Orta Asiya ğlkələri ilə media körpüsü yaradılmalıdır

Türkdilli dövlətlərə qarşılıqlı olaraq jurnalistlərin səfərləri təşkil olunmalıdır

 

(əvvəli ötən sayda)

Xəbər verdiyimiz kimi, Türkiyənin Kastamonu şəhəri Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu münasibətlə təşkil olunmuş tədbirlərə Azərbaycan jurnalistləri ilə yanaşı, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Moldova və Tatarıstandan 20-yə yaxın jurnalist qatılıb. Mərasimlərdə iştirak edən "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı türk dünyasını təmsil edən jurnalistlərlə Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi barədə söhbət edib. Baş redaktor söhbətlərin nəticəsindən olduqca məyus olduğunu deyib.Akif Aşırlı bildirib ki, Qarabağ probleminin Avropanın siyasi mərkəzlərində daha çox müzakirə olunmasına diqqət göstərilir, ciddi fəaliyyət ortaya qoyulur, amma türk-islam dünyasının bir parçası olduğunu qəbul etdiyi ölkələrdə bu işin səviyyəsi çox aşağıdır. Hətta SSRİ dönəmində bir yerdə olduğumuz Orta Asiya dövlətlərində də Azərbaycanın haqlı davası lazımınca obyektiv qiymətləndirilmir. Baş redaktorun sözlərinə görə, Özbəkistanı təmsil edən gənc reportyor Şirzad İkramutdinov söhbət zamanı Qarabağ münaqişəsi barədə geniş məlumata malik olmadığını deyib. Çalışdığı informasiya agentliyində xəbərlər getdiyini söyləyib, amma problem haqqında neytrallıq nümayiş etdirdiklərini bildirib: "Mən bu münaqişədə kimin haqlı, kimin günahkar olduğunu bilmirəm”. Tatarıstandan olan gənc xanım jurnalist də məlumatı olmadığı üçün Qarabağdan danışmayıb. Moldovadan olan "Qaqauziya xəbərləri” saytının əməkdaşı Alla Böyük isə bir neçə dəfə Azərbaycana səfər etdiyini qeyd edib. Amma o da Qaqauziyada Qarabağdan daha çox Ukrayna və Rusiyadan yazmağı üstün tutduqlarını vurğulayıb. Qaqauzlu jurnalistin fikrincə, Azərbaycan Moldovadan çox uzaqdır, buna rəğmən Qarabağ barədə də yazırlar: "Bilirik ki, kiçik qarşıdurmalar olur, onda xəbər veririk”. Özünün şəxsi fikrinə görə isə Alla Böyük Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. Digər gənc qaqauzlu politoloq, siyasət yazarı Anatoli Tolmaç Qarabağ münaqişəsinin tarixini, yaranma səbəblərini daha yaxşı ifadə edib. Hətta İranda, Cənubi Azərbaycanda 35 milyon Azərbaycan türkünün yaşadığını, üzləşdiyi çətinlikləri və beynəlxalq vəziyyəti təhlil edib. Tolmaçın dediyinə görə, Moldova kimi dövlətlər Qarabağ münaqişəsi barədə neytrallığını qoruyub saxlayır və bu da dünyada erməni diasporunun fəaliyyətini yada salır: "Rəsmi olmasa da, deyim ki, qaqauzlar eyni soykökə bağlı Azərbaycanı dəstəkləyir. Azərbaycan güclü dövlətdir, hərbi potensialı çox yüksəkdir. Qazaxıstanlı jurnalist Tolqadan Baturxanın fikrincə, Qarabağın həlli yolu müharibə deyil, sülhdür. Azərbaycanın ədalətsiz müharibəyə cəlb olunmasına münasibət bildirən qazaxıstanlı jurnalist prosesin hansı istiqamətdə getdiyindən məlumatsızdır. Çünki Qazaxıstan mətbuatı əsasən öz problemlərindən yazır. Onun fikrincə, Qarabağ problemi digər dövlətə aiddir.Türk dünyasından həmkarlarla söhbət bu acı gerçəyi ortaya qoyur ki, Avropadan ədalətli mövqe gözlədiyimiz halda, Qarabağ həqiqətlərini hələ öz din bir, qan bir qardaşlarımıza lazımi səviyyədə çatdıra bilməmişik.Problemlə bağlı "Şərq”ə danışan "Xalq Cəbhəsi” qəzetinin və "baymedia.az” informasiya agentliyinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, bütün ölkələrdə fərqli kəsim və müxtəlif yanaşmalar var. Onun sözlərinə görə, şəxsən Qazaxıstandan, Qırğızıstandan və Türkmənistandan elə insanlarla qarşılaşıb ki, onlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlı olublar. Hətta obyektiv şəkildə Azərbaycanın mövqelərini müdafiə ediblər: "Şübhəsiz ki, həmin ölkələrdə Azərbaycan həqiqətlərini bilməyən, ərazilərimizin işğal altında olmasından xəbərsiz olan xeyli insanlar da var. Əgər bu reallıqları bilməyənlər jurnalist peşəsinin sahibidirlərsə, bu, olduqca narahatedici faktordur. Hesab edirəm ki, həmin ölkələrlə daha yaxından işləmək lazımdır. Mənzərə açıq şəkildə Azərbaycan diasporasının fəaliyyəti ilə də əlaqələndirilə bilər. Amma məsələyə başqa kontekstdən də yanaşmaq lazımdır. Avropada media üzərindən Azərbaycanla bağlı təbliğat aparmaq imkanı böyükdür. Amma təəssüflər olsun ki, Orta Asiya ölkələrində vəziyyət fərqlidir. Bu ölkələrin ermənilərlə əlaqəsi var. Hətta bəzi respublikalar bir sıra hallarda Azərbaycanla bağlı məsələlərin daha aktiv şəkildə gündəmə gəlməsində maraqlı deyillər. Digər bir problem isə odur ki, həmin ölkələrin media qurumları ilə əlaqədə olan Azərbaycan jurnalistləri kifayət qədər aktiv deyillər. Birgə əməkdaşlığa meyilləri yoxdur”.Baş redaktorun fikrincə, bəzi şəxslər konkret olaraq Azərbaycanla bağlı həqiqətlərin təbliğ olunmasına deyil, öz şəxsi korporotiv maraqlarına xidmət edirlər: "Yəni səbəblər həddindən artıq çoxdur. Düşünürəm ki, mövcud problemi yumruqları havaya qaldırmaqla, "türk dünyası” nidası ilə çığırmaqla həll etmək mümkün deyil. Məsələyə peşəkar yanaşmaq lazımdır. Hər dövlətin özünə məxsus xüsusiyyətləri var. Azərbaycanla Qazaxıstanı, Özbəkistanı və ya Qırğızıstanı eyni tutmaq olmaz. Həm də dərin araşdırmalara ehtiyac var. Öyrənməliyik ki, nə üçün Azərbaycanla bağlı məlumatlar digər türk respublikaların mətbuatında dərc olunmur, obyektiv təhlillər yazılmır”.

