HƏR YER ƏDƏBİYYATA ÇEVRİLƏCƏK

 

Gənclər dayana bilmədilər, cəmiyyətə mesaj göndərdilər

 

Seyran Səxavət: “Bu aksiya mənə ləzzət elədi. Mən gənclər barədə fikirlərimi geri götürürəm. Məni bağışlasınlar...”

 

Əsəd Cahangir: "Aksiya çox xoşuma gəldi”

 

Qəribə görünsə də payız gəncləri canlandırıb. Bir qrup gənc yazar "Hər yer ədəbiyyat” həşteqi başlatdırıb. Həşteqdə kamera qarşısına keçən gənclər Azərbaycan yazarlarını öyür. Tərif deyirlər.

Azərbaycan yazarı;

-           bayağı

-           əyyaş

-           dilənçi

-           yaltaq

-           acgöz

-           yekəxana

-           vecsiz

-           ümidsiz

-           tək DEYİL – ifadələri ilə ədəbiyyata marağı artırmağa çalışırlar.

 

Sosial şəbəkədə bu həşteqə maraq böyükdür. Dəstək verənlər, gənclərə "qahmar” çıxanlar az deyil. Ədəbiyyatı həyatdan maraqlı hesab edənlər gənclərin kampaniyasını bəyəndiklərini bildirir, rəylər, şərhlər yazırlar. Gənclərin başlatdığı "Hər yer ədəbiyyat” həşteqinin hansı məqsəd daşıdığını sual edənlərə yazar Aysel Əlizadə cavab verib. Aysel Əlizadə şəxsi feysbuk səhifəsində paylaşım edib:

Yazar Aysel Əlizadə:

-           Məqsədimiz ədəbiyyata, bu ölkədə yazarların var olmasına diqqət çəkməkdir. Eyni zamanda istəyirik ki, qələm, beyin adamının, intellektual insanın önəmini, ölkənin hər zaman tənqid olunan bayağılıqdan ibarət olmadığını göstərək. Xüsusən də gənc yazarlara diqqət çəkmək istəyirik. Azərbaycan gəncliyi tənqid olunur, sanki bu gənclik ancaq avaralardan, savadsızlardan ibarətdir. Belə deyil. Azərbaycanda maddi dünyaya göz dikmədən, böyük amal və ideyalarla yaşayan, yazan gənclik var. Və bu gənclik bizdən sonra gələn Azərbaycan mədəniyyətinə cavabdeh olanlardır. Onları görməmək, iqnora qoymaq mədəniyyəti iqnora qoymaq deməkdir. Bir ölkədə ki, gənclik aşağılanır, onun sabahı yoxdur. Çünki məndən, o birindən sonra bu ölkənin, cəmiyyətin sahibi həmin gənclik olacaq. Biz onlara bütün mümkün dəstəyimizi göstərək ki, onlar küsməsin, sınmasın.

Əslində, Azərbaycanda sağlam düşüncəli, istedadlı gənc yazarlar var. Stimul, qonorar, gəlir yoxdur, cəmiyyət problemlərlə doludur, üstəlik, Qarabağ kimi də böyük bir problem... gənclər bunların hansının öhdəsindən gəlsin? Ümumiyyətlə, gənc yazarları aşağılayan, onlara ironiya ilə yanaşanların ağlına şübhə edirəm. Gənclərə sayğısız davranmaq, fikirlərinə, mübarizələrinə qəzəblə yanaşmaq natamamlıqdı”.

Xanım yazarın paylaşımını bəyənənlər az olmayıb və fikir bildirənlərin sayı artıb;

Fərid İbrahimov: Azərbaycan yazarı pulgir deyil, yalan məlumat yazan deyil.

H.Məmmədov: "Prosto” bir qısmat çörək hərdən məcbur edir…

Azər Mehralıyev: amma… karyeristdi.

Pərvanə Bayramqızı

Azərbaycanda avara gənclərin çox olduğunu həvəslə dedikləri kimi, yaşı artsa da, kamilləşməyən böyüklərin olduğunu da desinlər.

Akəm Xaqan - elə kamilləşməyən böyüklər özlərində tapmadığı cəsarəti gənclərdə görüncə qısqanır, onları nədəsə günahkar görməyə çalışırlar... Təbii olaraq da meydanı boşaltmaq istəməyənlərin bu yersiz bəhanələri cəmiyyətdə narazılıq yaradır.

Gülcan Gülçin

Normal cəmiyyət olsa, gənclər üçün imkanlar açılar, avara gənclərin sayı da artmaz, savada, biliyə, yaradıcılığa, qurub yaratmağa daha çox meyl edərlər. Amma insafla demək olar ki, intellektual, savadlı gəncliyimiz də yetişməkdədi.

