MEDİA AKTİV OLMALIDIR
Jurnalistlərimiz Rusiyadan olan həmkarları ilə
informasiya mübadiləsi aparmalıdırlar
Unutmayaq ki, Dağlıq Qarabağ problemimiz var
və Rusiya münaqişənin həllində vasitəçi
ölkədir. Şimal qonşumuzda münaqişənin həlli
ilə bağlı milli maraqlarımıza uyğun
informasiyaların yayılması vacibdir
(Əvvəli ötən sayımızda)
Bakıda Mətbuat Şurası ilə Rusiya
Jurnalistlər İttifaqı arasında əməkdaşlıq
haqqında Memorandum imzalandı. Sənədə Rusiya
Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov və
MŞ sədri, millət vəkili Əflatun Amaşov imza
atıb. Bu münasibətlə Mətbuat Şurasında keçirilmiş
mərasimdə çıxış edən Ə.Amaşov rəhbərlik
etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz
açıb. MŞ sədri həmçinin Azərbaycanda
söz və ifadə azadlığı sahəsindəki vəziyyətin
xarakterik xüsusiyyətlərinə diqqət çəkib.
Ə.Amaşov qurumun beynəlxalq əlaqələri barədə
də məlumat verib və bildirib ki, Rusiyadan Azərbaycana, Azərbaycandan
isə Rusiyaya jurnalist səfərləri gerçəkləşməkdədir.
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər
İttifaqı arasındakı əməkdaşlıq
Memorandumu bu prosesin daha təkmil formada reallaşdırılmasını
təmin edəcək, faydalı nəticələr verəcək:
"Mətbuat Şurası və Rusiya Jurnalistlər
İttifaqı arasında imzalanan Memorandum iki ölkə
jurnalistləri arasında əlaqələri daha da inkişaf
etdirəcək. Bu vaxta qədər də iki ölkə
arasında jurnalistika sahəsində əlaqələr
mövcud idi. İmzalanmış memorandumun da əlaqələrimizin
möhkəmləndirilməsinə töhfəsini verəcəyinə
inanırıq. Qeyd etmək istərdim ki, hər iki ölkə
jurnalistlərinin qarşılıqlı səfərləri
planlaşdırılır. Mayda Azərbaycan jurnalistləri
Rusiyaya səfər edəcəklər”.
Rusiya Jurnalistlər İttifaqının sədri
V.Solovyov da əməkdaşlıq Memorandumunun iki ölkənin
media qurumları, eləcə də jurnalistləri
arasındakı təmasın daha sistemli şəkildə
qurulması üçün etibarlı baza rolunu
oynayacağına əminliyini vurğulayıb. Bildirib ki,
Rusiya Jurnalistlər İttifaqı Avropanın ən
böyük jurnalist təşkilatlarındandır. Tərkibində
100 min nəfəri birləşdirən ittifaqda 82 regional təşkilat,
40 yaradıcılıq birliyi, assosiasiyası təmsil olunur. Görüşdə həm Mətbuat
Şurasının, həm də Rusiya Jurnalistlər
İttifaqının jurnalist hüquqlarının
qorunması, onların təhlükəsizliklərinin təmin
olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi,
eləcə də jurnalistika sahəsində gerçəkləşdirdikləri
müxtəlif fəaliyyət növlərinin oxşar və
fərqli cəhətləri müzakirə edilib. Məlumat üçün deyək ki, Mətbuat
Şurası ilə Rusiya Jurnalistlər İttifaqı
arasında imzalanmış əməkdaşlıq
Memorandumunda jurnalistlərin və KİV nümayəndə
heyətlərinin biri-birinin fəaliyyəti ilə
tanış olmaları üçün
qarşılıqlı səfərlərin təşkili, təcrübə
mübadiləsi, birgə layihə və proqramların həyata keçirilməsinə dəstək
göstərilməsi, jurnalistikaya dair təlim vasitələrinin
hazırlanmasında və nəşrində birgə
iştirak, tərəflərin iştirakı ilə
konfranslar, treninqlər, müsabiqə və seminarlar təşkil
etmək, qarşılıqlı maraq doğuran məsələlərdə
informasiya mübadiləsi aparmaq və sair məqamlar nəzərdə
tutulub.
