki, mənasını hələ bu günə kimi
anlaya bilməmişdir.
Sual: – Nə
səbəbə təxəllüsünüzü tez-tez dəyişdirirsiniz?
Cavab: –
Bunu şirvanlılardan və mühitdən
soruşmalısınız.
Sual: –
Abbas Səhhətin neçə yaşı vardır? Siz böyüksünüz, yoxsa o?
Cavab: –
Başda o böyükdür, yaşda mən.
Sual: – Səhhət
dərin savadlıdırmı?
Cavab: – Mən
onun şagirdiyəm, o mənə ustaddır.
Sual: –
Osmanlıların klassik şairlərindən kimləri bəyənirsiniz?
Cavab: –
Ziya Paşa ilə Namiq Kamal bəyi.
Sual: –
Tofiq Fikrəti bəyənirsiniz, düzdürmü?
Cavab: –
Siz, Osmanlı şairlərini soruşdunuz, mən də
fikrimi dedim. Fikrət ərəb şairidir
(M.Ə.Sabir T.Fikrətin əsərlərində ərəb
sözlərinin çox işlədildiyini yəqin ki, nəzərdə
tuturdu – red.).
Bu adda türk şairi yoxdur. Yaxşı olardı
ki, bunu Məhəmməd Hadi əfəndidən
soruşaydınız. Yaxşısını
o bilər (M.Hadinin də şeirlərində fars və ərəb
sözləri çoxdur, Sabir ona da işarə edirdi” – red.).
Sual: –
“Molla Nəsrəddin” məcmuəsinin 18-ci nömrəsindəki
“Gözəlim” ünvanlı şeirinizin 3-cü və 5-ci bəndləri
ayrı bəhrdədir. Bunun səbəbi və
hikməti nədir?
Cavab: –
Hikməti və səbəbi mürgüləməkdir. Mən gecələr “Səda” qəzetində (“Səda”
1909-1911 -ci illərdə N.Vəzirovun nəşr etdiyi
gündəlik qəzet idi. -Ş.H.) korrektorluq edirəm. İdarə
xüsusi teleqramlar almır. O qədər gözləyir
ki, “Kaspi”, “Həqiqət” və sair qəzetlər çap
olub çıxır. Onlar çıxandan sonra
teleqramlar tərcümə olunur, düzülür,
basılır, mən də korrekturasına baxıram, mən
o şeiri Haşım bəyin mətbəəsində gecə
yarısı yazmışam və yazarkən mürgüləyib
sonra da yuxulamışam. Yuxudan ayılandan
sonra da mabədini yazmışam. Şeir təb
olub gələndən sonra səhvini başa
düşmüşəm ki, bu da çox gec idi.
Sual: – Mətbu
şeirlərinizin hansını çox bəyənirsiniz?
Cavab: –
Heç birini. Bəyəniləsi şeirləri
sonralar yazacağam.
Sual: –
Sonra nə vaxt?
Cavab: –
Mürgüləməyəndə.
Sual: – Nə
üçün şeirlərinizi heca vəznində deyil, əruz
bəhrində yazırsınız və şeirin əski
formalarını, şəkillərini şiddətli surətdə
mühafizə edirsiniz?
avab: –
Bu çox mühüm məsələdir. Görüm
öz fikrimi deyə biləcəyəmmi. Məncə
yeni fikirləri və yeni mövzuları mütləq əski
formada və əruz bəhrlərində vermək və yazmaq
lazım, həm də vacibdir. Bunları
birdən-birə dəyişib oxucunu ədəbiyyatdan
yadırğatmaq və soyutmaq olmaz. İri-iri
toplar ilə hücuma keçən düşmənin
qabağına sədəf dəstəli və qızıl
suyu ilə yazılı gümüşü xəncəl ilə
çıxmaq ağılsızlıqdır. Əruz bizim deyildir. Bunu hamı
bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı
mühasirəyə almışdır. Bu
mühasirə də böyük-böyük ustadların
planı, nəqşəsi və əlləri ilə
olmuşdur. Bu mühasirəni yarıb ədəbiyyatımızı
xilas etmək, yenə yuxarıdakı ustadlar kimi böyük
ustadların əlləri ilə mümkün olacaqdır.
