SOVET HAKİMİYYƏTİNİN İLK İLLƏRİNDƏKİ MƏTBUATIMIZ...

 

O dövrdə nəşr olunan qəzetlər kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, öz milli varlığını nisbətən qoruyub saxlaya bilirdi

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mətbuatın inkişafı daha çox partiyalı mövqe ilə bağlı idi. Respublikanın "Kommunist”, "Bakinski raboçi”, "Vışka”, "Azərbaycan gəncləri”, "Molodyoj Azerbaydjana”, "Bakı” və s. mətbuat orqanlarında kommunist ideologiyası ilə bağlı məsələlərlə yanaşı, respublikanın iqtisadi, elmi, mədəni inkişafı ilə əlaqədar problemlər də öz əksini tapırdı. İdeoloji buxovların mövcudluğuna baxmayaraq, öz səhifələrində müxalif fikrə yer verən, o dövr üçün doğrudan da vətənpərvər ruhlu məqalələr dərc edən mətbuat orqanları milli şüurun və özünüdərkin formalaşdırılmasında böyük rol oynayırdı. Bu qəzetlərin xalqımızın dil, ədəbiyyat və mədəniyyətə həsr etdiyi, azərbaycançılıq ideyasına xidmət edən yazıları bu gün də aktual olaraq qalır və totalitar rejim şəraitində belə Azərbaycan jurnalistikasının mövqeyini nümayiş etdirir. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, öz milli varlığını nisbətən qoruyub saxlaya bilirdi. Əldə etdiyi zəngin ənənələri davam etdirərək respublikanın ictimai-siyasi həyatında fəal rol oynayırdı. Dövrün təhlili baxımından 1930-cu illərin Azərbaycan mətbuatının özünəməxsus yeri var. Sözügedən mərhələ mətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının "Azərbaycan mətbuat tarixi, 1920-1990-cı illər” adlı kitabında ətraflı işıqlandırılıb. Müəllif qeyd edib ki, 1930-cu illərin əvvəllərində Sovet İttifaqının hər tərəfində olduğu kimi, Azərbaycanda da təşəbbüskarlığa təzyiq, direktiv amirlik, dövlət orqanları və partiya təşkilatlarında Stalin "üslubu”nun tətbiqi ölkədə gərgin-ictimai siyasi vəziyyət yaratmışdı. Kitabda vurğulanıb ki, 1927-ci ildə Kommunist Partiyasının XV qurultayı keçirilib və ilk beşillik planının tərtib edilməsinə dair direktivlər qəbul olunub: "1927-ci ilin noyabrında keçirilən partiyanın XIII qurultayı Azərbaycanın tam inkişafını yox, mərkəzin ona diktə etdiyi şəkildə neftdən sonra pambıqçılığın inkişafını əsas məsələ kimi diqqətə gətirdi. Direktivlər sovetlərin tərkibində olan respublikaların iqtisadiyyatını planlaşdırarkən İttifaqın ehtiyac və tələbatını nəzərdə tutmağın vacibliyini vurğulamaqla yerli, milli mənafeləri arxa plana keçirir, mərkəzin diktəsinə zəmin yaradırdı. Stalinin beşillik plana müdaxiləsi nəticəsində nəzərdə tutulmuş planı artırırdı ki, bu da zorakı inzibatçılığın genişlənməsinə gətirib çıxarırdı. Partiya bundan istifadə edərək "inkişafa mane olan qüvvələrə" qarşı mübarizə metodu seçir, digər tərəfdən isə sosializm yarışını genişləndirmək şüarını irəli sürürdü. Bu hərəkata təkan vermək məqsədilə 1929-cu ilin yanvarında "Pravda" qəzetində Leninin "Yarışı necə təşkil etməli" məqaləsi çap olundu. Bu məqalə Azərbaycan mətbuatında təkcə dərc edilmədi, mətbuatın əsas müzakirə mövzusuna çevrildi, şərhlər, yazılar işıq üzü gördü. "Kommunist", "Bakinski raboçi", "Gənc işçi" qəzetləri, "Komsomol", "Maarif və mədəniyyət" jurnalları və digər partiyalı mətbu orqanlarda mərkəzin yeritdiyi bu siyasət təqdir edilir, fərdi təsərrüfatların ləğvini, kollektiv təsərrüfatçılığı təbliğ edirdilər. Həmin dövrdə çap olunan yazıların başlıqlarına baxmaq kifayətdir ki, zamanın tələbinə uyğunlaşdırılan Azərbaycan mətbuatının vəziyyəti aydın olsun. "Qadınları da yarışa cəlb etməli", "Yeni həyata doğru", "Hücum" kimi sərlövhələr 1930-cu il jurnalistlərinin ən çox istifadə etdikləri məqalə başlıqları idi. Jurnalistlər tək təbliğat mahiyyətli yazılar yazmır, kollektivləşmənin əleyhinə olan insanları nəinki tənqid, təhqir edir, hətta bolşevik quruluşunun düşməni elan edirdilər. Bölgələrə ezam olunur, təsərrüfat rəhbərləri ilə birgə partiyanın