KONSEPSİYA HAZIRLANMALIDIR

 

Onlayn-media sahəsində qanunvericiliyin tənzimlənməsi dövrün tələbi və çağırışıdır

 

(Əvvəli ötən sayda)

 

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin ötən gün keçirilən iclasında internet medianın hüquqi əsaslarının qanunla tənzimlənməli olduğunu deyib. Deputat bildirib ki, bu qanun həm internet medianın fəaliyyətinə, həm də maliyyələşməsinə yardım edə bilər. MŞ-nin sədri informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiyaya qanun layihələrinin də hazırlanmasını təklif edib: "İnternetin cəmiyyətə təsiri geniş və önəmlidir. Azərbaycanda bu istiqamətdə qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır. Televiziyaradio yayımı haqqında qanun varsa, kabel şəbəkəsi haqqında qanun qəbul etməyi düşünürüksə, demək, internet media fəaliyyətinin də hüquqi əsaslarını bir qanunda birləşdirmək zəruridir.

Bu, imkan verəcək ki, mövcud sahədəki boşluqlar aradan qalxsın. Həm də internet medianın dövlət yardımından bəhrələnməsinə nail olacağıq. Məsələ bu günümüz üçün çox vacibdir. Qanunvericiliyimiz buna adekvat olaraq inkişaf edir. Ayrı-ayrı qanunlara dəyişiklik nəticəsində internet üzərindən yayımın məsuliyyəti məsələsinə diqqət yetirilib. Faydalı dəyişikliklərdən biri kimi "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və "Telekommunikasiya haqqında” qanunlara dəyişiklikləri vurğulamaq istərdim. Ancaq hesab edirəm ki, internet medianın funksiya və vəzifələri ayrıca qanunda əksini tapsa daha faydalı olar”. Ə.Amaşov informasiya təhlükəsizliyi ilə bağlı məsələyə də toxunub: "Müəyyən dövlət sənədlərində bu məsələ əksini tapır. Azərbaycanda Milli Təhlükəsizlik Konsepsiyası və "Milli təhlükəsizlik haqqında" qanun var. Lakin bu sənədlərdə informasiya təhlükəsizliyi məsələsinə ümumi yanaşılır. Halbuki, informasiya təhlükəsizliyinin təminatındakı metodlar fərqlidir. Düşünürəm ki, günümüzün reallığını nəzərə alaraq mövcud istiqamətdə daha fundamental yanaşma vacibdir. Bunun üçün informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiyanın, yaxud da qanunun qəbuluna ehtiyac var”.

Məlumat üçün bildirək ki, Azərbaysanda İnternet medianın yaranması ötən əsrin 90-cı illərin ortalarına təsadüf edir. Öncə qəzetlərin onlayn versiyaları, sonra isə sırf internet-media kimi yaradılan resursların sayı sürətlə çoxalmağa başlayıb.

Getdikcə internetin daha geniş yayılması və sürətlənməsi, smart cihazların hamı üçün əlçatan olması, sosial şəbəkələrin həyatımızın bir hissəsinə çevrilməsi bütün dünyada olduğu kimi Azərbaycanda da internet medianıın mövqeyini xeyli gücləndirdi. Bu gün Azərbaycanda internet media əsas xəbər mənbəyinə çevrilib. Çap mətbuatından fərqli olaraq, internet medianın dəqiq sayı ilə bağlı statistika mövcud deyil. Amma yüzlərlə müxtəlif xəbər saytlarının fəaliyyət göstərdiyi bəllidir. Demək olar ki, internet media həm xəbər istehsalının sayına, həm də əhatə dairəsinə görə aparıcı mövqeyə sahibdir. Bununla belə, bu sahənin problemləri və nöqsanları kifayət qədər çoxdur. İnternet mediada müşahidə olunan əsas cəhətlərdən birişablon xəbərçiliyin önə çıxması, böyük araşdırma və təhlillərin yoxa çıxmasıdır. Onlayn media kütləvi oxucuya, sosial şəbəkə istifadəçisinə xitab etdiyi üçün çox hallarda məzmunun keyfiyyəti və səviyyəsi bayağılaşmaya doğru gedir. İctimai müzakirələrin, alternativ siyasi fikir və dartışmaların, iqtisadi-sosial tənqidlərin yoxluğundan bir çox saytlar bir-birinə bənzəməkdədir. Bu baxımdan hesab edilir ki, internet medianın hüquqlarının qanunla tənzimlənməsi bu sahədəki problemlərin aradan qalxmasına səbəb ola bilər.

Gündəmə gətirilən məsələ ilə bağlı "Şərq”ə fikirlərini bəyan edən "Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı təklifi dəstəklədiyini deyib. Redaktorun fikrincə, internet media Kütləvi İnformasiya Vasitələri sayılır. Ona görə də KİV-ə aid olan bütün qanunqaydalar onlayn mediaya da aid olmalıdır:

"Hələlik internet mediada anarxiyadır, kim nə istəsə yazır, əhalini aldadır, təxribat törədir. Kritik situasiyalarda hətta milli mənafelərə və dövlət maraqlarına zidd fəaliyyət də göstərirlər. Minlərlə sayt var və bunların 99 faizi ciddi mətbuat deyil. Lakin insanlar ayırd edə bilmirlər, deyirlər filan yerdə yazıblarsa, deməli, belədir. Tezliklə internet media əsas mətbuat vasitəsi kimi yerini tutacaq. Bu sahədə ciddi nəzarət və tənzimləmə vacibdir. Təbii ki, burada söz və mətbuat azadlığının qarşısının alınmasından söhbət getmir. Sadəcə, anarxiyanın qarşısı alınmalıdır. İnternet media da məsuliyyət daşımalıdır. KİV son dərəcə vacib sahədir və burada qətiyyən anarxiyaya yol vermək olmaz. Dövlət yardımına gəldikdə isə ciddi və səviyyəli agentliklər müəyyən yardım almalıdır. Çünki qlobal informasiya müharibəsi internet media üzərindən gedironun yaxşı bazası, imkanları olmalıdır”.

