“ Rafiq
müəllim mənə azadlıq vermişdi”
“İstəmədim
onun nüfuzundan istifadə etmiş olum, ya da elə
görünüm”
“Əgər efirdə olmaq istəsəydim, o mənə
mane olmazdı. Əksinə, deyirdi ki, buyur, əgər istəyirsənsə,
efirə çıx”
"Rafiq
haqqında bəzilərində elə bir fikir
formalaşıb ki, Rafiq 4 dəfə evli olub, həyatında
4 xanımı olub, demək, arvadbazdı. Belə
düşünənlər var. Amma bu, tamamilə səhv
düşüncədir. Belə olmayıb. Bilirsiz niyə?”
Eşq
və yaş bir-birlərinə təsir edən anlayışlar
deyil. Bu baxımdan ikinci bahar insana verilən yeni bir
şansdır və o, böyük bir xoşbəxtliyə
çevrilə bilər. Onun da həyatında ikinci bahar
yaşandı. İllər sonra o, böyük bir eşq
yaşamaqla sevgidə yaşın o qədər də önəm
daşımadığını göstərənlərdən
oldu. Onu tanıyanlar daha çox səmimiyyətinə
vurğun idilər. Tamaşaçılara gəlincə isə
onu sevməyən var idimi ki?
Azərbaycanın xalq artisti, Dövlət
mükafatı laureatı, professor, Azərbaycan
Televiziyasının məşhur siması, diktoru, 100-dən
sox kino lentlərinin redaktoru, Rafiq Hüseynovu xatırlamaq istədik.
O Rafiq Hüseynov ki, təkrarolunmaz
səsiylə tamaşaçıların sevimlisi, televiziya
diktoru kimi çalışmaq istəyən gənclərin
kumiri olub. Ölümündən bir müddət keçsə
də, hələ də yeri görünür, sevənləri
darıxır, qızı atasına ehtiyac duyur, ona həyatının
ikinci baharını yaşadan qadın isə bəzən
güclü olub Rafiq Hüseynovun yadigarı olan qızı ilə
təsəlli tapmağa çalışır.
Rafiq Hüseynovu xatırlamaq üçün
onun qapısını döyməyə qərar verdik. Həyat
yoldaşı Səbinə Hüseynova çox böyük hörmətlə
Rafiq müəllimin qapısını üzümüzə
açsa da, müsahibə vermək istəmədi. Dedi ki,
ilinə qədər danışmaq istəmir. "Amma bir stəkan
çayımı için, qonağım olun”.
Uzun söhbətdən sonra Səbinə
xanım artıq özü də bilmədən müsahibə
verirdi. Çox maraqlı, bir az təsirli söhbətimiz
alındı. Rafiq Hüseynovu belə xatırladıq...
- Rafiq
müəllim çox tanınmış bir insan idi. Onun
dünyasında olmaq həm də çətin
olmalıydı...
- Rafiq
müəllim tanınmış olmaqla yanaşı, hörməti
olan bir şəxsiyyət idi. təbii ki,
belə insanın həyatında olmaq həm cəsarət, həm
də məsuliyyətli idi.
- Onunla tədbirlərə,
dəvətlərə qatılırdız. Tanınmışlar
adətən sevir ki, gəlişi ilə diqqət çəksin.
- Rafiq Hüseynovun xarizması var idi deyə diqqət mərkəzində
olurdu.
Hansı məclisdə olurdusa, masada ona
özəl bir diqqət olurdu. Hamı onu dinləməyə
çalışırdı. Bu təkcə
Bakıda baş vermirdi. Xarici ölkələrdə
olanda da, hətta xarici vətəndaşlarla ünsiyyətdə
belə onun xarizması diqqət çəkirdi. Əcnəbi
insanlarla bir masada oturmuşuqsa, ya ünsiyyət
yaranıbsa, o insan heç bilmirdi ki, tutaq ki, Rafiq öz
ölkəsində populyar insandı, onlar belə onunla həmsöhbət
olmağa maraqlı olurdular, ona bir diqqət yönəlirdi.
-
Maraqlıdı...
- Təbii
ki, maraqlıdı. Rafiq özü maraqlı
insan idi. Gürcülər onu çox sevərdilər.
Orda çox tanıyırdılar. Masada çox maraqlı, ünsiyyəti bacaran bir
insan idi. Söhbətləri maraqlı idi.
Onunla söhbət insanı yormurdu.
- Efirdəki Rafiq Hüseynovla sadə həyatda Rafiq
arasında fərq nə idi?
- Bilirsiz
fərq nə idi? Əslində eyni insan idi, mədəniyyətində,
ünsiyyətində eyni idi. Sadəcə,
həyatda daha yumoristik, zarafatcıl bir xarakteri var idi.
- Bu illər
ərzində onunla başınıza maraqlı macəralar gəlibmi?
