1920-Cİ
İLLƏRİN AZƏRBAYCAN MƏTBUATI
Hərbi mətbuatın formalaşması
böyük çətinliklər hesabına başa gəlib
(Əvvəli ötən sayımızda)
1920-ci illərdən başlayaraq, Azərbaycanda
hərbi mətbuatın yaradılması işi də diqqətə
alınıb. Hərbi-dəniz komissarı Əliheydər
Qarayevin redaktorluğu, Azərbaycan Kommunist Partiyasının
orqanı kimi işıq üzü görən ilk hərbi qəzet
"Qırmızı əsgər” olub. Azərbaycan
diviziyası siyasi şöbəsinin orqanı olan
"Qızıl əsgər”in hərbi mətbuat tariximizdə
xüsusi yeri var. On ildən çox bir müddətdə
nəşr edilən bu mətbu orqan demək olar ki, respublikada
yaranan hərbi mətbuatı və jurnalistləri öz ətrafında
mərkəzləşdirməyi bacardı. "Qızıl əsgər”in
nəşrinə respublikanın görkəmli hərbi xadimlərindən
Q.Vəzirov, H.Vəzirov, H.Nəzərli,
Ə.Şıxlinski, C.Əliyev, C.Naxçıvanski və
başqaları yaxından köməklik göstərdilər.
Mətbuat tarixi araşdırmaçısı,
tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq”
qəzetinin baş redaktoru Akif Aşırlının "Azərbaycan
mətbuat tarixi, II hissə, 1920-1990-cı illər”
kitabında qeyd edib ki, savadsızlığı ləğv
etmədən ordunun döyüş qüdrətini və əsgərlərin
siyasi səviyyəsini artırmağın mümkün
olmadığını görən ölkə rəhbərliyi
və Azərbaycan diviziyasının siyasi şöbəsi
1922-ci ilin sentyabrında "Savadlı qırmızı əsgər”
jurnalını nəşr etməyə başladı:
"Bu jurnal üç il fəaliyyət
göstərdi. Sovet Silahlı Qüvvələrinin daha da
möhkəmləndirilməsi üçün 1924-cü ildə
sovetlər daxilində ciddi hərbi islahatlar həyata
keçirildi ki, bu, Azərbaycanda da tətbiq edildi. Aparılan
bu islahat hərbi mətbuatın inkişafına da təsir
etdi. SSRİ məkanında olduğu kimi Azərbaycan hərb
mətbuatında da bu dövrdə irəliləyişlər
hiss olunmağa başladı, hərbi ədəbiyyatların
nəşri genişləndirildi. Azərbaycan diviziyası
siyasi şöbəsinin orqanı olan "Qızıl əsgər"
qəzetinin nəzdində eyni adlı hərbi nəşriyyat
yaradıldı. Nəşriyyatın işinə Azərbaycan
diviziyası nəşriyyat-redaksiya şöbəsinin rəisi
Hacıbaba Nəzərli rəhbərlik edirdi. Azərbaycan hərbi
nəşriyyatının çap etdiyi kitabların, mətbu
nümunələrdəki yazıların əksəriyyəti
ruscadan tərcümələr idi. Odur ki, 1925-ci
ildə bütün Zaqafqaziyada olduğu kimi Azərbaycanda da hərbi-tərcümə
kollegiyası yaradıldı. İstefada olan məşhur
general Əliağa Şıxlınski hərbi-tərcümə
kollegiyasının redaktoru təyin edildi.
Ə.Şıxlınski 1926-cı ildə "Ruscadan
türkcəyə qısa döyüş
sözlüyü"nü hazırlayıb çap
etdirdi. Hərbi mətbuatımızın
formalaşmasında, terminlərin düzgün istifadə
olunmasında əsas qaynaq kimi bu sözlüyün
böyük əhəmiyyəti var. Hərbi ədəbiyyatların
çapı ilə yanaşı, hərbi qəzet və
jurnallarının nəşri də genişləndirildi.
"Hərbi birlik” jurnalı...
Müəllif vurğulayıb ki, 1928-ci ildən
nəşrə başlayan "Hərbi birlik” jurnalı isə
Azərbaycan diviziyasının kiçik komanda heyətinin
siyasi və hərbi birliyinin artırılması məqsədi
daşıyırdı: "Hərbi birlik”də təkcə
hərbi məzmunlu yazılar deyil, siyasi-elmi məqalələr
çar edilir, komandirlərə məsləhətlər
verilirdi.
Azərbaycan diviziyasının möhkəmlənməsində,
şəxsi heyət arasında siyasi-tərbiyə işinin
genişlənməsində mətbuat qüdrətli vasitə
hesab edilirdi. Ona görə də diviziyanın
ayrı-ayrı hissələrində qəzetlərin nəşri
qərara alındı. 1929-cu ilin ortalarında Azərbaycan
diviziyasında 5 çoxtirajlı polk qəzeti
buraxılırdısa, 1934-cü ildə bu tipli qəzetlərin
ümumi sayı 80-ə çatmışdı. Diviziyanın
"Qızıl bayraq” və "Döyüşçü
səsi” bu baxımdan xüsusi fərqlənirdi.
