Danışır
Bakı...
Radioya maraq
azalmayıb, azalmayacaq
Çünki səs
görüntüdən daha çox insanları cəlb edir
(…əvvəli ötən sayımızda)
Jurnalistikanın əsas qollarından biri radio
jurnalistikasıdır. Uzun illərdir ki, radionu bir çox məziyyətləri
ilə yanaşı, həm də şifahi nitq
daşıyıcısı kimi ana dilimizin gözəlliyini,
incəliyini, ədəbi normalarını təbliğ edən
vasitə kimi tanıyıb qəbul etmişik. Bu gün
televiziya ilə yanaşı, radio da mürəkkəb proseslərin
getdiyi müasir ədəbi dilin, onun normalarının
daşıyıcısı və milyonlar üçün
nümunəvi nitq mədəniyyəti tribunasıdır.
Radio jurnalistikası həm məzmun, həm də texnoloji
baxımdan dəyişir, yenilənir. Dinləyici
auditoriyasını cəlb etmək üçün yeni-yeni
formalar axtarışında olur, həm də bu formalarla məzmun
arasındakı qarşılıqlı əlaqələri təmin
etməyə çalışırlar. Bu
axtarışların səmərəli olması
üçün radio jurnalistikası sahəsində müəyyən
baza biliklərinin olması çox vacibdir.
Məlumdur ki, radio hər evi, kəndi, şəhəri
və ya bütün ölkəni əhatə edir. Universal ünsiyyət vasitəsi olan radio ötən
illərdəki qüdrətini itirsə də, media vasitəsi
kimi bir neçə saniyəyə böyük qitələri
qısa dalğalar vasitəsilə birləşdirir,
insanları müxtəlif məlumatlarla təmin edir.
Çağdaş radio-jurnalistikanı internetdən ayrı təsəvvür
etmək mümkün deyil, çünki internetin
yaranması ilə radio yeni və hüdudsuz bir arena, həm də
əlavə texnoloji imkanlar qazanıb. Hazırda radioyayım
daha keyfiyyətli səs almağa imkan verən geniş mərkəzi
rəqəmsal serverlərdən aparılır. İndi
internet sayəsində minlərlə radiostansiya geniş
auditoriya dilimlərinə xidmət etməkdədir. Bu gün
universitet tələbələrinin radiostansiya yaratması,
internet radioya sahib olmaları, öz verilişləri ilə
efirə çıxmaları nisbətən əlverişli və
ucuz başa gəlir. Digər tərəfdən, sosial media da
radioya, bu sahədə çalışan jurnalistlərə
öz diktəsini edir.
Ümumiyyətlə, radioda mühit texniki cəhətdən
çox əlverişlidir və proqramların canlı
yayımda nümayişi üçün ideal şəraitə
malikdir. Məsələn, ən son xəbərlər
informasiya agentliklərindən, yerli və xarici müxbirlərdən
gəlir, dinləyici telefonla danışır, interaktivlik
auditoriyanı əldə saxlamağa imkan verir, yerli stadiondan
son idman xəbərləri çatdırılır,
böyük saraylardakı konserti dinləmək imkanı var –
radio bütün gün ərzində bilavasitə
insanlarla canlı ünsiyyət qurur: onları məlumatlandırır,
maarifləndirir, zövqlərini oxşayır, problemlərini
dilə gətirir, dərdlərinə şərik olur.
Buna baxmayaraq, bu gün radioda
çalışmağa meyil edən jurnalistlərin sayı
azdır. Bunun da bir çox səbəbləri var. Əksər
jurnalistlər televiziyada işləməklə daha çox
üzdə olmaq və tanınmaq istəyirlər.
Görünür, radio jurnalistikasına marağın az
olmasının bir səbəbi də məhz budur: Radioda daha
az tanınmaq və şöhrətpərəstlikdən uzaq
olmaq. Bu, həqiqətən də radio junalistikasına
marağın azalmasına səbəb ola bilərmi? Görəsən,
ekspertlər nə düşünürlər?
Əməkdar jurnalist Azər Həsrət
radionun daha uzunömürlü media vasitəsi
olacağını düşünür: "Çünki
radio televiziyadan daha öncə icad edilib. Bu yaxınlarda Azərbaycanda
radionun fəaliyyətə başlamasının 92 illiyini qeyd
etdik. İndi radio dinləyicilərinin sayı heç də
az deyil. Hətta onlayn medianın bolluğu fonunda belə radio
dinləyiciləri kifayət qədər çoxdur. Radio
jurnalisitikasına marağın olmaması və ya azalması
ilə bağlı narahatlıqlara gəldikdə isə, məncə,
radio jurnalistikası televiziya jurnalistikasından daha cəlbedicidir.
