27 YAŞLI “SƏS”
Azərbaycan mətbuatı
tarixində bu qəzetin məxsusi yeri var
Yanvar ayının 11-də respublikanın
çoxsaylı mətbu orqanları arasında özünəməxsus
dəst-xətti ilə seçilən "Səs” qəzetinin
27 yaşı tamam oldu. Bu müddət mətbuat
orqanı üçün o qədər böyük dövr
sayılmasa da, qəzetin kollektivi Azərbaycan mətbuatının
inkişafında, söz və fikir azadlığının
müdafiəsində, vətəndaşların hüquq və
azadlıqlarının qorunmasında öz sözünü
deyə bilib. Ötən ilin müşahidələri göstərir
ki, informasiyaların ictimaiyyətə qərəzsiz, obyektiv
çatdırılmasında "Səs”in çox
böyük rolu və təcrübəsi var. Təbii
ki, Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər
rolu və xidmətləri olan mətbu orqanların hər
birinin mövqeyi, cəmiyyətdəki yeri oxucularının
sayı ilə bəlli olur.Bu baxımdan "Səs”i öndə
gedən qəzetlərdən saymaq olar. Söz
və mətbuat azadlığının davamlı
inkişafda olduğu, KİV-ə dövlət dəstəyinin
artdığı müasir dövrdə ölkəmizdə
kifayət qədər mətbu orqan olsa da, "Səs” bu
bolluqda imzasına sadiq qəzetlərdən olduğunu təsdiqləyib.
Təcrübəsi çox olan bu qəzet cəmiyyətdə
öz mövqeyi, operativliyi, jurnalist peşəsinə verdiyi
diqqət və məsuliyyəti ilə seçilir. "Səs”
qəzeti 1990-cı illərin əvvəllərində, müstəqilliyimizin
təhlükə altında olduğu vaxtlarda əsl vətəndaşlıq
mövqeyini ortaya qoyub. Daxili və xarici bədxahlara
qarşı sözün qüdrəti ilə mübarizə
aparıb. Dövlətimiz və xalqımız
üçün taleyüklü bir dövrdə əsası
qoyulmuş bu mətbu orqan daim cəmiyyətin aktual problemlərini
qətiyyətlə ictimai müzakirəyə
çıxarıb. "Səs” qəzeti 1990-cı ilin
noyabrında "Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin
orqanı olaraq qeydiyyatdan keçib. 1991-ci il yanvarın 11-də
dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası
Azərbaycan Milli Elamlər Akademiyasının Fizika
İnstitutunun 6-cı mərtəbəsində olub. Fəaliyyətə
başladığı vaxtdan həftədə 2 dəfə 8
səhifə həcmində və 5-10 min tirajla dərc olunub.
Ağabəy Əsgərovun baş redaktorluğu ilə nəşr
olunan qəzet müxalifət mövqeyindən
çıxış edərkən, yəni 1992-ci ildən
tirajı 15 mindən yuxarı olub. 1993-cü ildə isə 25
minə çatıb. Bir sıra hallarda tiraj
sayı hətta 35 mini keçib. 1994-cü ildən 16 səhifə
həcmində çap olunmaqla yanaşı, 1998-ci ildən
etibarən gündəlik işıq üzü görməyə
başlayıb. 1991-ci ildən etibarən qəzetin səhifələrində
tanınmış şəxslərin məqalələri dərc
olunub. Mətbu orqan yarandığı vaxtdan ulu öndər
Heydər Əliyevin müdafiəçisi rolunda
çıxış edib. Ümummilli liderin
Naxçıvandakı fəaliyyətini ölkə ictimaiyyətinə
çatdırıb. Qəzetin 1991-93-cü illər
saylarında ulu öndərin müsahibələrini və
onun haqqında məqalələri, həmçinin, ölkə
parlamentindəki çıxışlarını
oxucularına təqdim edib. Heydər Əliyevin
xarici mətbuata verdiyi müsahibələri tərcümə
edərək, ölkə ictimaiyyətinə
çatdırıb.1993-cü ilin iyunundan başlayaraq, "Səs”
qəzeti hakim Yeni Azərbaycan Partiyasının informasiya
bazası rolunu oynayıb və partiya yarandıqdan sonra onun əsas
mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını,
yığıncaqlarını və s. tədbirlərini
öz səhifələrində geniş
işıqlandırıb. 1992-ci il oktyabrın 16-da ölkənin
91 nəfər tanınmış ziyalısının Heydər
Əliyevə müraciəti və oktyabrın 24-də ulu bndərin
həmin müraciətə cavabı da məhz "Səs”
qəzetində dərc olunub. Ümummilli lider hakimiyyətə
gəldikdən sonra "Səs” qəzetini özü
üçün doğma qəzet adlandırıb və qeyd
edib ki, "Səs” qəzeti tarixə düşmüş bir
qəzetdir. Ulu öndərin sözləri qəzet kollektivinin
əməyinə verilən böyük dəyər idi:
"Səs” qəzeti artıq tarixə düşmüş qəzetdir.
