20 YANVARIN 20 YANI VAR

 

Birinci günahkar Rusiyadır, amma faciədə başqa qüvvələrin də əli olub

1990-cı ilin 20 Yanvarında 131 günahsız insan öldürüldü, 744 adam yaralandı

 

Xalqımızın tarixində qanla yazılmış səhifələr var. Zaman baxımından yaxın, ya uzaq olmasından asılı olmayaraq, yaddaşımızda o səhifələr həmişə kədərlə oxunur. 1990-cı ilin 20 Yanvar günü də yaddaşımızda dərin iz buraxan qanlı olaylardan biri, bəlkə də birincisidir. O dəhşətli gecədən bizi 28 illik bir zaman ayırır. Vaxt etibarı ilə bizdən uzaqlaşmasına baxmayaraq, 20 Yanvar günü hər il Bakıda və Azərbaycanın bütün şəhərlərində mümkün qədər geniş şəkildə qeyd olunur.

İnsanlar axın-axın Şəhidlər Xiyabanına yürüyür, günahsız insanların dəfn olunduqları şəhid məzarlarını ziyarət edir, öz mənəvi borclarını yerinə yetirməyə çalışırlar. Gənclərin, yeniyetmələrin, xüsusən balaca uşaqların hər il Şəhidlər Xiyabanına aparılması müstəqilliyimizi hansı hadisələrin və kimlərin hesabına qazandığımızı əyani şəkildə onlara göstərir. 28 yox, lap yüz il keçsə də, şəhidlərə olan minnət borcumuzu xatırladır, müstəqilliyimizə daha sıx yapışmağımızı, azadlığımızı göz bəbəyimiz kimi qorumağımızı bizə öyrədir.

Sovet ordusu Bakıya gecə yeridildi

Şübhəsiz ki, keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhalinin qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Məhz həmin gecə sovet ordusunun Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Əlbəttə ki, 1990-cu il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər gördü, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edildi.

1990-cı ilin yanvar ayında SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya, Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin "dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Bütün bunlara baxmayaraq, gecə sovet qoşunları şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutdu. 131 günahsız insan öldürüldü, 744 adam yaralandı. Həyatını itirənlərdən 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü isə tatar idi. Neftçala və Lənkəranda da ölənlərin sayı 25-26 nəfərə çatdı. Daha sonra bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu.

 

Dünya Bakıya silahlı təcavüzü pislədi

Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılandı. Qardaş Türkiyənin hər yerində mitinq və nümayişlər keçirildi. Sovet rəhbərliyinin törətdiyi cinayəti müdafiə edən Amerika Birləşmiş Ştatları tənqid olundu. İranın milli təhlükəsizlik şurası yığıncaq keçirərək bu barədə bəyanat qəbul etdi. İran parlamentinin 160-dan çox üzvü Qorbaçovun Azərbaycana silahlı təcavüzünü pislədi. Ozamanki prezident Rəfsəncani və İranın dini lideri Xameneyi Qorbaçovun atdığı bu addımı kəskin tənqid etdi. Qərb ölkələrinin mövqeyinə gəldikdə isə, Sovet İttifaqının Azərbaycana hərbi müdaxiləsinə müxtəlif reaksiyalar verildi. Bu reaksiyalar ümumilikdə müsbət olsa da, obyektiv reallığı əks etdirmədi. Nüfuzlu "Los-Anceles Tayms”, "Vaşinqton Post”, "Krisçen Sayens Monitor”, "Nyu-York Tayms”, "Baltimor San” kimi mətbu orqanlarda qanlı cinayətə laqeyd münasibət sərgiləndi. Ən acınacaqlısı isə o idi ki, 1990-cı ildə Bakıda baş verən qırğına şəxsən qol çəkmiş Qorbaçov həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görüldü. Sadəcə, amerikalı konqresmen Din Heller bu qanlı hadisədən 20 il sonra olayları dəhşətli qətliam adlandırdı. Bəyan etdi ki, dünyada hər kəsin "Qanlı Yanvar” faciəsini xatırlaması və həmin gün canlarından keçənlərin xatirəsini yad etməsi vacibdir”.

Sovet quruluşu dağıldı

SSRİ öz varlığına mənəvi cəhətdən Bakıda son qoydu. Bakı hadisələrindən sonra sovetlərin böhranı daha da dərinləşməyə başladı və quruluş dağıldı. Dağılma sürəti elə yüksək oldu ki, onu dağıtmaq istəyən xarici qüvvələr belə sürətə hazır deyildilər. ABŞ-ın yaxın planında SSRİ-nin dağılması yox idi. Onların əsas strateji məqsədi sovetləri zəiflətmək idi. Tarixçilərin həmin hadisəni lazımi dərəcədə qiymətləndirməsi üçün vacib sənədlər açılmayıb. Ölkə daxilində yeganə hadisə idi ki, əməliyyata birbaşa müdafiə naziri özü rəhbərlik edirdi və Yazov özü Bakıya gəlmişdi. SSRİ daxilində hələ belə bir hadisə olmamışdı ki, müdafiə naziri birbaşa özü hərbi əməliyyat keçirilən əraziyə gəlsin. Normalda hamı bu hadisədən sonra öz evinə girməli idi və şəhidlərin meyitləri ortalıqda qalmalıydı. Amma səhəri gün nə oldu?

Dəstə-dəstə insanlar partiya-sovet orqanlarının qarşısına axışdılar, sovetlərin başlıca mənəvi siyasi simvolu olan partiya biletlərini cırıb atdılar. Qorbaçov haqqında şəhərin müxtəlif yerlərində "cəllad”, "rədd olsun sovet hökuməti” nidaları səsləndi. Bu, böyük bir tarixi hadisə idi.

