Qaynaqlarımızda
türkün hikmət xəzinəsi: genetik yaddaşın
dünənindən bu gününə
Buludxan Xəlilov,
filologiya
üzrə elmlər doktoru, professor
Dünya
barəsində Azərbaycan atalar sözü müdriklik xəzinəsi
kimi milli təfəkkür inciləri olmaqla günümüzə
qədər qorunmuşdur:
Dünya bala dönsə, ala qarğa öz yeməyin
bilər.
Dünya mənim deyənin dünən gəldik
yasından.
Dünya nərdivandır; biri çıxar,
biri düşər.
Dünya varına güvənilməz.
Dünya yalan dünyadı.
Dünyada bir pislik qalar, bir yaxşılıq.
Dünyada hər an mərdə arxalan.
Dünyanın
malı dünyada qalacaq.
Dünyanınkı gör-götürdür.
(Atalar sözü. Bakı, “Öndər Nəşriyyat”, 2004, s. 95-96).
Türkün dili bədii və poetik olmaqla
yanaşı, həm də təbiidir. Bu təbiiliyin
bir tərəfi dilin öz təbiəti ilə
bağlıdırsa, digər tərəfi isə türklərin
təbiətindəki təbiiliklə bağlıdır.
Milli-mental dəyərlərdəki təbiiliklə
dilin təbiətindəki təbiilik türkün dilini
canlı, diri, təsirli, emosional və kəsərli
etmişdir. Xalq danışıq dilinin
milli koloritinin zənginliyi səbəbi də məhz bu amillərlə
bağlıdır. Təsadüfi deyildir
ki, xalqın dili həmişə təsirli və güclü
olmuşdur. Xalq heç zaman elə-belə
söz söyləməmiş, atalar demişkən “Xalq deyən
söz tez-gec düz olar”. Xalqın dili hər
hansı bir informasiyanı, məlumatı daha
tez dilə-dişə
salmış, sözü söyləməklə söz
adlı yükdən azad olmuşdur. Məs.:
Xalqın
dili yavadır, səni dilə-dişə salar,
İnsan çox qısqancdır, ətini yeyər.
Baxıb
gördüm bir az yüküm azaldı,
Öz-özümə
dedim: sözü söylə, yükü
tök.
(Yusif
Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə
aparan elm. Bakı, Azərbaycan Dövlət
Nəşriyyatı, 1994, s. 30-31).Xalqın dili tərəzidir.
O, hər şeyi çəkir, ölçür sonra məlumata,
informasiyaya çevirir. Və nəhayət,
kütlənin məlumatlanmasına xidmət edir. Kütləvi informasiya vasitələrinin
imkanları ilə yayılan hər hansı məlumat
yaddaşlardan daha tez silinə bilir, nəinki xalqın
özünün yaydığı informasiya. Xalqın yaydığı informasiya xalqın
yaddaşından, hafizəsindən silinmir. Xalq
danışıq dilinin saya
xarakterli olması bu
işdə hərəkətverici bir qüvvəyə çevrilir. Xalq danışıq dili rəsmiyyətdən uzaq
olmaqla mövzu rəngarəngliyi baxımından həyatın
özündən qidalanır. Həyat o qədər
maraqlı və zəngindir ki, onun xalq dilinə verdiyi məlumat
və informasiyalar da bir o qədər zəngindir. Belə zənginlik içində xalq təcrübədən
çıxmış atalar sözünü, məsəlləri,
lətifələri və digərlərini yaradır. Zəngin atalar sözləri, məsəllər, lətifələr
xalq dili vasitəsilə bütün xalqın malına
çevrilir. Məhz türk dili bu
baxımdan xalqa xidmət gücünə malik olmuş, məlumatın,
informasiyanın qavranılmasında güclü təsir dairəsinə
malik olmuşdur. Yeri gəlmişkən
qeyd edək ki, hansı dildə zəngin folklor nümunələri,
atalar sözləri, məsəllər, lətifələr, ləqəblər
və s. varsa, həmin dil zəngin dildir. Türk
dili belə zəngin dillərdən biridir.
Türk lətifə yaratmaqda nə qədər mahirdirsə,
onun istifadə məqamını, şəraitini
düzgün müəyyən etməkdə də bir o qədər
peşəkardır. Hətta onun həddini və sərhəddini
də yaxşı biləndir. Məs.:
Lətifə
az gərək.
