PARLAMENT MÜXBİRLƏRİNİN
ÜZƏRİNƏ BÖYÜK YÜK DÜŞÜR
Milli Məclisin fəaliyyətini
işıqlandıran jurnalistlər qanunlardan
xəbərdar olmalıdırlar
"Bəzən
elə jurnalistlər parlamentdə akkreditasiyadan
keçib, toplantılara qatılırlar ki, onların məqsədi heç
də Milli Məclisin iclaslarından xəbər
yaymaqdan ibarət deyil.
Hər kəs bunu bilir"
(…əvvəli ötən sayımızda)
Milli Məclisin
iclaslarında müxtəlif qanunlar qəbul
edilir, ayrı-ayrı sənədlərə
əlavə və dəyişikliklər həyata keçirilir. Parlamentin fəaliyyətinin
cəmiyyətə çatdırılması üçün
gündəlik qəzetlərin, informasiya
agentliklərinin və müxtəlif saytların müxbirləri
akkreditasiya olunub. Milli Məclisdə deputatların hansısa məsələlərlə
bağlı çıxışları, qanunlara
edilən əlavə və dəyişikliklər məhz
KİV nümayəndələri tərəfindən topluma çatdırılır.
Parlament jurnalistlərinin əsas vəzifəsi Milli Məclisdə baş verən prosesləri, müzakirələri, qanun layihələrini və deputatların çıxışlarını olduğu kimi cəmiyyətə çatdırmaq olsa da, bəzən, jurnalistlər bütün mövzular barədə məlumat verməyin mümkün olmadığını bildirirlər. Parlament müxbirləri bildirirlər ki, məsələn, gündəliyə 30-a yaxın məsələ daxil edilir, onların çoxusuna baxılır və qəbul olunur. Bunların hamısını çatdırmaq isə mümkün deyil. Jurnalistlər cəmiyyət üçün aktual olan məsələləri informasiya formasında verdiklərini, eyni zamanda həmin qanunla bağlı edilən çıxışları, deputatların fikirlərini işıqlandırdıqlarını bildirirlər.
Bu günlərdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov parlament jurnalistlərinin fəaliyyəti, onların Milli Məclisdə baş verənləri olduğu kimi və yetərincə cəmiyyətə çatdırmaması barədə öz narazılığını bildirib. Deputatın sözlərinə görə, istər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı müəlliflərin yazılarında Milli Məclislə bağlı dolğun məlumatlar Azərbaycan cəmiyyətinə çatmır. O bildirib ki, Azərbaycan mediasının Milli Məclislə əlaqələri daha da möhkəmləndirilməli və parlamentin nəyə qadir olduğu Azərbaycan cəmiyyətinə çatdırılmalıdır.
Bəzi media ekspertləri də parlament müxbirlərinin əksəriyyətinin cəmiyyətə dolğun informasiya vermədiklərini hesab edirlər. Ekspertlərin fikrincə, jurnalistlərin bir çoxu qəbul edilən qanunlarla bağlı lazımi informasiyanı vermək yerinə Milli Məclisdə baş verən digər məsələləri gündəmə gətirirlər və sırf yazının daha çox oxunması üçün məsələyə aidiyyəti olmayan başlıqlar qoyurlar. Jurnalistlər isə iradlarla qismən razı olsalar da, bütünlükdə tənqidləri qəbul etmirlər. Onlar düşünürlər ki, Milli Məclisdə müzakirə olan məsələlərin hamısını deyil, yalnız cəmiyyət üçün maraqlı olan mövzuları yazmaq daha məqsədəuyğundur.
"İki
sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
"Şərq”ə bildirib ki, bəzən Milli Məclisin
iclaslarında iştirak edən müxbirlər mövcud
informasiyanı öz xarakterlərinə uyğun olaraq
yayımlayırlar. Belə olduqda isə müəyyən
problemlər yarana bilir:
"Əflatun müəllimin dediklərində kifayət qədər həqiqət var. Bəzi məqamlarda görürsən ki, parlamentin fəaliyyətini işıqlandıran jurnalistlər hansısa fikri kontekstdən çıxarır və bu zaman tamam fərqli bir məsələ ortaya çıxır. Jurnalistlərin əksəriyyəti hərdən öz xarakterini yazıya hopdurmağa təşəbbüs göstərir. Təbii ki, bu, çox təəssüfləndirici bir məqamdır. Xüsusilə belə hadisələr elektron media qurumlarında baş verir. Amma düşünürəm ki, rəsmi dövlət agentliyi olan "Azərtac”, parlamentin rəsmi orqanı olan "Azərbaycan” qəzeti və digər media qurumları tərəfindən Milli Məclisin fəaliyyəti obyektiv olaraq işıqlandırılır. Təəssüf ki, bəzi media qurumlarının yanlışlıqlara yol verməsi adət halını alıb. Parlamentdə olan bir məsələ yox, qeyri bir hadisə qabardılır. Belə hallara yol verən media qurumları Milli Məclisin iş fəaliyyətinə ziyan vurmağa çalışırlar”.
