Türkdilli dövlətlərin
jurnalistləri Qarabağ həqiqətləri haqqında az
bilir
Media ekspertləri hesab edir ki, Azərbaycan
özünə ən güclü dəstəyi Orta Asiya
respublikalarından görməlidir
“Burada əsas problem, mənfi hal odur ki, həmin
ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz,
diasporamız yarıtmaz fəaliyyət göstərirlər”
Bu günlərdə Türkiyənin Kastamonu
şəhəri Türk dünyasının mədəniyyət
paytaxtı elan edilib. Bu münasibətlə təşkil
olunmuş tədbirlərə Azərbaycan jurnalistləri ilə
yanaşı Qırğızıstan, Qazaxıstan, Özbəkistan,
Moldova və Tatarıstandan 20-yə yaxın jurnalist
qatılıb. Mərasimlərdə iştirak edən
"Şərq” qəzetinin baş redaktoru Akif
Aşırlı türk dünyasını təmsil edən
jurnalistlərlə Azərbaycanın üzləşdiyi
Dağlıq Qarabağ problemi barədə söhbət edib.
Baş redaktor söhbətlərin nəticəsindən
olduqca məyus olduğunu deyib. Akif
Aşırlı bildirib ki, Qarabağ probleminin Avropanın
siyasi mərkəzlərində daha çox müzakirə
olunmasına diqqət göstərilir, ciddi fəaliyyət
ortaya qoyulur, amma türk-islam dünyasının bir
parçası olduğunu qəbul etdiyi ölkələrdə
bu işin səviyyəsi çox aşağıdır.Hətta
SSRİ dönəmində bir yerdə olduğumuz Orta Asiya
dövlətlərində də Azərbaycanın haqlı
davası lazımınca obyektiv qiymətləndirilmir. Baş redaktorun sözlərinə görə,
Özbəkistanı təmsil edən gənc reportyor
Şirzad İkramutdinov söhbət zamanı Qarabağ
münaqişəsi barədə geniş məlumata malik
olmadığını deyib. Çalışdığı
informasiya agentliyində xəbərlər getdiyini söyləyib,
amma problem haqqında neytrallıq nümayiş etdirdiklərini
bildirib: "Mən bu münaqişədə kimin
haqlı, kimin günahkar olduğunu bilmirəm”.
Tatarıstandan olan gənc xanım jurnalist də məlumatı
olmadığı üçün Qarabağdan
danışmayıb. Moldovadan olan "Qaqauziya xəbərləri”
saytının əməkdaşı Alla Böyük isə
bir neçə dəfə Azərbaycana səfər etdiyini
qeyd edib. Amma o da Qaqauziyada Qarabağdan daha çox Ukrayna və
Rusiyadan yazmağı üstün tutduqlarını
vurğulayıb. Qaqauzlu jurnalistin fikrincə, Azərbaycan
Moldovadan çox uzaqdır, buna rəğmən Qarabağ barədə
də yazırlar:
"Bilirik ki, kiçik
qarşıdurmalar olur, onda xəbər veririk”. Özünün
şəxsi fikrinə görə isə Alla Böyük Azərbaycanın
mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir.
Digər gənc qaqauzlu politoloq, siyasət
yazarı Anatoli Tolmaç Qarabağ münaqişəsinin
tarixini, yaranma səbəblərini daha yaxşı ifadə
edib. Hətta İranda, Cənubi Azərbaycanda
35 milyon Azərbaycan türkünün
yaşadığını, üzləşdiyi çətinlikləri
və beynəlxalq vəziyyəti təhlil edib.