tapşırıqlarını həyata keçirirdilər. Azərbaycan sovet dövrü mətbuatının ağsaqqallarından olan, bir müddət "Kommunist" qəzetinə redaktorluq edən Əli Vəliyev haqda Mehdi Hüseyn 1930-cu ildə yazırdı: "Əməkçi kütlənin bağrından çıxan Əli Vəliyev kənd həyatını, kənddə sinfi mübarizəni duyaraq, görərək və onda bilavasitə özü iştirak edərək yazırdı". Partiya fəallarının, Azərbaycan jurnalistlərinin zorən inzibati tədbirlərə cəlb olunması müsbət nəticə vermirdi. Azərbaycanda böhran yaşanırdı. Moskvadan ötürülən tapşırıqlar əks-effekt doğururdu. Partiyanın "təkərciyi və vintciyi" olan Azərbaycan mətbuatı aqrar islahatlara mane olan qolçomaqlara, anti-milli ünsürlərə qarşı davamlı təbliğat aparırdı. Təsərrüfatı, əmlakı zorla kollektivləşdirilən kəndlilərin etirazını "kapitalist təhlükəsi" kimi qiymətləndirirdi. Zora, təqib və təzyiqlərə əsaslanaraq aparılan siyasət ağır nəticələr doğururdu. Kolxoza daxil olmaq istəməyənlər sıxışdırılır, təqib edilir, seçki hüquqları əllərindən alınırdı. Ortabablar antisovet, antikommunist, "əksinqilabi aktiv" adı ilə həbs olunub güllələnir, ailə üzvləri isə Sibirə, yaxud Orta Asiyaya və ya Qazaxıstana sürgün edilirdi. Onları vaqonlara doldurur, Sibir və Qazaxıstana gedən dəmiryollarında həftələrlə saxlayır, min bir əzaba düçar edirdilər. Kəndlilərin "şübhəli görünən" qismi isə respublikanın daxilində xüsusi yaşayış düşərgələrində saxlanılırdı”. Araşdırmaçı bildirib ki, 30-cu illərdən başlayaraq Azərbaycan mətbuatı insanların cəzalandırma, repressiya olunması alətinə çevrildi: "Öz şəxsi əmlakını kolxoza verməyənlər, kollektivləşməyə etinasız yanaşanlar mətbuat səhifələrində xalq düşməni elan edilirdi. Jurnalistlər bu tip insanların aşkarlanıb cəzalandırılmasında partiya-sovet orqanlarının köməkçisi funksiyalarını daşıyırdılar. Stalin şəxsiyyətinə pərəstişin formalaşması da 30-cu illərin ortalarından başlayır, təkcə fəhlə və kəndlilərin deyil, xalqın dəyərli ziyalılarının, ədiblərinin, elm adamlarının 37-ci ilin repressiya "maşınında" məhv edilməsi prosesinə hazırlıq aparılırdı. Bu cür kütləvi təqib-təzyiq mexanizmlərinin işlədiyi, insanların əmlakının zorla alınıb fərdi təsərrüfatların, təşəbbüslərin ləğv edildiyi dönəmdə yeni sovet insanının savadsızlığını aradan qaldırmaq üçün tədbirlər də həyata keçirildi. 30-cu illərin başlanğıcında savadsızlığın ləğvi sahəsində kütləvi tədbirlərə başlanıldı. Aparılan tədbirlərin nəticəsində fəhlə və kəndlilərin oxuyub-yazmağa marağı getdikcə artırdı. Azərbaycan mətbuatı bu işin həyata keçirilməsində böyük fədakarlıqlar göstərir, qəzetlər əlifbanı öyrənənlər üçün xüsusi səhifələr ayırır, metodiki məqalələr çap edir, qabaqcıl "mədəni əsgərlərin" iş təcrübəsini yayırdılar. "Kommunist", "Kəndli qəzeti", "Komsomol" jurnalının bütöv səhifələri "Savad kursları"na həsr olunurdu. 1930-cu ildən başlayaraq bir çox savad məktəblərində, qruplarında əlifbanı öyrətməklə yanaşı, "siyasi dərslər" təlim olunurdu, ölkədəki vəziyyət, partiyanın siyasəti izah edilirdi. Savadsızlığın ləğv edilməsi işinin zəhmətkeşlərin siyasi maariflənməsi ilə əlaqələndirilməsi partiya və hökumətin maraqlarına tam cavab verirdi. Çünki bu yolla hakim "siyasət və ideologiya" kütlələrin şüuruna yeridilməli, onlar "sosializm"in tərəfdarları kimi tərbiyələndirilməli idilər. Savadsızlığın ləğv edilməsi tədbiri əlifba islahatının keçirilməsi ilə paralel aparıldı. "Bakinski raboçi" qəzeti 22 iyul 1928-ci il tarixli sayında əlifba islahatı ilə bağlı yazırdı: "Azərbaycanın əldə edəcəyi ümumi savadlılıq yalnız yeni əlifba sayəsində mümkündür". Yeni türk əlifbasının tətbiqi üçün yaradılan komissiyaya Səmədağa Ağamalıoğlu rəhbərlik edirdi. 1929-cu il yanvarın 1-dən Azərbaycan SSRİ-nin yeni əlifbaya keçməsi rəsmən elan olundu və hökumətin "Azərbaycanın bütün fəhlələri və kəndlilərinə" müraciəti qəbul edildi.

