Ekspert mətbuatdan qonorar istəyə bilər

 

Bizdə medianın maddi durumu buna imkan vermir

 

"Azərbaycanda QHT-lər, KİV-lər institutlaşdığı kimi ekspert sahəsi ilə bağlı olan məsələlər institutlaşmalıdır"

 

Dünyanın əksər ölkələrində mətbuata və televiziyalara danışan ekspertlər bunun müqabilində qonorar alırlar. Bu qonorarlar ekspertlə televiziya və mətbuat orqanı arasında ya açıqlamanın həcminə görə təyin edilir, ya da açıqlamaların sayına görə aylıq müqavilə bağlanır. Müqavilələrin müqabilində açıqlama verən, öz fikirlərini "satan” ekspertlərə müəyyən miqdar ödənilir.

Lakin ölkəmizdə hansısa mövzu barədə şərh verdiyi üçün pul qazananciddi gəlir əldə edən ekspertlər yoxdur. Dəfələrlə müzakirə edilsə də, bu məsələ ilə bağlı oturuşmuş bir sistem mövcud deyil. Əksər ekspertlər hansısa televiziya proqramına dəvət aldıqda, onlar vaxtlarını sərf etmək istəmirlər. Amma televiziya proqramında təmənnasız olaraq şərh verməyə maraqlı olan ekspertlər də var.

Qeyd edək ki, mətbuata və televiziyalara danışan ekspertlərin qonorar alması heç də birmənalı qarşılanmır. Bəziləri ekspertin açıqlama verməsi müqabilində pul almasına ehtiyac olmadığnı deyir. Əslində ekspertlərin öz beyin məhsulunu istehsal etdiyi nöqteyi-nəzərindən bunun müqabilində haqqı olanı alması normal bir haldır. Bu həm də peşəkarlıq baxımından önəmlidir. Çünki bəzən qeyri-peşəkar ekspertlər sırf tanınmaq üçün televiziya proqramlarında müzakirələrə qoşulurlar və açıqlama verirlər. Bunun əvəzində isə heç bir gəlir əldə etmirlər. Belə olduğu halda müəyyən xoşagəlməz hallar da yaşana bilir. Məsələn, ekspert mövzuya aid olmayan şərhlər verirya müzakirə edilən məsələdən tamamilə xəbərsiz olur.

Mətbuata və ya televiziyaya danışan ekspertlərin bunun əvəzində qonorar alması ilə bağlı "Şərq”ə danışan media nümayəndələri ekspertlərin gəlir əldə etməsinin normal hal olduğunu düşünürlər.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, hər bir sahə üzrə institutlaşmış təşkilatlar və ya imici formalaşmış ekspertlər var. Onlar konkret KİV qurumları ilə əməkdaşlıq edərək ekspert xidməti göstərirlər və bunun qarşılığında da müəyyən maliyyə yardımı alırlar: "Azərbaycanda hələ ki, bu praktika tətbiq olunmuryaxud çox azdır.

Ölkəmizdə bu məsələ birmənalı şəkildə qonorar alınması kimi başa düşülmür. Çünki ekspertlərin başqa maraqları da ola bilər. Onların şərh verib maddi gəlir əldə etmək yox, bəlkə də fikirlərinin daha çox yayılması, reklam olunması kimi maraqları ola bilər. Hələlik ölkəmizdə məsələnin bu tərəfi tətbiq olunur. Yəni, müəyyən ekspertlər, ekspert rəyi verən institutlar və təşkilatlar hansısa quruma rəy verib maddi gəlir əldə etmək yox, daha çox reklam olunmaq istəyirlər.

Hesab edirəm ki, Azərbaycanda QHT-lər, KİV-lər institutlaşdığı kimi ekspert sahəsi ilə bağlı olan məsələlər institutlaşmalıdır”.