Mədəniyyət və incəsənət
jurnalları
Mədəniyyət və incəsənət
sahəsində də mətbu orqanlar yaradıldı. Belə
mətbu orqanlardan biri "Zəhmətkeş səhnəsi"
jurnalıdır. Bu jurnalın 1920-ci il oktyabrın 27-dən
1921-ci ilin fevralın 23-dək beş nömrəsi çap
edildi. Həmin bu müddətdə nəşrə
başlayan "Sənayei-nəfisə" jurnalının
yalnız bir sayı Azərbaycan və rus dilində nəşr
olunaraq oxuculara çatdırıldı. "Sənayei-nəfisə"nin
ilk sayında Üzeyir bəy Hacıbəylinin "Vəzifeyi-musiqiyəmizə
aid məsələlər" adlı məqaləsi çap
edildi. Ü.Hacıbəyli bu məqalədə
Azərbaycanda yeni, mütərəqqi musiqi formalarını
öyrənmək və təbliğ etmək sahəsində
Xalq Maarifi Komissarlığının, konservatoriya və musiqi
məktəblərinin vəzifələrindən bəhs edərək
yazırdı: "Ümumi musiqi sənətini dəxi
öyrənərsək, alim
musiqişünaslarımız, orkestrlərimiz və opera
artistlərimiz də olmaqla mədəniyyətin sənayei-nəfisə
qismində dəxi iştirak etmiş oluruq".
Ə.Haqverdiyev "Müsəlmanlarda teatro" adlı məqaləsində
qədim dövrdən başlamış 1920-ci ilədək
Yaxın və Orta Şərq xalqlarının teatr tarixinə
ümumi baxışını ifadə etdikdən sonra
yazırdı: "Azərbaycan teatrosu barəsində,
onun keçmişindən, indisindən, gələcəyindən
və gələcək məramından jurnalımızın
gələn sayında bəhs edərsiz. Çünki bu, Azərbaycan
üçün həyati məsələdir və bunun barəsində
ətraflıca danışılmalıdır". Ancaq
böyük dramaturqun arzusu çin olmadı, yalnız
jurnalın bir sayı işıq üzü gördükdən
sonra fəaliyyətinə son verdi.
Yeni siyasi quruluşun ilk illərində
Azərbaycan dram teatrı ilə yanaşı, "Tənqid-təbliğ"
Teatrı da fəaliyyətə başladı və demək
olar ki, bütün dramaturji qüvvələri öz ətrafına
topladı. 1923-cü ildə Bakıda teatr texnikumu
açıldı. Azərbaycan "Tənqid-təbliğ"
Teatrı sonralar Azərbaycan işçi-kəndli
teatrına çevrildi.
1923-cü ildə Azərbaycan Teatrının
50 illik yubileyi böyük təntənə ilə qeyd edildi. Yubiley tədbirləri ərəfəsində
"Türk işçi-kəndli teatrosunun
afişası" adlı jurnal nəşrə
başladı. Jurnalın ilk sayı 17 səhifədə
şəkilli formatda işıq üzü gördü. Bu mətbu
orqan oxucuları dövrün teatrın yenilikləri ilə
tanış edir, incəsənət aləmində baş verənlər
barəsində məqalələr, informasiyalar dərc edirdi. "Afişa"nın böyük üstünlüklərindən
biri baş rollarda çıxış edən aktyorların
öz rollarını necə düşünüb ifa etdiklərini,
hansı əsaslar ilə tamaşaçılara təqdim
etdiklərini müsahibə formasında oxuculara
çatdırmalarında idi. İlk sayının çapdan
çıxmasını "Maarif və mədəniyyət"
jurnalı vasitəsilə təbrik edən dövrün
tanınmış aktyoru Kazım Ziya yazırdı: "Bizim
tamaşaçılar ancaq indiyə qədər naturalist
quruluşlara alışdıqlarından başqa
quruluşları başa düşmürdülər. Ona
görə "Afişa" hər nömrəsində
quruluş barəsində istər bizdən, istərsə də
Rusiyadan məlumat versə, yaxşı olar".
"Yeni fikir" qəzetinin nəşri
1923-cü ilin yanvar ayının 15-də ilk
sayı işıq üzü görən "Yeni fikir" qəzeti
böyük formatda nəşr olundu. Qəzet
Zaqafqaziya Xalq Komissarları Şurasının orqanı kimi
işıq üzü gördü. "Yeni fikir"in bəzi
nömrələri 6, 8 və hətta 10 səhifə həcmində
çap olunurdu. 1923-cü ilin sonunda qəzetin tirajı 156 min
nüsxəyə çatdı. Keçmiş Sovet
İttifaqının hər yerində oxucuları olan "Yeni
fikir"i İran və Türkiyədə də oxuyurdular.
