Hamı televiziyaya qaçır

Amma gənclər bilmirlər ki, radio jurnalistikasının olduqca böyük üstünlükləri var

Bu sahədə formalaşan şəxslər sonradan geniş publikaya, televiziyada canlı yayıma çıxanda daha böyük nailiyyətlər əldə edirlər

(...əvvəli ötən sayımızda)

Jurnalistikanın əsas qollarından biri radio jurnalistikasıdır. Uzun illərdir ki, radionu bir çox məziyyətləri ilə yanaşı, həm də şifahi nitq daşıyıcısı kimi ana dilimizin gözəlliyini, incəliyini, ədəbi normalarını təbliğ edən vasitə kimi tanıyıb qəbul etmişik. Bu gün televiziya ilə yanaşı, radio da mürəkkəb proseslərin getdiyi müasir ədəbi dilin, onun normalarının daşıyıcısı və milyonlar üçün nümunəvi nitq mədəniyyəti tribunasıdır. Radio jurnalistikası həm məzmun, həm də texnoloji baxımdan dəyişir, yenilənir. Dinləyici auditoriyasını cəlb etmək üçün yeni-yeni formalar axtarışında olur, həm də bu formalarla məzmun arasındakı qarşılıqlı əlaqələri təmin etməyə çalışırlar.

Bu axtarışların səmərəli olması üçün radio jurnalistikası sahəsində müəyyən baza biliklərinin olması çox vacibdir.Məlumdur ki, radio hər evi, kəndi, şəhəri və ya bütün ölkəni əhatə edir. Universal ünsiyyət vasitəsi olan radio ötən illərdəki qüdrətini itirsə də, media vasitəsi kimi bir neçə saniyəyə böyük qitələri qısa dalğalar vasitəsilə birləşdirir, insanları müxtəlif məlumatlarla təmin edir. Çağdaş radio-jurnalistikanı internetdən ayrı təsəvvür etmək mümkün deyil, çünki internetin yaranması ilə radio yeni və hüdudsuz bir arena, həm də əlavə texnoloji imkanlar qazanıb. Hazırda radio yayım daha keyfiyyətli səs almağa imkan verən geniş mərkəzi rəqəmsal serverlərdən aparılır. İndi internet sayəsində minlərlə radiostansiya geniş auditoriya dilimlərinə xidmət etməkdədir. Bu gün universitet tələbələrinin radiostansiya yaratması, internet radioya sahib olmaları, öz verilişləri ilə efirə çıxmaları nisbətən əlverişli və ucuz başa gəlir. Digər tərəfdən, sosial media da radioya, bu sahədə çalışan jurnalistlərə öz diktəsini edir.

Ümumiyyətlə, radioda mühit texniki cəhətdən çox əlverişlidir və proqramların canlı yayımda nümayişi üçün ideal şəraitə malikdir. Məsələn, ən son xəbərlər informasiya agentliklərindən, yerli və xarici müxbirlərdən gəlir, dinləyici telefonla danışır, interaktivlik auditoriyanı əldə saxlamağa imkan verir, yerli stadiondan son idman xəbərləri çatdırılır, böyük saraylardakı konserti dinləmək imkanı var – radio bütün gün ərzində bilavasitə insanlarla canlı ünsiyyət qurur: onları məlumatlandırır, maarifləndirir, zövqlərini oxşayır, problemlərini dilə gətirir, dərdlərinə şərik olur.

Buna baxmayaraq bu gün radioda çalışmağa meyil edən jurnalistlərin sayı azdır. Bunun da bir çox səbəbləri var. Əksər jurnalistlər televiziyada işləməklə daha çox üzdə olmaq və tanınmaq istəyirlər. Görünür, radio jurnalistikasına marağın az olmasının bir səbəbi də məhz budur: Radioda daha az tanınmaq və şöhrətpərəstlikdən uzaq olmaq. Bu, həqiqətən də radio junalistikasına marağın azalmasına səbəb ola bilərmi? Görəsən, ekspertlər nə düşünürlər?

