“Hansı
verlişə gedim?”
"Efirlərimizin 90 faizi qalmaqallarla, şit zarafatlarla, mənasız mövzular ətrafında
müzakirələrlə doldurulur"
"Bir az
tamaşaçı hörməti
qazanmışıq, onu
qalmaqalların, efirdəki
bayağılığın qurbanı etmək istəmirəm. Ona görə də efirlərə gəlməyə
imtina edirəm"
Efir estetikanı,
peşəkarlığı, rəngarəngliyi sevir. Təəssüf ki, bu kimi amilləri
diqqətdən qaçırmağa
başlamışıq. İndi
istənilən insanın
pulu, tanışı
varsa, efirdə görünə bilir. Bu da efirlərimizə
qeyri-peşəkarlıq, məsuliyyətsizlik,
bayağılıq gətirib.
Bir də efirdə xarizması, səhnə mədəniyyəti,
yüksək musiqi zövqü ilə seçilən sənətçilər
var ki, onların
siyahısı azalıb.
Bu keyfiyyətlərə malik
sənətçilər az
olsa da, öz sənətləri ilə seçilməyi bacaranlar da var.
Əməkdar artist, lirik musiqiləri ilə könüllərə
yol tapan İlqar Muradovun məhz o sənətkarlar
sırasında adı
çəkilir ki, səhnə mədəniyyəti,
musiqi zövqü ilə seçilir. İfa etdiyi hər bir musiqi ciddi
sənətdən xəbər
verir. Repertuarında olan hər bir
mahnı, musiqi parçası Azərbaycan
musiqisinin ladlarına köklənib. Bu dəfə məhz
yüksək səhnə
mədəniyyəti, intellekti
və keyfiyyətli repertuarı ilə seçilən Əməkdar
artist İlqar Muradovla həmsöhbət
olduq. «Şərq»in qonağı olan Əməkdar artist bu günün bayağı musiqilərindən
ürək ağrısı
ilə danışdı.
- Sənətə, səhnəyə qarşı
hər zaman məsuliyyətli olan İlqar Muradov niyə son dönəmlər
efirlərdə görünmür?
- Bilirsiz, biz
sənətə gələndə
səhnəyə böyük
məsuliyyətlə yanaşırdılar.
Səhnə o qədər
müqəddəs məkan
sayılırdı ki,
oraya gələn hər bir sənətçi
məsuliyyətini dərk
edirdi. Biz karifeylərimizdən də
bu münasibəti görmüşük, belə
öyrənmişik. Sənətə
gələn gündən
də çalışmışam
ki, tamaşaçıma
qarşı məsuliyyətimi
unutmayım. Səhnədə
olan sənətçi
nə qədər tanınmış, məşhur
olmasından asılı
olmayaraq tamaşaçıya
qarşı məsuliyyət
hissini unutmamalıdır.
Bəli, təcrübə
səhnədə sənətçi
üçün vacib
amil sayılır. Bu gün gənclərdə
o məsuliyyət hissini
görə bilmirik. Təbii ki, bunu bütün gənc sənətçilərə
şamil etmək haqsızlıq olardı. Amma böyük mənada gənclərimizdə
özgüvən hissi
bir az çoxalıb.
Yəni sanki bir dəfə səhnəyə, efirə
çıxmaqla sənətdə
varlıqlarını sübut
etməyə çalışırlar.
Gənc ifaçılarda
özündən razılıq
hissi daha qabarıq hiss olunur. İddia gözəl hissdir. Amma iddia ilə
potensial imkanlar biri-birini tamamlamalıdır.
Təəssüf ki, bizim gənclər iddialı görünsələr
də, səhnədə
potensial imkanlarını
göstərə bilmirlər.
- Səhnəyə, efirlərə bayağı
musiqilər o qədər
rahat ayaq açdı ki, bu gün ciddi,
keyfiyyətli musiqi eşitmək çətinləşib.
Hətta peşəkar
bəstəkarlara üz
tutan qalmayıb…
- Həqiqətən acınacaqlı bir vəziyyət yaranıb. Efirlərə baxmaq olmur. O qədər bayağı verilişlər,
bayağı musiqilər
təqdim edilir ki, tamaşaçı ilə ünsiyyət üçün səviyyəli
veriliş tapıb qonaq gedə bilmirsən. Hansı verilişə gedim? Efirlərimizdə təqdim
olunan verilişlərin
demək olar 90 faizi qalmaqallarla, şit zarafatlarla, mənasız mövzular ətrafında müzakirələrlə
doldurulur. Efirlərdə
biabırçılıq baş
alıb gedir. Həqiqətən acınacaqlı
bir vəziyyət yaranıb. Efirlər toyxanaya çevrilib. Efir estetikası qalmayıb. Biz demirik toy musiqilərini
oxumasınlar. Amma toy musiqisi efirə,
səhnəyə gəlib
çıxmasın. Bu,
Azərbaycan musiqisinin
məhvinə gətirib
çıxaracaq. Musiqilərin
mənşəyi bilinmir.
Müğənnilərin ifa
etdiyi musiqilər, mahnıların janrını
müəyyən etmək
olmur. Teleməkanlarda elə musiqilər səslənir ki, onlara qulaq asmaq
mümkün deyil.
- Bəlkə bu da sizi
efirlərdən küskün
salıb?
- Bilirsiz, narahatlıq
üçün yetərli
səbəblər var.
Efirlərdə olan çirkinliyi görəndə
küskün düşürsən.
Bir az tamaşaçı
hörməti qazanmışıq,
onu qalmaqalların, efirdəki bayağılığın
qurbanı etmək istəmirəm. Ona görə də efirlərə gəlməyə
imtina edirəm. Demək olar, ancaq dövlət televiziyasında çıxış
edirəm.
- Səhv etmiriksə,
yeni bir mahnının klip çəkilişlərinə başlanacaq…
- Bəli, «Gecələr»
adlı bir yeni mahnı ifa etmişəm. Lirik bir parçadır.
Həmin mahnıya klip çəkilir. Rejissor Eminə müraciət etmişəm.
Maraqlı bir ekran işi olmalıdır. Klipdə bir az dinamik
kadrlara da yer verilir. Çox
güman ki, klipin təqdimat mərasimi də gerçəkləşdi.
- Ötən il maraqlı konsert layihəsi ilə tamaşaçı
qarşısına çıxdınız.
Növbəti solo konsert layihəsi nəzərdə tutulurmu?
- Bəli, ötən
il maraqlı konsert proqramı təqdim edə bildik. İnşallah, yeni ilin ilk
aylarında, daha dəqiq, fevral ayında Heydər Əliyev adına Sarayda növbəti solo konsert planlaşdırılıb.
Sadəcə, budəfəki
konsert proqramında maraqlı duetlər nəzərdə tutulub. Hələ ki duet ortaqlarımın adlarını açıqlamayım.
Tam bəlli olduqdan sonra bu barədə məlumat verərəm. Bircə onu deyə bilərəm ki, onlar arasında
gənclər də olacaq, tanınmışlar
da.
Tahirə
Şərq.-
2018.- 20 oktyabr.- S.13.