"BU GÜN DƏ MƏNƏ MANE OLANLAR VAR"

 

Hicran Nəsirova: "Əvvəllər belə məqamları görəndə çəkilirdim bir kənara ağlayırdım, üzülürdüm"

 

"Gəncliyimdə daha çox işləmək istəyirdim, gücüm var idi, imkan vermirdilər. Teatrın rejissoruna yaxınlaşıb deyirdilər ki işləmək istəmir”

 

Həyat elə özü əslində böyük səhnədir. Öz böyük, ya da kiçik rolunu oynayanlar var. Bir də peşəkar sənət səhnəsi var ki, orda seçilmişlər oynayır. Bizim yaşadığımız həyatı bir də səhnəciklərlə təqdim edir. Ömrünün 40 ilini səhnəyə həsr edən aktrisa, Əməkdar artist Hicran Nəsirova «Şərq»ə müsahibəsində bu günə qədər dilə gətirmədiyi sənət yolunun çətinliklərindən danışdı.

- 40 ildən artıqdır sənətdəsiz? Kifayət qədər yaddaqalan obrazlara imza atmısız. Azərbaycanda ilk seriala çəkilən aktrisalardan birisiz. Niyə bu gün çəkilən yerli seriallar barədə tənqidlər çox olur?

- Bəli, 40 ildir sənətdəyəm. Və həqiqətən ilk seriala çəkilən aktrisayam. O zaman seriala çəkilmək, serial çəkmək asan deyildi. Biz bu ənənəni qoyduq. Qaldı serialların zəifliyinə, elə ilk ondan başlayım ki, seriallarda ssenari zəifliyi özünü göstərir. Əsərin adını götürürlər, onun qol-budağını budayıb elə günə salırlar ki, yazılan əsərdən heç nə qalmır. Əgər bu əsəri o günə salacaqsızsa, elə təzə ssenari yazdırın, elə çəkin. Çoxumuz o əsərləri oxumuşuq, bizə tanışdı. Çəkiləndə onu bərbad vəziyyətə salırlar. Serialı uzatmaq xatirinə çəkmək düzgün deyil. Bir əsərin adını götürürlər, çəkəndə o əsərin ana xəttindən heç bir iz qalmır. O qədər problemlər var ki. Təsadüfi ssenaristlərin serial bazarına gəlişinimi deyim, qeyri-peşəkarların sənət aləmində tanınmasındanmı danışım? Kim istəyir serial çəkir.

- Qeyri-peşəkarlıq serialların baxımlılığına təsirini göstərir…

- Bəli, sənət aləmində qeyri-peşəkarların olması bizi narahat etməyə bilməz. Bizdə də güclü aktyorlar var. Hər işin peşəkarı olmalıdır ki, keyfiyyətli məhsul yaransın. İstər rejissor, istər ssenarist, istər aktyorlar peşəkar olmasa, orda yaradıcılıqdan danışmağa dəyməz. Hətta qrim ustası, kostyumları hazırlayan da peşəkar olmalıdır. Çünki bizim sahə kollektiv əməyin nəticəsində yaranır. Orda bir nəfərin qeyri-peşəkar işi digərlərinin də əməyinə mənfi təsirini göstərmiş olur.

- Hicran xanım, "Vicdan haqqı" serialının çəkilişləri artıq bitib. 3 mövsüm davam edən serial sanki sizi yenidən tamaşaçıya tanıtmış oldu. Yaşlı nəsil sizi tanısa da, gənclər arasında bu serialdan sonra tanındız…

- Razıyam fikrinizlə, yaşlı nəsil məni tanıyırdı. Amma gənclər bu serialdan məni yenidən tanımış oldular. 3 il serialın çəkilişləri oldu. Mən uzun müddət seriallardan, film-tamaşalardan uzaq qalmışdım. Müəyyən fasilədən sonra çox ürəklə bu işə başladım. İnsan, xüsusən də yaradıcı ruhlu insan bir müddət sənətdən uzaq qalanda ətalət onu basır. İşlədikcə özünə inamın çoxalır, özünü lazımlı hiss edirsən. Bizdə bəzən rejissorların münasibətinin aktyorların yaradıcılığına böyük təsiri olur. Rejissorlar bəzi aktyorları eyni ampluada görürlər, başqa xarakteri ona yaraşdırmırlar, onu fərqli ampluada görə bilmirlər. Bu da aktyorun öz potensialını göstərməsinə maneə yaradır. Deyək ki, faciə aktrisasını komik obrazda görə bilmirlər. Əgər bir aktyor, aktrisa tragik obrazda daha çox görünübsə, onu başqa ampluada görmək istəmirlər.

