"AMALİYA PƏNAHOVA
ƏFSANƏVİ AKTRİSA İDİ"
Mərahim Fərzəlibəyov: "Həqiqətən böyük
sənətkar idi. İnanmıram bir də onun kimi
aktrisa Azərbaycan səhnəsinə gəlsin"
Böyük sənətkarların nə
yaşı, nə ömrü olur. Onlar sənətləri ilə həmişəyaşardırlar.
Onun haqqında keçmişdə danışmaq
haqsızlıq olar. Getdi… deməyə dilimiz gəlmir. «Var, həmişə yaşayacaq» deyib, onun Azərbaycan teatr səhnəsində qoyduğu yüzlərlə
obrazlarında təsəlli
tapa bilərik. Azərbaycan teatr səhnəsi həqiqətən
böyük itkisini yaşadı. Xalq artisti Amaliya Pənahova çox sevdiyi səhnəni tərk etdi. Təsəlli olaraq isə yaratdığı
teatr obrazları, ekran əsərlərində,
filmlərdə canlandırdığı
xarakterlər qaldı.
Bəlkə də böyük sənətkarların
yoxluğu zamanla daha çox hiss olunur. Teatr
səhnəsində onun
yoxluğu hələ
çox özünü
göstərəcək.
Azərbaycan mədəniyyətində səs tembri ilə seçilən, yaratdığı hər
obrazla bir sənətkar ömrünü
sübut edən Amaliya Pənahova haqqında rejissor, Xalq artisti Mərahim
Fərzəlibəyov danışdı.
«Şərq»ə» açıqlamasında
rejissor Amaliya Pənahovanın əfsanəvi
aktyor sənətini xatırladı: «Azərbaycan teatr səhnəsi böyük
bir sənətkarı,
deyərdim ki, əfsanəvi bir aktrisanı itirdi. Mən hələ tələbəlik illərimdən
başlayaraq Amaliya xanımla işləməyə
başlamışam.
Universitetin 3-cü kursunda oxuyanda televiziya tamaşası hazırlamışdım. Amaliya
xanımla ilk işbirliyim ordan başladı. Ali məktəbi bitirdikdən
sonra Sumqayıt Teatrına baş rejissor kimi təyin
edildim. Ordan Akademik Dram Teatrına
gələndən sonra
isə Amaliya xanımla yenidən işləməyə başladım.
1981-ci ildən Amaliya xanım teatrdan gedənə qədər mən onunla 10-a yaxın obraz işləmişəm. Mənim
rejissorluq dövrümdə
Amaliya xanım çoxsaylı xarakterik baş rolların ifaçısı olub. Mən nə zaman pyes götürürdümsə,
mütləq orada Amaliya xanımı nəzərimdə tutmuşam.
Həqiqətən teatr
repertuarına diktə
etməyi bacaran aktrisa olub. Mən
Amaliya xanımla «Gecə döyülən qapılar», İlyas Əfəndiyevin «Xurşidbanu
Natəvan» əsərini
bir yerdə çalışmışıq. Amaliya xanımın bənzərsiz gözəl
qəddi-qaməti var idi ki, bu,
hər aktrisada olmur. Onun elə
bənzərsiz, ecazkar
səs tembri var idi ki,
o səs özündə
bir istedad idi. Titrək bir səs tembrinə
sahib idi. Səsi sanki exo verirdi. Həddindən artıq işgüzar
bir aktrisa kimi yaddaşımda qalıb.
Hər dövrün
rejissoru üçün
maraqlı aktrisa idi. Məlumat üçün onu da qeyd edim
ki, «Təhminə və Zaur» tamaşasını
ilk dəfə mən
səhnəyə qoymuşam.
