HƏR YERİ
ƏDƏBİYYATA ÇEVİRMƏK ZOR İŞDİR
Qulu Ağsəs:
"Vaxtı ilə biz də belə kampaniya apardıq, sonu
olmadı"
Qulu Məhərrəmli:
"Bu cür ədəbiyyat trendləri hər gün
olmalıdır. Çünki çoxlu sayda çirkli
informasiyanın içində itib-batan müasir insanın ədəbiyyatdan,
mütaliədən uzaq düşməsi əsl humanitar fəlakətdir"
Mirmehdi Ağaoğlu: "Onlardan təvəqqem
budur ki, məqsədlərini konkretləşdirsinlər,
ortaya platforma-nizamnamə qoysunlar"
Qismət Rüstəmov:
"Nəticənin necə olacağını indidən
proqnozlaşdırmaq çətin olsa da, hazırkı mərhələdə
xeyli səs-küy yaratdığını deyə bilərəm"
Bir
qrup gənc yazarın təşəbbüsü ilə sosial
şəbəkədə #heryeredebiyyat adlı həşteq
yaradılıb və bu ad altında müxtəlif aksiyalar
keçirilir. Həşteqdə kamera
qarşısına keçən gənclər Azərbaycan
yazarlarını öyərək ədəbiyyata
marağı artırmağa çalışırlar. "Hər
yer ədəbiyyat” aksiyası artıq diqqət toplayıb. Gənc
yazarlar, şairlər statuslar, şeirlər, yazılar,
videolar paylaşaraq ədəbiyyatı təbliğ edirlər.
Aksiyanın yaradıcılarından olan Ayxan Ayvaz
"heryeredebiyyat” həşteqinin yaranma səbəblərindən
danışıb.
Çoxdandır
ədəbiyyatımızda durğunluq
yarandığını, ədəbiyyat saytlarının az,
kitab satışının isə çox zəif olduğunu
vurğulayan gənc yazar vəziyyətin qəliz həddə
çatdığını deyib: "Düşündüm
ki, nəsə bir canlanma etmək lazımdır. Çoxdan
fikrimdə olan mədəni aksiya məsələsini status
kimi yazdım. Düzdü, dostlar, həmkarlar, oxucular
münasibət bildirdi, dəstək olan oldu. Amma faktiki
heç kim bu məsələyə yaxın durmadı. Eləcə
layk eləyib, rəy yazıb keçdilər. Bircə Aysel
Əlizadə mənə yazdı ki, bu çox ciddi məsələdir,
gərək bunu müzakirə edək.
Aysel
xanımla söhbətimiz oldu və qərara gəldik ki, bir
qrup açaq, orda bir neçə yazarla həmsöhbət
olaq. Biz danışdıq, görüş təyin elədik,
çay süfrəsində oturub müzakirə elədik. Nəhayət,
qərara aldıq ki, aksiya bir dəfə olan bir şeydi.
Olacaq və bitəcək. Bunun nə qədər effekt gətirməsini
də bilmək olmur. Ona görə də mərhələli
şəkildə fəaliyyət göstərməyə qərar
verdik. İlk addım kimi həşteq yaratmaq və sosial
şəbəkədə diqqət çəkmək istədik.
Və bu da alındı. İki günə çox
böyük effekt gördük”.
Bir
neçə vaxt sosial şəbəkədə fəaliyyətlərini
davam etdirəcəklərini qeyd edən Ayxan "Azərbaycan
yazıçısı bu deyil” adlı video-rolikdən əlavə
növbədə başqa videolar da olacağını deyib:
"Kreativ,
ütüsüz formada çıxacağıq
tamaşaçı qabağına. Etdiyimiz hər şey modern formada
olacaq. Həşteqin adından da məlum olduğu kimi, hər
yerdə ədəbiyyatı göstərəcəyik. Metroda,
avtobusda, kafelərdə, küçələrdə və
s”.
Yazarın
sözlərinə görə, aksiyanın hədəfi cəmiyyətin
ədəbiyyata marağını artırmaq, gənclərin
kitab oxumasına nail olmaq, yazarlara qonorar verilməsini təmin
etməkdir. "Biz istəyirik ki, yeni yazarlar cəmiyyətdə
tanınsın, onların öz kütlələri olsun. Daha
sonra ölkədə kitab bazarında vəziyyəti düzəltmək,
yazarların kitablarının satışını təşkil
etmək, sponsorları bu işə qoşmaq niyyətindəyik.
Bir şirkət bizə dəstək verib. Rayonlarla iş,
oxucularla görüş və s. işlərdə bizə
kömək edəcəklərini dedilər. Başqa bir nəfər
də sponsorluq eləmək istəyir. Hələ söz kimi
deyilib, güman ki, yaxın günlərdə reallaşacaq.
Jurnal buraxmaq fikrimiz var. Mütləq öz dərgimiz
olmalıdır. Və bir də sayt. İstəyirik ki, müəlliflərə
normal qonorar verə bilək. Bütün bunlar
üçün xeyli yol qət etməliyik. Mən ümidliyəm.