- Sizin yaradıcılığınızda bu məqamlara rast gəlinibmi? Rejissorlar sizi zamanında fərqli ampluada görə bilməyiblər deyə tam aktyor bacarığınızı sərgiləyə bilməmisiz?

- Çox təəssüf ki, rejissorların bir çoxu aktyorların potensialını görə bilmirlər, ya da görmək istəmirlər. Çünki onların özlərinin çalışmaq istədikləri aktyorları olur. Digərləri ilə işləməyə üstünülük vermirlər. Mənim təcrübəmdə bu problemlərlə üzləşmişəm. Zamanında, illər əvvəl Akademik Milli Dram Teatrında mənə rol verərkən çətinliklər yaradılıb. Məni fərqli obrazlarda görmək istəməyiblər. Rejissor seçiminə təsir edə bilən səbəblər olub. Mənə teatrın özündə bu gün də fərqli obraz verəndə aktyorlar özləri də qeyd edir ki, gözləmirdik ki, bu obrazı oynaya bilərsən. Düzü, bu söz xətrimə də dəyir. Çünki mən peşəkar aktrisayam, hər bir obrazı oynamağa potensial imkanım var. İstərdim sınasınlar. Bir etirafı da edim. Hazırda teatrda mənim elə obrazlarım var ki, bu yaşda o rolu oynamaq artıq doğru deyil. Yəni yaşım artıq o rolu oynamağa imkan vermir. Bunu bir müddətdir teatrda deyirəm ki, bu obraz üçün yaşlıyam. Öz yaşıma uyğun fərqli xarakterlərdə rollar yarada bilərəm axı. Mən komediya da oynayıram, dram da, faciə də. Özümə inanıram. Böyük aktyor üçün rolun fərqi olmamalıdır. Təəssüf ki, bizdə bəzən rejissorlar aktyorları qəlibə salır. Aktyor qəlibə düşdüsə, onun yaradıcılığı sönük görünür.

- Hazırda iradınız daha çox kimədir? Niyə seriallar zəifdir, teatrda təqdim olunan tamaşaların bəziləri uğurlu alınmır?

- Ən böyük iradım hazırda rejissorlaradır. O qədər maraqlı əsərlər var ki, onları səhnələşdirmək olar. Yəni özünüzə rejissor kimi inamınız yoxdu ki, o əsərlərə müraciət etmirsiz? Elə çıxır ki, rejissorlar öz potensiallarına güvənmirlər. Maraqlı əsərlər var. Gənclərin marağına cavab verər.

- Seriallarda sizin kimi professional aktrisalarla yanaşı, bayaq qeyd etdiyiniz kimi, qeyri-peşəkarlar da çəkilir. Gözəlliyi hesabına, kiminsə münasibətinə arxayındı deyə, çəkiliş meydançasında «kapriz»lər nümayiş etdirirlər.

- Təəssüf ki, belələri var. Ən pisi odur ki, belələri sənətə təsadüfən gələn peşəkarlara da mane olur. Onların da işinə kölgə salır.

- Siz də qarşılaşmısız çəkiliş meydançasında belələri ilə. Deyək ki, «Vicdan haqqı» serialının çəkilişlərində qeyri-peşəkarlar var idimi? Bunlar sizdə qıcıq yaradırmı? Sual verirsiz ki, axı mənim yanımda beləsi niyə çəkilsin?

- Var idi. Nə yalan deyim ki? Qeyri-peşəkarlar da var idi. Bir var divarla danışıb, tərəf-müqabili olasan, bir də var canlı varlıqla ünsiyyətdə olasan. Fərq odur. Tərəf-müqabilinin peşəkarlığı sənin yaradıcılığına təsir göstərir. Sən obrazda reaksiya göstərirsən, o sənin reaksiyanı ala bilmir. Artıq sönürsən. Çünki qarşılıq yoxdur. Almayanda mən çabalayıb qalıram. Çəkilişdən əvvəl onlara dəstək olurduq. Kim anlayırdı, təşəkkürünü hiss etdirirdi, eləsi də olurdu ki, heç məsləhəti dinləməyi bacarmır. Mən yaxşılığı təşəkkür xatirinə də etməmişəm.