(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 174).
Yaxud:
Lağa qatlanan yenər.
(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 174).
Türk xalq danışıq dilinin daha yüyrək
olduğunu həm də ləqəblər təsdiq edir. Ləqəblər insana
xalqın özü tərəfindən verilmiş və bu,
adi bir iş kimi qəbul olunmuşdur. Oğuz türkləri
yaxşı söyləmişdir:
Ər ləğəbilə anılur.
(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 63).
Türklərdə ləqəblərin olması bu
xalqın təbiəti ilə bağlı olan məsələlərdən
biridir. Türkün təbiətindəki təbiilik istər-istəməz
bir-birinə münasibətdə olan insanların ləqəblərinin
yaranmasına da sirayət etmişdir. Burada da ləqəbləri
münasibətlər sistemində demokratikliyin daşıyıcısı kimi qəbul etmək lazımdır. Bunu qəbul edən türk insanı adından sonra
ona verilmiş ləqəbi çox təbii qəbul
etmişdir. Xidmətinə, istedadına,
xarici görkəminə, bədəndə olan xüsusi əlamətinə
və digər keyfiyyətlərə görə verilmiş ləqəblər
türk insanını qıcıqlandırmamış, əksinə,
xalq arasında ləqəblər vasitəsilə daha da məşhurlaşdırmışdır.
Bunun sirri yenə də türkün hikmət xəzinəsini
özündə yaşadan dildədir, dilin
yaratdığı möcüzədədir, dilin imkanında
və daxili gücündədir. Bununla
yanaşı, türk adamının xarici və daxili aləmi
dərk etmək keyfiyyətindədir. Bu keyfiyyət həm
də xüsusiyyətdir və həmin xüsusiyyətlər bunlardır: təfəkkür, hafizə,
təxəyyül, təsəvvür,
danışıq, eşitmə, görmə, qoxubilmə,
toxunma və dadbilmə. Bu xüsusiyyətlər
yaradılmış bütün məxluqların içərisində
insanlarda daha üstün yaradılmışdır. İnsanlar, millətlər, xalqlar bir-birindən fərqləndiyi
kimi, bu xüsusiyyətlər də insanları fərqləndirmişdir.
İnsanları bir-birindən dinlər və
dillərlə yanaşı, bu xüsusiyyətlər də
ayırmışdır. Türk
insanının özünəməxsusluğunda bu
xüsusiyyətlər üstün mövqedə olmuşdur.
Xüsusilə, xüsusiyyətlər
sırasında danışıq (dil) türk insanını
başqasından fərqləndirmişdir. Türk
insanının xoşbəxtliyi həm də ondadır ki,
onun danışığı (dili) o qədər təbiidir
ki, şirin kəlmələrindən incimək mümkün
olmadığı kimi, verdiyi ləqəbdən,
qoşduğu ayamadan da incimək türk olan kəsin heç
ağlına belə gəlməmişdir.Ləqəblər
barəsində XI əsrin məşhur tarixi-ədəbi abi-
dəsi olan “Siyasətnamə”də yazılır: “Şahlar ləqəb
verməkdə həmişə ehtiyatlı olmuşlar,
çünki yaxşı məmləkət dolandırmaq
qaydalarından biri də ləqəblərin verilməsi, hər
kəsin öz mövqeyini, öz yerini bilməsidir. Bazar
adamı ilə dehqanın ləqəbi eyni olsa, fərqləri
aradan qalxar, məşhur adamla qeyri-məlum adam
eyni olar. Alimlə cahilin ləqəbi eyni olsa,
onları tanımaq olmaz, ölkədə belə işlərə
yol vermək yaxşı deyildir.
Eləcə də əmirlərin və türklərin
ləqəbi Hüsaməddin, Seyf əd-dövlə, Əmin əd-dövlə
və buna bənzər ləqəblər olmuşdur.
Xacələrin,
əmidlərin,
dövlət məmurlarının
ləqəbləri: Əmid üd-dövlə, Zəhirəlmülk,
Qəvamülmülk və buna oxşar ləqəblər
olmuşdur.