Böyük şairləri də, ustadları da ancaq
bilik və xalq yetirə bilər. Şair elin, xalqın
hökmranı və gözünün işığı
olmalıdır ki, o nə desə xalq ona baxsın və nə
yazsa el oxusun. Bu hökmranlıq da
yalnız elin ruhunu bilməklə və tələblərini
ödəməklə olar. Elin halına
yanmayıb güclə hökmranlıq edənlər “dostum”
Əbdülhəmid və Məmmədəlinin gününə
düşərlər.
Şeir ilə musiqi birdir. Bunların hər ikisi
də insanların ruhu ilə əlaqədardır. Lakin şeir yüksəkdir və onun məqamı
(vəzifəsi) ucadır. Şeir musiqisiz
olar, musiqi şeirsiz olmaz. Elin ürəyindən
deyilən şeirlər başdan-başa musiqidir. Çünki hər bir kəs onu öz ahənginə
uydurub oxuyacaqdır.
Musiqimizdə segah, çahargah, şur, rast və sair
muğamlar vardır. Bunlar bizim deyil, gəlmədir, amma
bizimdir, ruhumuza kök salmışdır, ruhumuzun
qidasıdır. Bu muğamlar əruz bəhrləri
ilə bir tarixdə yurdumuza gəlmişdir və bir tarixdə
də gedəcəkdir. Bunların həyatı
bir-birinə bağlıdır. Dörd
yüz ildən bəridir Füzulinin şeirlərinin
şöhrəti bütün Şərqi
qapsamışdır. Hamı o şeirləri
əzbərdən bilir və istədiyi zaman sevə-sevə
oxuyur. Halbuki bu şeirlər
başdan-başa əruz bəhrlərində
yazılmışdır. Sədinin, Hafizin
qəzəllərinin qabağına ancaq qəzəl ilə
çıxmaq olardı ki, Füzuli bunu duymuş,
çıxmış və onların nüfuzlarını
qırmışdır.
Mən
Füzuli “Divan”ına Füzuli qəzəllərinə
başdan-başa nəzirə yazmaq fikrindəyəm, yəni
o formada və o bəhrlərdə olmaq şərti ilə
yeni-yeni mövzularda qəzəllər yazacağam. Hələ bir neçə nəzirə də
yazmışam.
Ah eylədiyim
nəşeyi-qəlyanın üçündür,
Qan ağladığım qəhveyi-fincanın
üçündür.
***
Könlüm
bulanır küçədə cövlanını görcək,
Nitqim
tutulur hərzəvü hədyanını görcək –
mətlələri (qəzəlin ilk beytləri) ilə başlanan qəzəllər
də o cümlədən Fizulinin aşağıdakı:
Ah eylədiyim
sərvi-xuramanın üçündür,
Qan ağladığım qönçeyi xəndanın
üçündür.
***
Könlüm
açılır zülfü-pərişanını
görcək,
Nitqim tutulur qönçeyi xəndanını görcək.-
mətləli qəzəllərinə nəzirədir.
Şeir
odur ki, mövzusu həyatdan götürülüb,özü də açıq və aydın
yazılsın, həm də xalqın ruhuna uyğun
yazılsın. Beş gün,üç
gün ömür eyləyib yaşayan şeirlərə
şeir deyilməz. Xalqın
oxumadığı, əzbərləmədiyi şeir,
şeir deyildir. Çünki onların əsası və
bünövrəsi yoxdur,onlar hübab
(yağış yağanda su üzünə çıxan
qabarcıq, köpük) gəmisi kimi tez çıxıb,
tez də batırlar. Elin ruhundan,ürəyindən
qopmayan şeirlər xalqın ruhunda heç bir zaman həyacan
əmələ gətirə bilməz.Bir adamı rahat
oturduğu yerdə yerindən durquzub oynatmaq üçün
ona onun könlü istədiyi və sümüyünə
düşdüyü hava çalınmalıdır. Belə olmasa o, qollarını açıb süzə
bilməyəcəkdir.Əziz dostum və ustadım olan Səhhət
mənim fikrimin bəzi nöqtələri ilə şərik
olmursa da eybi yoxdur. Bunu gələcək
göstərəcəkdir…Sabir mənim “Molla Nəsrəddin”
məcmuəsində seyrək-seyrək şeir
yazmağımın səbəbini soruşdu. Mən
də bacarıqsızlığımı və
vaxtımın az olduğunu söylədim. “Bunlar bəhanədir”
– dedi. Ziya Paşanın məşhur tərkib bəndinin iki
parçasına iki saata kimi nəzirə yazmağımı
tapşırdı.
Malahət
Rzayeva
Şərq.-
2018.- 5 may.- S.11