Diaspora mətbuatı  önəmlidir

 

Xaricdəki hər bir təşkilatın KİV-i olmalıdır ki, Azərbaycan həqiqətlərini dünyaya yaya bilək

 

Diaspor təşkilatlarının Azərbaycan həqiqətlərini fəaliyyət göstərdikləri ölkələrdə tanıtdırmaları üçün yeni imkanlar, yeni yanaşmalar tələb olunur. Təbii ki, bu zaman ilk növbədə informasiya kommunikasiya texnologiyaları yada düşür. Diaspor qurumlarımızın saytları olmalıdır ki, informasiya əlçatımlığı təmin olunsun. Azərbaycanın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolu və fəaliyyəti danılmazdır. Bəs görəsən, diaspor təşkilatlarının təsis etdikləri kütləvi informasiya vasitələri bu missiyanın öhdəsindən necə gəlirlər?

Qeyd edək ki, Azərbaycan diaspor mediası XIX əsrin ortalarından formalaşmağa başlayıb, ötən əsrin ilk illərində artıq mətbuat orqanlarının inkişafı sürətlənib. Maarifpərvər ziyalı Məmmədağa Şaxtaxtlının böyük əziyyətlər hesabına nəşr etdirdiyi həftədə üç dəfə türk dilində çap edilən "Şərqi-rus” Tiflisdəki Azərbaycan diasporunun böyük xidməti nəticəsində oxuculara təqdim olunub. 1903-cü ildən 1905-ci ilə qədər iki il müddətində işıq üzü görən qəzetin cəmi 377 nömrəsi çıxıb. 1905-ci ildə "Şərqi-rus” qapandıqdan sonra, 1918-ci ildə Tiflisdə yeni bir mətbu orqan "Gələcək” ictimai-siyasi, ədəbi qəzet çap olunub. Bu qəzet Mərkəzi Müsəlman Təşkilatı olan "Hümmət” Menşevik Sosial-Demokrat Firqəsinin orqanı olub. Elə həmin il Tiflisdə yeni bir məcmuə də - "Gənclər yurdu” çap edilib. Bala Məmmədzadə və F.T.Hacızadə məcmuənin redaktoru olublar. "Gənclik” qəzeti həftədə iki dəfə, "Gənclik yurdu” isə ilkin mərhələdə ayda iki dəfə, sonra isə həftədə bir dəfə buraxılıb. Zaman ötdükcə Azərbaycan diaspor mətbuatı bu və digər ölkələrdə daha da inkişaf edərək formalaşıb.Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının malik olduğu mətbu orqanlar arasında "Azerbaidjan Review” qəzeti özünəməxsus yer tutur. Qəzet Amerika Nyu-York Assosiasiyası tərəfindən 2007-ci ildə nəşr edilib. Bu qəzetdə yalnız Azərbaycan haqqında informasiyalara deyil, həmçinin Amerikada yaşayan azərbaycanlılar, Azərbaycandan bu ölkəyə köçmüş yəhudilərin ictimai fəaliyyəti, ABŞ-Azərbaycan münasibətlərinə dair maraqlı materiallara rast gəlmək mümkündür. "Azerbaidjan Review” qəzeti fəaliyyət göstərdiyi müddətdə fasiləsiz olaraq nəşr olunub və müəyyən oxucu kütləsi toplamağa müvəffəq olub.

"Azerbaijan İnternational magazine” (Azərbaycan Beynəlxalq jurnalı) isə müstəqil ictimai, ədəbi-bədii jurnaldır. Jurnal Sovet İttifaqının dağılması və Azərbaycanın müstəqillik əldə etməsindən qısa bir zaman sonra, 1993-cü ildə yaradılıb. Həmin vaxtdan jurnal bəzi hallarda latın və ərəb əlifbası ilə Azərbaycan dilində, bəzi məqalələr də daxil olmaqla ingilis dilində ildə dörd dəfə buraxılır. Jurnalın Los-Anceles və Bakıda ofisləri var. Jurnalın hər nömrəsi (incəsənət, musiqi, ədəbiyyat, folklor, arxitektura, arxeologiya, sağlamlıq, ətraf mühit, beynəlxalq əlaqələr, biznes, dəb və adətlər kimi sosial məsələlərə həsr edilmiş məqalələr) təxminən 100 səhifədən ibarətdir. Jurnalın hədəf auditoriyası biznes, diplomatiya və akademik sahələrdəki beynəlxalq oxuculardır. Lakin jurnalda azərbaycanlıların özləri üçün də yeni olan mövzular və məsələlər araşdırılaraq təqdim edilir. Azərbaycan ədəbiyyatı və ingilis dilində tərcümələrlə zəngin internet səhifəsinə malikdir."Azərbaycan” radiosu (Almaniya) Azərbaycan Akademik Birliyi tərəfindən Almaniya Federativ Respublikasında 2002-ci ildən yayımlanır. Radioda Azərbaycan haqqında proqramlara - mədəniyyət, tarix və xəbər verilişlərinə xüsusi əhəmiyyət verilir. Radio Almaniyada yaşayan azərbaycanlıları informasiya ilə təmin etmək, onların öz dilini, adət-ənənələrini yaşatmasına yardım göstərmək məqsədinə xidmət edir.