M.Ələsgərli deyib ki, ekspertlər müəyyən maddi qazanc qarşılığında şərh verə bilərlər: "Burda çəkinəcək və ya qınanılacaq bir hal yoxdur. Çox təəssüf ki, bəzən ekspert rəyi reklama işlədiyi üçün bir sıra yanlışlıqlar üzə çıxır. Bu zaman ekspertlər reklam olunmaq xatirinə şərhlərini ayrı-ayrı KİV qurumlarının informasiya siyasətinə uyğunlaşdırmalı olurlar. Bu da onların verdikləri rəylərin dolğunluğunu, etimadlılığını şübhə altına alır. Bəzən ekspert sadəcə reklam olunmaq üçün bu gün mədəniyyətdən, sabah jurnalistikadan, o biri gün isə siyasətdən danışır. Onlar hansısa maraqların ödənilməsinə görə, bəzən çoxfunksiyalı ekspert kimi çıxış edirlər ki, bu da əslində ziyan gətirir”.

M.Ələsgərlinin sözlərinə görə, söhbət yalnız ekspertlikbunun müqabilində maddi maraqların təmin olunmasından getmir. Çox təəssüf ki, Azərbaycanda bu məsələ ilə bağlı ciddi problemlər var. Əgər ekspert maddi maraq üçün deyil, sadəcə reklama işləyirsə, rəy verilməsi çətin olan məqamlarda, mübahisəli məsələlərdə geri çəkilirlər: "Amma onların gördükləri müqabilində maddi gəlir əldə etmələri mexanizmi formalaşarsa, təbii ki, bu cür ekstrimal durumlarda kənara çəkilməzlər. Təəssüf ki, media qurumlarında da bu sahədə çatışmazlıqlar var. Bəzən maddi ödəniş ödəməmək üçün püxtələşməmiş, ictimai rəydə qəbul olunmamış şəxsləri ekspert kimi tapırlar və ortalığa çıxardırlar. Bu da ictimai rəyin düzgün formalaşmaması, düzgün şərhlərin verilməməsi baxımından problem yaradır. Nə qədər ki, ekspertlər uyğunluq üzrə seçilmirlər, auditoriyalarda, mətbuatda, televiziyalarda müəyyən problemlər yaranacaq”.

Demokratik Jurnalistlər Liqasının sədri, tanınmış jurnalist Yadigar Məmmədli isə deyib ki, Azərbaycan mətbuatının real durumunda həmişə maliyyə problemləri olduğuna görə ekspertlərin qonorar alması məsələsi arxa plana keçib: "Ekspertlər daim üzərlərində işləyirlər, onların fikirləri təbii ki, öz məhsullarıdır və mütləq formada müəyyən qonorarlarla maliyyələşməlidirlər. Çünki ekspertlər şərh verərkən müəyyən zaman sərf edirlər. Məsələn, hansısa televiziya verilişinə gedən ekspertlər bunun üçün hazırlaşırlar və bu, vaxt itkisinə səbəb olur. İtirdikləri vaxta görə də onlar qonorar almalıdırlar. Digər tərəfdən ekspertlərin şərhi pulsuz olduğunu görə, belə bir mənzərə yaranır ki, əsl peşəkarlar çox vaxt müsahibə verməkdən boyun qaçırırlar. Çünki onların vaxtı gedir və ödəniş olmadığına görə açqılama vermək onlara sərf etmir. Bu zaman əsl peşəkar ekspertlərin yerinə daha az peşəkar olanlar gəlirlər. Bəzən mətbuat müxtəlif sahələrdə ekspert axtarmaqda çətinlik çəkir, çünki 3-5 nəfər var ki, daim onlara müraciət olunur”.