Hərtərəfli olmağa can atırlar.

Fəridov Nazim – Xaricə getmək istəyənlərə və eyni zamanda yazmaq istəyənlərə isə məsləhətim odur ki, heç vaxt tələsməsinlər. Xarici dili keyfiyyətli öyrənəndən sonra yazdıqları əsərlərin əvvəlinə "mən bu əsəri Azərbaycana həsr edirəm” kimi sözlərlə başlasınlar.

Aysel Alizade

heryeredebiyyat hashtaginin mənasını bilmək istəyənlər, ədəbiyyat həyatınızdan daha maraqlıdısa, dəstək verin, bu hastagla paylaşımlar edin. Hamı bilsin, ölkədə təkcə oyunlar yox, həm də beyinlər var.

Gənclərin başlatdığı kampaniya ədəbiyyata marağın artmasına səbəb olacaqmı?

Yazıçı-dramaturq Seyran Səxavət gənclərin belə bir kampaniya başlatmasının gözlənilməz olduğunu etiraf etdi:

-           Doğrudanmı bizim gənclər belə aksiya keçirir?! Belədisə, mən gənclər barədə fikirlərimi geri götürürəm. Məni bağışlasınlar... Həqiqətən, mənə ləzzət elədi. Bu aksiyanın mütləq müsbət təsiri olacaq. Heç olmasa, 5-10 nəfərə təsir göstərəcək. Belə aksiyalar təsirsiz ötüşmür. O boyda gənc "havalanmayıb ki”, aksiya keçirir?!. Məncə, gənclərin yazarlar haqqında səsləndirdiyi fikirlər əsl yazarlar haqqındadı. Vaxtilə Rusiyada belə ifadə vardı; Pasternak və Mandelştama istedadları yaltaq olmağa qoymadı. Azərbaycan böyük ədəbiyyat və mədəniyyət ənənəsi olan ölkədir. Düzdü, yazarların arasında yaltaqlar, filanlar da var, amma, onlar müvəqqətidir. Aksiyanın adı da gözəldi – Hər yer ədəbiyyat!.. Doğrudan da belədir. Hətta ən müasir texniki avadanlıqlar da sözlə başlayır. Dünya bir sözdən yaranıb. Ədəbiyyatın da materialı müqəddəs sözdü. Mən o gənclərin hamısını öpürəm. İndi doğma elimdə - Füzulidəyəm, Bakıya qayıdanda o uşaqlara şahanə qonaqlıq verəcəm. Arzu edənlər qatıla bilər...

Yazar, tənqidçi Əsəd Cahangir də gənclərin keşirdiyi aksiyadan hədsiz təsirləndiyini dedi:

-           Video-çarxa baxmışam. Aksiya çox xoşuma gəldi. Hətta, çox mütəəssir oldum. O uşaqların çoxunu tanıyıram – Rəvan Cavid, Aqşin Evrən, Rəbiqə Nazimqızı, Orxan Həsəni, Eminquey Akif... Doğrudan da, ədəbiyyat adamlarına diqqətin artırılmasına ehtiyac var. Gənclər yazır, yaradır, amma təəssüf ki, sovet dövrü ilə müqayisədə diqqət zəifdi. Söhbət Prezidentin diqqətindən getmir. Cənab Prezident, sağ olsun, istedadlı yazarlara təqaüd verilməsi üçün AYB-yə 1 milyondan artıq pul ayırır. 70 yazara, 20-si cavan olmaqla Prezident təqaüdü verilir.

Jurnalistlər üçün tikilmiş binadan biz yazarlara da mənzil bağışlandı. Söhbət, müəyyən səlahiyyət sahiblərindən gedir ki, gərək onlar yazarlara diqqət ayırsınlar. Çünki, ədəbiyyat adamlarının maddi durumu aşağı olur. Bunlar pul qazana bilməyən adamlardı. Bu insanlara maddi dəstək göstərilməlidi. Təltiflər, mükafatlar olmalıdır. Yazar özü üçün yazmır, cəmiyyət üçün yazır. Stimul olsa, böyük ədəbiyyat nümunələri yarada bilərlər. Gənclər belə bir addım atıb, diqqəti cəlb etmək istəyirlər. Təəssüf etdim ki, yazarlar bu səviyyəyə gəlib çıxıblar ki, artıq sakit dayana bilməyiblər, cəmiyyətə mesaj göndərirlər. Gənclərə qayğı lazımdı, çünki onlar ədəbiyyatımızın gələcəyidir.

 

 

Məlahət Rzayeva       

 

Şərq.- 2018.- 9 oktyabr.- S.8.