Milli-mənəvi
dəyərlərin mediada təbliği
Bu missiya
üçün maddi
maraq mütləqdirmi?
Çağdaş dünyamızda aktual məsələlərdən biri
sürətlə gedən
qloballaşma prosesində
milli identikliyin saxlanılması, hər bir xalqın, etnosun özünəməxsusluğunu
şərtləndirən milli-mənəvi
dəyərlərini mühafizə
edərək gələcək
nəsillərə ötürə
bilməsidir. Qloballaşma dalğası özü
ilə elmi, texniki tərəqqinin ən son məhsullarını,
informasiya texnologiyalarını
gətirməklə yanaşı,
milli kimliyi, milli-mənəvi dəyərləri
təhdid edən ünsürləri daşıyır.
Xüsusilə, Azərbaycan kimi spesifik coğrafi ərazidə, mədəniyyətlərin
kəsişməsində yerləşən
bir ölkə üçün qloballaşma
şəraitində milli
kimliyin, mənəvi dəyərlərin qorunub
saxlanılması bir vəzifə kimi dövlət və cəmiyyət qarşısında
durur.
Son illərdə ölkəmizdə
milli-mənəvi dəyərlərin
qorunması, təbliği,
dünyaya təqdimatı
yönündə sistemli
tədbirlər həyata
keçirilir. Milli bayramların, tarixi
günlərin yüksək
səviyyədə qeyd
olunması, mədəni
irsimizin beynəlxalq təşkilatlarda tanıdılması
bu qəbildəndir.
Ayrıca, mənəvi dünyamızda
avanqard rola malik olan din sahəsində dövlət
siyasəti yeni keyfiyyət mərhələsinə
qədəm qoyub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işinin effektiv təşkili, bütün dini konfensiyaları öz ətrafında birləşdirə
bilməsi, Mənəvi
Dəyərlərin Təbliği
Fondunun yaradılması,
tarixi və fəaliyyətdə olan dini məbədlərin təmiri, yenidən qurulması, dini icmalara davamlı olaraq çeşidli yardımların edilməsi
və s. Komitə ölkəmizdə yaşayan
müxtəlif dini inanclara sahib vətəndaşlar
arasında tolerantlığın
gücləndirilməsi, milli-mənəvi
dəyərlərimizin qorunması
və inkişaf etdirilməsi, dindarlarda dövlətə inamın
və dövlətçiliyimizə
dəstəyin formalaşdırılması
yönündə fəaliyyəti
ilə toplumda rəğbət qazanıb.
Bütün bunlarla yanaşı, mənəvi dəyərlərin
qorunmasında, təbliğində
aparıcı missiya kütləvi informasiya vasitələrinin (KİV) üzərinə
düşür. Daha böyük arealı,
daha çox insanı əhatə edən bilən medianın bu gün Azərbaycan milli-mənəvi dəyərlərinin
təbliği yönündəki
fəaliyyəti hansı
səviyyədədir?
“Təbliğat pərakəndə şəkildə
aparılır”
Bu mövzuda həmsöhbətim
olan AMEA Mərkəzi
Elektron Kitabxanasının
direktoru, tibb üzrə fəlsəfə
doktoru Leyla İmanova bildirdi ki, bir neçə
media qurumunu çıxmaq
şərtilə, Azərbaycan
mediasında mənəvi
dəyərlərin təbliği
sistemli və ardıcıl formada deyil, pərakəndə şəkildə aparılır:
“Bu gün media qurumlarında
mənəvi dəyərlərin
təbliği məsuliyyəti
şəriklidir. Yəni media qurumları
ilə eyni dərəcədə elm, təhsil,
mədəniyyət və
dini qurumların üzərinə düşür.
Televiziyada, çap mediasında,
sosial şəbəkələrdə
mənəvi dəyərlərin
təbliği bir çox hallarda ziyalı qələm sahibləri tərəfindən
aparılır. Media qurumlarının, verilişlərin,
rubrikaların və qəzet-saytların adını
çəkmədən demək
olar ki, bu istiqamətdə niyyət güclü duyulur – bu müsbətdir.