-
Maraqlı deyəndə, Rafiq özü maraqlı idi. Ünsiyyəti maraqlı idi, hər günü bəlkə
də bir maraq üçün səbəb idi.
- Onu
tanıyana qədər televiziyaya gəlmək istəyiniz də
yəqin ki, olub?
- Var idi. Nə gizlədim? Niyyətim
televiziyaya gəlmək idi.
- Bəs
nə mane oldu?
- Rafiqlə
ailə qurduqdan sonra o istəyimdən vaz keçdim.
- Nəyə
görə? Axı Rafiq müəllim daha
çox qapıları sizin üzünüzə aça bilərdi.
Özümü qadağa qoydu?
- İstəmədim onun nüfuzundan istifadə etmiş
olum, ya da elə görünüm. Yəni o barədə
heç düşünmək də istəməmişəm.
Sadəcə, onunla tanış olduqdan
sonra anladım ki, efir çox çətin, həm də
göründüyündən daha çətin bir məkandı.
Rafiq Hüseynovun həyat yoldaşı olub efirdə
olmaq isə ikiqat məsuliyyət tələb edirdi. Məhz ona görə də efir istəyimdən əl
çəkdim.
-
Özü bununla bağlı eyham vururdu sizə?
- Qətiyyən.
Rafiq o barədə mənə azadlıq
vermişdi. Əgər mən istəsəydim,
o mənə mane olmazdı. Əksinə,
deyirdi ki, buyur, əgər istəyirsənsə, efirə
çıx. Amma onunla ailə qurandan sonra
bu aləmin tam içində idim, başa düşürdüm
ki, o, böyük məsuliyyətdi. Bir də
Rafiq illərlə öz adını, nüfuzunu qoruyub saxlaya
bilən şəxsiyyət idi. O, öz adını
qoruya bildiyi üçün Rafiq olmuşdu. Onu hər adam bacarmır. Televiziya aləmi
elə bir məkandı ki, orada özünü qoruyub saxlamaq
çox mürəkkəbdi. Bu məkanda
həm düşüncələrini, həm daxili aləmini,
mənəviyyatını, şəxsiyyətini qoruyub saxlamaq
göründüyündən qat-qat çətindi. İstər insanlarla münasibət, istər
tamaşaçı sevgisini qoruyub saxlamaq böyük təcrübə
və insanlıq tələb edir. Yazıçı,
deyək ki, müəllim və digər sahədə olanlar
üçün bunu etmək asandı. Sən
öz sənətinlə məşğul olursan və öz
həyatın özünə aiddi. Amma
televiziya tam başqa aləmdi. Sən
milyonlarla ünsiyyətdə olursan, hər zaman diqqət mərkəzindəsən.
Bu diqqətin içində özün ola
bilmək və o şəxsiyyəti qorumaq hər
tanınmışın gücü daxilində olmur.
- Rafiq Hüseynovu tanıyandan sonra həyatda nəyi
öyrənə bildiniz?
- Öyrənmək
deyəndə Rafiq mənim gözümü açdı. Belə bir misal var. Deyirlər ki,
uşağını tərbiyə edərkən, mütləq
deyil deyəsən ki, "bunu etmək olmaz”, ya "belə
yaşa” deyə qadağa etmək məqsəd deyil. Məqsəd onu şəxsiyyət olaraq yetişdirə
bilməkdi. Onun varlığı mənim
üçün həyat məktəbi idi.
- Rafiq Hüseynovu tanıyana qədər, onun həyatına
gələnə qədər gənc, iddialı bir xanım,
ailə qurduqdan sonra nələri özünüzə
qadağa qoya bildiniz. Efirdən imtina etdiniz. Bəs daha nələr?..
- Nəzərə
alsaq ki, söhbət həm də bugünkü efirdən
gedir, təbii ki, bugünkü efir məkanında var olmaq
üçün dəyərlər də fərqlidir. Mən axı nə baş verir görürdüm, nələr
danışılır eşidirəm, orda olanları analiz edə
bilirəm. Əslində elə
böyük qadağalarım da olmadı. Çünki
mən özümü tanıya bilən insanam. Sadəcə, Rafiqin həyat yoldaşı olmaq məsuliyyətini
dərk etmiş oldum. Bu məsuliyyəti hər zaman hiss
edirdim. Bu gün də hiss edirəm.
- Rafiq
müəllimi efiri izləyəndə, teleməkanda ən
çox nələr onu narahat edirdi?
- Efirdə
olan savadsızlıq onu daha çox narahat edirdi. O, efiri izləyirdi,
aparıcıların danışıqlarını, nitqini
müşahidə edirdi. Savadsızlıq,
mütaliəsizlik onu narahat edirdi.
- Tələbələri
çox idi yəqin.
