38 İLDİR SƏSİ İLƏ
YAŞAYAN MƏLƏK
"Bizi mətbuatdan
uzaq salan şou aləmi oldu"
Mələkxanım
Əyyubova: "Məni şou xarakterli verilişlərə dəvət
edəndə deyirəm ki, nə olar, imkan verin biri saf
qalsın, nümunə gətirməyə sənətçi
adı çəkə bilək"
Bəzən
insanın adı onun xarakterinə, həyatına, yaşam tərzinə,
hətta çöhrəsinə təsirsiz
ötüşmür. Bununla artıq dünya alimləri
də, sosioloqlar da, müdrik insanlar da razılaşır.
Dünyaya gələrkən bizə verilən adlar elə
ömür yolumuzun hər səhifəsində izini qoymuş
olur. Onun adı da könül dünyasının
paklığından xəbər verir - Mələkxanım!
Xanım-xatun çöhrəsində mələk xanım
olduğunu görmək heç də çətin deyil. Ya
da sadəcə, ifasında bir musiqini eşitmək bir mələyi
dinləmək qədər gözəl hisslər yarada bilir
insanda. Söhbət Azərbaycan səhnəsində
bənzərsiz səsi, əxlaqı, yüksək mədəniyyəti
ilə seçilən, sənətə gəldiyi gündən
bu günə qədər qadın adını yüksək
tutmağı bacaran Xalq artisti Mələkxanım
Əyyubovadan gedir. Onun səhnədə öz çəkisi,
nüfuzu, xüsusi yeri var. Mələxanım
Əyyubova barədə yazı hazırlayarkən məsuliyyət
də hiss edirsən. Çünki yazdığın hər kəlməni
seçmək lazımdı. Sənətinə verilən dəyərə
uyğun kəlmələr, xanımlığına layiq ifadələrlə
söhbətə başlamaq istədik. Ondan yazmaq məsuliyyətli
olduğu qədər də çətindi. Ona görə
çətinlik çəkirsən ki, «xanəndənin sənətindən
daha çox məlumat versək, düz olarmı», ya
xanım-xatun bir qadından danışmaq lazımdı?» deyə
sualla üz-üzə durursan.
Sənətindən
danışıb xanımlığını qeyd etməsək,
haqsızlıq etmiş olarıq.
Xalq
artisti Mələkxanım Əyyubovanın evinin qonağı
olduq. Sənətindən də söhbət
açdıq, xanımlığından da
danışdıq. 38 il səhnədə ləkəsiz, pak, əxlaqı
ilə əsl Azərbaycan qadınının adını
daşımağa layiq olan xanəndəmiz bəlkə də
ilk dəfə könül
pıçıltılarını dilə gətirdi. Adətən
susan xanəndə bu dəfə sükutu pozub dilə gəldi,
həyatın acımasız tərəflərini «Şərq»lə
bölüşdü.
- Mətbuatdan uzaq qalmağa üstünlük verirsiz. Bu günə qədər də sənət aləmində baş verən söz-söhbətlərdən həmişə kənarda qalıb, susmusuz. Çətin deyilmi bu qədər susmaq?
- Bilirsiz, əvvəllər mənim haqqımda
mətbuatda o qədər maraqlı yazılar dərc edilib ki,
hər bir ifam, qastrol səfərim xüsusi qeyd edilirdi. O
zamanlar mətbuat daha ciddi qəbul olunurdu. Niyə bu gün mətbuatdan
uzağam? Bizi mətbuatdan uzaq salan şou aləmi oldu.