O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi və SSRİ rəhbərliyinin törətdiyi cinayəti qətiyyətlə pislədi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Təəssüf ki, müstəqilliyimizi əldə etdikdən sonra 3 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilmədi.

Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar

1990-cı ilin yanvar qırğını nə qədər faciəli və qanlı olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Ona görə də həmin gecə eyni zamanda şanlı və şərəfli gün kimi də yaddaşımıza hopdu. Müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. Xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

 

Zamanla 20 Yanvar hadisəsi daha dərindən araşdırılmağa başlandı. Qanlı gecəyə poemalar, romanlar, hekayələr, şeirlər həsr edildi. Filmlər çəkildi. Hadisənin canlı şahidləri dəhşətli gecəni öz müşahidələrinə uyğun qələmə aldılar. Böyük şairimiz Bəxtiyar Vahabzadənin "Şəhidlər” poeması 20 Yanvar mövzusunda yazılan əsərlərin ən kamili və bədii-sənətkarlıq baxımından ən mükəmməli sayıldı. Müəllif poemada faciənin yaranma səbəblərini təhlil edir, günahkarları bəyan edirdi. Poemanın bir məziyyəti də bundadır ki, şair şəhidliyi həm də qəhrəmanlıq kimi vəsf edir. Qəhrəmanlıq təkcə hünər göstərmək, düşməni məhv etmək deyil, həm də əliyalın olsa belə təcavüzə müqavimət göstərmək, hiddət və etirazını bildirməkdir..

O şənbə gecəsi, o qətl günü,

Mümkünə döndərdik çox namümkünü,

Xalqın qəlbindəki qorxu mülkünü,

O gecə dağıdıb sökdü Şəhidlər.

"20 Yanvar bizə müstəqillik yolu açdı”

Qanlı gecə ilə bağlı şeirlər və məqalələr yazan dəyərli ziyalılarımızdan biri də Bakı Dövlət Universitetinin professoru, tanınmış jurnalist Nəsir Əhmədli idi. 20 Yanvar gecəsi ilə bağlı "Şərq”ə xatirələrini və düşüncələrini paylaşan Nəsir müəllim dedi ki, 20 Yanvar keçid dövrünün ən mühüm hadisəsi olmuşdu. Professorun sözlərinə görə, sovet dövründən müstəqillik rejiminə keçmək üçün bir mərhələ yaşanmalı idi. O mərhələ də qanlı 20 Yanvar gecəsi oldu: "Məsələ ondadır ki, biz başqalarından fərqli olaraq bu mərhələni çox ağır keçirtdik. Digər respublikalarda proses bu qədər dəhşətli olmadı.

Sadəcə, Gürcüstanda və Qazaxıstanda belə hadisələr yaşandı. Amma ən faciəlisi Azərbaycanda, Bakı şəhərində baş verdi. Tərkibində ermənilərin də olduğu sovet qoşunları ölkəmizə hücum etdi və bir neçə günün içində yüzlərlə adamı şəhid etdilər, yaraladılar, xeyli adam itkin düşdü. Hər zaman demişəm ki, 20 Yanvar hadisəsinin iki tərəfi var. Bir tərəfi qanlı faciədir, çünki həmin gecə insanlar, gənclər, qadınlar, uşaqlar öldürülüb. Hətta başqa millətlərin nümayəndələri də həyatlarını itiriblər. 20 Yanvarın digər tərəfi isə həmin günün bizim tariximizə şanlı və parlaq səhifə olaraq yazılmasıdır. Əgər xalqımız o cür mübarizə göstərməsəydi, təbii ki, müstəqilliyimizi əldə edə bilməzdik. 20 Yanvar bizə müstəqillik yolu açdı”.

N.Əhmədli xatırladıb ki, o qanlı gecə ilə bağlı "20 Yanvarın 20 yanı var” adlı məqalə yazıb: "Həmin məqalədə vurğulamışdım ki, biz qanlı gecədə sadəcə Moskvanı günahkar hesab edirik, digər əlləri görmürük. Amma bu hadisənin törədilməsində başqa tərəflərin də əli və suçu olub. Hadisəni sadəcə bir yönlü araşdırmaq doğru deyil. Əlbəttə ki, birinci günahkar Rusiyadır, amma burada müxtəlif adamların da əli var. Təkcə Mixail Qorbaçov deyildi ki. Orada erməni lobbisinin və beynəlxalq qüvvələrin dolayısı yolla iştirakı olub.

Təəssüflər olsun ki, özümüzdən olan bəzi qüvvələrin, şəxslərin də qanlı faciənin baş verməsində, təşkilində barmağı var idi. Bu baxımdan həmin hadisənin konkret günahkarlarını axtarmaq, ortaya çıxarmaq olduqca çətindir. Olayların hamısı bir-biri ilə bağlı olduğuna görə, birinin üstünü açanda, zərbə o birinə dəyir. Yəni çox incə məsələdir. İndiyə kimi nə qədər komissiyalar yaradıldı, amma vurğuladığım nöqtələrdə araşdırmalar dirəndi. Yəqin ki, uzun müddət ərzində qanlı gecəni və olayların günahkarını dəqiq araşdırmaq mümkün olmayacaq. Çünki bu işdə günahı olanların bəziləri hələ də həyatdadır”.

 

İsmayıl

Şərq.- 2018.- 19 yanvar.- S.4.