"Yeni yol" qəzeti bu barədə 21 iyun 1928-ci il sayında yazırdı: "Yeni əlifbanın tətbiqi savadsızlığın ləğv edilməsi işini xeyli asanlaşdıracaq, kütlələrin maariflənməsi yüksəlişinə böyük maraq yaradacaqdır". Azərbaycan SSR Ali Sovetinin növbəti sessiyası 1939-cu ilin iyulunda latın əlifbasının kirillə əvəz edilməsi haqqında qanun qəbul etdi və bu qanun 1940-cı ilin yanvarın 1-dən qüvvəyə mindi. Bununla da ölkədə rus dilinin fəaliyyət dairəsi genişləndirildi. Beləliklə, tarixən qısa zaman kəsiyində Azərbaycanda iki dəfə əlifba dəyişildi. Çoxcəhətli, rus şovinizmindən doğulan milli mədəniyyətlərin sıradan çıxarılmasına yönələn bu tədbir Azərbaycan mətbuatının jurnalistikasının inkişafının qarşısını aldı. Savadsızlığın ləğvi ilə oxucu auditoriyası qazanan qəzetlər öz oxucularının bir qismini itirdi. Bu dövrdə qəzetlər rəsmi dövlət siyasətinin "marksist-leninçi" ideyalarının təbliği, sosialist qurucuları olan yeni insanların formalaşması üçün güclü partiya silahı idi. Qəzetlərin keyfiyyətli çapı üçün mətbəələrin yaradılması prosesinə diqqət yönəldilirdi. 1933-1934-cü illərdə Bakıda böyük texniki imkanlara sahib "Mətbuat sarayı" adlı mətbəə fəaliyyətə başladı. SSRİ məkanında aparılan inzibati-ərazi dəyişikliyi ilə əlaqədar olaraq 1930-cu ilin avqustunda qəzet şəbəkəsinin yenidən qurulması, inkişafı haqqında qərar qəbul etdi. Həmin qərarın əsasında SSRİ məkanında olduğu kimi, Azərbaycanda rayon qəzetlərinin geniş şəbəkəsinin yaradılmasına başlanıldı. Yeni rayon qəzetləri işıq üzü gördü. Bu dövrdə rayonlarda yeni mətbəələrin qurulması yönündə Bakı poliqrafiya tresti tərəfindən həyata keçirilirdi. Artıq 1932-ci ilin axırlarında respublikamızın 32 rayonunda mətbəə təşkil edildi. 1932-ci ildə ilk dəfə rus və Azərbaycan dilində "Azərbaycan bədən tərbiyəçisi" adlı ixtisaslaşmış idman qəzeti nəşrə başladı. Azərbaycanda idman mətbuatı tarixinin başlanğıcının əsası qoyuldu və bu sahədə ixtisaslaşan jurnalist kadrları yetişdi. Fəaliyyətinin ilk illərində 4 səhifə həcmində nəşr olunan qəzet təkcə respublikamızda deyil, keçmiş SSRİ məkanında özünə xeyli sayda oxucu toplamağa müvəffəq oldu. Qəzetin ilk baş redaktoru tanınmış yazıçı Aleksandr Kikiadze idi. 1934-cü ilin sentyabr ayının 2-də "Kommunist maarifi" qəzeti işıq üzü gördü. Qəzetin əsas ideya istiqaməti, fəaliyyət dairəsi "mədəni inqilab"la məhdudlaşmır, xalq maarifinin, yeni sovet düşüncəli pedaqoji kadrların hazırlanması işinə kömək məqsədi daşıyırdı. "Kommunist maarif"i Azərbaycan sovet təhsilinin, maarifinin təbliğat ruporu kimi nəzərdə tutulsa da, müəyyənləşmiş çərçivələrdə cəmiyyətin problemlərinə də toxunur, bədii ədəbiyyata yer verir, klassiklərimizin yaradıcılığı, şəxsiyyəti barəsində yazılar çap edirdi. Qəzet dövrün ziyalı auditoriyasını formalaşdırmağa çalışırdı. 1938-ci ildə "Kommunist maarifi"nin adı dəyişdirildi, "Müəllim qəzeti" adı ilə nəşrini davam etdirdi. Aparılan statistik göstəricilərə görə, 1939-cu ildə Azərbaycan dilində 80-dən artıq qəzet nəşr olunurdu. Bir çox müəssisələrin, sovxoz və kolxozların da öz qəzetləri vardı. 1937-ci ildə 834 min nüsxə tirajla 45 jurnal çıxırdı”.

 

İsmayıl

İki sahil.- 2018.- 13 noyabr.- S.11