Ancaq bu gün təbliğ
olunmalı o qədər
sahə və mövzu açılır
ki, dünya informasiya məkanından Azərbaycana böyük həcmdə informasiya axını olur və bu da
biçilməmiş zəmiyə
bənzəyir. Bu situasiyada, əlbəttə,
fərd olaraq jurnalistin, qələm sahibinin ümumi mənzərəni görməsi,
lazımi hədəfi
düzgün seçməsi
çətinləşir. Bu, məsələnin mənfi tərəfidir, narazılıq doğurmasa
da, narahatlıq yaradır. Narahatlıq
da oradan irəli gəlir ki, mediada səsləndirilmiş
ziddiyyətli fikirlər,
mübahisələr, münaqişələr
Azərbaycan mədəniyyəti
və tarixi barədə məlumatların
nizamsız şəkildə,
etibarlı mənbələrə
əsaslanmadan yayılmasına,
son nəticədə isə
Azərbaycanın informasiya
təhlükəsizliyinə zərbə vurur”.
“Milli yaddaş” modelinə söykənməliyik!”
Leyla xanım mövcud problemləri aradan qaldırmaq üçün
mənəvi dəyərlərin
təbliğinin sistemli
şəkildə, “Milli
yaddaş” modelinə söykənərək aparılmasının
tərəfdarıdır: “Bu modelə əsasən,
elmin müxtəlif sahələrini – tarix, dil, ədəbiyyat, folklor, memarlıq, incəsənət, cəmiyyətşünaslıq,
hüquq, fəlsəfə,
media, psixologiya, marketinq,
informasiya texnologiyaları,
tərcümə və
s. təmsil edən mütəxəssislər ekspert
mərkəzində birləşir.
Sahələr üzrə müstəqil
ekspert şuraları və bütün şuraların tabe olduğu vahid idarə heyəti və ya əlaqələndirmə
şurası yaradılır.
Şura tərəfindən “Milli yaddaş” (və ya “Milli yaddaşın
konseptual əsasları”)
adlı Azərbaycan tarixi və mədəniyyətinin əsas
prinsipial məqamlarını
əks etdirən, mübahisəli sualları
birmənalı cavablandıran
sənəd tərtib
olunur. Etibarlı
və kəsərli “Milli yaddaş: istinadlar, mənbələr”
əlavəsi ilə təmin edilir. Əlaqələndirmə şurasının
imzaladığı və
təsdiqlədiyi “Milli
yaddaş” sənədi
öz əlavəsi (istinadları) ilə birlikdə “Milli yaddaş” rəsmi dövlət portalında müxtəlif dillərə
tərcümə olunmuş
şəkildə açıq
istifadəyə verilir.
İlk növbədə dövlət
qurumlarına bazanın
elektron ünvanı bildirilir və istifadəsi mütləq şəkildə tövsiyə
olunur. Bazanın
strateji əhəmiyyətini
nəzərə alsaq,
ilk növbədə dövlət
müəssisələri, diplomatik
nümayəndəliklər, diaspor təmsilçiləri,
xaricdə fəaliyyət
göstərən Azərbaycan
mədəniyyət mərkəzləri,
Azərbaycan tarixinə
və mədəniyyətinə
dair ictimai açıqlama, intervü
verən məmurlar, müzakirə və mübahisə edən istənilən rəsmi və ya mülki
şəxslər, turizm
sahəsinin mütəxəssisləri,
televiziya, radio, qəzet
redaktorları, jurnalistlər,
sosial şəbəkə
administratorları istifadə
edir. “Milli
yaddaş” sənədi
etibar və təsir qüvvəsinə
görə “ana sənəd”ə çevrilir
və müəssisələrdə
işçi heyətə,
ictimaiyyətlə əlaqələr
üzrə mütəxəssislərə
verilən təlimatlarda,
dərsliklərdə istifadə
olunur. Sənəd “Biz kimik, haradanıq,
köklərimiz nədir?”,
“Yaşımız və
ərazimiz nədir?”,
“Əlifbamız, dinimiz,
dilimiz, mədəniyyətimiz
nədir?”, “İnkişaf
istiqamətimiz və məqsədimiz nədir?”,
“Bizim üçün
hansı vətəndaş
və insani keyfiyyətlər əhəmiyyət
kəsb edir?”, “Dəyərlərimiz nədir?”