"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov isə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin bizimlə eyniköklü xalqlar arasında tanınmaması birinci növbədə diaspora və səfirlərimizin işindən xəbər verir. Baş redaktorun fikrincə, adıçəkilən təşkilatlar Azərbaycanın problemləri barədə danışmaq əvəzinə öz aralarında çəkişmələrlə məşğuldurlar:

"Dağlıq Qarabağla bağlı keçirdikləri tədbirlər isə kampaniya xarakteri daşıyır. Adətən, faciə günlərində və işğal tarixlərində kiçik tədbirlər keçirməklə işlərini bitmiş sayırlar. Bu tədbirlərə isə həmişə eyni adamlar dəvət olunur. Bunun əvəzinə həmin günlərdə və ya istənilən vaxt yerli mətbuata müsahibələr verib, Azərbaycan həqiqətlərini car çəkmək lazımdır. Diaspora təşkilatları pul silməklə və yalançı tədbirlərlə ancaq özlərini aldatmış olurlar. Deyilən faktlar da bunun əyani sübutudur. İşğaldan azad olmuş Cocuq Mərcanlıya həmin ölkələrin ən tirajlı qəzetlərini, saytlarını və televiziyalarını dəvət etməklə problemi yerində göstərmək lazımdır. Ancaq danışmaqla iş getmir. Dünya faktlara inanır. Bu faktları isə səfirliklərin və diaspora təşkilatlarının anbarında saxlayıb, ildə bir dəfə nümayiş etdirməklə məsələ həll olunmur. Dağlıq Qarabağ, 20 Yanvar, Xocalı faciələri ilə bağlı kitablar həmin ölkələrin dillərinə tərcümə olunmalı, paylanmalıdır. Konfranslar keçirilməli, jurnalistlərin qarşılıqlı səfərləri təmin olunmalıdır. Universitetlərdə tədbirlər keçirilməlidir. Bunun üçün xüsusi bir tapşırıq tələb olunmur. Ermənilər bunu çoxdan tətbiq edirlər. Yenə deyirəm, hər il keçirilən tədbirlərdə özümüz deyib, özümüz eşitməməliyik”.

