“... KƏRAMƏTİ GÖRƏNDƏ ÖZÜNƏ DEYƏCƏM”

Qulu Ağsəs: “Ədəbiyyat sözü, sözün altından keçirib hədəfi vurmaqdır”

"Gənclərə tövsiyə edirəm ki, real aləmdə daha çox olsunlar. İnsanlarla canlı ünsiyyətə girsinlər”

 

"Tələbə adi bir təhsil haqqından ötrü intihara əl atır. Halbuki 20 nəfər dostu olsa, hərəsi 20 manat qoysa, onun təhsil haqqını ödəyər”

 

Tanınmış şair, "Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin "Sherg.az”a müsahibəsini təqdim edirik:

 

- Son zamanlar bəzi gənc şair və yazıçıların Azərbaycanın tarixi və ədəbi şəxsiyyətlərini tənqid deyil, təhqir etməsi hallarına çox rast gəlinir. Bunlardan sonuncusu ötən günlərdə gənc yazıçı Kəramət Böyükçölün xalq şairi Xəlil Rza Ulutürk haqqında yazdıqları təhqir və iftira dolu "Facebook” statusu oldu. Təbii ki, sosial şəbəkə istifadəçiləri və eləcə də ictimaiyyət nümayəndələri bu hala qarşı sərt təpki göstərdi... Nə baş verir?

 

- Kəramət Böyükçölün yazıları ilə də, özü ilə də tanışam. Ailəsini də tanıyıram. Kəramət istedadlı gəncdir. Hər məsələyə orijinal baxışı var. Sadəcə, bir nəyəsə neqativ münasibəti olanda "barıt”ı çox edir. Xəlil Rza onun sevmədiyi şair ola bilər. Bu, anlaşılandır və heç də hər bir şairi bütün oxucular sevmir. Nəinki oxucular, hətta öz həmkarları, qələm dostları da qəbul etməyə bilər. Bu, aksiomadır. Dünyada elə bir şair yoxdur ki, birmənalı qarşılansın, o cümlədən də Xəlil Rza Ulutürk. Şair Ulutürkün şeirlərinə münasibət bir başqadır və mən ona toxunmaq istəmirəm. Onu sevənlərlə yanaşı, sevməyənlər də mövcuddur. Ədəbiyyatda bəziləri onun şeirlərini ritorika və patetika adlandırır və qəbul etmir. Bəziləri də buna normal yanaşırlar, bəziləri isə həddən artıq onun şeirlərinə vurğun olurlar. Mənim üçün şairin iki vətəni var:

Onun biri sözdür, biri də onun dünyaya göz açdığı vətənidir. Bunlardan hansını ön plana çəkmək şəxsən mənim üçün ağırdır. Hansı vətənin övladı olduğumu bilmirəm. Mən özüm vətənpərvər şair olmasam da, bu yöndə yazılan şeirlərə soyuq yanaşmıram. Vətənpərvər şeirlərin içərisində istedadlı, qiymətli poeziya nümunələri var. Xəlil Rza Ulutürkün qatıldığı hərəkat bizim gözümüzün qabağında cərəyan edib. Ola bilər ki, gənc nəsil bunu görməyib. Azərbaycan xalqı müstəqillik uğrunda mübarizəyə qalxanda Ulutürk ön sıralarda dayanıb. Yalnız Xəlil Rza olmayıb. Orada şeirləri düşmənə intiqama səsləyən Ulutürklə yanaşı, şeirləri Allaha pıçıltı ilə ünvanlanmış Vaqif Səmədoğlu var idi. Orada intellektual yazıçı kimi ad çıxarmış Yusif Səmədoğlunu görürdük. Halbuki onu hərəkatda görmək çoxlarına qəribə gələ bilərdi. Hərəkata bizim Anar kimi yazıçımız qatılıb. Hamının lirik şair kimi tanıdığı, qızların qəlbinin bir nömrəli ovçusu olan Nüsrət Kəsəmənli iştirak edib. Ağlıma gəlməzdi ki, Nüsrət Kəsəmənli kimi lirik bir şair gəlib hərəkata qatılsın. Sabir Rüstəmxanlı da azadlıq hərəkatının başında dayanıb. Akademik Xudu Məmmədov kimi bir ziyalı və Bəxtiyar Vahabzadə hərəkatda ön sıralarda dayanıblar.

- Azərbaycanın müstəqillik tarixində ədiblərin rolu nədən ibarət olub?

