AZƏRBAYCAN DİASPORU ARTIQ MÜDAFİƏ MÖVQEYİNDƏN HÜCUM TAKTİKASINA KEÇİB

 

Ölkəmizə qarşı aparılan kampaniyaların cavabı yalnız yerli deyil, diaspor mətbu orqanları vasitəsilə yetərincə verilir

 

(...əvvəli ötən sayımızda)

 

Diaspor təşkilatlarının Azərbaycan həqiqətlərini fəaliyyət göstərdikləri ölkələrdə tanıtdırmaları üçün yeni imkanlar, yeni yanaşmalar tələb olunur. Təbii ki, bu zaman ilk növbədə informasiya kommunikasiya texnologiyaları yada düşür. Diaspor qurumlarımızın saytları olmalıdır ki, informasiya əlçatımlığı təmin olunsun. Azərbaycanın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolu və fəaliyyəti danılmazdır. Bəs görəsən, diaspor təşkilatlarının təsis etdikləri kütləvi informasiya vasitələri bu missiyanın öhdəsindən necə gəlirlər?

Qeyd edək ki, Azərbaycan diaspor mediası XIX əsrin ortalarından formalaşmağa başlayıb, ötən əsrin ilk illərində artıq mətbuat orqanlarının inkişafı sürətlənib. Maarifpərvər ziyalı Məmmədağa Şaxtaxtlının böyük əziyyətlər hesabına nəşr etdirdiyi həftədə üç dəfə türk dilində çap edilən "Şərqi-rus” Tiflisdəki Azərbaycan diasporunun böyük xidməti nəticəsində oxuculara təqdim olunub. 1903-cü ildən 1905-ci ilə qədər iki il müddətində işıq üzü görən qəzetin cəmi 377 nömrəsi çıxıb. 1905-ci ildə "Şərqi-rus” qapandıqdan sonra, 1918-ci ildə Tiflisdə yeni bir mətbu orqan "Gələcək” ictimai-siyasi, ədəbi qəzet çap olunub. Bu qəzet Mərkəzi Müsəlman Təşkilatı olan "Hümmət” Menşevik Sosial-Demokrat Firqəsinin orqanı olub. Elə həmin il Tiflisdə yeni bir məcmuə də - "Gənclər yurduçap edilib. Bala Məmmədzadə və F.T.Hacızadə məcmuənin redaktoru olublar. "Gənclik” qəzeti həftədə iki dəfə, "Gənclik yurdu” isə ilkin mərhələdə ayda iki dəfə, sonra isə həftədə bir dəfə buraxılıb. Zaman ötdükcə Azərbaycan diaspor mətbuatı bu və digər ölkələrdə daha da inkişaf edərək formalaşıb.

Fəaliyyətinin ilk günündən diaspor siyasətini dövlət siyasəti səviyyəsinə qaldıran, düşünülmüş və strateji fəaliyyət proqramı ilə təbliğatçılıq imkanlarını daha da artıran Azərbaycan diasporu artıq müdafiə mövqeyindən hücum taktikasına keçib. Ölkəmizə qarşı aparılan çirkin ideoloji və müxtəlif səpkili məkrli kampaniyaların cavabı yalnız yerli deyil, diaspor mətbu orqanları, radioteleviziyalar vasitəsilə yetərincə verilir. Hazırda dünyanın demək olar əksər ölkəsində diaspor mətbu orqanlarımıza, radio, televiziyainternet saytlarımıza rast gəlmək mümkündür.

Avropada yaşayan azərbaycanlılar bu yaxınlarda daha bir xəbər portalı yaradıblar.

Portal Polşadakı "Varşava Azərbaycanlılar Birliyi", "Vrotslav Azərbaycan Cəmiyyəti" və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə yaradılıb.

Polyak və Azərbaycan dillərində yayımlanan "AzPolNews” saytı təkcə Polşa və Azərbaycan arasında deyil, ümumiyyətlə, Avropa ilə ölkəmizin əlaqələrinin informasiya mənzərəsini yaratmaq məqsədi ilə təsis edilib. Xəbər portalının gələcəkdə ingilis dilində də versiyasının istifadəyə verilməsi nəzərdə tutulub.