"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, radio jurnalistikasına marağın azalma səbəblərindən biri, bu sahənin şöhrətpərəstlikdən uzaq olmasıdır:

"Hesab edirəm ki, müasir gənclik bəzi hallarda populyarlaşmağa daha çox meyilli olur. Ümumiyyətlə, radio jurnalistikası peşəkarlığın ən yaxşı formasıdır. Kadr arxasında olub tamaşaçının diqqətini özünə cəlb etmək müəyyən mənada qabiliyyət, yaradıcılıq və kifayət qədər peşəkarlıq tələb edir. Bu baxımdan düşünürəm ki, Azərbaycan Dövlət Radiosu həm vətənpərvərlik, həm də ölkə gündəmində olan mövzulara kifayət qədər yer ayırır. Bütün hallarda vətənpərvərlik və digər mövzulardan bəhs edən radio verilişlərinin dinləyicilərindən biriyəm.

Sovet dönəmində də elə verilişlər var idi ki, biz onları böyük həvəslə və həsrətlə gözləyirdik. Eyni zamanda həmin veriliş aparıcılarının üzünü görmədən səsinin vurğunu olurduq. Radioda çalışmaq birmənalı olaraq məharətli səs və nitq tələb edir. Radio aparıcısının müəyyən mənada cəlbedici səsi olmalıdır. Bu, vacib şərtlərdən biridir”.V.Rəhimzadə həmçinin bildirib ki, şöhrətpərəstliyə və populyarlığa meyillilik bəzi məqamlarda gənclərin televiziyaya daha çox üstünlük verməsinə səbəb olur: "Aydın məsələdir ki, radio jurnalistikasının öz perspektivi, ruhu, yanaşması və xüsusi tərzi var. Bu sahədə çalışmaq üçün isə müəyyən mənada peşəkarlığın və cazibədar səsin olması vacib şərtlərdən biridir. Radioda çalışan şəxslər kadrarxası öz fikirlərini səsləndirirlər, amma tanınmaq üçün televiziyada çalışmağa meyilli olurlar. Buna baxmayaraq televiziya müxbirləri də əksər hallarda görsənmirlər və kadr arxasında olurlar. Məsələn, hansısa verilişin mətnini, müəyyən müsahibələri hazırlamaq üçün jurnalistlər bəzən kadr arxasında işləyirlər”.

"Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə radio jurnalistikasına meylin azaldığını düşünmür:

"Ola bilər ki, televiziyalarda jurnalist işləmək istəyənlərin sayı ilə radioda çalışmaq istəyənlərin sayı arasında fərq olsun. Bu da təbii haldır. Əlbəttə, indi jurnalistikaya əsasən gənclər meyil edir və seçimi gənc yaşlarında edirlər. Gənclərin də aparıcı xüsusiyyətlərindən biri həmişə ictimaiyyətin diqqət mərkəzində olmaq, publika tərəfindən görünmək, tanınmaq, cəmiyyətin rəğbətini qazanmaqdır. Bütün bunlar gənc nəsil üçün olduqca maraqlı və vacibdir. Bu nöqteyi-nəzərdən televiziya jurnalistikasına meylin üstün olması təbii haldır”.

A.Quliyev bildirib ki, televiziyada çalışmağa maraq çox olsa da, radio jurnalistikasının olduqca böyük üstünlükləri var: "Xüsusilə də radio jurnalisti kimi formalaşmaq, televiziya jurnalisti kimi formalaşmaqdan daha çətindir.