- Fəxrlə deyirəm ki, istər 1918-ci il 28 may Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, istərsə də Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikasının bərpasında Azərbaycan ədiblərinin müstəsna xidmətləri olub. XIX əsrin sonu, XX əsrin əvvəlində ədiblər yoxdan bir Cümhuriyyət yaratmışdılar. Cümhuriyyət dönəminin ədibləri himn, bayraq, xəritə belə tərtib etmişdilərsə, növbəti mərhələni yenə Azərbaycanın ədibləri, aydınları və ya ziyalıları hazırlamışdı. Biz hər iki müstəqilliyə görə, Azərbaycan ədiblərinə və ziyalılarına borcluyuq. Müstəqillik sarıdan ağır üzüntü keçirən bir millət öz dilini bu cür qoruyub saxlaya bilibsə, bu, yalnız aşıq ədəbiyyatı və klassik ədəbiyyatı sayəsində mümkün olub. Dili yalnız ədəbiyyat qoruya bilər. Xəlil Rza da həmin hərəkatın içərisində olan aydınlarımızdan, ziyalılarımızdan biridir. O, Təbriz Xəlilbəylinin şəhidlik zirvəsinə ucalması ilə şeirdə dediklərini əməldə də sübut etdi. Bu yolda ciyərparəsini qurban verdi. Azərbaycanda şəhid atası olan tək-tük yazıçı var: Sabir Əhmədov, Qaçay Köçərli və Xəlil Rzadı. Və tək-tük yazıçılar var ki, özləri şəhid olublar. Onlar da Ülvi Bünyadzadə, Nizami Aydın, Alı Mustafayevdir. İndi 2018-ci ilin yanvarında müstəqil Azərbaycanda yaşayıb Xəlil Rzanının hansısa həmin dövr üçün yazılmış şeirlərindən çıxış edib, onu günahlandırmaq qətiyyən doğru olmazdı. Bu gün o şeirlər ola bilsin ki, qulağa yad səslənir, ədəbiyyat parametrlərinə görə uduzur.

 

Amma vaxtilə Topxana meşəsindəki bir armud ağacı kəsiləndə bu şeirlər insanların üzünü, düşüncəsini həmin meşəyə tərəf istiqamətləndirirdi. O şeirlərin qibləsi Topxana meşəsi, Xankəndi, Əsgəran qalası, Ağdərə və ilk növbədə Şuşa idi. İzdihamın diqqətini ora tuşlayan adamlardan biri də məhz Ulutürk idi. Bilirsiniz ki, 20 yanvarda onu həbs etmişdilər. Onu milliyətçi çıxışlarına görə, xalqı qanuni hakimiyyətə qarşı çıxmağa vadar etdiyinə görə, bir də millətlərarası nifaqı qızışdırdığına görə ittiham edirdilər və elə bu ittihamlarla da həbs etdilər. Xəlil Rza bir neçə maddə ilə ittiham olunurdu. Xəlil Rzanın bütün meydandakı və eyni zamanda dostları ilə çıxışlarının hamısını lentə alıblar. Onun bütün meydanda və ictimaiyyətdəki çıxışları lentə alınırmış. Hamısı da rus dilinə çevrilibmiş. Azadlıq davasında olan bir adam idi. O, mücahidlərdən biri idi. Xəlil Rzanın vətənpərvərlik poeziyasının möhürü də Təbriz Xəlilbəyli oldu. Şair bununla azadlıq uğrunda balasını qurban verməyə hazır olduğunu sübut etdi. İndi onun özü və övladı haqqında son dərəcə ehtiram və ehtiyatla danışmaq lazımdır. Elə eləmək lazımdı ki, şairin və övladının ruhu inciməsin. Onun xanımı bu ixtiyar yaşında Kəramətin yazdıqlarını duysa, görün nələr baş verə bilər. Axı onun ailəsi doğrudan da bu ölkənin azadlığı və müstəqilliyi üçün çox işlər görüb.

 

- Kəramət və digər bu tip yazıçılar yəni, heç bir fakta, əsasa söykənmədən, ondan-bundan eşitdikləri fikirlərlə yola çıxıb danışanlar nəyin davasını aparırlar? Axı bu şəxsiyyətlərimizi ləkələməklə, qaralamaqla nəyə nail olmaq istəyirlər?

 

- Kəramət kifayət qədər populyardır, xüsusilə də sosial şəbəkələrdə. Sosial şəbəkələrdə də intriqa janrı hökm sürür. Sanki Mark "Facebook”u intriqa üzərində qurub. Burada mütləq hamı biri-birinin əleyhinə çıxır və bu, böyük rezonans doğurur. Ona görə də gənclər sosial şəbəkələrə çox meyillənirlər. Amma bir məsələ də var ki, ədəbiyyat sözü, sözün altından keçirib hədəfi vurmaqdır. Birbaşa nişan almaq demək deyil.