Məsələn, Eldost Bayramı televizorda heç kəs
görmür. Amma onun səsini radioda eşitsək, dərhal
tanıyırıq. Hətta bir dəfə maşınla yol
gedərkən onun ifasında şeir səslənirdi. Mənzil
başına çatdıqdan sonra belə maşını
dayandırıb onun danışıb qurtarmasını
gözləyirəm. Yəni adamın səsi o qədər cəlbedicidir
və insana o qədər xoş gəlir ki, onun
danışığını bitirməsini gözləyirəm
və sonra maşından çıxıram. Bu baxımdan
radio aparıcılarının səsləri ilə özlərini
dinləyicilərinə sevdirmək şansı daha yüksəkdir.
Televiziyanın üstünlüyü isə əlbəttə
ki, görüntüdür. Televiziyada görüntü
olduğuna görə, xüsusən aparıcılığa
meyil edən gənclər özlərini zahiri olaraq
tanıtmağa cəhd edirlər. Ona görə də
televiziyada işləməyə can atırlar.
Düşünürlər ki, bu yolla tez tanınıb daha
çox sevilə bilərlər. Amma sizi inandırım ki,
radiodakı o səs, görüntüdən daha tez
insanları cəlb edir və aparıcını
tamaşaçılara daha çox sevdirir. Ona görə də
fikrimcə, daha çox radioya üstünlük vermək
lazımdır. Televiziyada tamaşaçı
aparıcının hər bir hərəkətinə, geyiminə,
saç düzümünə və s. fikir verir. Təbii ki,
belə bir şəraitdə aparıcılıq etmək və
özünü təqdim etmək bir qədər çətin
olur. Radionun üstünlüyü ondadır ki,
tamaşaçı aparıcını görmür və
yalnız dinləyir.
Ona görə də radio aparıcısı hətta
əlində hazır mətni rahat şəkildə oxuya bilir
və oxuduqca da o emosiyaları səs vasitəsilə dinləyiciyə
ötürür. Əlbəttə, televiziyada
çalışmaq bir qədər çətindir. Bu
baxımdan radioda çalışmağın müəyyən
üstünlükləri var. Amma radio hələ uzun illər
yaşayacaq. Düşünmürəm ki, yaxın zamanlarda
radionun sıradan çıxması haqqında danışa
bilərik. Kağızın informasiya
daşıyıcısı olaraq sıradan
çıxması dövründə yaşayırıq.
Görürsüz ki, getdikcə qəzet buraxmağa meyil
azalır. Son
illər bazarda bir dənə də olsun yeni qəzet yoxdur. Yalnız
mövcud qəzetlər ayaqda qalmağa
çalışırlar. Amma yeni radio
kanalları yaradılır. Deməyim odur
ki, müəyyən müddət sonra qəzetlər
ömrünü tamamlayacaqlar, amma radio yaşayacaq, fəaliyyətə
davam edəcək. Ümumiyyətlə,
hazırda radio ən əlçatan, ucuz və xoş bir media
vasitəsidir”.
Hazırda peşəkar jurnalistlik fəaliyyətinin tələb
olunduğunu deyən "Səs” qəzetinin baş redaktoru Bəhruz
Quliyev bildirib ki, bu gün radionun özü də peşəkarlıq
tələb edir: "Radioda çalışmaq, birbaşa
canlı efirə çıxmaq hər jurnalistin işi deyil.
Televiziyada yalnız peşəkar jurnalistlər canlı
efirə çıxırlar. Bu onu göstərir
ki, zaman-zaman jurnalistlərin izləyicilərlə canlı
ünsiyyəti jurnalistin peşəkarlığına dəlalət
edir. Bu gün radioya meyil azalıbsa, deməli,
hələ canlı efirdən çəkinənlər var.
Düşünürəm ki, radio jurnalistikası da rəqabət
tələb edən bir sahədir. Vaxtilə
diktorluq ənənəmiz olub və 80-ci illərin sonu
90-cı illərin əvvəllərindən bu ənənə
pozulub. Hətta fotogenik və şəxsi
istəyi olanlar televiziyalara götürülürdü.
Lakin bu da effekt vermirdi. Artıq
zamana uyğun olaraq jurnalistlərin canlı ünsiyyətə
meyilliliyi artıb ki, bu da peşəkarlığın bir
nümunəsidir”.
Baş
redaktor radioda çalışmağın elə də asan
olmadığını deyib:
"Kifayət qədər tanınan radio
aparıcılarımız var. Onlar adla və səsləri ilə
tanınsalar da, olduqca peşəkardırlar. Düşünürəm
ki, universitetlər peşəkar jurnalist yetişdirirlər.