- Bəli,
həddindən artıq çox idi. O, gənclərlə
işləməyi sevirdi. Onu da qeyd edim ki, hər
tələbəsinə görə həyəcan
keçirirdi. Hər birinə görə sanki məsuliyyət
hiss edirdi, fərdi yanaşması var idi. Səmimiyyəti
yaranmışdı tələbələri ilə
aralarında. Çalışırdı
ki, onun qeydləri belə o tələbəsinə kömək
olsun, uğur qazanmasına təsir edə bilsin. Efirdə tələbələrini görəndə
həyəcanlı olurdu. Ya tələbələrindən
birinin yazısını görən kimi dərhal diqqət
yetirirdi.
- Mətbuatı
izləyən biri idi...
- Mətbuatı
izləyən və mətbuatı sevən insan idi. Hətta çalışırdı ki, mətbuatda
heç kimin qəlbini qırmasın, ondan inciməsinlər.
Deyirdi ki, mətbuat insanına hörmət
göstərmək vacibdi.
- Tələbəsi
olmusuz. Aranızda olan yaş fərqinə
baxmayaraq ailə qurmaq təklifini qəbul etdiniz. Maraqlıdı, Rafiq Hüseynovun sizə ailə
qurmaq təklifi necə oldu?
-
Aramızda yaş fərqi ona olan münasibətə təsir
etmədi. Yəni elə oldu ki, Rafiq mənə
evlilik təklif etdi. Mən də onu sevə
bilmişdim deyə bu təklifi qəbul etdim.
- Rafiq Hüseynovun bir neçə dəfə ailəli
olması barəsində belə bir fikir də
yaratmışdı ki, sanki arvadbazdı. Bu sizi narahat
etmirdi?
- Rafiq
haqqında bəzilərində elə bir fikir
formalaşıb ki, Rafiq 4 dəfə evli olub, həyatında
4 xanımı olub, demək, arvadbazdı. Belə
düşünənlər var. Amma bu, tamamilə səhv
düşüncədir. Belə
olmayıb. Bilirsiz niyə? Çünki Rafiq bir xanımdan başqasına getməyib.
Yəni bir xanımı başqa birinə
görə atmayıb. Bir xanımla
münasibət qurub sonra ailəsini dağıtmayıb.
Bilirsiniz, sadəcə münasibət bitib, ailədə
o səmimilik bitib. Bu vacib məqamdı.
Özü səmimi insan olduğu üçün hiss edib ki,
iki nəfər arasında olan o səmimi münasibət
tükənib, bitib. O yalandan kiməsə münasibət
göstərən bir insan da olmayıb. Övlad
bağlılığı da olmadığı
üçün münasibət bitib, ayrılıblar.
- Bu
gün Roza xanımla münasibətiniz varmı?
-
Çox gözəl münasibətimiz var. Bizə qonaq da gəlib.
Çünki Roza xanım özü gözəl
insandı. O xanıma hər zaman sevgim, hörmətim
var. Onlar ayrılsalar da biri birilərinə hörmətlə
yanaşıblar.
- Rafiq
müəllim dünyasını dəyişəndə Roza
xanımla da əlaqə yaratdıq ki, münasibət öyrənək.
Bildirdi ki, həyatdakı ən yaxın dostunu
itirib. Hətta qeyd etdi ki, Rafiq ailə
quranda, övladı olanda onu ilk təbrik edənlərdən
olmuşam.
- Elədir.
Bizi ilk təbrik edən Roza xanım oldu.
- Roza
xanımla ünsiyyətdə olanda Rafiq müəllimi ikilikdə
necə xatırlayırsız? Nələrdən
danışırsız?
- Rafiq
müəllimin sağlığında Roza xanım bizə
qonaq gəlmişdi. Yəni Rafiq sağ olanda bizim
münasibətimiz var idi. Tək Roza xanım deyil, Nərgiz
xanım, Şərqiyyə, Həqiqət, Ofelya, Solmaz
xanım da evimizin qonağı olub.
- Rafiq müəllimdən evlilik təklifi gələndə
bu təklif gözlənilən idimi?
- Gözlənilməz oldu təbii ki. Mən
çox gənc idim o məqamda. Həyata baxışım təcrübəsiz
idi. Rafiq də bunu hiss etmişdi. Mənə deyirdi ki, bir az həyatda
ehtiyatlı olmaq lazımdı. Həyat mürəkkəbdi. Həyat
heç də sənin gördüyün kimi çəhrayı
rəngdə deyil.
- Siz həyatı çəhrayı rəngdə
görürdüz onu tanıyana qədər?
- Mən bir qədər elə
görürdüm (gülür). Sonralar başa düşdüm
ki, həyatın başqa sərt rəngləri də var
imiş.
(Davamı var)
Tahirə Məmmədqızı
Şərq.-2018.-
12 may.- S.7.