- Zamanında yolunuzu kəsənlər, sizə paxıllıq edənlər olub. Ən azı buna eyham vurdunuz. Bu gün də varmı?

- Paxıllıq edənlər var idi, bu gün də var. Həddindən artıq yolumu kəsənlər oldu. Onlar ayağımın altını da qazırdılar.

- Bu gün də o intriqalar olur?

- Var. Sadəcə gənc ikən onlar mənə təsir edirdi. İndi artıq önəmli deyil. Çünki mənə pisliklərini bacardıqca ediblər.

- Bu paxıllıqların yaradıcılığınıza təsiri olubmu?

- Əlbəttə, təsiri oldu. Mənim yolumu kəsənlər oldu. Mənə rol verilməsin deyə min yola əl atanlar oldu. Təsəvvür edin ki, hətta televiziya kanallarına zəng edib deyirdilər ki, onu dəvət etməyin. Amma mən çoxlarının əlindən tutub televiziyaya çıxarırdım. O cür də rejissorlara yaxınlaşıb mənim barəmdə fikirlər formalaşdırırdılar. Gəncliyimdə daha çox işləmək istəyirdim, gücüm var idi, imkan vermirdilər. Teatrın rejissoruna yaxınlaşıb deyirdilər ki, işləmək istəmir. Mənimlə çalışan rejissor bir də görürdün mənimlə işləmək istəmir. Mənim də o xasiyyətim yox idi ki, rejissora yaxınlaşıb deyim ki, nə baş verir? Rol verin. Bir gün mənə aktrisalardan biri dedi ki, niyə soruşmursan sənə niyə rol verilmir?

- Yaradıcılığınızın bir dönəmində sanki boşluq da hiss olundu…

- Bəli, oldu. Daha doğrusu, o boşluğu yaradanlar oldu. Rejissora deyirdilər ki, onun 2 uşağı var, başı evə qarışıb. Bir gün məcbur qalıb soruşdum ki, mənə niyə rol vermirsən? Mən teatra elə-belə nə qədər gedib gəlim? Halbuki o rejissor mənə baş rollar verərdi.

- Söhbət yəqin ki, rejissor Mərahim Fərzəlibəyovdan gedir. O vaxtlar teatrın baş rejissoru o idi?

(Susur. Gülərək üstündən keçməyə çalışır.

- Mən ad çəkmək istəmirəm. Yəqin ki, adı çəkməyimə ehtiyac qalmadı. Siz ad çəkirsiz. Mənə dedi ki, sən 2 uşağa görə işləmək istəmirsən. Görün necə demişdilər ki, rejissor da inanmışdı. Başqa rejissorlara da deyilmişdi. Təxminən də bilirdim ki, məni teatrda sıxmağa çalışan aktrisa kim idi.

- Deyilənə görə, Xalq artisti Bəsti Cəfərova ilə soyuq olmusuz. Yəni sizə o mane olurdu?

- Mən ad çəkməyəcəm. Bilmirəm.

- Axı dediniz bilirdim kim idi? O dönəm Bəsti xanımla münasibətlər yaxşı olmayıb.

(Yenə sualımıza gülüşü ilə cavab verməklə, sətiraltı təsdiqləmiş oldu).

- Mən istəmirəm ad çəkim. Teatrda bu gün də mənə mane olanlar var. Əvvəllər belə məqamları görəndə çəkilirdim bir kənara ağlayırdım, üzülürdüm. İndi artıq bu intriqaları görüb qəbul etmək adiləşib. Mənim bir dönəm səhhətimdə yaranan problemlərin də səbəbi teatrda olan gərginliklərim idi. Ona görə də daha üstündən keçirəm, zamanında canımı elə yandırdılar ki, indi incitmək istəsələr də, ağrısı sızlatmır. Mənim üçün o insanlar artıq yoxdu. Onların varlığı mənim üçün maraqlı deyil. Görün mənim varlığım illərdir onları nə qədər narahat edib ki, illərdi kinləri, paxıllıqları bitmir, tükənmir. Mənim üçün yoxdular. Hətta bu yaşlarında da pislikləri ilə yaşayırlar. İnsan yaşa dolduqca pisliklərdən uzaq olmağa çalışır. Onlar hələ də o çirkabda çabalamağı özlərinə yaraşdırırlar. İnsan yaşlananda Allahdan daha çox qorxmağa başlayır. Onlarda Allah xofu yoxdu.

 

Tahirə Məmmədqızı

 

Şərq.- 2018.- 9 oktyabr.- S.13.