İndi belə fərqlər aradan
çıxmışdır. Türklər xacələrin
ləqəblərini götürür, xacələr də
türklərin və bunu eyib hesab etmirlər, halbuki ləqəblər
həmişə əziz tutulmuşdur”. (Əbu
Əli Həsən İbn Əli Xacə Nizamülmülk.
Siyasətnamə. Bakı, “Elm”, 1987, s.
127). Göründüyü kimi,
Nizamülmülk əmirlərlə türklərin ləqəbinin
digərlərinin ləqəblərindən fərqli
olduğunu qeyd etməklə yanaşı, bu fərqlərin
aradan çıxdığını da qeyd etmişdir. Onun fikrincə, türklər dövlət xadimlərinin,
vəzirlərin, vəkillərin, saray adamlarının ləqəblərini,
onlar isə türklərin ləqəblərini
götürmüşlər və bu, eyib hesab
olunmamışdır. Əlbəttə,
Nizamülmülk bununla da türklərdə ləqəblərə
üstünlük verildiyini, hətta saray adamlarının ləqəbləri
ilə türklərin ləqəbləri arasında fərq
olmadığını söyləmişdir. Baxmayaraq
ki, türklərin ləqəbi dövlət adamlarının ləqəbindən fərqlənmiş və
daha zəngin
olmuşdur. Dövlət adamlarının, saray
adamlarının ləqəblərinin türklərin ləqəblərindən
fərqlənməməsi türklərin dövlət
sistemində daha çox təmsil olunması ilə
bağlı bir işdir. Həm də dövlət
adamları ilə yanaşı, türklərin də
nüfuzlarının eyni səviyyədə olmasına
işarədir.
Eyni adı daşıyanlar həm dövlət adamları
içərisində, həm də adi adamlar içərisində
olmuşdur. Onları bir-birindən ləqəblər vasitəsilə
fərqləndirməyin özü də yaxşı bir hal
kimi dəyərləndirilmişdir. Bu barədə
Nizamülmülk yazır: “Ləqəb ona görədir ki,
adamı o ləqəbə görə tanısınlar. Məsələn,
yüz adam oturmuş bir məclisdə on nəfərin
adı Məhəmməd olsa biri çağırsa: “ya Məhəmməd!”
Onu da qışqırar: “ləbbeyk”, elə başa
düşər ki, onu çağırarlar.
Lakin birinə
“müxtəs”, birinə “müvəffəq”, birinə “kamil”,
birinə “sədid”, birinə “rəşid” ləqəbi verib
bun- larla çağırsalar, dərhal bilinər kimi
çağırırlar”. (Əbu Əli Hə-
sən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 132).
Türkün bilikli adamları, idrak sahibləri, kamilləri
hansı şeyin xeyir və zərərindən
danışmışlarsa, orada dilin gərəkli və vacib
olduğundan bəhs etmişlər. Diqqət yetirək:
Bax, bu bir
neçə şey insana zərərdir,
İnsan onları bilsə, özünü qorumuş
olar.
Bunlardan
birisi dil yalanıdır,
İkincisi
sözündən yayınmaqdır,
Üçüncüsü içki
düşkünlüyüdür.
Ona tutulan hədər yaşamış olur.
Biri də
insanın inadkarlığıdır,
İnadkara dünyada sevinc yoxdur.
Yaraşmayan
şeylərdən biri də kobudluqdur,
Bu, insanın evində tozu dumana qatır.
Biri isə
diliacılıq, hiddətdir,
Dil açıb söyməyə başlasa, insanı
incidir.
Bu, bir
neçə şey bir adamda toplansa,
Mübarək xoşbəxtlik ondan uzaq qaçar.
(Yusif
Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə
aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı,
1994, s. 39-40).
Türkün özü də, sözü də, dili də
çox səmimidir. Nəyi varsa, ortadadır. Ucuz tutmaq, ucuz saymaq mövqeyindən tamam uzaqdır.
Saxtakarlıqdan, yalan-palandan, dedi-qodudan kənardadır.
Özü barədə dedikləri də bir
daha özünü təqdim edə bilir. Məs.:
Türk ucuz bulduğun murdar sanır.
Türk şərlünün qulıdır.
Türk atınun samanı bol gərək.
(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 84, 86).
davamı var…
Buludxan Xəlilov, filologiya üzrə
elmlər doktoru, professor
Üç nöqtə.- 2019.- 2
aprel.- S.14