Diaspor Jurnalistləri Birliyinin (DJB) sədri, tanınmış jurnalist Fuad Hüseynzadə isə "Şərq”ə açıqlamasında Orta Asiya dövlətləri ilə media körpüsünün yaradılmasını təklif edib. Onun sözlərinə görə, Azərbaycan dövləti üçün Dağlıq Qarabağ məsələsi prioritetdir: "Dövlət başçısı, o cümlədən digər rəsmilər xarici ölkələrdə öz çıxışlarında bu münaqişəni də qabardır, Ermənistanın işğalçılıq siyasəti haqqında danışırlar. Məhz bunun nəticəsidir ki, Dağlıq Qarabağ artıq beynəlxalq aləmin gündəminə çıxıb. Eyni zamanda Orta Asiyadakı dövlətlərdə də Dağlıq Qarabağ münaqişəsi tanınır. Nəzərə alaq ki, Orta Asiya dövlətlərinin əksəriyyəti türk dünyasına daxildir. Hətta elə Orta Asiya dövləti var ki, Azərbaycanla dostluq və qardaşlıq münasibətinə görə Ermənistanda səfirliyini açmayıb. Yəni bütün Orta Asiya dövlətləri rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.

 

Harada yaşamağından və hansı sahədə çalışmağından asılı olmayaraq, Qarabağ məsələsi hər bir azərbaycanlının ana mövzusu olmalıdır. Əslində, istər bu dövlətlərdəki səfirliklər, istərsə də diasporumuz Qarabağ həqiqətlərinin yayılması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Lakin görünür, bu işlər effektiv nəticə vermir. Ona görə də Qarabağ həqiqətlərinin yayılması üçün effektiv nəticə verən yollardan istifadə olunmalıdır. Qarabağ münaqişəsini özümüzə yox, özgələrə təbliğ etməliyik. Tədbirlərimizdə yaşadığımız ölkələrin yerli xalqının olmasına üstünlük verməliyik. Daha çox əcnəbilərin marağını cəlb edəcək layihələr icra olunmalıdır. Qarabağ həqiqətlərinin təbliğat işində hədəflərə çatmaq üçün informasiya kommunikasiya texnologiyalarının imkanlarından da geniş istifadə etmək olar. Bu işdə İKT ən əlverişli vasitədir. Bir böyük insan kütləsinin günlərlə edəcəyi işi internetdə aparılan ifşaedici kampaniya ilə anidən görmək olar”.

 

DJB sədri bildirib ki, əsasən sosial şəbəkələrdə təbliğat işini gücləndirmək lazımdır:

"Ümumiyyətlə, bu kimi təbliğatların əcnəbi dillərdə olması vacib amildir. Bütün bu işlərlə yanaşı, praktik addımlar da atılmalı, hər bir xaricdəki soydaşımız, o cümlədən Orta Asiyadakılar yaşadıqları ölkənin rəsmiləri ilə mütəmadi görüşlər keçirməlidir. Xüsusən, Xocalı soyqırımının tanınması üçün danışıqları gücləndirməlidir. Vacib məqamlardan biri də Orta Asiya dövlətləri ilə media körpüsünün yaradılmasıdır. Qarşılıqlı olaraq jurnalistlərin səfərləri təşkil olunmalıdır. Ən mühüm məsələ güclərin birləşdirilməsidir. Orta Asiya dövlətlərindəki səfirliklərimizlə diasporumuz Qarabağ həqiqətlərinin tanınması istiqamətində birgə layihələr keçirə bilərlər”.

 

(Davamı var)

İsmayıl

Şərq.- 2018.- 31 yanvar.- S.11.