Bəxtiyar Vahabzadə və Xəlil Rza ilə hansısa bir yazıçı razılaşmırsa, bunu bir mətn üzərində qurmalıdır. Özü də bunu etik çərçivədə etməlidir. Onların milyonlarla oxucusu var. Sosial şəbəkədə tək Xəlil Rza və Bəxtiyar Vahabzadə deyil. Allahın da ünvanına xoşagəlməz sözlər deyilir.

İnsan ateist ola bilər. Bu, onun dünya görüşüdür. Buna normal yanaşıram. Amma ateist olmaq dindar olanı söymək demək deyil. Ateist olmaq Tanrını təhqir etmək deyil. Ateizm onda gözəl olur ki, onun özü bir cərəyan və ictimai baxışa çevrilir. Bunun elmi-nəzəri əsasları olur. Yoxsa "mən ateistəm” deyib, dindarları, peyğəmbərləri təhqir etmək olmaz.

- Bu da sosial şəbəkələrdən qaynaqlanır?

- Əlbəttə. Ona görə də istəməzdim ki, tarixə və tarixi şəxsiyyətlərə qarşı bu cür ikrah hissi olsun. Kəraməti sonuncu dəfə yas mərasimində görmüşəm. Bir də görəndə özünə deyəcəm. Onun bu düşüncəsinə təəssüf edirəm.

- Gənc şair və yazıçılar arasında intihar halları çoxalıb. Hətta yazdıqları şeir və publisistik yazılarda daha çox ölümdən və ya intihardan yazırlar. Bunun səbəbini nə ilə izah edərdiniz?

 

- Allah intihar edən şair və yazıçılarımıza rəhmət eləsin, Allah günahlarından keçsin. Təbii ki, bu, ürəkaçan hal deyil və əslində çox təhlükəli tendensiyadır. Onları bu meyillərdən qorumaq üçün nələrsə etmək gərəkir. Bəziləri metronu, bəziləri hündür binaları, bəziləri də dənizi günahlandırır. Amma elə deyil. Onların heç bir günahı, təqsiri yoxdur.

 

- Günah kimdədir?

 

- Məsələ insanın getdikcə tənhalaşmağıdır. İnsan get-gedə tənhalaşır, adamlardan ayrılır. Bu hal onlar üçün daha dözülməz bir hala çevrilir. Sosial şəbəkələr belədir ki, adamlar biri-biri ilə ünsiyyətdən qaçır. Yalnız sosial şəbəkələrdə olurlar. Bu şəbəkələr insanı o qədər özündən asılı vəziyyətə salır ki, artıq evdəkilərlə də danışmırlar. Feysbuk haqqında çoxsaylı aforizmlər və gülməcələr var.

 

- Zəhmət olmasa, onlardan birini ərz edə bilərsinizmi ?

 

- Əlbəttə, edərəm. Biri var, çox ibrətamizdir. Deyir bir gün evdə işıqlar sönmüşdü. Təbii, internet də kəsildi və ailə üzvlərimlə söhbət elədim və məlum oldu ki, bizdə də maraqlı insanlar var. İnsanlar sosial şəbəkələrə o qədər qapılırlar ki, bacı qardaşın, qardaş da bacının varlığını unudur. Sonra o insanlar hansısa bir məsələdə çətinliyə düşəndə artıq öz yaxınlarından, tanış və dostlarından kömək ummağa üzləri gəlmir. Ona görə, gənclərə tövsiyə edirəm ki, real aləmdə daha çox olsunlar. İnsanlarla canlı ünsiyyətə girsinlər. Biri-birləri ilə görüşsünlər, dərdləşsinlər, yazılarını oxusunlar, zarafat etsinlər, deyib-gülsünlər. Amma bu dünyada, bu şəhərdə, bu kənddə, bu ölkədə, bu küçədə. Sonra da bir problem olanda görürsünüz ki, tələbə adi bir təhsil haqqından ötrü intihara əl atır. Halbuki 20 nəfər dostu olsa, hərəsi 20 manat qoysa, onun təhsil haqqını ödəyər.