Avropada Azərbaycan diasporunun gördüyü işlər, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin Avropadakı fəaliyyəti barədə xəbər və reportajları, müfəssəl məlumatları həmin portal vasitəsilə izləmək mümkündür. Polşadakı yerli jurnalistlər də bu saytla ciddi əməkdaşlıq edirlər. Müxtəlif diaspor təşkilatlarında təmsil olunan azərbaycanlı gənclər, Azərbaycanın Polşadakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi də Avropada informasiya xidmətləri sahəsində yeni birgə layihələrə imza atmaq qərarındadırlar.

Diaspora mətbuatı içərisində "AMOR” Rusiya-Azərbaycan Gənclər Təşkilatının rəsmi internet səhifəsi "www.amor.az” da uğurlu fəaliyyət göstərir. Belə ki, uyğun rəng seçimi, mükəmməl dizayn, dolğun informasiya bazasına görə, Azərbaycan diasporunun virtual aləmdə lider hesab edilən internet resurslarından biridir. Azərbaycan həqiqətlərinin Rusiyadünya ictimaiyyətinə çatdırılmasında xüsusi yer tutan "AMOR” Rusiya-Azərbaycan Gənclər Təşkilatının məqsədi Azərbaycan mədəni irsinin, Azərbaycan milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, təhsil təşəbbüslərinin dəstəklənməsi, Rusiya cəmiyyətinin mədəni həyatına Azərbaycan gənclərinin daha yaxşı inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, ailə və cəmiyyətin mənəvi, əxlaqi əsaslarını qorumaq, möhkəmləndirmək, dostluq, etimadxalqlar arasında anlaşmanın təşviqidir. Sayt təşkilatın güzgüsü kimi öz vəzifəsinin öhdəsindən uğurla gəlir. Saytda AMOR-un Rusiya regionları üzrə nümayəndəliklərinin fəaliyyəti interaktiv xəritə ilə verilib. Foto seçimi keyfiyyətlidir, məqalələr məzmun və informasiya yükü baxımından dolğundur. Portalda müasir texnoloji yeniliklər tətbiq olunur. Belə ki, sosial şəbəkələrə keçidlər, o cümlədən AMOR TV və AMOR FM aktivdir, fəaliyyət göstərir.

"Azerbaydjanski konqress” qəzeti də Ümumrusiya Azərbaycan Konqresinin mətbu orqanıdır və həftəlik ictimai-siyasi qəzetdir. Qəzet 2001-ci ildən nəşr olunur. Qəzetdə Azərbaycan haqqında informasiyalar, müəllif yazıları, tədqiqatlar geniş yer tutur. Bununla yanaşı, Rusiya Federasiyasında yaşayan azərbaycanlılar, diaspor təşkilatlarının, o cümlədən Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti qəzetdə geniş işıqlandırılır. Qəzet Rusiya Federasiyasında yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub. Mətbu orqanın internet versiyası da mövcuddur.Onu da deyək ki, Konqresin "vakmos.org” internet portalı loqosu və rəngi saxlanılmaq şərti ilə müasirlik və yığcamlılıq baxımından yenilənib. Saytın yeni versiyası mobil cihazlar üçün daha optimaldır. Regionlardakı diaspor nümayəndələrinin saytın köhnə versiyası ilə bağlı şikayətlərini nəzərə alaraq, saytda Rusiya Federasiyasının regionlarından olan xəbərlərə daha geniş yer ayrılıb.Yeni saytda ÜAK haqqında ətraflı məlumat, yaradılma tarixi, idarəetmə orqanları və fəaliyyət istiqamətləri barədə məlumat tapmaq, həmçinin, "Azərbaycan Konqresi” qəzetinin bütün nəşrlərini buradan oxumaq mümkündür. Saytın "Bizə Yazırlar” bölməsində hər kəs öz problemləri barədə ÜAK-a müraciət ünvanlaya, hüquqi məsləhət ala bilər. "Bakı” jurnalı 2007-ci ildən Rusiyada nəşr edilən, öz oxucularını Xəzər sahilindəki qədim Odlar Yurdunun zəngin mədəniyyəti, tarixi, gözəl və müdrik ənənələri ilə tanış etməklə bərabər, həm də azərbaycanlıların müasir həyatı haqqında söhbət açan son dərəcə müasir jurnaldır. Bir neçə dildə nəşr olunur. "Bakı” jurnalı Azərbaycanın və onun paytaxtının bütün dünyada keyfiyyətcə yeni şəkildə "kəşf olunmasına”, bu xalqın ən ülvi və gözəl cəhətlərini üzə çıxarmağa çalışır. Rübdə bir dəfə nəşr edilən "Bakı” jurnalı həm də dünyada dəbdə olan brendlər aləmində bələdçidir. Jurnalın ingilisdilli versiyasına isə 2012-ci ildən start verilib. Dünyanın ən yaxşı dizaynerləri və foto rəssamları bu versiya üçün əmək sərf ediblər. Onlar Azərbaycanın planetimizin istənilən guşəsindəki oxucuya daha yaxın, daha doğma olmasına kömək edirlər. "Bakı” jurnalı dünyanın ən müxtəlif guşələrində yaşayan dostlarını birləşdirən beynəlmiləl nəşrdir.Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəsmi internet səhifəsi olan "http://aze.in.ua/” saytda daimi aktivdir. Sözügedən Diasporun yazılı media orqanı olan "Slovo Azerbaycana”, "Oqni Azerbaycana” qəzetləri də müntəzəm çap olunur. "Diaspora TV” isə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu tərəfindən təsis olunmuş telekanaldır. Bu kanalın məqsədi Azərbaycan mədəniyyəti, siyasəti, tarixi və dövlətçiliyini dünya ictimaiyyətinə təqdim etmək, ölkəmiz haqqında yayılan qeyri-obyektiv informasiyaların qarşısını alaraq, Azərbaycan dövlətinin siyasətini dünya miqyasında təbliğ etməkdir. Kanalın məqsədlərindən biri də müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun gördüyü işləri işıqlandırmaq və onlara informasiya dəstəyi göstərməkdir.