"Səs” qəzeti mənim üçün çox əziz
qəzetdir. 1990-cı ilin fevral ayında Azərbaycanda kommunist
hakimiyyəti dövründə mən Ali Sovetdə
çıxış edəndən sonra
çıxışım xatirinizdədir. O vaxt mənim
çıxışımı hörmətdən salmağa
çalışdılar, onu dərc etmək istəmədilər.
Amma mənə lazım idi ki, o dərc olunsun.
Çıxışım "Səs” qəzetində dərc
edildi. Mən Naxçıvanda işləyərkən bizim
bir neçə tədbirlərimiz barədə
yazıları "Səs” qəzetində dərc edə
bildik. Nəhayət, "Səs” qəzeti "91-lər”in
müraciətini dərc edib. Ona görə "Səs” qəzeti
bizim partiyanın tarixində ən mötəbər yer
qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar
özünün xüsusiyyətini itirmədən modernləşir,
yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin
və yaxşılaşsın”.
"Səs” qəzeti hazırda fəlsəfə
üzrə fəlsəfə doktoru Bəhruz Quliyevin baş
redaktorluğu ilə eyni kursu davam etdirir və ölkə mətbuatında
özünün xüsusi yeri ilə seçilir. Əlamətdar
tarixi günlərdə qəzetin xüsusi
buraxılışları, multimedia diskləri və digər əlavələri
buraxılır. Qəzet xarici ölkələrdə
yaşayan hər bir azərbaycanlının tribunasına
çevrilməklə soydaşlarımızın həyatı,
fəaliyyəti barədə də maraqlı yazıları
ilə diqqət çəkir. Əsas işi xəbər
yaymaq olsa da, milliliyi, azərbaycançılığı
başlıca prinsip olaraq təbliğ edir. Hazırda qəzet
gündəlik 5 min tirajla nəşr olunur, redaksiya heyəti
40 nəfərə yaxındır. "Səs” qəzeti
"SƏS Media Qrupu”na daxildir. Bu qrupda qəzetlə
yanaşı "Səs” informasiya agentliyi (SİA), "Səs”
internet televiziyası (SəsTV) da fəaliyyət göstərir.Mətbu
orqanın baş redaktoru Bəhruz Quliyev deyib ki, "Səs” qəzetinin
müstəqillik tarixində xüsusi yeri və izi var: "Məhz
buna görə də, ulu öndərimiz Heydər Əliyev dəfələrlə
öz çıxışlarında "Səs” qəzetinin
onun ən əziz qəzeti olduğunu dilə gətirərək
adını qızıl hərflərlə tarixə
yazıb. Bu, bütün dövrlər üçün
qürurvericidir.Zamanında yüzlərlə vətənpərvər
insanın ruporuna çevrilərək "Səs” qəzeti
xalqla ulu öndər arasında olan sevgini tərənnüm
etdirib. Bu gün də qəzet öz əqidəsindən
dönmədən ümummilli liderimizin ideyalarını həyata
keçirən cənab İlham Əliyevin sadiq dostudur. Mən "Səs” ailəsini və onunla birgə hələ
o dövrdən bu günə qədər sədaqətlə
ulu öndər ideyalarına, dövlətə və xalqa xidmət
edən insanların hər birini ürəkdən təbrik
edir, bu müqəddəs işdə böyük uğurlar
arzulayıram. Bu yoldan dönmək yoxdur, yalnız irəli”.Qəzetə
rəhbərlik etmiş "Azərbaycan” nəşriyyatının
baş direktoru Ağabəy Əsgərov "Səs” qəzetinin
27 illik tarixində yer almasını xoşbəxtlik kimi dəyərləndirib:
"13 il qəzetin baş redaktoru olmuşam. Qəzet yaranan
dövrdə həftədə bir dəfə dərc
olunurdusa, hazırda gündəlik, çoxtirajlı bir qəzet
kimi fəaliyyət göstərir. Qəzet ilk dövrlərində
bir neçə dəfə ozamanki hakimiyyət tərəfindən
bağlanıb. O zaman vəziyyət çox ağır idi,
biz hər gün ciddi təzyiqlər altında işləyirdik.
Ayaz Mütəllibovun vaxtında qəzetə qarşı bir çox
təzyiqlər və təqiblər olmuşdu. Amma buna
baxmayaraq həmişə "Səs” qəzetinin birmənalı
mövqeyi olub və bir xətt üzrə gedib. Qəzet həmişə
Azərbaycan dövlətinin, dövlətçiliyinin mənafeyində
dayanan bir mətbu orqan olub. Bu gün "Səs” qəzeti
dinamik şəkildə inkişaf edir. Qəzetin çox
yaxşı, mütəşəkkil, yüksək səviyyəli
bir kollektivi var. "Səs” qəzeti bundan sonra daha çox
inkişaf edəcək”.Mətbuat Şurasının sədri,
millət vəkili Əflatun Amaşov da bildirib ki, "Səs”
qəzeti müasir Azərbaycan tarixində son dərəcə
mühüm missiya yerinə yetirmiş mətbuat
orqanıdır: "Bu missiya ölkəmizin müstəqilliyinin
əldə edilməsi, dövlətçiliyimizin möhkəmlənməsi
baxımından təkrarsız və bənzərsizdir.
Əsl fədakarlıq nümunəsidir. Məhz buna görə
də, nəşr geniş oxucu auditoriyası tərəfindən
sevilib. Ötən 27 ilin təhlili göstərir ki, "Səs”
öz ənənələrinə sadiq qalıb. Nəşrin əldə etdiyi ən böyük
uğur isə dövlətçiliyimizə, ulu öndər
Heydər Əliyev ideyalarına sadiqliyi peşəkar
jurnalistika prinsipləri ilə çulğalaşdırmaqdan,
ali dəyər və prinsiplərini parlaq
yaradıcılıq dəst-xəttinə çevirərək,
inkişaf etdirməkdən ibarətdir. Bu səbəbdəndir
ki, nəşr nəinki öz oxucularının sevimlisidir,
bütövlükdə, Azərbaycan cəmiyyətində qəbul
edilən mətbuat orqanıdır. "Səs”
qəzetinin rəhbərliyini və əməksevər
kollektivini nəşrin fəaliyyətə
başlamasının 27 illiyi münasibəti ilə ürəkdən
təbrik edirəm. İnanıram ki, bu qəzetdə
çalışan həmkarlarım gələcək
yaradıcılıq uğurları ilə "Səs”in daha
yüksək zirvələr fəth etməsinə özlərinin
layiqli töhfələrini verəcəklər. Bu işdə
onların hər birinə möhkəm
cansağlığı arzulayıram”.Mətbuat
Şurasının sədr müavini, BAMF-nin prezidenti Umud Mirzəyev
da bəyan edib ki, "Səs” qəzeti xalqın sevimlisinə
çevrilib: "Qəzetin 27-ci ildönümü münasibətilə
bütün redaksiya heyətini öz adımdan və rəhbərlik
etdiyim qurum adından təbrik edirəm. "Səs”in öz səsi
və auditoriyası var. Bu qəzet bizim müstəqil
mediamızın ilk nümunələrindən biridir. Azərbaycan
mətbuatı tarixində öz yeri, dəsti-xətti və
xüsusi çəkisi olan qəzet 27 illik fəaliyyəti
dövründə çox şərəfli bir yol keçib.