"Milli.az” saytının baş redaktoru Anar İmanov da "Şərq”ə açıqlamasında deyib ki, onlayn-media sahəsində qanunvericiliyin tənzimlənməsi yaşadığımız dövrün tələbi və çağırışıdır:

"Hazırda hər kəs müəyyən cüzi pul qarşılığında sayt açıb, istənilən xəbəri tirajlaya bilər. Bu isə bəzi hallarda cəmiyyət arasında çaşqınlığa və panikaya səbəb olur. Çünki çox vaxt bu xəbərlərdə "çiy”, yoxlanılmamış və həqiqətə uyğun olmayan məlumatlardan istifadə olunur. Bu məsələdə qanunvericilik tənzimlənməlidir, konsepsiya hazırlanmalıdır. "Jurnalist” adı ilə rüşvət tələb edənlər, insanları alçaldan, təhqir edənlər mütləq layiqli cəzalarını almalıdır. İnformasiya müharibəsində işləyən onlayn-media maliyyələşməlidir, ona dəstək verilməlidir. Bunların hamısı olandan sonra artıq peşəkarlıqdan, informasiya müharibəsində mütləq qələbədən danışmaq olar”.

"YeniÇağ” Media Holdinqinin rəhbəri Aqil Ələsgər də "Şərq”ə açıqlamasında məsələnin çox aktual olduğunu bəyan edib. Vurğulayıb ki, Əflatun Amaşovun sıx-sıx gündəmə gətirdiyi bu məsələyə digər deputat həmkarları da dəstək versələr yaxşı olar:

 "Ən azından bununla bağlı konkret addımlar atılar. Neçənci dəfədir internet medianın fəaliyyəti, təhlükəsizliyi, maliyyələşməsi, hüquqi əsaslarının müəyyənləşməsi müzakirə olunur. Bəlkə hüquqşünaslar hansısa layihə üzərində işləyirlər. Ancaq hələ ki, ortada nəticə yoxdur. Bu gün internet media həm televiziyanın, həm radionun, həm yazılı mətbuatın önünə keçib. Ölkədə ictimai sferada gündəmi müəyyən etmək missiyası internet medianın üzərinə düşür. İnternet medianın cəmiyyətdə katalizator rolunu oynamasına baxmayaraq, hüquqi statusunun formalaşmaması fərqli mənzərə yaradır”.

Baş redaktorun fikrincə, internet medianın hüquqi əsaslarının müəyyən edilməsi alaq otlarının aramızdan çıxmasına səbəb olacaq: "Bu gün hər bir domen sahibi 10-20 dollarlıq saytla özünü "baş redaktorkimi təqdim edə bilir. Əgər hüquqi əsaslar müəyyən edilərsə, bütün saytlarla bağlı konkret qanunlar olarsa, onlayn medianın inkişafı sürətlənər. Maliyyələşmə məsələsində bizim üçün ən vacib parametr reklam bazarının olmamasıdır. Əlbəttə, dövlətdən dəstək almaq gözəldir, amma bununla bərabər Azərbaycanda reklam bazarı da formalaşmalıdır. Əgər bir şirkət mənə reklam verdiyi halda özü heç qazanmırsa, bu, hardasa "inzibatireklam olur. Reklam bazarının formalaşması reklam monopoliyasını da ortadan qaldıracaq. Hazırda bir qrup dələduz "otkat” (bərpa etmək - red.) sistemi ilə fəaliyyət göstərir. Hər hansı sayt qədər çox oxunsa da, ictimai rəyə təsir etsə , bəhs etdiyimi həmin qruplar öz çevrələrindən başqasına reklam verilməsinə imkan vermirlər. Əgər internet medianın hüquqi statusu qanunla müəyyən edilərsə, bu cür işbazların oyunu da baş tutmaz”.

Tanınmış jurnalist Azər Qaramanlı isə bildirib ki, onlayn medianın ayrıca qanunla tənzimlənməsini zəruri edən faktorlar yoxdur. Çünki onlayn media onsuz da "KİV haqqındaqanunla tənzimlənir. Sözügedən qanunda söz azadlığı, informasiya təhlükəsizliyi kimi məsələlərdən söhbət gedirsə, bütün bunlar "KİV haqqındaqanunda öz əksini tapıb:

 "Söhbət sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsindən gedirsə, onda hər şey öz adı ilə çağrılmalıdır. Sosial şəbəkə ilə peşəkar media arasında çox böyük fərq var bunları eyniləşdirmək mümkün deyil. Doğrudan da sosial şəbəkələr "KİV haqqındaqanunla tənzimlənə bilməz. Ona görə hesab edirəm ki, sosial medialardakı çağırış informasiyaları yayan şəxslərin məsuliyyəti qanun çərçivəsində nizamlanmalıdır. Təbii ki, bu zaman Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr nəzərə alınmalıdır. Digər ölkələrin, misal üçün Türkiyə, Rusiya kimi ölkələrin bu sahədə hüquqi təcrübələri nəzərdən keçirilə bilər. Lakin bir daha qeyd edirəm ki, peşəkar media "KİV haqqındaqanunla tənzimlənməlidir onlayn medianı çap mediadan ayırmaq heç bir məntiqə sığmır. Heç kim məsuliyyətdən azad oluna bilməz, lakin əsl məsuliyyət daxili məsuliyyətdir”.

 

İsmayıl

 

Şərq.- 2018.- 9 oktyabr.- S.11.