Media
aktiv olmalıdır
Jurnalistlərimiz Rusiyadan olan həmkarları ilə
informasiya mübadiləsi aparmalıdırlar
Unutmayaq ki, Dağlıq Qarabağ problemimiz var
və Rusiya münaqişənin həllində vasitəçi
ölkədir. Şimal qonşumuzda münaqişənin həlli
ilə bağlı milli maraqlarımıza uyğun
informasiyaların yayılması vacibdir
(Əvvəli ötən sayımızda)
Bakıda Mətbuat Şurası ilə Rusiya
Jurnalistlər İttifaqı arasında əməkdaşlıq
haqqında Memorandum imzalandı. Sənədə Rusiya
Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov və
MŞ sədri, millət vəkili Əflatun Amaşov imza
atıb. Bu münasibətlə Mətbuat Şurasında
keçirilmiş mərasimdə çıxış edən
Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət
istiqamətlərindən söz açıb. MŞ sədri
həmçinin Azərbaycanda söz və ifadə
azadlığı sahəsindəki vəziyyətin xarakterik
xüsusiyyətlərinə diqqət çəkib. Ə.Amaşov
qurumun beynəlxalq əlaqələri barədə də məlumat
verib və bildirib ki, Rusiyadan Azərbaycana, Azərbaycandan isə
Rusiyaya jurnalist səfərləri gerçəkləşməkdədir.
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər
İttifaqı arasındakı əməkdaşlıq
Memorandumu bu prosesin daha təkmil formada
reallaşdırılmasını təmin edəcək,
faydalı nəticələr verəcək: "Mətbuat
Şurası və Rusiya Jurnalistlər İttifaqı
arasında imzalanan Memorandum iki ölkə jurnalistləri
arasında əlaqələri daha da inkişaf etdirəcək.
Bu vaxta qədər də iki ölkə arasında jurnalistika
sahəsində əlaqələr mövcud idi.
İmzalanmış memorandumun da əlaqələrimizin
möhkəmləndirilməsinə töhfəsini verəcəyinə
inanırıq. Qeyd etmək istərdim ki, hər iki ölkə
jurnalistlərinin qarşılıqlı səfərləri
planlaşdırılır. Mayda Azərbaycan jurnalistləri
Rusiyaya səfər edəcəklər”.
Rusiya Jurnalistlər İttifaqının sədri
V.Solovyov da əməkdaşlıq Memorandumunun iki ölkənin
media qurumları, eləcə də jurnalistləri
arasındakı təmasın daha sistemli şəkildə
qurulması üçün etibarlı baza rolunu oynayacağına
əminliyini vurğulayıb. Bildirib ki, Rusiya Jurnalistlər
İttifaqı Avropanın ən böyük jurnalist təşkilatlarındandır.
Tərkibində 100 min nəfəri birləşdirən
ittifaqda 82 regional təşkilat, 40 yaradıcılıq
birliyi, assosiasiyası təmsil olunur. Görüşdə
həm Mətbuat Şurasının, həm də Rusiya
Jurnalistlər İttifaqının jurnalist
hüquqlarının qorunması, onların təhlükəsizliklərinin
təmin olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi,
eləcə də jurnalistika sahəsində gerçəkləşdirdikləri
müxtəlif fəaliyyət növlərinin oxşar və
fərqli cəhətləri müzakirə edilib. Məlumat üçün deyək ki, Mətbuat
Şurası ilə Rusiya Jurnalistlər İttifaqı
arasında imzalanmış əməkdaşlıq
Memorandumunda jurnalistlərin və KİV nümayəndə
heyətlərinin biri-birinin fəaliyyəti ilə
tanış olmaları üçün
qarşılıqlı səfərlərin təşkili, təcrübə
mübadiləsi, birgə layihə və proqramların həyata keçirilməsinə dəstək
göstərilməsi, jurnalistikaya dair təlim vasitələrinin
hazırlanmasında və nəşrində birgə
iştirak, tərəflərin iştirakı ilə
konfranslar, treninqlər, müsabiqə və seminarlar təşkil
etmək, qarşılıqlı maraq doğuran məsələlərdə
informasiya mübadiləsi aparmaq və sair məqamlar nəzərdə
tutulub.Bir məqamı da qeyd edək ki, Rusiyanın Jurnalistlər
İttifaqının sədri Vladimir Solovyovu Azərbaycan
