Dilimizi göz bəbəyi kimi
qorumalıyıq
Prezidentin fərmanı problemləri
aradan qaldıracaq
(Əvvəli ötən
sayımızda)
Məlum
olduğu kimi, ötən gün Prezident İlham Əliyev
"Azərbaycan dilinin saflığının qorunması və
dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” fərman
imzalayıb. Fərmana əsasən, Dövlət Dil
Komissiyası yanında "Monitorinq Mərkəzi” publik
hüquqi şəxs yaradılıb. Dövlət
başçısının Fərmanında bildirilib ki, Azərbaycan
öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan
dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni
həyatının bütün sahələrində daha
geniş istifadə edilməyə başlayıb, onun dövlət
dili kimi maneəsiz inkişafı üçün münbit zəmin
yaranıb.
Habelə,
fərmanda qeyd edilib ki, müasir Azərbaycan dili mükəmməl
qrammatik quruluşa, zəngin lüğət tərkibinə və
ifadə vasitələrinə malikdir. Bununla yanaşı,
dilimizin hüdudsuz imkanlarından yetərincə və
düzgün istifadə edilməməsi halları hələ
də kifayət qədər geniş yayılıb. Televiziya və
radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə
və reklam daşıyıcılarında ədəbi dilin
normalarının kobud şəkildə pozulması, leksik və
qrammatik qaydalara əməl edilməməsi, məişət
danışığından istifadə olunması, əcnəbi
söz və ifadələrin yersiz işlədilməsi az qala
adi hala çevrilib.
Lakin
bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin
olmaması dil pozuntularının azaldılması və aradan
qaldırılması istiqamətində təsirli tədbirlər
görməyə imkan vermir. Fərmana əsasən, Nazirlər
Kabinetinə kütləvi informasiya vasitələrində,
internet resurslarında və reklam
daşıyıcılarında ədəbi dil
normalarının qorunmasını təmin edən
qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərini
hazırlayıb üç ay müddətində Prezidentə
təqdim edilməsi tapşırılıb. Ötən
gün Ağdam rayon ictimaiyyət nümayəndələri və
Ağdam rayonundan olan incəsənət xadimləri ilə
görüşən dövlət başçısı
İlham Əliyev də dilimizin qorunması məsələsinə
xüsusi diqqət çəkib. Prezident bəyan edib ki, bizim
çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı
bunu təsdiqləyir:
"Ancaq
indi dünyada gedən qloballaşma prosesləri, digər
proseslər istər-istəməz dilimizə də təsir
edir. Biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim
dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil.
Dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən
məsələni ifadə etmək mümkündür. Ancaq
biz görürük ki, bəzi hallarda həm kütləvi
informasiya vasitələrində, həm digər sahələrdə
dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir.
Əksinə, bəzən mövcud sözlər yeni sözlərlə
əvəzlənir və mən bunun qəti əleyhinəyəm”.
Prezidentin Azərbaycan dilinin qorunması ilə bağlı Fərmanı
dilçi-alimlər tərəfindən yüksək qiymətləndirilib.
Dövlət başçısının
çıxışı zamanı diqqət çəkdiyi
mühüm məqamlar da ekspertlərin geniş müzakirəsinə
səbəb olub.
"Səs”
Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib ki, Prezident
İlham Əliyevin fərmanı ana dilimizin qorunması və
inkişafına diqqət və qayğının bariz
nümunəsidir:
"Ana
dili hər bir xalqın qürur mənbəyidir və
heç şübhəsiz ki, dil millətin
varlığının əsas şərtlərindən,
göstəricilərindən biridir. Azərbaycan
xalqının da varlığını yaşadan Azərbaycan
dili neçə yüz illərdir ki, onun milli, mənəvi
varlığını, mövcudluğunu qoruyub saxlayır.
Zaman-zaman Azərbaycanın düşünən beyinləri,
ziyalıları dili xalqın yaşaması üçün ən
mühüm atribut hesab edib, özünün bu dəyərli
milli sərvətini kənar dillərin təsirindən qoruya
bilib, inkişafına öz töhfələrini veriblər.
Bu gün də dilimizin təkmilləşdirilməsi və
inkişafı naminə mühüm addımlar
atılmaqdadır”.