"Səs”
qəzetinin baş redaktoru Bəhruz Quliyevin sözlərinə
görə, jurnalistlərin fəaliyyəti cəmiyyətə
düzgün informasiya çatırmaqdır. Bu, həmçinin
jurnalistlərin əsas vəzifələrindən biridir:
"Əfaltun müəllimin dedikləri
ilə razılaşıram. Yəni, bəzi məqamlarda
jurnalistlər qəbul olunan qanunların
mahiyyətindən kənara çıxıb lazımi məlumatları
çatdırmaq əvəzinə, başqa
mövzu ilə bağlı informasiya verirlər. Hesab
edirəm ki, hadisələrə daha fundamental yanaşmaq lazımdır. Bu,
jurnalistlərin peşəkarlığıdır. Demirəm ki, bizim jurnalistlərimiz
qeyri-peşəkardır. Sözün əsl
mənasında jurnalistikamızda çox
peşəkar və hadisələrə obyektiv
yanaşan jurnalistlər də var. Amma bəzi hallarda məsələyə fərqli yanaşan jurnalistləri də görürük.
Bu, müxbirin peşəkarlığından
yox, bir az arxayınçılığından irəli
gələn addımdır.
Düşünürəm ki, jurnalist 24 saat işləyir və işlədiyi dövrdə də gördüyü, eşitdiyi informasiyanı dəqiqləşdirib, sonra onu emal etməli və cəmiyyətə çatdırmalıdır. Sözsüz ki, hər jurnalist dövlətin vətəndaşıdır və bütün fəaliyyətində də vətəndaşlıq mövqeyini ortaya qoymalıdır. Jurnalist baş verən hadisələrin hər birini obyektiv şəkildə cəmiyyətə çatdırmağa borcludur. Bu, onun vəzifəsindən, tutduğu postdan və jurnalistlik fəaliyyətindən irəli gələn amildir”.
B.Quliyev həmçinin bildirib ki, parlament
müxbirlərinin bəzi nüansları tənqidi edilə
bilər, lakin bu, sağlam tənqiddir: "Tənqidin
kökündə heç bir
qərəz dayanmır və kimisə aşağılamaq məqsədi
güdülmür. Sadəcə olaraq jurnalist hadisələrə
yanaşmaqda peşəkar olmalı və
təmsil olunduğu ölkənin vətəndaşı
olduğunu nəzərə alıb daha fundamental addım
atmalıdır. Qısası, tənqid olan
yerdə inkişaf da var”.
Milli
Məclislə media təmsilçiləri arasında olan əlaqələrin
önəmli faktor olduğunu deyən "Bakı-xəbər”
qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, hər ilin
əvvəlində müxtəlif media təmsilçilərinin
parlamentdə akkreditasiyadan keçirilməsi, jurnalistlər
üçün texniki şəraitin yaradılması məqbul
səviyyədədir:
"Jurnalistlərin
parlamentin fəaliyyətini işıqlandırmaq istiqamətində
gördükləri işin keyfiyyəti ilə bağlı məsələ
olduqca həssas bir mövzudur. Əlbəttə,
Əflatun Amaşovun fikirləri ilə
razılaşıram. Sözün düzü, bu, mənim üçün olduqca
maraqlı bir məsələdir. Nəzərə
alsaq ki, ölkədə
parlamentin fəaliyyətini təmin edən
ayrıca bir televiziya
kanalı, radio, mətbuat orqanı yoxdur. Belə şəraitdə
Milli Məclisə gedən, baş verən hadisələrin və parlamentin göstərdiyi fəaliyyətin mümkün qədər dolğun
formada cəmiyyətə
çatdırılmasının bütün
yükü akkreditasiya
olunmuş jurnalistlərin üzərinə
düşür”.