 

Azərbaycan Akademik Birliyinin internet səhifəsi "www.asav.org” 2001-ci ildə Almaniyanın Boxum şəhərində yaradılıb. Alman və Azərbaycan dillərində yayımlanır. "Aktual”, "təşkilat haqda”, "media”, "nəşrlər”, "Azərbaycan haqda” məlumatlar saytın səhifəsində ayrıca linklərdə göstərilib.

Azərbaycan Radiosu (Danimarka) da həftənin hər çərşənbə günü, saat 22:00-dan 24:00-a kimi Arhus FM, Kanal2, Frekans 98,7MHz tezlikdə yayımlanır. Radionun yaradılmasında əsas məqsəd Azərbaycan tarixi və mədəniyyətini Danimarkada təbliğ etməkdir."Azərbaycanın səsi” radiosu (Fransa) "Azərbaycan Evi” tərəfindən 2004-cü ildən Fransada yayımlanır. Burada Azərbaycan haqqında ən son məlumat və xəbərləri dinləmək, milli musiqimizə qulaq asmaq mümkündür. Radioda müxtəlif mədəniyyət və əyləncəli proqramlar efirə verilir.

"Azərbaycanın səsi” radiosu (İsveçrə) isə İsveçrə-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən 2004-cü ildən İsveçrə Konfederasiyasında yayımlanır. Radio Azərbaycanda baş verən ən son hadisələr, ölkəmizin ictimai-siyasi və sosial iqtisadi həyatı ilə bağlı məlumatları İsveçrədə yaşayan azərbaycanlılara çatdırır.

"Azərbaycanın səsi” radiosu (Norveç) 2006-cı ildən Norveçdən yayımlanır. Radioda Azərbaycan mədəniyyəti, tarixi haqqında proqramlar və xəbər verilişləri efirə verilir. Norveçdə yaşayan azərbaycanlıları informasiya ilə təmin etmək, onların öz dilini, adət-ənənələrini yaşatmasına yardım göstərmək məqsədilə yaradılıb."AzCan” jurnalı Kanada Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi tərəfindən 2008-ci ildən etibarən Kanadada nəşr edilir. Kanadada yaşayan azərbaycanlıların diaspor fəaliyyəti, təşkilatlar tərəfindən keçirilən tədbirləri geniş işıqlandıran bu jurnalda Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılmasına da xüsusi yer verilir. Jurnal Kanadada yaşayan soydaşlarımızın Azərbaycanla bağlı əsas informasiya mənbələrindən biridir.