Bir məqamı da qeyd edək ki, Rusiyanın
Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovu Azərbaycan
Prezidenti İlham Əliyev də qəbul edib. Dövlət başçısı
Azərbaycan ilə Rusiya arasında digər sahələrdə
olduğu kimi, kütləvi informasiya vasitələri nümayəndələrinin
arasında da əlaqələrin fəallaşdırılmasının
vacibliyini vurğulayıb. Prezident bildirib ki, Azərbaycan və
Rusiya KİV nümayəndələrinin mütəmadi
qarşılıqlı səfərləri ictimaiyyətin
ölkələrimizdə baş verən proseslər barədə
daha çox məlumatlı olması işinə kömək
edə bilər.
Rusiya-Azərbaycan mediası
arasındakı əlaqəni "Şərq”ə dəyərləndirən
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli
deyib ki, Mətbuat Şurası ilə digər ölkələrin
jurnalist təşkilatları arasında müqavilələr
imzalanması çox mütərəqqi haldır.
Xüsusən, qonşu ölkələrlə, Türkiyə,
İran və Rusiya kimi dövlətlərlə bu istiqamətdə
imzalanan sənədlər mühümdür:
"Ancaq əsas
məsələ memorandum imzalandıqdan sonra görüləcək
işlərdir. Sözün açığı, indiki vəziyyət
bizi qane etmir. Müqavilədən sonra işlər nizamlı
və peşəkarlıqla görülməlidir. Belə
memorandumlar imkan verir ki, tərəfləri təmsil edən
jurnalistlər, media qurumları bir-biri ilə birbaşa əlaqə
yaratsınlar, informasiyanı ilk mənbədən alsınlar.
Hər qonşu ölkədə medianın durumu fərqlidir.
Bizim jurnalistlərimiz bu fərqlilikdən
yararlanmalıdır. Ən əsası isə öz həmkarlarından
dolayı yolla deyil, birbaşa məlumat almalıdırlar.
Çox zaman informasiyanı digər qurum üzərindən
alırıq. Məncə bu, doğru deyil, çünki bəzən
ciddi problemlərə səbəb olur. O baxımdan müxtəlif
media mühitləri, ələlxüsus qonşu dövlətlərin
media məkanı ilə birbaşa əlaqə çox önəmlidir.
Unutmayaq ki, Dağlıq Qarabağ problemimiz var və Rusiya
münaqişənin həllində vasitəçi ölkədir.
Şimal qonşumuzda münaqişənin həlli ilə
bağlı milli maraqlarımıza uyğun informasiyaların
yayılması vacibdir. Bu baxımdan memorandum
qarşımızda böyük perspektivlər açır”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad
Məmmədli də "Şərq”ə deyib ki, Rusiya və
Azərbaycan tarixi qonşulardır. Rusiya regionda böyük
gücdür və proseslər göstərir ki, bu ölkə
ilə bütün sahələrdə əməkdaşlıqları
gücləndirmək zəruridir:
"Ötənlərdə
analitik-təhlili yazılarımda Rusiya ilə daha sıx
işləməyin vacibliyi barədə yazmışdım. Təbii
ki, Rusiya mediası ilə əməkdaşlıq daha
mühümdür. Çünki informasiya mübarizəsi
hazırda dünyanın əsas prioritetidir və media ən
güclü silahdır. Nəzərə alsaq ki, Rusiya
mediası kifayət qədər güclü və nüfuzludur,
onlara çıxış imkanlarını artırmaq olduqca
mühümdür. Sizə bir fakt deyim. Bildiyiniz kimi, QHT
sektorunun təmsilçisiyəm. QHT
Şurasının dəstəyi ilə avqust-noyabr ayları ərzində
"Göyçə, Zəngəzur, İrəvan – Azərbaycanın
tarixi torpaqları və mədəni irsimiz” – mətbuatda və
sosial şəbəkələrdə böyük təbliğat
kampaniyası” adlı uğurlu bir layihə icra etmişəm.