Yaxşı olacaq. Sadəcə, tələsməmək, səbr
və aktivlik lazımdı. Daşlar yerinə oturacaq. "Həryerədəbiyyat”
artıq brendə çevrilmək üzrədir və bir
çox yerdən təkliflər alırıq".
"Ulduz”
jurnalının baş redaktoru, şair, publisist Qulu Ağsəs
də "Şərq”ə açıqlamasında gənclərin
bu addımını dəstəklədiyini bildirib:
"Ədəbiyyat
adına keçirilən hər aksiya gözəldir. Arzu edək
ki, bütün kampaniyalar ədəbiyyatdan yana olsun. Bu
aksiyanın ölçüləri, formatı barədə
tam məlumatlı olmadığım üçün fikir
bildirməyə çətinlik çəkirəm. Ədəbiyyatın
təbliğatı dedikdə gənclər nəyi nəzərdə
tutur? Öz yaradıcılıqlarını, yoxsa ümumi ədəbiyyatı?
Əgər bu kampaniya ədəbiyyata marağı artırmaq
üçündürsə, hər cür dəstəyi verməyə
hazıram”.
Bu cür
aksiyaların nə dərəcədə əhəmiyyətli
olduğuna gəldikdə isə şair deyib ki, müəyyən
vaxt kəsimində uğur əldə etmək olur:
"Vaxtı
ilə bu cür kampaniyaları biz də həyata
keçirmişik. Bir müddət effektiv nəticələrini
görsək də, sonradan hər şey əvvəlki
axarına qayıtdı. Müəyyən qədər bu
aksiyanın da gündəmdə qalacağına və
hansısa irəliləyişə nail olacağını
düşünürəm. Gerisi barədə isə konkret
proqnoz verməkdə çətinlik çəkirəm.
Güman edirəm ki, unudulub gedəcək”.
Jurnalist,
Filologiya elmləri doktoru Qulu Məhərrəmlinin fikrincə,
bu cür ədəbiyyat trendləri hər gün
olmalıdır.
Çünki insanın, xüsusilə
sürətli texnologiya və bu texnologiyanın gətirdiyi
çoxlu sayda çirkli informasiyanın içində
itib-batan müasir insanın ədəbiyyatdan, mütaliədən
uzaq düşməsi əsl humanitar fəlakətdir:
"Ədəbiyyat bu dünyada insanın ən etibarlı
yol yoldaşı, yaşadığı dünyanı və
zamanı mənəvi cəhətdən modelləşdirən,
onu ovudan, ruhunu bir dinc məcrada saxlaya bilən vasitədir. Ona
görə də zaman-zaman ədəbiyyat söhbətlərinin
qabardılmasını, medianın, xüsusən TV-lərin və
sosial şəbəkələrin bu mövzunu trendə
çevirməsini təqdir edirəm”.
Yazıçı
Mirmehdi Ağaoğlu isə ədəbiyyat, mədəniyyətlə
bağlı istənilən aksiyanın onu sevindirdiyini deyib:
"Hətta
arxasında kiminsə şəxsi xeyri güdülsə belə
ədəbiyyata maraq, mədəniyyət tədbirlərinin
keçirilməsi yaxşı haldır.
Dostlarımızın aksiyası isə əminəm ki,
sırf ədəbiyyat təəssübkeşliyindən
doğur. Və görürəm, çox böyük əzmlə
çalışırlar. İnanıram ki, bunun bir nəticəsi
olacaq. Mən də bu aksiyaya dəstək verməyə
hazıram. Sadəcə onlardan təvəqqem budur ki, məqsədlərini
konkretləşdirsinlər, ortaya platforma-nizamnamə qoysunlar.
Belə olan halda onlar üçün də üfüq
aydın olar, əlini günlük edib onların arxasıyca
baxan bizlər üçün də. Uğurlar
arzulayıram”.
Şair,
esseist Qismət Rüstəmov da #heryeredebiyyat adlı həşteq
aksiyasının maraqlı bir kampaniya olduğunu
düşünür:
"Gənclərin
xahişi ilə mən də bu aksiyaya qoşulub, onlara dəstək
oldum. Münasibətim də müsbətdir. Nəticəsinin
necə olacağını indidən proqnozlaşdırmaq
çətin olsa da, hazırkı mərhələdə
xeyli səs-küy yaratdığını deyə bilərəm.
Reaksiyaların olması da #heryeredebiyyat adlı həşteqinin
uğurlu bir seçim olduğunu göstərir. Gənclərin
dediyinə görə, aksiyanın davamında kitablar da
çap olunacaq. Ümid edirəm ki, onlar öz hədəfinə
çatacaq və bu aksiya ədəbiyyata maraq yaradacaq”.
Yazar Qan
Turalı ədəbiyyat naminə atılan hər
addımın gözəl və alqışa layiq olduğunu
deyib.
Şəymən
Şərq.-2018.- 10 oktyabr.- S.8.