B.Quliyev
bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev və Prezident İlham Əliyev tərəfindən
imzalanmış müvafiq fərman və sərəncamlar
dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması
və inkişafı üçün zəruri olan tədbirləri
müəyyənləşdirib:
"Prezidentin
1 noyabr 2018-ci il tarixli fərmanı da mövcud nöqsanların
və pozuntuların aradan qaldırılması məqsədi
daşıyır”. Media qrupunun rəhbəri dövlətin Azərbaycan
dilinə olan diqqət və qayğısı ilə
yanaşı, ana dilindən müxtəlif sahələrdə
istifadə zamanı ortaya çıxan problemlərdən də
danışıb: "Bu gün Azərbaycan dilinin
imkanlarından yetərincə və düzgün istifadə
edilməməsi halları da geniş yayılıb. Məsələn,
hazırda cəmiyyətimizdə, dövlət orqanlarında,
KİV-lərdə ana dilindən istifadə sahəsində
müəyyən nöqsanlar var. Çox təəssüflər
olsun ki, bir sıra hallarda ədəbi dilin normalarına, leksik
və qrammatik qaydalara əməl edilmir. Bəzi televiziyalarda,
radiolarda məişət danışığından istifadə
olunur, əcnəbi söz və ifadələr yersiz işlədilir.
Bu mənada haqlı olaraq da ictimaiyyət bu cür hallara
qarşı kəskin münasibətini ortaya qoyur. Mövcud vəziyyət
bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin
həyata keçirilməsini tələb edir. Prezidentin fərmanı
ilə yeni yaradılacaq Dövlət Dil Komissiyası
yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs
kütləvi informasiya vasitələrində, internet
resurslarında və reklam daşıyıcılarında ədəbi
dil normalarının qorunmasını təmin edəcək.
Düşünürəm ki, yeni yaradılacaq qurum fəaliyyətini
yüksək səviyyədə həyata keçirəcək,
bu sahədəki problemlərin aradan qaldırılmasına
öz töhfəsini verəcək. Əlbəttə, bu
işdə KİV-lərin də üzərinə müəyyən
öhdəlikləri düşür. Ona görə, media da
mövcud neqativ halların aradan qaldırılması
üçün məqsədyönlü tədbirlər həyata
keçirməlidir”.
"İki
sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də
deyib ki, Prezidentin fərmanı Azərbaycan dilinin
saflığının qorunmasına böyük töhfə
verəcək. Baş redaktor qeyd edib ki, bu gün Azərbaycanın
zəngin tarixi, mədəniyyəti bütün dünyada
geniş şəkildə təbliğ edilir:
"Artıq
ölkəmiz siyasi gücü, iqtisadi imkanları ilə
yanaşı, qədim ənənələr üzərində
yaranan, formalaşan və inkişaf edən dövlətçilik
tarixi, milli-mənəvi dəyərləri ilə də
tanınır. Bununla yanaşı, Azərbaycan dilinin
qorunması və daha da inkişaf etdirilməsi dövlət
siyasətinin mühüm tərkib hissələrindən
birini təşkil edir. Qədim tarixə malik olan dilimiz istər
lüğət tərkibi, istərsə də qrammatik
imkanları baxımından kifayət qədər zəngindir.
Təəssüf ki, hər kəs bu zənginlikdən
lazımi qaydada istifadə etmir. Mətbuat işçisi olaraq
bəzən televiziya və radio kanalları, internet
resursları, qəzetlər və müxtəlif reklamlarda ədəbi
dil normalarının kobud şəkildə pozulmasını
müşahidə edirəm. Xüsusilə əcnəbi
sözlərin yerli-yersiz işlədilməsi adi hala
çevrilməklə yanaşı, dilimizin
saflığına öz mənfi təsirini göstərir.
Şübhəsiz ki, yeni yaradılacaq "Monitorinq Mərkəzi"
bu sahədə hüquqi tənzimləməni aparmaqla
yanaşı, daim Azərbaycan dilinin istifadəsinə nəzarət
tədbirlərinin həyata keçirilməsinə, baş
verə biləcək neqativ halların aradan
qaldırılmasına imkan verəcək”.
"Axar.az”
saytının baş redaktoru Anar Niftəliyev də "Şərq”ə
açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin
Azərbaycan dilinin qorunması ilə bağlı ortaya
qoyduğu qəti mövqeyi ilk dəfə deyil.
Bundan
öncə də bir çox sərəncamlar, həmçinin
dünya ədəbiyyatı incilərinin latın qrafikası
ilə büdcə hesabına dərcindən tutmuş
2013-cü ildə Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramının qəbuluna qədər, ciddi qərarlar
olub.
Dövlət
Proqramı çərçivəsində müvafiq qurumlara
araşdırma aparmaq və müvafiq təkliflər
hazırlamaq üçün külli miqdarda vəsait
ayrıldığını xatırladan A.Niftəliyevin
sözlərinə görə, 2013-2014-cü illərdə
bununla bağlı geniş maarifləndirmə işlərinə
start verilib, nüfuzlu dilçi-alimlər prosesə cəlb
olunub:
"AMEA-nın
Dilçilik İnstitutunda yaranan Monitorinq şöbəsi,
dillə bağlı qaynar xətt, həmçinin yeni
orfoqrafiya lüğətinin hazırlanması, qaydaların
ictimai müzakirəsi və s. göstərmək olar.