Tolmaçın dediyinə görə, Moldova kimi dövlətlər
Qarabağ münaqişəsi barədə
neytrallığını qoruyub saxlayır və bu da
dünyada erməni diasporunun fəaliyyətini yada salır:
"Rəsmi olmasa da, deyim ki, qaqauzlar eyni soykökə
bağlı Azərbaycanı dəstəkləyir. Azərbaycan
güclü dövlətdir, hərbi potensialı çox
yüksəkdir”. Qazaxıstanlı jurnalist
Tolqadan Baturxanın fikrincə, Qarabağın həlli yolu
müharibə deyil, sülhdür. Azərbaycanın
ədalətsiz müharibəyə cəlb olunmasına
münasibət bildirən qazaxıstanlı jurnalist prosesin
hansı istiqamətdə getdiyindən məlumatsızdır.
Çünki Qazaxıstan mətbuatı əsasən
öz problemlərindən yazır. Onun
fikrincə, Qarabağ problemi digər dövlətə aiddir.
Qırğızıstanın rəsmi
"Qırğız tusu” qəzetinin redaktoru Ernest Bolbakov isə
Qarabağ konfliktinin mahiyyətini və Azərbaycanın
haqlı mövqeyini bu cür açıqlayıb:
"Qarabağ türk sözüdür. Qarabağ
türkcə qara və bağ sözlərindən
götürülüb.
Bu, torpağın sahibliyinin kimliyini göstərən
faktdır. Ermənilərlə heç bir əlaqəsi,
bağlantısı yoxdur”. Qırğız
türkləri bu konfliktdən bəzi imperialist və
maraqlı qüvvələrin istifadə etdiyini
düşünür. Qırğız mediasının
bu konfliktə həmişə toxunduğunu deyir:
"Qırğızların böyük əksəriyyəti
öz qardaşları azərbaycanlıların
yanındadır”.
Akif Aşırlı bəyan edib ki, türk
dünyasından gələn həmkarlarla söhbət bu
acı gerçəyi ortaya qoyur ki, Avropadan ədalətli
mövqe gözlədiyimiz halda, Qarabağ həqiqətlərini
hələ öz din bir, qan bir qardaşlarımıza
lazımi səviyyədə çatdıra bilməmişik.
Türkdilli
ölkə jurnalistlərinin Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı az
məlumatlı olmalarına dair fikirlərə münasibət
bildirən Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Müşfiq Ələsgərli "sherg.az”a bildirib ki,
diaspora nümayəndələri həmin ölkələrin
media quruluşlarına, təşkilatlara nüfuz edərək
ölkəmiz və problemlərimiz barədə materiallar dərc
etdirməlidirlər. Buna böyük ehtiyac duyulur: "Xarici
ölkələrdə diaspora fəaliyyəti kifayət qədər
effektiv olmalıdır ki, türkdilli jurnalistlər
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı məlumatlandırılsın. Azərbaycan
mediası bu barədə kifayət qədər yazır.
Müxtəlif dillərdə Azərbaycan həqiqətləri
işıqlandırılır. Məsələ
odur ki, diaspora təşkilatları, həmin xarici ölkələrdəki
vətəndaşlarımız da məsələnin üzərinə
getməlidirlər. Həmvətənlərimiz
çalışdığı, yaşadığı
ölkənin ictimai-siyasi həyatında aktiv olmalı, media
üçün öz təşəbbüsləri ilə məqalələr
verməlidirlər. Mühüm hadisələrin
anım günləri ilə bağlı toplantılar
keçirilməlidir. Çalışmaq
lazımdır ki, bu məsələləri aktivləşdirmək
üçün effektiv addımlar atılsın. Beynəlxalq təşkilatlar jurnalistlərlə
görüşlər keçirirlər. Bu
sahədə ən yaxşı yol qeyri-hökumət təşkilatlarının
aktiv olmasıdır. QHT-lər xarici
ölkələrdə tədbirlər keçirsələr,
Azərbaycanla bağlı problemlərin gündəmdə
saxlanmasına cəhd göstərsələr, müsbət nəticə
əldə etmək olar. Məsuliyyət tək
medianın üzərində deyil. Media, cəmiyyət,
diaspora, QHT-lər müştərək fəaliyyət
göstərməlidir ki, belə məsələləri işıqlandırmaq
lazımi nəticələr versin”.