Belçika Krallığında fəaliyyət göstərən "Azərbaycan Evi”nin mətbu orqanı olan "EU Xəbər” qəzeti "Azərbaycan Evi”nin həyata keçirdiyi bütün aksiyaları əks etdirir. Bununla yanaşı, Azərbaycan diasporunun fəaliyyəti, Azərbaycan mədəniyyəti, musiqisi, mətbəxi haqda təbliğati məqalələr qəzetin səhifələrində əks olunur. Qəzet 2004-cü ildə nəşr olunub."Azəri” Latviya Azərbaycanlıları Cəmiyyətinin internet səhifəsi olan "www.azeri.lv” sadə dizaynlıdır. İki dildə: rus və latış dillərində yayımlanır. "Azərbaycan”, "Tarix”, "Bakı”, "Simvollar”, "Bayramlar”, "Azərbaycan mədəniyyəti”, "Hadisələr” və "Xəbərlər” linkləri var. Sayt Azərbaycan mədəniyyəti və tarixini Latviyada təbliğ etməklə milli və etnik qrupların bu ölkənin mədəni həyatındakı iştirakını, yerli əhali ilə qarşılıqlı münasibətlərin inteqrasiyasını dəstəkləyir, bu ölkədə yaşayan soydaşlarımızı öz ətrafında birləşdirir. Sayt "Azəri” cəmiyyətinin orqanı olaraq, Azərbaycanın tarixi və mədəniyyəti ilə Latviya ictimaiyyətini tanış edir."Azərbaycanın Holland dostları” təşkilatının internet səhifəsi "www.dufoa.nl” sadə dizaynlı olsa da, informativ baxımdan çox zəngin bir saytdır. Bakı, Azərbaycan bölmələri ilə yanaşı, "Xocalı”, "Xarı Bülbül”, "Azəricə danışaq”, "Azərbaycan mətbəxi” və digər bölmələrin aktiv olması xoş təəssürat yaradır. Saytda ön səhifədə Bakı, Azərbaycanla bağlı bir neçə video da yerləşdirilib. "Www.azerifood.com” saytı da 4 dildə yayımlanır və Azərbaycan mətbəxi barədə böyük təbliğati iş aparır. Bundan başqa, "Ümumi məsləhətlər” bölümündə məsləhət xarakterli tövsiyələr verilir. Mətbəx-mədəniyyət, mədəniyyət isə silahdır. Sözügedən sayt bununla təkcə Azərbaycan mətbəxini tanıtmır, həm də təbliğat aparır.2000-2005-ci illərdə Azərbaycan diasporunun mətbu orqanı olan "Azərbaycanın səsi” qəzetinin redaktoru vəzifəsində çalışan Qaraş Tağıyevin sözlərinə görə, diasporların kütləvi informasiya vasitələri həm xalqımızın müxtəlif mərhələlərdə yaşanmış tarixinin, həm müstəqil Azərbaycanımızın dünəni, bu günü və gələcəyi ilə bağlı milli məsələlərin beynəlxalq KİV müstəvisinə çıxarılmasında böyük əhəmiyyət təşkil edən sahədir: -Bu sahənin inkişafını təmin edə biləcək amillərin xarakterizə olunması, müəyyənləşdirilməsi, qloballaşan dünyanın tələblərinə cavabdehliyinin təmin olunması, diaspor KİV-nin redaksiyalarının fəaliyyətinin sosial inteqrasiyası üçün effektiv formaların, metodların təyin olunması əsas şərtlərdən biridir. Diasporumuzun KİV sahəsindəki işinin daha effektli olması üçün həm Azərbaycanda diaspor sahəsində çalışan jurnalistlər, həm də müxtəlif ölkələrdəki diaspor təşkilatlarının mətbu orqan əməkdaşlarının birgə işinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi ümdə məsələlərdəndir. Bu baxımdan, səmimi olaraq deyə bilərəm ki, yeni fəaliyyətə başlamış "Diaspor jurnalistləri birliyi” kimi təşkilatın yaranmasına ehtiyac duyulurdu. Bu təşkilatın yaranması ilə bağlı atılan addım diasporumuzun KİV sahəsindəki işini daha da intensivləşdirmək istiqamətində son dövrdə diasporun fəaliyyətini işıqlandırmaqla bağlı atılan səmərəli, mühüm əhəmiyyət kəsb edə biləcək addımlardan biridir”.Azərbaycan-Avropa İnformasiya Mərkəzinin internet səhifəsi "www.azerinfo.eu” da Azərbaycan haqda ətraflı məlumatlar verilən sadə dizaynlı saytlardan biridir. Böyük informasiya bazası var. Saytın sağ kalonunda Qarabağ problemini, Ermənistanın Azərbaycana təcavüzünü, soyqırım, toponimik soyqırımı əks etdirən 4 aktiv banner yerləşdirilib. Diaspor linkində xaricdə fəaliyyət göstərən bütün təşkilatların informasiya bazası verilib. Mədəniyyət, tarix, ədəbiyyat, musiqi bölümləri də informasiya ilə zəngindir. Bölmələrə daxil olmaqla asan axtarış aparmaq olur.

 

Şəymən

Şərq.- 2018.-  2 oktyabr.- S.11