İndiki fərman isə bu monitorinqlərə daha yüksək
status verəcək və güman edirəm ki, təsir
imkanları da olacaq. Bilirsiniz, mən həm də Azərbaycan
Dil Qurumunun icraçı direktoruyam və bu prosesləri uzun
müddət izləmişəm. İllər öncə bu
problemləri qaldıranda inanmazdıq ki, 2012-ci ildə
Dövlət Proqramı hazırlanacaq və 2013-cü ildə
təsdiq olunacaq. Proqramla tanış olanlar bunun çox
mükəmməl bir proqram və dövlətin dilin təmizliyinin
qorunması və inkişafı üçün iradəsi
ortadadır”.
Dil
Qurumunun icraçı direktorunun fikrincə, bu məsələ
inzibati metodlarla tənzimlənə bilməz:
"Ziyalıların,
dilçilərin, media nümayəndələrinin birgə
işi, dilə qayğısı, səmimi yanaşması
lazımdır və bu məqamda qəribə bir paradoks
yaşayırıq. Vaxtilə, sovet dönəmində
ziyalılar dilin saflığı üçün mübarizə
aparırdı, dövlət "millətçilikdən"
ehtiyat edib, ciddi dəstək verə bilmirdi. Ancaq indi dövlətin
iradəsi var, ziyalıların müqaviməti yoxdur. Bunun da nəticəsidir
ki, hazırda dil çox ciddi təzyiq altındadır”.
"Kaspi”
qəzetinin baş redaktoru İlham Quliyev də
vurğulayıb ki, Azərbaycan dilinin qorunması və
dövlət dilindən istifadənin təkmilləşdirilməsi
həmişə diqqət mərkəzində olub:
"Dövlət
dilindən həyatımızın müxtəlif sahələrində
ən yüksək səviyyədə istifadə olunması
üçün addımlar atılıb. Amma qloballaşan
dünyada kiçik dövlətlərin öz ana dillərini
daha əhatəli şəkildə qoruması zərurəti
yaranıb. Bu baxımdan, cənab Prezidentin
imzaladığı sərəncam tam yerinə
düşüb. Sirr deyil ki, son vaxtlar ana dilimizə qlobal
hücumlar mövcuddur. Mətbuat və televiziya ekranlarında
dilin saflığının qorunması ilə bağlı
problemlər mövcuddur. Fərmanda da qeyd edildiyi kimi,
müasir Azərbaycan dili mükəmməl qrammatik
quruluşa, zəngin lüğət tərkibinə və
ifadə vasitələrinə malik olsa da, dilimizin hüdudsuz
imkanlarından yetərincə və düzgün istifadə
edilməməsi halları hələ də kifayət qədər
geniş yayılıb. Televiziya və radio kanallarında,
internet resurslarında, mətbu nəşrlərdə və
reklam daşıyıcılarında ədəbi dilin
normalarının kobud şəkildə pozulması, leksik və
qrammatik qaydalara əməl edilməməsi, məişət
danışığından istifadə olunması, əcnəbi
söz və ifadələrin yersiz işlədilməsi az qala
adi hala çevrilib”.
İ.Quliyev
hesab edir ki, bu fərman Azərbaycan dilinin qorunması və
dövlət dilindən istifadənin təkmilləşdirilməsi
istiqamətində konkret addımların atılmasına gətirib
çıxaracaq:
"İndiyə
kimi, kütləvi informasiya vasitələrində, internet
resurslarında və reklam daşıyıcılarında ədəbi
dil normalarının pozulması hallarının monitorinqi rəsmi
şəkildə aparılmırdı. Bu işlə müxtəlif
ictimai təşkilatlar, Dilçilik İnstitutunun bir
şöbəsi məşğul olurdu. Hazırlanan monitorinqlər
isə tövsiyə xarakteri daşıyırdı. Monitorinqlərdə
üzə çıxarılan qüsurların aradan
qaldırılmasını təmin edən mexanizm də
mövcud deyildi. İndi isə bu iş konkret bir təşkilat
tərəfindən aparılacaq. Üstəlik, bu sahədə
nöqsanlara yol verənlərə qarşı əməli
addımların atılması üçün qanunvericilik
aktlarında dəyişikliklər ediləcək. Yəni
kimin hansı məsuliyyət daşıdığı konkret
müəyyənləşdiriləcək. Fikrimcə, bu
mexanizm işə düşdükdən sonra bu sahədəki
problemlərin böyük bir hissəsi həllini tapmış
olacaq. Fəaliyyəti monitorinq olunacaq sahələrdən
birinin də KİV olduğunu nəzərə alsaq, media
işçilərinin məsuliyyət dərəcələrini
artırmaları lazım gələcək. Üstəlik,
media bu işlərin təbliğinə də imkanı
daxilində geniş dəstək verməlidir”.
İsmayıl
Şərq.- 2018.- 9 noyabr.- S. 11.