Dövlətimizi, muğamımızı yüksək səviyyədə
təbliğ edirik. Müsahibə verirsən, sənətlə
bağlı danışdıqların bir kənarda qalır,
təsadüfən çaşıb bir kəlmə işlədirsən,
yozub bir başlıqla onu təqdim edirlər ki, müsahibə
verməyə peşman olursan. Sənin o gördüyün işlər,
uğurların hamısı bir kəlmə mənasız
sözün kölgəsində qalır. Ona görə mətbuatdan
uzaq qalıram. Qorxuram ki, qazandığım hörmətə
xələl gələr. Yoxsa kim istəməz ki, onun
uğurları barədə yazılmasın, deyilməsin. Təvazökarlıq
da bəzən yaxşı xüsusiyyət deyil. Sənətkarların
təvazökarlığı sənətdə istedadı
olmayan ifaçıların yolunu açmağa imkan
yaradır. Biz susduqca, onlar danışıb söz sahibi
olublar. Biz qorxub susmuruq, abrımıza bükülüb
danışmırıq. İstəyirəm efirdə bir
yaxşı verilişə çıxım, baxıram ki, bir
yaxşı veriliş də yoxdu. Bəs mən nə zaman
danışmalıyam? Sənətimi harda təqdim etməliyəm?
-
Sosial şəbəkələrin varlığı sizin
yaradıcılığınıza təsir etdimi? Yaşam
tərzinizə sirayət etdimi? Əvvəllər sənət
adamları əlçatmaz idi, yalnız efirdə onları
görmək imkanı olurdu. Sosial şəbəkələr
sənət adamlarını əlçatan etdi. Kim onlara
söz demək istəsə deyə bilir…
- Təbii ki, təsirsiz ötüşmədi.
Səmimi söhbət edirik. Tahirə xanım, sizinlə illərdi
təmasdayam, sənətim barədə dəfələrlə
maraqlı məqalələr hazırlamısız. İndi sual
verirsiz, bu sualı düşünəndə çox kövrəlirəm
(doluxsundu). Hətta ərklə xalqımdan inciyirəm.
- Uman yerdən küsərlər, deyiblər…
-
Xalqımız sənətkarına qiymət verəndir. 38
ildir səhnədəyəm. Bu illər ərzində
ancaq xalqımdan hörmət görmüşəm. Universitetə
daxil olan gündən professional səhnədə olmuşam. Tələbəliyimi
rahat yaşamadım. Tələbəliyimin ilk günlərindən
xalq məni tanıdı, efirdə oldum. Yəqin səsimə
ehtiyac duydular. O zamanlar folklor sənəti təqdim edilmirdi.
Milli geyimdə səhnəyə çıxan xanım xanəndə
ilk mən olmuşam.
- 38
il əvvəl mən balaca bir qızcığaz idim. Evimiz
İçərişəhərdə yerləşirdi.
İrs Folklor Teatrı da İçərişəhərdə
fəaliyyətə başlamışdı. Daş
hasarların arasından, dar pilləkənlərlə
muğam teatrına enirdim ki, hər dəfə milli geyimdə
sarışın qızın ifalarını dinləyim. Milli
geyimdə bir xanımın ecazkar ifası uşaqlıq xatirələrimin
ən yaddaqalan anı idi. Çox sonralar bildim ki, mən Mələkxanım
Əyyubovanı dinləməyə gələrdim.
- Siz
danışdız, xəyallara daldım, kövrəldim. Həqiqətən
o zamanlar milli geyimdə İrs Folklor Ansamblında fəaliyyətə
başlamışdım. Sonralar ora muğam teatrı oldu. O
illər həqiqətən saf, səmimi idi. İnsanlar sənətkara
əlçatmaz olaraq baxırdı, qiymətləndirirdi. Bu
gün də sənətə dəyər var. Sadəcə
sosial şəbəkələr sanki cəmiyyəti zombiləşdirib,
aqressivləşdirib. İnsanlarda soyuqluq, sərtlik
yaranıb. Bəzən insanlar sənin də haqqında elə
sözlər deyirlər ki, abrına bükülüb mat
qalırsan. Yəni mənim barəmdə deyilir bunlar? Axı
mən o deyilən xanım deyiləm. Sənət adamları
kövrək olur. Bu gün sənətə gəlmək o qədər
asan olub ki... Biz səhnəyə asanlıqla gəlməmişik.
Biz olmazları özümüzə qadağa qoymuşuq. Olmaz
deyib, gündəlik həyatımıza məhdudiyyətlər
yaratmışıq. Ailəylə dincələrkən belə
ehtiyat etmişik ki, kənardan necə görünərik.