suallarını cavablandırır,
mövcud və formalaşdırılması arzu
edilən vacib prinsipləri əks etdirir. “Milli
yaddaşın konseptual
əsasları”nın tezislərinin
istifadə olunması
vətəndaş borcu
və vəzifə öhdəliyi kimi qəbul edilir, icrası nəzarətdə
saxlanılır, təhrif
olunduqda cəza tədbirləri görülür”.
“Bu iş media üçün tarixi və müqəddəs missiyadır”
Azərbaycan Televiziyasında müəllifi
olduğu “Turan” proqramı ilə milli kimliyimizi, mill-mənəvi dəyərlərimizi
təbliğ edən Zərnişan Turan hazırda teleməkanda bu səpkili verilişlərin çox
az olmasından
gileyləndi. Müasir
dövrdə xüsusilə
gənc nəslin dünyadan gələn ən müxtəlif yönlü çağırışlara
həssas olduğunu dilə gətirən Zərnişan xanım, medianın üzərinə
düşən işin
tarixi və müqəddəs missiya olduğunu vurğuladı:
“Hər bir jurnalist mənsub olduğu xalqın, vətəndaşı olduğu
ölkənin mənəvi
dəyərlərinin qorunmasında
və təbliğində
üzərinə düşən
rolu dərk etməli və günlük fəaliyyətində
bu xətti nəzərə almalıdır”.
Müsabiqələr, dövlət maliyyəsi…
Bəs, təmənnasız xidmət?
Hazırda Dini Komitə, Mənəvi Dəyərlərin
Təbliği Fondu ilə yanaşı, Azərbaycan Respublikasının
Prezidenti yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondu (KİVDF) da milli mənəvi dəyərlərin təbliği
yönündə bir sıra layihələr, müsabiqələr keçirir.
Fondun Müşahidə Şurasının
üzvü Ramiz Əskərin sözlərinə
görə, KİVDF ildə
bir neçə dəfə müxtəlif
təşkilatlarla birlikdə
müştərək müsabiqələr
elan edir: “Öz hesabına isə ildə üç dəfə – Novruz bayramı, Milli Mətbuat Günü və Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
ilə bağlı müsabiqə keçirir.
Bu müsabiqələrdə
hər zaman 15 istiqamət üzrə mövzular elan edilir ki, onlardan
biri xüsusi olaraq milli mənəvi
dəyərlərin müdafiəsi
ilə bağlıdır.
İldə 3 dəfə müsabiqə
keçirilsə də,
jurnalistlər tərəfindən
bu mövzu ilə bağlı yüzlərlə məqalə
hazırlanır”.
Göründüyü kimi, ölkə mediasında milli-mənəvi
dəyərlərin təbliği
daha çox dövlətin donor qurumlarının
sifarişi, xüsusi müsabiqələr əsasında
həyata keçirilir. Mütləq, ortada maddi maraq
olur. Daha çox kommersiya
maraqlarına köklənmiş
mediada isə mənəvi dəyərlərin
təbliği, bu yöndə maarifləndirmə
aşağı səviyyədədir.
Halbuki, özünü
dahi Həsən bəy Zərdabi ideyalarının davamçısı
sayan bugünkü Azərbaycan mediasında milli, mənəvi mövzular heç bir təmənna, heç bir maddi qarşılıq güdmədən prioritet
kimi işlənməlidir.
Nəzərə almalıyıq ki, xalqımızın mədəni,
mənəvi dəyərləri
hamımıza aiddir. Bizi biz edən bu dəyərlərin
sıradan çıxmasının
nəticələrini sabah qonşuluqda deyil, öz evimizdə hiss edəcəyik.
Rumiyyə
MİRASLAN
Yazı Azərbaycan
Respublikasının Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin
tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun “Media və mənəvi
dəyərlər” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
Şərq.- 2018.- 17 noyabr.- S. 12.