"MƏN ÇOX GÜCLÜ QADINAM"

 

Mələkxanım Əyyubova: "Ailəmi qoruyaraq 4 övlad böyütmək, sənəti də, ailəni də bir arada daşımaq qadından güc, ağıl tələb edir"

Xosrov mənə gün ərzində mütləq o sevgi sözlərini deməlidir, deyir də. Nə qədər başı qarışıq olsa belə, bir ürək, ya smaylink göndərir ki, yadımdasan, mələyim

 

(...əvvəli ötən sayımızda)

 

Səhnəmizin Mələkxanımı «Şərq»in oxucuları ilə bu dəfə səmimi hisslərini bölüşdü. Özü demişkən, uzun sürən susqunluğunu pozdu. Həqiqətən onu tanımağa dəyər, onunla həmsöhbət olduqda isə bir daha Azərbaycan qadınının gözəlliyini aça bilirsən.

- Necə hiss etdiniz ki, sizə qarşı bir sevgi var?

- Sevgini demirlər ki. O, gözlə, qaşla, hisslərlə çatdırılır. O zamanlar mən daha çox gedərdim. Çünki Bakıda bibimlə yaşayırdım, gedəcəyim tək ünvan onların evi idi. Darıxanda onlara gedərdim. Onların evi mənə doğma idi. Hətta qayınanamdan o illərdə bütün mətbəx işlərini öyrəndim.

- Yoldaşınız Xosrov müəllimin çalışdığı sahə kifayət qədər məsuliyyətli sahədir. Hüquq-mühafizə orqanlarında çalışır. Çətin olmadı onun üçün sizinlə ailə qurub bu izdivacı qorumaq? Səhnədə olan xanımın həyat yoldaşı olmaq da çox məsuliyyətlidir.

- O mənə etibar edib, inanıb. Çünki mən o etibarı qazanmışam. Onun əmiləri hüquq-mühafizə orqanlarında çalışırdı. Ailə görüb-götürən nəsildən idi. Səmimi deyim, əslində mənim ailə həyatımda çətinliyim olmadı. Yəni səhnədə olmağım ailə həyatıma təsir etmədi.

- Onda bunu həm naxış adlandırmaq olar. Bəzən deyirlər ki, filankəsin naxışı gətirdi

- Bəli, naxışdı. Mən alın yazısına, naxışa inanan insanam. Düzdü, insanlar var deyirlər ki, alın yazımı silib yenidən yazdım. Bu, məcazi deyilsə , qəbul etmirəm. Alın yazısı yazılıbsa, onu pozmaq olmur. qədər güclü olursan ol. Düzdü, insanın əməyi, zəhməti vacibdi. Amma alın yazısı ki, var, ona pozu yoxdu. Sən qədər çabalasan, qədər çalışsan da, əgər alın yazın sənə imkan verməsə, o yolu gedə bilməzsən.

- Səhnəyə gələn gündən sizin alın yazısını pozmaq istəyənlər oldu, sizə paxıllıq edən xanım sənətçilərin münasibətini hiss etdiz bu illər ərzində

- Mənim istedadım qoymadı onlar istəklərinə çatsınlar. İstedadım, ağlım mənə kömək oldu.

- Tək səsinizə minnətdarsız səhnədəki uğurlarınıza görə?

- Tək səsimə deməzdim. Ağlıma, zəkama minnətdaram. Mədəniyyətimə təşəkkür edirəm. Bir səbrimə çox-çox minnətdaram. Mənə dəstək olan insanların hallalığına minnətdaram. Çünki onların əməyini itirməmişəm. Bir Allahıma minnətdaram, o hər zaman məni qoruyub. Allahımdan çox-çox razıyam. Məni istəməyən insanlar pislik ediblər, mən səbr etmişəm. Səbrlə insan çox şeyə çatar. Mən qarğışı sevmirəm. Paxıllığı özümə yaraşdırmamışam. Mənə pislik ediblər, mən səbr etmişəm, o insan cəzasını alıb. Bu, dəfələrlə təkrarlanıb. Bu gün mənə pislik etmək istəyənlər var, onların səviyyəsinə düşməmişəm. Doğmam belə olsa haqsızlıq edibsə, cəzasını çəkib. Hərdən mənə pislik ediləndə doğmalarımdısa, bundan qorxuram, bilirəm ki, cəzasını çəkərlər. Çünki qəlbimdə kimsəyə paxıllığım, kinim olmayıb. İnsan şükür etməyi bacarmalıdır.

- Həyat yoldaşınızı həyatınızın dostu adlandırmaq olarmı?