Bu tamaşada Amaliya xanım Təhminə obrazı oynayırdı, rəhmətlik
Fuad Poladov isə Zaur obrazını
canlandırırdı. İlk dəfə «Təhminə və Zaur» məhz mənim quruluşumda teatr səhnəsində qoyulub. 1984-cü ildə Amaliya xanım da o tamaşada Təhminə obrazını
yaddaqalan şəkildə
oynayıb. Məhz bu
əsər teatr səhnəsində oynanıldıqdan
sonra böyük marağa səbəb oldu. Fuad Poladovla Amaliya
Pənahova bu tamaşada maraqlı tandem
yarada bildilər.
Sovet dövründə belə
bir tamaşanın səhnəyə qoyulması
böyük səs-küy
yaratmışdı. Tamaşa anşlaqla
keçərdi. Bunun bir
səbəbkarı da Amaliya
xanım idi.
Onun ecazkar aktyorluq bacarığı
həqiqətən özünü
göstərirdi. Amaliya xanımın yaratdığı
bütün obrazlar fərqli çalarları,
maraqlı aktyor ifası ilə seçilib. Onun son əsəri
«Şanlı vətən»inə
də mən quruluş verdim. Bələdiyyə Teatrının bu
tamaşasının bütün
məşqlərinə Amaliya
xanım şəxsən
gəlirdi. Təəssüf ki, bu tamaşanın
premyerasına gələ
bilmədi. Oktyabrın 31-də tamaşanın premyerası
keçirildi. Böyük anşlaq
oldu. Amma Amaliya xanım
iştirak edə bilmədi. Onda bildim ki, vəziyyəti ağırlaşıb.
Çünki böyük həvəslə
məşqlərə gələrdi.
Son dəfə bu tamaşanı sosial şəbəkədə
paylaşıb. Bu tamaşa Türkiyədə
də təqdim olunacaq. Çox heyif ki, Amaliya xanımsız».
Amaliya Pənahovanın
Azərbaycan kino tarixində də imzasını qoyduğu onlarla obraz olub. Mərahim
Fərzəlibəyov bunlardan
da danışdı.
«Həqiqətən Azərbaycan kinosunda möhürünü qoya
biləcək obrazlar yarada bilmişdi. Həqiqətən cəsarətli
aktrisa olub. Amaliya xanım təpədən dırnağa
qədər teatr aktrisası olub. Buna baxmayaraq kinoda da güclü
obrazlar oynaya bildi. Onun haqqında
danışanda bunu demək olar ki, o, sənət üçün yaranmışdı.
Əgər rejissor onu inandıra bilirdisə, Amaliya xanım rejissorun bütün mizanlarını
etməyə hazır
idi. Deyirlər «kapriz»li sənətkar olub. Mən bütün səlahiyyətimlə
deyirəm ki, Amaliya xanımda yalançı «kapriz»lər
yox idi.
O, peşəkar sənət
«kapriz»ləri ortaya qoya bilirdi. Rejissor
onu inandıra bilməyəndə, o, «kapriz»
nümayiş edə bilərdi. Rejissor onu inandıra bilirdisə, o, sərhədsiz
aktrisa ola bilirdi. Mənim onunla onlarla işbirliyim olub, böyük rollar oynayıb. Bir dəfə də olsun narazılıq etdiyini görməmişdim.
Nahar vaxtı çataydı, digərləri
kimi «tez gedib yemək yeyim» deyə bir kəlmə deməzdi. Bu illər ərzində bir dəfə də olsun məşqlərdən
icazə aldığını
xatırlamıram.
O, sənətinə məsuliyyətlə yanaşardı.
Onun üçün səhnə hər şeydən vacib idi. Səhnədən qaçmağa tələsməzdi.
Məsuliyyəti ilə
yanaşı, istedadı,
zəhməti var idi. Həqiqətən zəhmətkeş olub. Sənətdə nə qazanıbsa, zəhmətinin
bəhrəsi olub. Allah ona rəhmət
eləsin. Həqiqətən
böyük sənətkar
idi. İnanmıram bir də onun
kimi aktrisa Azərbaycan səhnəsinə
gəlsin».
Tahirə Məmmədqızı
Şərq.-
2018.- 13 noyabr.- S.13.