Xalqı düşünmüşük ki, birdən barəmizdə yanlış düşüncə yaranar. Bu hərəkətim səhv qəbul olunar. Mən əlimə şirə alıb içməmişəm ki, birdən onu yozarlar, qədəhdə içki kimi qəbul edərlər. Görün nə qədər incəliklərə toxunuram. Biz insanıq, robot deyilik. Amma 38 ildə sənətimə, xanımlığıma qarşı məsuliyyətli olmuşam ki, barəmdə yanlış düşüncə yaranmasın. Sənətə gəlişim də fərqli olub. Ayrı bir həyat tərzi ilə səhnəyə gəlmişəm. Həyat yolum başqa olub. Mənim üçün ailə dəyərləri vacib olub. Əks cinsin nümayəndələri ilə görüşəndə əl belə verməzdim ki, birdən kənardan xoş görünməz. Ancaq düşünmüşəm ki, nə deyərlər? Mən özümü, adımı, xanımlığımı qoruya-qoruya 38 il sənətdə duruş gətirmişəm. İndi kimsə istədiyi vaxt sənin barəndə söz demək cəsarətini özündə tapır. Sənin ailənin içindən xəbəri yoxdu, sənin həyat tərzindən çox-çox uzaqdı, amma istədiyini deyə bilir. Sosial şəbəkələrdə kim nə istəyir demək haqqı tapır. Hansı haqla axı? Heç bir haqqı olmadan damğa vurmağa çalışır. Mən 38 ildə heç vaxt belə təpkilərlə üzləşməmişdim.
- Bir müddət onu da deyirdilər ki,
qardaşınızın, bacınızın uşaqlarına
dəstək olmursuz...
- Məni
körpə vaxtımdan bibim saxlayıb. Bunu hər dəfə
qeyd edirəm. Bibimin övladı olmayıb, məni
saxlayıb, Bakıda böyümüşəm,
qardaşlarım, bacılarım rayonda yaşayıb. Gənclik
illərimdən tanındım. Bu illər ərzində də
heç vaxt diqqətimi, qayğımı ailəmdən əsirgəməmişəm.
Tanınmış olmağımın istər-istəməz
rayonda yaşayan bacımın, qardaşımın həyat tərzinə
təsiri olub. Onlara sirayət edib. Yaxşı mənada onlara
təsirsiz ötüşməyib. Mən onlardan yaşda
kiçik olsam da, tanınırdım deyə rayon rəhbərliyindən
tutmuş insanlara qədər ailəmə hörmət edirdilər
ki, bizim rayonun fəxridir. Kimdir bu ailə? Mələkxanım
Əyyubovanın bacısı, qardaşı. O zamanlar rayondan
ali məktəblərə göndərişlər olurdu. Mənim
doğmalarıma da mənə görə dəstək
oldular, Bakıya universitetə oxumağa göndərdilər.
Bu dəstək deyildi? Bu onların həyatına təsir etməyib?
Qardaşımı sonralar Şamaxıda mədəniyyət
idarəsinin müdiri qoydular, bacımı Səadət
Sarayının rəhbəri təyin etdilər. Bu günə
qədər də bacım rayonda vəzifədədir, muzey
müdiridir. Əliyaqub qardaşım, Ramal İsrafilovun
atası sonradan işdən özü çıxdı ki, mən
rəsmiyyəti sevmirəm, xalqın içində olmaq istəyirəm,
toylara getdi. Qardaşımın uşaqlarına, Ramala, Valehə,
Vüsala dəstək olmuşam. Bacımın balası
Mirkamili Bakıya gətirdim, Konservatoriyaya daxil olmasına dəstək
oldum. O müəllimə tapşır, bu dostdan xahiş etdim
ki, kömək ol, o bəstəkara zəng etdim ki, bu
uşağa mahnı ver, ondan muğayat ol. Bunlar dəstək
deyil? Mirkamil üçün restoran sahibindən xahiş etdim
ki, gəlib orda oxusun, bir tikə çörək qazansın.