Artıq 4 il oxuyandan sonra bizə müraciət
edən tələbələr püxtələşmiş
olurlar. Əvvəllər bizə müraciət edənlər
isə keçid balı çatmayanlar və
yaxud jurnalistikaya təsadüfən gələnlər idi. Cənab prezidentlə görüşdə
jurnalistikaya qəbul qaydalarında dəyişiklik edilməsi
və qabiliyyət imtahanlarının keçirilməsi ilə
bağlı müraciət etdik. Qabiliyyət
imtahanlarından sonra jurnalistikanı sevənlər bu sahəyə
gəldilər. Canlı efir jurnalistin
üstünə ikiqat məsuliyyət qoyur. Hər adam bu məsuliyyətin öhdəsindən gələ
bilməz”.
B.Quliyevin
fikrincə, radioda çalışanların sayının
azalmasının bir səbəbi də canlı efirdə
aparıcılıq etməkdən çəkinənlərin
çox olmasıdır: "Əgər jurnalist peşəkardırsa,
fərqi yoxdur, o, qəzetdə də tanına bilər, radioda
da. Məsələn, elə jurnalist var ki,
danışıq qabiliyyəti yoxdur, amma qələmi ilə
artıq öz sözünü deyir. Düşünmürəm
ki, jurnalist yalnız tanınmaq üçün televiziyaya və
yaxud radioya meyil etsin.
Ola bilər
ki, radioda tanınmaq və ya üzdə olmaq mümkün
olmadığı üçün bu sahədə işləyənlərin
sayı az olsun. Lakin radio və
ya televiziyada çalışmaq üçün kiminsə
şəxsi istəyi ilə yanaşı, eyni zamanda
bacarığı olmalıdır. Radio
jurnalistikası birbaşa canlı efiri əks etdirir.
Tədricən zaman bunu da nizamlayacaq və peşəkar,
canlı efirdən qorxmayan jurnalistlər bu sahədə daha
çox işləyəcəklər. Radioda
çalışmaq televiziyadan belə məsuliyyətli sahədir.
Heç kim birbaşa canlı efirə
çıxmağa risk etmir. Ola bilsin,
azalmanın səbəbi canlı efirdən qorxmaqdır.
Zaman-zaman jurnalistin yaxşı təhsili,
özünə inamı imkan verəcək ki, onların
radioda çalışmasında artım müşahidə
olunsun”.
"Xalq
Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli
kifayət qədər peşəkar və tanınan radio
aparıcılarının olduğunu dedi:
"Görünür ki, televiziyaya can atan insanlar zahiri
olaraq tanınmaq istəyirlər. Yəni kənardan kimlərsə
onları görəndə tanısın və təbəssümlə
qarşılasınlar. Bütün bunlar təbii
hisslərdir və normal qəbul etmək lazımdır.
İstənilən yaradıcı insanın
daxilində müəyyən qədər şöhrətə
meyillilik var. Hər kəs tanınmaq istəyir. Şübhəsiz ki, tanınmağın da müsbət
və mənfi tərəfləri var. Tanınmaq bəzən
insana müəyyən məhdudiyyətlər yaradır”.
E.Mirzəbəylinin sözlərinə görə, radio
jurnalistikası klassik jurnalistikadır. Çap mediasında
olduğu kimi, burada da kifayət qədər peşəkarlıq
tələb olunur:
"Radioda görüntü olmadığı
üçün aparıcı görüntünü sözlərlə
yaratmaq məcburiyyətindədir. Hətta qəzetlərdə
də müəyyən görüntü vermək olur. Amma
bu, radio jurnalistikasında mümkün deyil. Bütün
hallarda səhər tezdən radio verilişlərini dinləyəndə
kanalları bir-bir dəyişirəm və təəssüflər
olsun ki, bəzən söz yığınından başqa
heç nəyə rast gəlmirəm. İnsanlar elə
başa düşürlər ki, daha çox və
uzun-uzadı danışmaq, səmimiyyəti oynamaq
peşəkarlıq deməkdir. Bu aspektdən problemlər
çoxdur. Hesab edirəm ki, radio jurnalistikası heç vaxt
öz əhəmiyyətini itirməyəcək, əksinə,
radionun əhəmiyyəti hər zaman artacaq və klassik bir
media sahəsi kimi mövqeyini qoruyacaq. Amma bu sahəyə can atan jurnalistlərin
sayı çox olsa, daha yaxşıdır. Necə
ki, yazılı jurnalistikadan internet mediaya, yaxud televiziyalara
üz tutan peşəkar jurnalistlər özlərini daha
çox təsdiq etməyi bacarırlar. Çünki
onlar müəyyən formalaşma prosesi keçirlər.
Ona görə də radio jurnalistikası
televiziyaya keçid üçün böyük bir
tramplindir. Düşünürəm ki,
radio jurnalistikasından televiziyaya keçən insanların
daha çox uğur qazanmaq şansları olur. Çünki
onlar sözün əhəmiyyətini, dəyərini və
çəkisini bilirlər”.
Yeganə
Bayramova
Şərq.-
2018.-16 noyabr.- S.11.