Sutkada 18 saat efirdə olan "Diaspora TV”-nin xəbərlər buraxılışı hər 3 saatdan bir canlı yayımlanır və Ukrayna Ali Məktəblərinin jurnalistika fakültələrində təhsil alan gənc jurnalistlər tərəfindən hazırlanaraq, peşəkar redaktorlar tərəfindən yoxlanılaraq efirə buraxılır."Diaspora TV” digər verilişləri isə Azərbaycanın sosial, siyasi və mədəni həyatını əks etdirən çoxsaylı müəllif proqramları, müxtəlif tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramlardan ibarətdir.

"Gürcüstan azərbaycanlıları” qəzeti "Gürcüstan Mənim Vətənimdir” Cəmiyyəti tərəfindən 2008-ci ildə nəşrə başlayıb. Qəzetdə Gürcüstan azərbaycanlılarının problemlərinə geniş yer verilir.

Bundan başqa, qəzet kollektivinin əsas məqsədlərindən biri Gürcüstanda yaşayan azərbaycanlıların hüquqi maarifləndirilməsi işinə töhfə verməkdir. Bu məqsədlə qəzetdə mütəmadi olaraq yeni qəbul olunmuş qanunların Azərbaycan dilində mətnləri dərc olunur və hüquqşünasların şərhləri verilir.

Qeyd edək ki, Azərbaycan diasporunun təbliğatçılıq işinin düşünülmüş və sistemli şəkildə qurulması, ideoloji işin dövlətçilik prinsiplərini, azərbaycançılıq dəyərlərini rəhbər tutan strateji proqram əsasında aparılması üçün yetərincə gücü və imkanları var. Bura ölkə mediasının potensial təsir gücü və zəngin ənənəyə söykənən geniş yaradıcılıq imkanlarını da əlavə etsək mövcud media institutunun hansı dəyərlərə və zəngin fəaliyyət mexanizminə malik olduğunu təsəvvür etmək elə də çətin deyil. Lakin ideoloji işdə digər və olduqca vacib daha bir amildən də maksimum yararlanmaq lazımdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təbliğatçılıq işinin effektli və peşəkar şəkildə qurulmasında, Azərbaycanın ədalətli mövqeyinin ortaya qoyulmasında önəm verdiyi əsas prinsiplərdən birixarici media məkanından yararlanmaqdır.

 

Şəymən

 

Şərq.- 2018.- 4 oktyabr.- S.11.