Vacib deyil ki, mən gündə min manat onların cibinə pul
qoymalıyam. Bəs bunlar dəstək deyildi nə idi? Deyirlər
heç nə etmir. Siz bizim ailənin içindəsiz? Mən
onlara deyirəm ki, balam, heç yerdə deməyin, onlar da
demirlər. Susuram, deyirlər xəsisdi. Elə deyil axı.
Mirkamil efirə çıxanda, müsabiqədə iştirak
edəndə də ona dəstək olmuşam, səhnəyə
çıxarkən onun geyimini belə özüm yuyub
ütüləmişəm, geyindirmişəm, birinciliyə
qədər gətirib çıxartmışam. Ramalı
Konservatoriyaya düzəltdim, Vüsala Gimnaziyaya daxil olsun deyə
dəstək oldum. Bibi daha nə etməliydi? Toylara gedən,
bir az da ərköyün uşaqlardı, dərsə getmədilər,
müəllimlərindən xahiş edirdim, Mələkxanımın
sözündən keçə bilmirdilər. Bunları kim
edib? Ramalı bir bəstəkar kimi tanıtmaq
üçün dəstək oldum, sənətçilər
bilirdilər ki, mənim doğmalarımdı, etibar etməyə
başladılar onlara. Bunun adı dəstək deyil?
-
Pedaqoq kimi də fəaliyyətiniz olub...
- Bəli,
ilk xanım xanəndəyəm ki, pedaqoq kimi
çalışmışam. Konservatoriyada da, Gimnaziyada da
çalışırdım. Əvvəllər nə
Konservatoriyada, nə də İncəsənət Universitetində
muğam kafedrası var idi. İncəsənət
Universitetində muğam kafedrası açıldıqda məni
dəvət etdilər. Mən artıq iki
yerdə işləmək istəmədim. İncəsənət Universitetində fəaliyyyət
göstərməyə qərar verdim. İstəməmişəm
ki, tələbə ilə xaltura edim. İki
yerdə dərs demək üçün zamanım yetməzdi.
İstəmədim tələbələrim məni
gözləsin. Mən bir gün dərsə
gedim, digər gün çatdırmayım. İlk gündən də müəllimlərimə
necə sadiq olmuşamsa, bu gün də o sadiqliyimi
qorumuşam. Mən kimsənin
haqqını yeməmişəm. Mənə
səhnədə zərrə qədər dəstəyi
olanın da adını hörmətlə çəkmişəm,
sağ qalanlara hörmət, ölənlərə rəhmət
istəmişəm. Tələbələrimə
də valideyn olmuşam.
Kim mənim
bu doğmalığımı anlayıb sağ olsun, kim də danır, Allahı bilsin. Mən valideyn kimi onların üzərində əsmişəm.
Əslində mən müəlliməyəm, gəlib
dərsimi deyib getməliyəm. Amma tələbələrimə
həm maddi, həm də mənəvi dəstək
olmuşam. Hər dövrün çətinliyi
olub. Tələbələrimi xaricə də
aparmışam, səhnəyə də
çıxartmışam. İndi kim
mənim etdiyimi danır, bu onun öz qabiliyyətidir. Mənim ustadım Qulu Əsgərov 30 ildir
dünyasını dəyişib. Tələbəsi
kimi hər 5 ildən bir, onun yubiley gecəsini möhtəşəm
şəkildə qeyd edirəm. Yubiley
keçirtmək o qədər də asan deyil. Muğam Mərkəzində yubiley keçirtmək
nə qədər məsuliyyətli, nə qədər
çətindir. İstər mənəvi,
istərsə də maddi baxımdan bunu həyata keçirmək
üçün güc lazımdı. Böyük
bir ansamblla o gecəyə hazırlıq, rejissor işi, qonaqlar,
bunları tənzimləmək asan görünməsin.
- Bunlardan
danışan olmadı?