Respublikamızın ictimai-siyasi, mədəni və sosial həyatını
geniş oxucu auditoriyası üçün obyektiv
işıqlandırıb. Təhsil və mədəniyyət
işçilərinin, elm xadimlərinin sevimli mətbuat
orqanına və onların səsini ictimaiyyətə
çatdıran tribunaya çevrilib. Bu qəzet Azərbaycanın
siyasi, iqtisadi, mədəni həyatında baş verən
hadisələri dolğun işıqlandırıb, dövlətimizin
apardığı uğurlu daxili və xarici siyasəti
obyektiv qiymətləndirib.
Dərin analitik yazıları, sanballı
araşdırmaları ilə fərqlənmiş və
xalqın sevimlisinə çevrilib. Qəzet düzgün idarəetmə
sayəsində böyüyərək iri Holdinqə
dönüb”. Mətbuat Şurasının sədr
müavini qeyd edib ki, rəngarəngliyi, aktual mövzuları
ilə oxucuların dərin sevgisini qazanan qəzet
sözün məsuliyyətini dərindən dərk edən
və jurnalistikanın şərəfli ənənələrini
yaşadan mətbu orqan milli-mənəvi dəyərlərimizin
qorunub-saxlanmasında və inkişaf etdirilməsində əvəzsiz
xidmətlər göstərib.Yeni Azərbaycan
Partiyasının icra katibinin müavini, Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı da "Səs”i təbrik edib.
M.Qurbanlı deyib ki, "Səs” qəzeti YAP-ın
ideoloji-siyasi kursunun təbliğində mühüm rol
oynamaqdadır: "Fəxrlə deyə bilərik ki, əsası
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulan mətbuat siyasəti ilə bağlı ənənələr
bu gün dövlət başçımız tərəfindən
uğurla davam etdirilir. Prezident İlham
Əliyevin mətbuatın inkişafında xidmətləri
olan jurnalistlərin fəxri adlarla, orden və medallarla təltif
edilməsi, qəzet redaksiyalarına maddi yardımların göstərilməsi,
eləcə də, media nümayəndələrinin mənzil
şəraitinin yaxşılaşdırılması ilə
bağlı imzaladığı sərəncamlar dediklərimin
bariz nümunəsidir. Dövlətimizin hərtərəfli
dəstək və qayğısı ilə əhatə
olunan, Azərbaycan mətbuatı tarixində xüsusi yeri və
dəst-xətti olan, 27 illik fəaliyyəti dövründə
şərəfli bir yol keçən "Səs” qəzeti
ümummilli liderimizin ideyalarına sadiq qallb. Əminliklə
deyə bilərik ki, bu qəzet cəmiyyətimizin
bütün sahələrini, ictimai maraq kəsb edən aktual
mövzuları, o cümlədən, Prezident İlham
Əliyev tərəfindən uğurla həyata keçirilən
inkişaf strategiyasını hər zaman diqqət mərkəzində
saxlayır. Ölkəmizin ictimai-siyasi, mədəni və
sosial həyatını geniş oxucu auditoriyası
üçün obyektiv işıqlandıran "Səs” qəzetinin
dövlətimizin din siyasətinin, eyni zamanda, mənəvi dəyərlərimizin
təbliği istiqamətində gördüyü işlər
də, xüsusilə, vurğulanmalıdır. "Səs”in
kollektivinə yeni-yeni yaradıcılıq uğurları
arzulayıram”.
İsmayıl
Şərq.-
2018.- 13 yanvar.- S.11.