Mövzu ilə bağlı "Şərq”ə
danışan Mətbuat Şurasının İdarə Heyətinin
üzvü, Demokratik Jurnalistlər Liqasının rəhbəri
Yadigar Məmmədli müşahidə olunan acı mənzərənin
xeyli vaxtdır davam etdiyini diqqətə çatdırıb. Onun sözlərinə
görə, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı təbliğatı daha çox problemin həllində
söz sahibi sayıla biləcək, proseslərə
müdaxilə edə biləcək ölkələrdə
aparmışıq:
"İndiyə qədər ABŞ-da, Avropa ölkələrində,
Rusiyada, o cümlədən Türkiyədə bu istiqamətdə
fəaliyyət göstərmişik. Şübhəsiz ki,
adını çəkdiyim ölkələrdə
aparılan işi, göstərilən xidməti
alqışlamaq, dəstəkləmək lazımdır.
Amma reallıq odur ki, türk respublikaları ilə
media qurumları və ictimai-siyasi təşkilatlar arasında
əlaqələrimiz çox zəif qurulub. Götürək media sahəsini. Orta Asiya dövlətlərində mətbuatla
bağlı beynəlxalq qurumlar fəaliyyət göstərir.
Bizi dəvət edirlər, zaman-zaman həmin
ölkələrə səfərlər edirik, beynəlxalq
konfranslara qatılırıq və sözümüzü
deyirik. Lakin görünür, bunlar
heç də yetərli deyil. Görülən işlərə
kölgə salmaq istəmirəm, amma ardıcıl iş
aparmaq lazımdır”.
Ekspert
bildirib ki, Azərbaycan özünə ən güclü dəstəyi
Orta Asiyanın türk respublikalarından görməlidir:
"Dağlıq Qarabağ münaqişəsi sadəcə
Azərbaycanın deyil, bütün türk
dünyasının problemi halına gəlməlidir. Amma biz buna nail ola bilirikmi? Qardaş
türk dövlətlərinin jurnalistlərini
qınamıram. Əgər təbliğat
aparılmayıbsa, onlar necə və hardan həqiqəti
bilsinlər?! Burada əsas problem, mənfi
hal odur ki, həmin ölkələrdə fəaliyyət
göstərən səfirliklərimiz, diasporamız
yarıtmaz fəaliyyət göstərirlər. Onlar işlərini düzgün qurmadıqları
üçün ortaya belə mənzərə
çıxır. Əlbəttə, biz
bununla barışa bilmərik. Təəssüf
etməklə də işimizi bitmiş saymamalıyıq, daha
ciddi şəkildə təbliğat aparmalıyıq”.
J.Məmmədlinin
fikrincə, mediamızın üzərinə düşən
bəzi məsələlər də var:
"Müşahidələr göstərir ki, türk
ölkələrinin media təmsilçiləri ilə əlaqəmiz,
qarşılıqlı işimiz çox zəifdir. Əgər
bunun əksi olsaydı, bu gün türkdilli ölkələrin
jurnalistləri Qarabağ barədə bizdən daha
yaxşı danışardılar. Problemin
kökündə həm də informasiyanı düzgün mənbədən,
yəni ilk mənbədən almamaq dayanır. Çox təəssüflər olsun ki, Azərbaycanın
Orta Asiya ölkələri haqqında, ya da əksinə,
onların bizim haqqımızda əldə etdikləri məlumatlar
üçüncü ölkə üzərindən
aparılır. Təsəvvür edirsiz,
qardaş dediyimiz türk ölkələrində baş verən
prosesləri Rusiya mətbuatından oxuyuruq. Birbaşa təmaslarımız yoxdur, ilk növbədə
bu problemi aradan qaldırmaq lazımdır. Ondan
sonra digər məsələlər öz həllini tapacaq”.