- Bunlardan
danışan olmayacaq. Çünki onlar
üçün maraqlı deyil. Deyəcəklər
ki, Mələkxanım pis müəllimədir, xəsis
insandı. Sənətə illərimi
vermişəm. Mən elə-belə
professor olmamışam. Ali təhsil
ocağında ilk qadın muğam dərsi verən və
professor adını qazanan xanəndə mən olmuşam.
Bundan kimsə yazmaz, deməz. Müəlliminə 3-4 yubiley keçirdən tələbə
də mənəm. Bunu nəyə görə
etmişəm? Ona görə etmişəm
ki, örnək olaq. Ustadlarımızın
zəhmətini dəyərləndirək.
- Gənc
yaşlarından ailə qurdunuz. Necə oldu həyat
yoldaşınızla tanış oldunuz?
- Mən
çox gənc, hətta uşaq ikən peşəkar səhnədə
oldum. Ailə qurarkən də səhnədə
tanınırdım. Yoldaşım uzaq
qohumumuz olub. Amma Bakıda
yaşadığım üçün uşaq
yaşlarından biri-birimizin evinə gedib, gəlmişik.
O həm də mənim uşaqlıq dostum olub. Hələ
uşaq ikən ailə məni çox istəyirdi. Bilinmirdi ki, gəlinləri olacam, amma o sevgini hiss
etmişəm. Əslində uşaq
yaşlarımdan həyat yoldaşım məni gözaltı
edib, mötərizəyə alıbmış. Qismət. Onlar çox ziyalı
ailədirlər. Mənə dəstək,
dayaq oldular. Mənə inam, etibar edirdilər.
O inam məni səhnədə dik saxlatdı.
Möhlət Müslümov: "Mələkxanımın
səhnədə əziyyətləri mənim
gözümün önündə olub"
Xalq artisti Mələkxanım Əyyubova haqqında
«Şərq»ə danışır.
İllərin dostluğu, 38 ilin səhnə
paylaşımı imkan verir ki, səhnəmizin xanım-xatun
xanəndəsi barədə bilmədiklərimizdən
danışsın.
«Mələkxanım Əyyubovanın atası
aşıq Məzahirlə gözəl dostluğum olub. O zaman bilmirdim ki, Mələkxanım
adlı qızı var. Mənə dedi ki, qızımın
gözəl səsi var, onunla çalış. Mən Mələkxanımın yoldaşı
Xosrovun ailəsi ilə də yaxın olmuşam. Bakıda gəlib İrs Folklor Ansamblında Mələkxanımı
tapdım. İfasını dinlədim.
O vaxtlardan bu günədək bir yerdə
çalışmağa başladıq. Gözümün
qabağında Xosrovla nişanlandılar, evləndilər.
Yəni ailənin yaxını olmuşam. Mələkxanımın səhnədə əziyyətləri
mənim gözümün önündə olub. Ən ağır muğam dəsgahlarını lentə
aldırıb. Ən böyük solo
konsertləri mənim rəhbərliyimlə
reallışıb. Xarici qastrol səfərlərinin
sayı-hesabı yoxdu. Hərdənbir Mələkxanıma
deyirəm ki, sən mənim həm anamsan, həm bacımsan,
həm dostumsan. Onun barəsində
inanın, günlərlə danışaram, bəs etməz.
O qədər gözəl qəlbə sahib bir insandır ki,
yaxınlarının, doğmalarının başı
ağrısa, yanında olur, kömək edir. Gözəl
ailə başçısıdır, mükəmməl
anadır, sadiq dostdur. Xanımlığına
hər zaman hörmət edən bir insandır. Sənət aləmində onun qədər
qadınlığına, xanımlığına məsuliyyətlə
yanaşan sənətkar bəlkə də olmayıb. Hər addımına nəzarət edən bir
qadındır. Sənət aləmində xanım xanəndələr
arasında onun qədər milli musiqimizin inkişafı
üçün zəhmət çəkən xanəndə
az olub. Onlarla tələbəsi
olub, onlara analıq edib. İndi dünən yerindən
durub bir az tanınan kimsə, Mələkxanım
Əyyubova barədə söz deyə bilməz. Buna indi gələn ifaçıların haqqı
çatmır. Axı onun qədər Azərbaycan
musiqisinə töhfə verən olmayıb. Mələxanım xanımlığı ilə də
seçilib. İz qoyub, gənc xanım
xanəndələr üçün bir körpü
açıb ki, sənətçi ilə ailə qurmaq olar.