 

Bunun bir səbəbini də Qərbi Amerika və Qərbi Avropada görürəm. Ən dəhşətlisi insanın başını qaldırıb adamlarla danışmamağı, dünyaya yalnız ekrandan, telefonun, kompüterin, noutbukun ekranından baxmasıdır. Sizə şahidi olduğum maraqlı bir hadisəni danışım. Muğam Mərkəzinə tədbirə gedirdim. Məlum oldu ki, tüstü görünür. "Sahil” metrosunun yuxarı tərəfindən keçirdik. Təsəvvür edin taksi sürücüsü telefonu açıb "Facebook”a baxdı və və dedi ki, "Sahil” metrosunun üstündəki bina yanır. Görün, bu insan "Facebook”a nə qədər aludə olub. Halbuki sola dönsə idi, hadisənin şahidi olacaqdıq. Amma onun yanında baş verən yanğını "Facebook”dan izlədi. Bəlkə də orada iki nəfəri xilas edə bilərdik. İnsan artıq ətrafında baş verənləri sosial şəbəkədəki informasiya kimi izləyir. Ona can yandırmır, hətta onu öz gözü ilə görməyə ərinir. Düşünür ki, ya "Facebook”dan oxuyaram, ya da saytlardan.

 

- Müşahidələrimə əsaslanaraq deyirəm ki, gənc yazar və şairlərin şeir və əsərlərində ölüm və intiharla bağlı çoxsaylı elementlərə rast gəlinir. Buna səbəb nədir? Bəlkə də onları intihara, ölümə aparan elə öz yazdıqlarıdır?

 

- Ola bilər. Bəzən insan öz yazdıqlarına inam gətirir. "Ulduz”a gələn sevinc dolu şeir görəndə adam sevinir. Bizə də təqdim olunan yazılarda daha çox kədər, qüssə, qəbir, ruh, kəfən və s. motivlərə rast gəlinir. Yazıların çoxunda eyni motivə rast gəlmişəm. Artıq bunun özü də qorxulu hala çevrilib. Məxsusi olaraq da indiki ədəbi gənclik arasında daha geniş vüsət alıb. Belə meylin yaranmasını və güclənməsini istəməzdim. Onsuz da sonumuz oradır. O qapıdan hamımız keçəcəyik. Amma o qapıya qədər olan dövrü yaşamaq lazımdır. O qapını, küləyə, yağışa, sevgiyə və ümidə açmaq lazımdır. Bu həyatın qapılarını bağlayıb, əcəlin qapılarını açmağa tələsmək olmaz. Həmin gənc dostlarıma bunu məsləhət bilirəm.

- "Xalqın şairi” şeir müsabiqəsi ilə bağlı da müəyyən paradoksal fikirlər səslənir. Necə düşünürsünüz, bu fikirlərin əsası varmı?- Sizə öz adımdan birmənalı şəkildə deyirəm ki, oradakı qalibin kim olacağı heç kəsə məlum deyil. Bir neçə namizədin adını çəkirdilər ki, onlar indidən qalibdirlər, amma həmin şəxslərin heç biri turu adlamadı. Öz adıma deyirəm ki, kimin qalıb olacağı barədə bir söz deyə bilmərəm. Müsabiqədə başqa neqativ halların olduğunu da iddia edirlər. Onu söyləyənlərdən soruşmaq lazımdır ki, əllərində hansısa fakt, dəlil-sübut varmı? Deyirlər ki, guya qalibə hədiyyə olunacaq ev satılıb. Ev isə hələ heç hazır deyil, amma deyirlər ki, artıq satılıb. Ora qatılan uşaqların hansının o qədər imkanı var ki, o evi satın alsınlar. Favoritlər arasında Taleh Mənsur, Şəhriyar, Günay Emin, Mehman Rəsulov, Xəlil Adıgözəlov və s. onlardan hansının bu evi satın almaq imkanı var? Düzdü, sonuncu qalmaqallı turda iştirak etmədim. Vacib işlərim vardı, qatıla bilmədim. Orada olsaydım, fikrimi deyərdim. İştirak etdiyim müddətdə bütün qeydlərimi demişəm. Sonuncu turda da orada olsa idim, kimin haqlı və haqsız olduğunu deyərdim. Orada həqiqəti deməyim üçün mənə heç kim mane olmur. Amma bir şeyi əminliklə deyirəm ki, heç kimə, heç nə satılmayıb. Müsabiqənin əsas məqsədi gəncləri tanıtmaq idi. Finala adlayan gənclərdən biri də Taleh Mansur oldu. Taleh Mansur mənim ümid etdiyim, inandığım gənclərdən biridir. Yenə qeyd edirəm ki, indidən heç nə məlum deyil, elə bir şey yoxdur. Şəxsən mən kimin birinci olacağını deyə bilmərəm. Bunu öz adıma deyirəm və altından imzamı atıram.

 

Ayyət  ƏHMƏD

Şərq.- 2018.- 18 yanvar.- S.7.