"Lent.az”ın redaktoru Səbinə Əvəzqızı
da "Şərq”ə açıqlamasında məsələnin
ciddiyətindən danışıb:
"Akif Aşırlının məyusluğunu
çox gözəl anlayıram, özüm dəfələrlə
eyni vəziyyətə düşmüşəm. Düzü,
bu məsələ çox ciddi siyasi problemdir. Qarabağ münaqişəsinin taleyini
dünyanın əsas güc mərkəzləri olan ölkələr
müəyyənləşdirir. Bunlardan ən
əsası da Rusiyadır. SSRİ
dağılsa da, Orta Asiya dövlətləri hələ də
tam Rusiyanın təsiri altından çıxa bilməyiblər.
Onların mövqeyinin belə olması təəccüblü
deyil. Bölgə ölkələri əsasən
Rusiyanın maraqlarından çıxış edirlər.
Məsələyə milli və dini yox, siyasi
mövqedən yanaşanlar öz maraqlarını
güdürlər. Əslində hər
bir dövlət öz siyasi maraqlarından
çıxış edir, o cümlədən də Azərbaycan.
Məsələn, biz hətta haqlı olaraq
suverenlik qazanan bölgələri belə bəzən dəstəkləyə
bilmirik. Çünki bizim Qarabağ
problemimiz var. Dövlətlər yalnız milli məsələlərdə
öz siyasi maraqlarına qarşı çıxa bilirlər.
İndi incidiyimiz Orta Asiya ölkələri
Qarabağ problemini özlərinin milli məsələsi hesab
etmirlər. Niyə etmirlər?
Bəs biz eyni kökdən, dindən gəlmirikmi? Bu suallara da
cavab axtaranda məsələ gedib yenə siyasətin üzərində
dayanır. Ümumiyyətlə, müsəlmanlarla
bağlı, bütün tarixi proseslərə nəzər
salanda, demək olar ki, heç birində birlik, eyni mövqedən
çıxış etmək hallarına rast gəlmirik.
Türk dünyasında birliyə cəhdlər
olur. Lakin müşahidə etdiyimiz budur ki, bu əsasən
dil, milli bayram və s. səviyyədən o tərəfə
keçmir. Ciddi siyasi münaqişə
zamanı da bu birliyi müşahidə edə bilmirik”.
Redaktorun
fikrincə, bu, məsələnin bir tərəfidir, ikinci tərəfi
isə birbaşa media ilə bağlıdır:
"Azərbaycan mediasının dünyaya
çıxışı kifayət qədər deyil. Son illərdə
bir neçə media qurumu dünyaya çıxa bilib. Ancaq bu problemin həllini indiki media qurumlarının
üzərinə atmaq olmaz. Bu elə bir
işdir ki, dövlət səviyyəsində maliyyələşdirilməli
və bu istiqamətdə xüsusi peşəkarlar
hazırlanmalıdır. Uzun illərdir bu milli bəlanın
içini hər an qovurduğu Akif
Aşırlı kimi bir neçə həmkarımız da
var. Amma onların əlindən nə gəlir? Nə
edə bilərlərsə edirlər. Bəs bunları kim görür, kim bilir? Eyni
cür ədəbiyyatçılarımızı və kino
sahəsində çalışanlarımızı da
qınaya bilərik ki, niyə problemi dünyaya
çatdıra və diqqəti bunun üzərinə çəkə
bilmirlər. Amma məsələyə
çox ciddi yanaşılmalıdır. Mütləq
dövlət dəstəyi lazımdır. Ona görə də bu yaxınlarda millət vəkili
Əflatun Amaşov dünya standartlarına uyğun bir TV
kanalı yaratmağı təklif edəndə, buna xeyli
sevindim”.
(Davamı var)
İsmayıl
Şərq
qəzeti.- 2018.- 30 yanvar.- S.11.