Mələkxanım həqiqətən
adını elə belə daşımayıb. Onun mələk kimi kövrək qəlbi var. Mən
onunla qastrol səfərlərində yol yoldaşı
olmuşam. 40 ilə yaxındı onunla bir
yerdə səhnədəyik. Bu insan səhnədə
səliqəsi, mədəniyyəti, xatunluğu, məsuliyyəti
ilə imzasını qoyub. Ulu öndər
Heydər Əliyevin ən çox bəyəndiyi xanəndələrdən
biri olub. Səbəbsiz yerə 40 ildə
xalq onu sevməyib. O, bu sevgini qazanıb. İndi
kimsə onun barədə rahatlıqla fikir söyləyə
bilməz. İnsanın dili
yanmalıdır ki, onun kimi illərini sənətə verən,
xanımlığına xələl gətirmədən səhnədə
duruş gətirən xanəndə barədə mənfi
fikir söyləsin. Nə qədər
vicdansız olmalısan ki, Mələkxanım Əyyubovaya dil
uzada biləsən. Mən onun yaxın
dostu olduğum üçün demirəm. Mən
vicdanına baxıb rahat ola bilmək
üçün bunları deməyə məcburam. Əslində Mələkxanım xalqın gözündə
o qədər sevgi qazanıb ki, onu söz-söhbətlərlə
nüfuzdan salmağa gücləri çatmaz. Mən onun xeyirxahlıqlarının şahidi
olmasam, susaram. Tələbələrini
özü ilə qastrol səfərlərinə aparıb,
sarayda konsertlərə çıxardıb, onlara yeri gəlib
maddi dəstək göstərib. Mən
ona mələk qəlbli insan kimi baxmışam həmişə.
Bircə onu deyə bilərəm ki, Allahsız
olasan ki, onun adını dilə gətirib pis
düşüncəyə sahib olasan. Mən
bu günlər ərzində istədim mətbuatda o qıza
da cavab verim. Mələkxanım icazə
vermədi. Axı o qıza olunan
yaxşılıqlar gözümün önüdə olub.
Mələkxanım sıradan bir sənətkar
deyil. Sən ustadına necə dil uzada bilərsən?
Ayıb deyil? Nə sənətin,
nə yaşın, nə də statusun imkan verir ki, Mələkxanım
Əyyubova barədə fikir bildirəsən. Hansı haqla? Mən sual verirəm, o cəsarəti
sənə kim verib? Sən hələ
sənətdə yeni addımlayırsan. Əməkdar
artist adını almaq sənə hələ o səlahiyyəti
verməyib ki, ustadına dil uzadasan. Hələ
də belə xanım haqqında. Ustadına
kəm baxanın gözlərinə qan damar. Bu söz elə-belə deyilməyib, böyük
hikməti var. Sən ustadının zəhmətini necə
unuda bilərsən? Bundan sonra sənə kim
hörmətlə yanaşar? Ustadının
üzünə qayıdan səhər hər kəsin
yaxşılığını unuda bilər. İnsan dünəni unuda bilməz. İnsan böyüklərinə, ustadına, ona dəstək
olanlara üz döndərirsə, demək ki, Allahına
üz döndərir. Çünki
Allahından qorxan haqsızlıq etməz. Mələkxanım Əyyubova illərlə öz
namusu ilə hörmət qazanıb xalqın gözündə,
abır, ismət, namus simvolu kimi sənət aləmində ad
qazana bilib. Hər xanım bu nüfuza sahib ola bilmir. O bunu alın təri, əxlaqı, mədəniyyəti,
tərbiyəsi, xanım-xatunluğu ilə qazanıb».
(Davamı gələn
sayımızda)
Tahirə Məmmədqızı
Şərq.- 2018.- 2 oktyabr.-S.12-13