Bu məsələyə Cənab Prezident İlham Əliyev də
YAP-ın son qurultayında çıxışı zamanı
xüsusi diqqət ayırdı. Prezident "bu tarixi torpaqlar
unudulmamalıdır və biz bu torpaqları unutmuruq” dedi:
"Bu da gələcək fəaliyyətimiz
üçün istiqamət olmalıdır, necə ki, biz bu
gün də bu istiqamətdə iş görürük. Bizim
tarixi torpaqlarımız İrəvan xanlığıdır,
Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc
nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ
ilə bağlı – bizim əzəli torpaqlarımızın
tarixi ilə bağlı indi sanballı elmi əsərlər
yaradılır, filmlər çəkilir, sərgilər təşkil
olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal
olmalıyıq və dünyanın müxtəlif yerlərində
sərgilər, təqdimatlar keçirilməlidir”. Bu
çağırışdan sonra qeyd etdiyim layihəni QHT
Şurasının dəstəyi ilə icra etdik. Prosesin
gedişində heyrətamiz bir mənzərə üzə
çıxdı. Biz çalışdıq ki, tarixi
torpaqlarımızla bağlı topladığımız
faktları, məlumatları Rusiya medialarında da çap
etdirək. Lakin müraciət etdiyimiz Rusiya KİV-ləri
bunda maraqlı olmadılar. Çünki diaspor təşkilatlarımız
ötən illər ərzində Rusiya mediası ilə əməkdaşlıq
qurmayıblar. Yeri gəlmişkən qeyd edim ki,
bu çatışmazlıqları aradan qaldırmaq
üçün Diaspor Komitəsinin sədri Fuad Muradov bu posta
təyin olunduğu gündən var gücü ilə
çalışır. İnanıram ki, yaxın illərdə
bu, öz nəticəsini göstərəcək.
Mühüm olan odur ki, Azərbaycanın media təmsilçiləri
və qurumları Rusiya mediası ilə sıx işləməli,
əməkdaşlıq etməlidir. Bu, yalnız xeyrimizədir”.
Sosial Media Mərkəzinin direktoru Azər
Niftiyev də "Şərq”ə bildirib ki, Azərbaycanla
Rusiya arasında tarixi qonşuluq münasibətləri var:
"Biz müxtəlif
dönəmlərdə Rusiya ilə bir dövlətdə təmsil
olunmuşuq. Hazırda münasibətlərimiz yüksək səviyyədədir.
Hər iki dövlət başçısı arasında səmimi
dostluq münasibətləri var. Digər yandan Rusiya ən
çox azərbaycanlının yaşadığı ölkədir.
Qeyri-rəsmi məlumatlara görə, milyondan artıq
soydaşımız Rusiyada yaşayır. Azərbaycanın ən
güclü diaspor təşkilatları da məhz Rusiyada fəaliyyət
göstərir. Dünya Azərbaycanlıları Konqresi,
"AMOR” və digər qurumlar buna misal göstərilə bilər.
Hesab edirəm ki, Mətbuat Şurası ilə Rusiya Jurnalistlər
İttifaqı arasında əməkdaşlıq vacibdir. Bu əməkdaşlıq
imkan verəcək ki, həm diaspor təşkilatlarının
fəaliyyətində canlanma yaranasın, həm də ölkəmizə
qarşı erməni lobbisi tərəfindən aparılan
qara piar kampaniyasına tutarlı cavab verə biləcəyik”.
"Rusiya bizim üçün hər zaman
açar rolunu oynayıb. Təkcə siyasət və
iqtisadiyyatda deyil, həmçinin, ictimai məsələlərdə
də bizə geniş çıxış imkanı verib. Ona
görə də hər iki ölkə arasında media əlaqələrinin
tənzimlənməsi və bu istiqamətdə işlərin
başlanması mühümdür. Ümid edirik, proses
uğurla nəticələnəcək. Düzdür, Rusiyada
erməni media aparatlarının təbliğat
maşını nisbətən güclüdür. Məsələ
ondadır ki, Rusiyada biznesmen kimi fəaliyyət göstərən
ermənilərin özlərinə məxsus media orqanları
var, ya da hansısa qurumu maliyyələşdirirlər. Məhz
bu sayədə erməni lobbiçiliyini inkişaf etdirir, rus
saytlarında öz maraqlarına uyğun materiallar dərc
edirlər. Təbii ki, aparılan işin böyük
miqyası Azərbaycana qarşı qarayaxma kampaniyasından
ibarət olur.
O baxımdan Rusiya-Azərbaycan arasında media əməkdaşlığı
daha sürətli və genişmiqyaslı olmalıdır. Bu
gün Rusiyada çalışan çoxlu sayda Azərbaycan
jurnalistləri var. Əksəriyyəti nüfuzlu televiziya və
qəzetlərdə çalışır. Koordinasiyalı
şəkildə onlarla mütəmadi görüşlər
keçirilməli, ümumi fəaliyyətə cəlb edilməlidirlər”.
İsmayıl
Şərq.- 2018.- 28 noyabr.- S.7.