Prezidenti İlham Əliyev də qəbul edib. Dövlət
başçısı Azərbaycan ilə Rusiya arasında digər
sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri
nümayəndələrinin arasında da əlaqələrin
fəallaşdırılmasının vacibliyini
vurğulayıb. Prezident bildirib ki, Azərbaycan
və Rusiya KİV nümayəndələrinin mütəmadi
qarşılıqlı səfərləri ictimaiyyətin
ölkələrimizdə baş verən proseslər barədə
daha çox məlumatlı olması işinə kömək
edə bilər.Rusiya-Azərbaycan mediası arasındakı əlaqəni
"Şərq”ə dəyərləndirən Demokratik
Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli
deyib ki, Mətbuat Şurası ilə digər ölkələrin
jurnalist təşkilatları arasında müqavilələr
imzalanması çox mütərəqqi haldır. Xüsusən,
qonşu ölkələrlə, Türkiyə, İran və
Rusiya kimi dövlətlərlə bu istiqamətdə imzalanan
sənədlər mühümdür:
"Ancaq əsas
məsələ memorandum imzalandıqdan sonra görüləcək
işlərdir. Sözün açığı, indiki vəziyyət
bizi qane etmir. Müqavilədən sonra işlər nizamlı
və peşəkarlıqla görülməlidir. Belə
memorandumlar imkan verir ki, tərəfləri təmsil edən
jurnalistlər, media qurumları bir-biri ilə birbaşa əlaqə
yaratsınlar, informasiyanı ilk mənbədən alsınlar.
Hər qonşu ölkədə medianın durumu fərqlidir.
Bizim jurnalistlərimiz bu fərqlilikdən
yararlanmalıdır. Ən əsası isə öz həmkarlarından
dolayı yolla deyil, birbaşa məlumat almalıdırlar.
Çox zaman informasiyanı digər qurum üzərindən
alırıq. Məncə bu, doğru deyil, çünki bəzən
ciddi problemlərə səbəb olur. O baxımdan müxtəlif
media mühitləri, ələlxüsus qonşu dövlətlərin
media məkanı ilə birbaşa əlaqə çox önəmlidir.
Unutmayaq ki, Dağlıq Qarabağ problemimiz var və Rusiya
münaqişənin həllində vasitəçi ölkədir.
Şimal qonşumuzda münaqişənin həlli ilə
bağlı milli maraqlarımıza uyğun informasiyaların
yayılması vacibdir. Bu baxımdan memorandum
qarşımızda böyük perspektivlər açır”."Yeni
Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də
"Şərq”ə deyib ki, Rusiya və Azərbaycan tarixi
qonşulardır. Rusiya regionda böyük
gücdür və proseslər göstərir ki, bu ölkə
ilə bütün sahələrdə əməkdaşlıqları
gücləndirmək zəruridir: "Ötənlərdə
analitik-təhlili yazılarımda Rusiya ilə daha sıx
işləməyin vacibliyi barədə yazmışdım.
Təbii ki, Rusiya mediası ilə əməkdaşlıq daha
mühümdür. Çünki informasiya mübarizəsi
hazırda dünyanın əsas prioritetidir və media ən
güclü silahdır. Nəzərə alsaq ki, Rusiya
mediası kifayət qədər güclü və
nüfuzludur, onlara çıxış imkanlarını
artırmaq olduqca mühümdür. Sizə bir fakt deyim.
Bildiyiniz kimi, QHT sektorunun təmsilçisiyəm. QHT Şurasının dəstəyi ilə
avqust-noyabr ayları ərzində "Göyçə, Zəngəzur,
İrəvan – Azərbaycanın tarixi torpaqları və mədəni
irsimiz” – mətbuatda və sosial şəbəkələrdə
böyük təbliğat kampaniyası” adlı uğurlu bir
layihə icra etmişəm. Bu məsələyə Cənab
Prezident İlham Əliyev də YAP-ın son qurultayında
çıxışı zamanı xüsusi diqqət
ayırdı. Prezident "bu tarixi torpaqlar unudulmamalıdır
və biz bu torpaqları unutmuruq” dedi: "Bu da gələcək
fəaliyyətimiz üçün istiqamət
olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə
iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan
xanlığıdır, Zəngəzur, Göyçə
mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir.