A.Quliyev
bildirib ki, Əflatun Amaşovun qaldırdığı məsələ
nə qədər maraqlı görünsə də, məsələ
ilə bağlı konkret faktları görmək yaxşı
olardı:
"Təklif edirəm ki, Əflatun müəllimin və bu mövqedə olan digər deputatların akkreditasiya olan jurnalistlərlə birlikdə toplantısı keçirilsin. Bu toplantının Mətbuat Şurasında keçirilməsi daha məqəsədəuyğun olardı. Şəxsən özüm də tədbirdə iştirak etmək və konkret arqumentləri eşitmək istərdim. Çünki məqsədimiz parlament jurnalistləri ilə millət vəkillərinin fəaliyyətini bütün cəmiyyəti və hamımızı qane edə biləcək səviyyəyə çatdırmaqdır. Belə bir görüş keçirilərsə, Əflatun müəllimin qaldırdığı məsələ ilə bağlı olduqca məqbul nəticələr əldə edə bilərik”.
"Xalq Cəhbəsi” qəzetinin
baş redaktoru Elçin Mirzəbəyli də millət vəkilinin
iradları ilə razıdır. Onun
sözlərinə görə, Milli Məclisin
toplantıları ilə bağlı bəzən məqsədyönlü,
bəzən də qeyri-peşəkarlıqdan irəli gələrək
yayımlanan yanlış məlumatlar problemlərə səbəb
ola bilir:
"Söhbət
yalnız parlament müxbirlərindən getmir, istənilən
qurumda təmsil olunan və istənilən tədbirə gedən
jurnalist ilk növbədə peşəkar olmalıdır. İllər öncə parlament
jurnalistləri ilə bağlı bir
neçə dəfə məsələ
qaldırmışdım ki, Milli Məclisə gedən jurnalistlər
qanunlarla işlədikləri üçün onlara
qanunvericiliklə bağlı xüsusi təlimlərdən
keçirilməlidir. Onların qanunvericiliklə bağlı
anlayışları olmalıdır ki, bu və ya digər məsələ
haqqında danışanda söhbətin hansı qanundan getdiyini başa düşsünlər. Parlament müxbirinin qanundan xəbəri yoxdursa,
şübhəsiz ki, o,
informasiyanı da öz
anladığı kimi təqdim edəcək.
Çox
vaxt deputatlar fikirlərini izah etdikləri zaman onlar ictimaiyyət
üçün danışmırlar. Yəni bu, publikaya
hesablanmış fikirlər deyil və onlar qanunvericiliklə bağlı öz təkliflərini peşəkar dildə
səsləndirirlər. Təbii ki,
jurnalistlər çox vaxt
millət vəkillərinin nə demək istədiklərini anlaya bilmirlər və informasiyanı fərqli
olaraq cəmiyyətə təqdim edirlər.
Beləliklə həm qanunvericilik aktı
haqqında, həm də millət vəkili haqqında
yanlış təsəvvür formalaşır. Bu da olduqca
ciddi problemdir”.
Belə
halların aradan qaldırılması üçün
jurnalistlərə qanunvericiliklə bağlı daimi treninqlərin
keçirilməsinin vacib olduğunu deyən E.Mirzəbəyli
treninqlərin 1-2 gün deyil, davamlı şəkildə
olmasını vurğulayıb:
"Digər önəmli məqam
ondan ibarətdir ki, ümumiyyətlə qanunvericilik çərçivəsində
internet resurslarında olan xaosa son qoyulmalıdır. Media qurumu olaraq
müəyyən standartlara cavab verməyən, qeyri-peşəkar, müvafiq texniki imkanlara malik olmayan qurumların fəaliyyətinə imkan verilməli deyil. Hesab edirəm ki, Milli Məclis də məqsədyönlü
şəkildə yanlışlığa yol
verən media qurumlarının akkreditasiyasına
yenidən baxa bilər. Parlament
jurnalistləri arasında kifayət qədər peşəkarlar
var.
Parlament Jurnalistləri Birliyi (PJB) bu sahədə nüfuzlu bir təşkilatdır. Amma bu yalnız onların fəaliyyətindən asılı olan məsələ deyil. PJB-də təmsil olunan müxbirlər əsasən peşəkar olurlar. Lakin bəzən elə jurnalistlər parlamentdə akkreditasiyadan keçib, toplantılara qatılırlar ki, onların məqsədi heç də Milli Məclisin iclaslarından xəbər yaymaqdan ibarət deyil. Hər kəs bunu bilir. Düşünürəm ki, artıq belə məsələlərdə ölçü götürməyin zamanı çatıb”.
Yeganə Bayramova
Şərq.- 2018.- 12 oktyabr.- S.11.