Ona görə ki, televiziyada çalışan jurnalistlər özlərini çəkiliş anında görə bilirlər və özlərinə kənardan baxa, müşahidələr apara bilirlər. Amma radio jurnalistinin bu cəhətdən imkanı müsbət mənada desək, məhduddur. Çünki bu məhdudluq onların daha peşəkar formalaşmasına təsir göstərə bilər. Radio jurnalisti səhvinə xəyalən nəzarət etməyə məhkumdur. Radio jurnalistikasında formalaşan şəxslər sonradan geniş publikaya, televiziyada canlı yayıma çıxanda daha böyük nailiyyətlər əldə edirlər. Hər zaman səsi ilə tamaşaçıları valeh edən məşhur radio jurnalistlərimiz olub. Bu gün də belə jurnalistlərimiz var. Məhz səsi ilə publikanı fəth edən radio jurnalistlərimiz saysız qədərdir. Ona görə də jurnalistikanın hər bir sahəsinin özünəməxsus gözəlliyi var”.Tanınmış jurnalist Naibə Qurbanova bildirib ki, radio kütləvi informasiya vasitələri arasında çalışmaq üçün ən qəliz mexanizmi olan sahədir: "Görüntü yox, yazı yox, odur ki, bütün deyəcəklərini, hiss və həyəcanlarını ancaq səslə çatdırmalısan. Əslində çox mürəkkəbdir, yəni radiojurnalist o qədər peşəkar olmalıdır ki, səsi ilə maraq yarada bilsin. Düzdür, televiziyanın vizuallığı radioya marağı azaltsa da, amma son illər yenidən bu sahədə dirçəliş hiss olunur. Yeni radiodalğaların açılması, fərqli mövzular, rəqabət bu sahəni inkişaf etdirib. Amma ağıllı mətnlərə, intellektual söhbətlərə çox az hallarda rast gəlinir. Sanki bir radiosöhbət aclığı var. Məntiqli, intellektual söhbət üçün hamı acdır. Efiri doldurmaq sözçülük yox, məlumatlılıq hesabına olmalıdır. Bunun üçün də məlumatlı, zəngin söz ehtiyatı olan radio-jurnalistlər yetişməlidir. Hamı televiziyaya ona görə üz tutur ki, orada vizuallıq var və daha tez məşhurlaşmaq olur”."Report" informasiya agentliyinin əməkdaşı İlkin Pirəlinin fikrincə, radioda görüntü olmadığı üçün bu sahəyə maraq olmur:

 

"İkinci bir məsələ ondan ibarətdir ki, radio üçün səs düşərli olmalıdır. Hər kəs radioda işləyə bilməz ki? Bu, kifayət qədər məsuliyyətli sahədir. Görüntü olmadan hadisəni canlandırmalısan. Düşünürəm, məsuliyyət məsələsinə görə maraq göstərmirlər. Yəni bu qədər əmək televiziyaya sərf edilərsə, jurnalistin həm də populyar olmaq imkanları olur. Amma radioda belə deyil”.

"Modern.az” saytının əməkdaşı Gülşən Raufqızının sözlərinə görə, "radiojurnalistikaya meyil azdır” fikirləri mübahisəlidir:

 

"Radioda aparıcı olmaq üçün müəyyən kriteriyalara cavab verməlisən: diksiyan, nitqin, səs tonun efirə uyğun olmalıdır. Ümumiyyətlə, jurnalist üçün qəzetdən tutmuş ən müasir internet resurslarınadək bütün informasiya vasitələrində fikrin sərbəst çatdırılması ən əsas meyardır.

Qəzet və internet medianın əsas göstəricisi indiki zamanla uyğunlaşdırsaq, qələm-klaviaturadır. Radioda isə aparıcının dinləyici cəlb etmək üçün əsas vasitəsi səsidir. Bu meyarlara sahib deyilsənsə, qəzet, internet mediada bunu ört-basdır etmək mümkündür.

Amma heç bir radio səs tonu uyğun olmayan birinə efir verməz. Ona görə də mən deməzdim ki, radioya meyil azdır. Şəxsən mənim uşaqlıqdan arzum olub qısamüddətli də olsa radio, daha sonra televiziya aparıcısı olmaq. Amma efir böyük məsuliyyətdir. Təbii ki, aparıcılıq dedikdə, bəziləri kimi çıxıb efirdə loru dialoqlar qurmağı, məişət söhbətləri etməyi nəzərdə tutmuram. Bəzən aparıcı efirdə xəbər oxuyur, amma oxuduğunun fərqində deyil, söhbətin nədən getdiyini bilmir, xəbəri duymur. Çünki xəbəri özü hazırlamır, xəbərin içində deyil. Bunlar mənim sadəcə dinləyici olaraq gəldiyim qənaətdir. Təbii ki, radio ilə bağlı əsas nöqsanları, meylin olub-olmadığını bu sahədə çalışan peşəkarlar, mütəxəssislər deyə bilər.Şöhrətpərəstliyə, tanınmağa gəldikdə isə bu, indiki internet resurslarının verdiyi imkanlar şəraitində olduqca asandır. Hətta jurnalist olmayan biri belə, çox asanlıqla məşhurlaşa bilir. Ona görə də "radio daha az şöhrət gətirir deyə, bu sahəyə meyil azdır” fikirlərinə qatılmıram”.

 

(Davamı var...)

 

Yeganə Bayramova

Şərq.- 15 noyabr.- S.13.