Əlibaba Məmmədov:“Axirətimi
gözləyirəm...”
“Bu yaşda müalicənin təsiri olmur, insan qocaldığını
qəbul etməlidir”
Muğam sənətinin
ustadı, xanəndə,
xalq artisti Əlibaba Məmmədov uzun müddətdir səhhətində olan narahatlıqla bağlı
ev şəraitində
müalicə alır.
Xalq artistinin səhhəti ilə maraqlandıq. "Şərq”ə
bu barədə danışan xanəndə
qocalığından giley
etdi.
- Əlibaba müəllim,
hər vaxtınız
xeyir. Səhhətiniz
necədir, özünüzü
necə hiss edirsiz?
- Şükür Allaha, qızım. Bu yaşda özümü
necə hiss etməliyəmsə, elə
hiss edirəm. Şükür, hələ
ki yaşayırıq.
Ağrılarım var.
Bu da çox
təbiidir. Yaş sözünü deyir. Bu ağrılar artıq səhhətlə
bağlı deyil. Qocalığın ağrısını
qəbul etmək lazımdı.
- Müalicə olunursuz?
- Qızım, daha müalicəlik yaşda deyiləm. Düzdü, bəzi dərmanları qəbul edirəm. Amma bu yaşda müalicənin
təsiri olmur. Bilirsiz, insan qocaldığını qəbul
etməlidir. Mənim də o yaşımdır
ki, gördüyümü
görmüşəm, yaşadığımı
yaşamışam. İndi
axirətimi gözləyirəm.
- Sizinlə maraqlanan,
sizə baş çəkən varmı?
Sənət adamları,
tələbələriniz sizi
axtarırlarmı?
- Şükür ki, mənə olan hörməti, diqqəti hər zaman hiss etmişəm.
Maraqlanırlar, telefon
açıb halımı
soruşurlar. Sənətçilər,
tələbələrim tez-tez
maraqlanırlar. Heç
kimdən gileyim yoxdu. Evə gəlməklərini özüm
istəmirəm. Amma maraqlanırlar. Sağ olsunlar.
- Hazırda kiminlə
yaşayırsız. Sizə
qulluq edən varmı?
- Oğlum, gəlinimlə,
nəvələrimlə birgə
yaşayıram. Övlad
baxımından heç
vaxt narazılığım
olmayıb. Allah prezidentimizin canını sağ etsin, mənə 3 otaqlı ev verib. Oğlum,
nəvəm, gəlinimlə
yaşayırıq. Mən
də qoca kişiyəm. Balalarımın
hamısının bağı
var, amma getmirəm. Burada mənə rahatdır. Dünyada rahatlıqdan başqa gözəl bir şey yoxdur.
Çox yaşlıyam,
yeriyə bilmirəm, buna görə kiməsə əziyyət
vermirəm. Nəvələrim
yanımda. Bu yaşda insan daha nə istəyə
bilər ki? Mən dövlətimdən
də, yaxınlarımdan
da, doğmalarımdan
da razıyam. Bir qocalıqdan gileyim ola bilər.
Ondan da gileylənmirəm.
Tahirə
Şərq.-
2018.- 26 yanvar.- S.13.