- Xosrov müəllim, təkcə mənim həyat yoldaşım deyil, dostumdu, sirdaşımdı, qardaşımdı, atamdı. Mən həyatımı onsuz təsəvvür edə bilmirəm. Mən həyatda ona etibar etdiyim qədər kimsəyə güvənmirəm. O da mənə inanır.

- Ailədə daha çox uşaqlar üzərində hökmranlığı əlində saxlayır.

- Uşaqların üzərində mənim daha çox nəzarətim var. Təbii ki, ataları başımızın tacıdır. Ailənin böyüyü yoldaşımdı. Ancaq qadınlar dərd çəkməyə daha dözümlü olur. Onun işi çətindir. İstəmirəm evə gələndə əlavə problemlərlə yüklənsin. Uşaqların tərbiyəsi ilə mən məşğul oluram, uşaqlarla bağlı evdə problem olsa çalışmışam o bilmədən həll edim. İstəməmişəm narahat olsun. Mənim işim, sənətim ağırdı. Övladlarımla da dost olmağa çalışmışam.

- Kənardakılara güvəniniz yoxdu?

- Hamıyla münasibətim yaxşıdı. Sadəcə bir divar var, ordan sonra məhdudiyyət yaranır. Sənət yoldaşlarım var. Amma həyatda bir xanım dostum var. O da Amerikada yaşayır. Gülüstan Əliyeva, Nəzakət Teymurov, Gülyaz, Gülyanaq bacıları ilə münasibətim yaxşıdı.

- Qadınlar haqda dahilərin müxtəlif fikirləri olur. Doğrudanmı qadınlar təhlükəli varlıq sayıla bilər? Ümumiyyətlə qadın kimdir?

- Qadın həqiqətən güclü bir varlıqdı. Qadın sirli aləmdir. Lazım olanda yaxşı mənada biz qadınlar təhlükəli ola bilirik. Bəzən qadın ilana bənzədilir. Müdrikdi, tədbirlidi. Qadının məqsədi olarsa dağı devirə bilər. Mən ağıllı qadınlardan danışıram. Mənim səbrim o qədər çoxdu ki. O səbr mənim silahım olub həyatda. Özümü güclü qadın hesab edirəm. Müdrik qadın olduğumu düşünürəm. Əgər elə olmasaydı, 35 ildə sənətimdə duruş gətirməzdim. Ailəmi qoruyaraq 4 övlad böyütmək, sənəti , ailəni bir arada daşımaq qadından güc, ağıl tələb edir. Mən bu gün təvazökarlıqdan çox uzaq oldum. Amma olanları deyirəm. Mənim yaratdığım qadın güclüdür.

- Sevgi vacibdimi insanın həyatında?

- Təbii ki, sevgisiz yaşamaq mümkün deyil. Mən sevgisiz yaşaya bilmərəm. Sevgi, qayğı vacibdi ailədə. Mən bu gün o sevgini hiss etməsəm solaram.

- Sizə necə müraciət edir adətən yoldaşınız?

 

- Gözəl Mələk deyir mənə hər zaman. Hərdən deyirəm ayıbdı, hamının yanında demə. Deyir gözəl mələyimsən. deyirəm. Yoldaşım məni təkcə xanımı kimi sevgiylə təmin etməyib. Sanki bir balası da mən olmuşam. O mənə balası kimi qayğı göstərib.

- «Şərq»ə sözünüz olar ?

- Hər sahədə seçilmək vacibdi. Hansı sahədə olursan ol, o sahənin peşəkarı olmasan, sənə dəyər verilməyəcək. Mən 20 ildən artıq tarixi olan qoca «Şərq»in daimi oxucusu sayılıram. Bu günə qədər qəzetinizdə bir çox böyük sənətkarların müsahibələrini oxumuşam. Barəmdə hər zaman maraqlı yazılar yazmısız. Bir məqamı da xatırladım. İllər əvvəl Zeynəb xanım Xanlarova haqqında imzanızla bir yazı məni o qədər təsirləndirmişdi ki, bu sizə olan sevgimi bir az da çoxaltdı. Sənətkara dəyər verən mətbuat orqanısız. Elə ona görə sizə etibarım var. Bu etibardan irəli gəldi ki, susqunluğumu pozdum, uzun müddət sonra sizinlə fikirlərimi bölüşdüm. yaxşı ki, mətbuatda sizin kimi ciddi mətbuat orqanları hələ var.

 

 

Tahirə Məmmədqızı

 

Şərq.- 2018.- 3 oktyabr.- S.13.