Liqa sədrinin fikrincə, ekspertlərə öz əməkləri müqabilində qonorar verilsə, ciddi və əsl peşəkar ekspertlər şərh verərlər, digər qeyri-peşəkar ekspertlər isə sıradan çıxar: "Ona görə də bu olduqca ciddi bir məsələdir və bizim istəyimizdən asılı deyil. Hər zaman istəyirik ki, ekspertlər açıqlamaları müqabilində qonorar alsınlar, amma bu, maliyyəyə bağlı olan bir məsələdir. Hər halda maliyyə məsələlərini həll etmək lazımdır ki, yazdıqlarımız, cəmiyyətə təqdim etdiyimiz məhsullar peşəkar olsun. Bunun üçün də mətbuatda və televizyalarda ancaq peşəkar ekspertlər olmalıdır. Bütün bunlar da həm mətbuat və həm də ekspertlər üçün uğurlu olar”.

Əməkdar jurnalist Azər Həsrət tez-tez televiziya proqramlarına dəvət alan biri kimi pul qazanmağın marağında olduğunu deyib: "İstərdim ki, dünya ölkələrində olduğu kimi, bizdə də bu sahədə ekspertlərə pul ödənilsin. Bilirsiz ki, Azərbaycan müstəqil dövlətdir, yeni-yeni sahələr formalaşır. Elə sahələr var ki, çox irəli getmişik, tam formalaşmışıq və qayda-qanun yaranıb. Elə sahələr də var ki, hələlik arzuolunan səviyyəyə çatmamışıq. Şəxsən mən bu günə kimi dəvət olunduğum televiziya kanallarından ekspert kimi qonorar almamışam. Digər əməkdaşlarımızdan da maraqlanmışam. Onlardan da demək olar ki, heç kim qonorar aldığını demir. Belə başa düşülür ki, bir qayda olaraq ekspertlərin heç birinə qonorar verilmir, ya da ola bilsin daimi əsaslarla ekspertlik edən şəxslərə pul ödənilir.

Xarici televiziyalarda daimi olaraq ekspert qismində çıxış edən hər kəsə qonorar verilir. Həm də bu, kiçik məbləğ deyil. Çünki ekspert dediyin konkret sahə üzrə hamıdan daha doğru və əsaslandırılmış fikirlər səsləndirə biləcək birisidir. Onun fikirlərinə cəmiyyətin çox ciddi ehtiyacı olur. Xüsusən də kritik məqamlarda belə ekspertlərin fikirləri ictimai rəyin idarə olunmasında vacib rol oynayır. Televiziyalar, radiolar da belə ekspertlərə pul ödəyirlər”.

A.Həsrət bildirib ki, bəzən bizim ekspertlər "xaltura” edirlər. Yəni, televiziya kanallarına ekspert kimi dəvət olunmuş şəxslər çox zaman şərh etdikləri məsələ haqqında yetərincə bilikli olmurlar, yaxud dərinə vara bilmirlər: "Elələri var ki, sanki çıxıb audtioriya qarşısında mühazirə oxuyur. Keyfiyyət problemi özünü buya digər şəkildə göstərir. Bu da maliyyə ilə həll oluna biləcək bir məsələdir. Çünki maliyyə təklif edilərsə, təbii ki, ekspert öz işinə daha məsuliyyətli yanaşacaq, biləcək ki, ona ödəniş olunur və yaxşı danışmasa, onun ekspert xidmətindən imtina ediləcək. Belə bir həvəsləndirmə, motivasiya olsa, əlbəttə, yaxşı olar. Fikrimcə, indiki şəraitdə televiziya kanalları ekspertlərin fəaliyyətlərini maliyyələşdirmək haqqında düşünə bilərlər. Ən azından ölkəmizdə belə bir şərait yaranıb”.

"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə vurğulayıb ki, ekspert hansısa məsələnin müzakirə olunması üçün dəvət olunubsa, qonorara ehtiyac yoxdur: "Eksert müəllif kimi təşəbbüs göstərirsə, yəni müəllif kimi hansısa qəzetə yazı təqdim edirsə, təbii ki, bu xidmət üçün əmək haqqı almalıdır. Amma ekspertlərın hansısa mövzu barəsində fikir bildirməsi üçün qonorar verilməsə də olar. Bu, adi bir haldır”.

 

Yeganə Bayramova

 

Şərq.- 2018.- 29 sentyabr.- S. 11.