Mən şadam ki, bu məsələ ilə bağlı –
bizim əzəli torpaqlarımızın tarixi ilə
bağlı indi sanballı elmi əsərlər
yaradılır, filmlər çəkilir, sərgilər təşkil
olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal
olmalıyıq və dünyanın müxtəlif yerlərində
sərgilər, təqdimatlar keçirilməlidir”. Bu
çağırışdan sonra qeyd etdiyim layihəni QHT
Şurasının dəstəyi ilə icra etdik. Prosesin
gedişində heyrətamiz bir mənzərə üzə
çıxdı. Biz çalışdıq ki, tarixi
torpaqlarımızla bağlı topladığımız
faktları, məlumatları Rusiya medialarında da çap
etdirək. Lakin müraciət etdiyimiz Rusiya KİV-ləri
bunda maraqlı olmadılar. Çünki diaspor təşkilatlarımız
ötən illər ərzində Rusiya mediası ilə əməkdaşlıq
qurmayıblar. Yeri gəlmişkən qeyd edim ki,
bu çatışmazlıqları aradan qaldırmaq
üçün Diaspor Komitəsinin sədri Fuad Muradov bu posta
təyin olunduğu gündən var gücü ilə
çalışır. İnanıram ki, yaxın illərdə
bu, öz nəticəsini göstərəcək.
Mühüm olan odur ki, Azərbaycanın media təmsilçiləri
və qurumları Rusiya mediası ilə sıx işləməli,
əməkdaşlıq etməlidir. Bu, yalnız xeyrimizədir”.Sosial
Media Mərkəzinin direktoru Azər Niftiyev də "Şərq”ə
bildirib ki, Azərbaycanla Rusiya arasında tarixi qonşuluq
münasibətləri var: "Biz müxtəlif dönəmlərdə
Rusiya ilə bir dövlətdə təmsil olunmuşuq.
Hazırda münasibətlərimiz yüksək səviyyədədir.
Hər iki dövlət başçısı arasında səmimi
dostluq münasibətləri var. Digər yandan Rusiya ən
çox azərbaycanlının yaşadığı ölkədir.
Qeyri-rəsmi məlumatlara görə, milyondan artıq
soydaşımız Rusiyada yaşayır. Azərbaycanın ən
güclü diaspor təşkilatları da məhz Rusiyada fəaliyyət
göstərir. Dünya Azərbaycanlıları Konqresi,
"AMOR” və digər qurumlar buna misal göstərilə bilər.
Hesab edirəm ki, Mətbuat Şurası ilə Rusiya Jurnalistlər
İttifaqı arasında əməkdaşlıq vacibdir. Bu əməkdaşlıq
imkan verəcək ki, həm diaspor təşkilatlarının
fəaliyyətində canlanma yaranasın, həm də ölkəmizə
qarşı erməni lobbisi tərəfindən aparılan
qara piar kampaniyasına tutarlı cavab verə biləcəyik”.
"Azxəbər.com”
saytının baş redaktoru Əfsələddin Ağalarov
da vurğulayıb ki, Rusiya Azərbaycan üçün təkcə
qonşu bir dövlət deyil, eyni zamanda yaxın tərəfdaş,
həm də böyük ictimai-siyasi auditoriyanı
özündə birləşdirən mühüm məkandır:
"Rusiya bizim üçün hər zaman açar rolunu
oynayıb. Təkcə siyasət və iqtisadiyyatda deyil, həmçinin,
ictimai məsələlərdə də bizə geniş
çıxış imkanı verib. Ona görə də hər
iki ölkə arasında media əlaqələrinin tənzimlənməsi
və bu istiqamətdə işlərin başlanması
mühümdür. Ümid edirik, proses uğurla nəticələnəcək.
Düzdür, Rusiyada erməni media aparatlarının təbliğat
maşını nisbətən güclüdür. Məsələ
ondadır ki, Rusiyada biznesmen kimi fəaliyyət göstərən
ermənilərin özlərinə məxsus media orqanları
var, ya da hansısa qurumu maliyyələşdirirlər. Məhz
bu sayədə erməni lobbiçiliyini inkişaf etdirir, rus
saytlarında öz maraqlarına uyğun materiallar dərc
edirlər. Təbii ki, aparılan işin böyük
miqyası Azərbaycana qarşı qarayaxma kampaniyasından
ibarət olur. O baxımdan Rusiya-Azərbaycan arasında media əməkdaşlığı
daha sürətli və genişmiqyaslı olmalıdır. Bu
gün Rusiyada çalışan çoxlu sayda Azərbaycan
jurnalistləri var. Əksəriyyəti nüfuzlu televiziya və
qəzetlərdə çalışır. Koordinasiyalı
şəkildə onlarla mütəmadi görüşlər
keçirilməli, ümumi fəaliyyətə cəlb edilməlidirlər”.
İsmayıl
Şərq.-
2018.- 28 noyabr.- S.11.