Yayım sferası kimi qəzetin yaradıcılıq istiqaməti
də geniş idi. Belə ki, "Yeni fikir"in partiya və
fəhlə həyatı şöbələrindən əlavə,
şərq, yeni əlifba, tənqid, Zaqafqaziya qəzaları və
məlumat şöbələri fəaliyyət göstərirdi.
Qəzetə müxtəlif vaxtlarda Böyükağa
Talıblı, Mirzədavud Hüseynov, Mirzədavud Rəsulzadə
rəhbərlik edib, yazıçılardan Mehdi Hüseyn,
Əli Vəliyev, Əziz Şərif, Mircəlal Paşayev qəzetin
ilk fəal müxbirləri olublar.
Qəzetin fəaliyyətində fəhlə-kəndli
müxbirlərinin rolu da böyük idi. Belə ki, 1923-cü
ildə qəzetin daimi yazan 154 fəhlə-kəndli müxbiri
vardı.
"Yeni fikir" öz müxbirlərinə
necə işləmək, nədən və necə yazmaq,
sosializm quruculuğunda nə cür fəallıq göstərmək,
kütlələri öz arxasınca aparmaq barəsində də
çoxlu materiallar dərc edirdi. "Qəzet və
mühərrirlik", "Fəhlə-kəndli müxbirlərinin
vəzifələri", "Oxucularla dərdləşmə"
adlı məqalələrdə dövrün tələblərinə
uyğun jurnalistikanın formalaşması əksini
tapırdı. Qəzet əyalətlərə daha çox
diqqət yönəldir, rayonlarda oxucular konfransı
keçirir, oxucu-redaksiya təmaslarına geniş yer
verirdi. "Yeni fikir" sosialist cəmiyyətinin
üstünlüklərinə, yeni qurulan dövlət
sisteminin problemlərinə diqqət çəkir,
oxucuları dünyada baş verən proseslərlə müntəzəm
tanış edirdi. Bu qəbildən olan materiallar "Xarici xəbərlər",
"Yaxın Şərqdə", "Şuralar
İttifaqında", "Qızıl Şərq ölkələrində",
"Orta Asiyada", "Qərb ölkələrində",
"Kapitalist ölkələrində" rubrikaları
altında çap edirdi. "Yeni fikir" sovet dönəmi
üçün qəbul olunan jurnalistikanın əksər
janrlarından, o cümlədən felyetonlardan çox
geniş istifadə edirdi. Demək olar ki, qəzetin hər
sayında nəzm və nəsr ilə iki-üç felyeton
çap edilirdi. M.S.Ordubadi, B.Mürşüd, Əli Nəzmi,
Əhməd Anatollu, Məmməd Rzazadə "Yeni
fikir"in əsas felyetonçuları idi. 1926-cı ildə
"Yeni fikir"in 1000-ci sayının çapdan
çıxması böyük bayrama çevrildi. ÜİK(b)P Mərkəzi Komitəsindən, Zaqafqaziya
ölkə Komitəsindən, Zaqafqaziya hökumətindən,
respublikaların partiya və hökumət orqanlarından,
rayon təşkilatlarından, ayrı-ayrı şəxslərdən
təbrik teleqramları alınmışdı. Bu təbriklərdə
qəzetin fəaliyyətinə yüksək qiymət verilir,
onu Şərqdə kommunizm ziyası saçan məşəl
adlandırır, Şərqdə sovet siyasətinin
carçısı və partiyanın mahir təbliğatçısı
hesab edirdilər. Zaqafqaziya ölkə komitəsinin qərarı
ilə "Yeni fikir"in 1927-ci il 18 may tarixli qərarı ilə
həmin ilin iyun ayının 1-dən nəşri
dayandırıldı.
Fəhlə-kəndli müxbirləri hərəkatının
yaranması
Məşhur yazıçı
A.M.Qorki Sovet İttifaqının hər yerində fəhlə
və kəndli müxbirlərini mətbuatın
"gözü, səsi" olduğunu yazırdı.
"İskra" nəşrə başlayanda onun səhifələrində
jurnalistlərlə yanaşı, fəhlə və kəndlilər
də məqalələrini dərc etdirirdilər. RSDFP-nın II qurultayınadək qəzetin nəşr
olunmuş 44 sayında fəhlələrin 500-dək məqaləsi
işıq üzü görmüşdü. İlk divar qəzetlərindən
birini "Pravda"nın fəhlə müxbirləri
buraxıblar. 1923-cü ilin noyabrında "Pravda" qəzeti
yanında birinci fəhlə müxbirləri
müşavirəsi keçirildi.
Müşavirə jurnalistlik fəaliyyətində
könüllülük prinsiplərinə tərəfdar
çıxdı, qəzetlərin müxbir seçmək və
ya müxbir təyin etmək üsulunu rədd etdi. Bolşevik
mətbuatında fəhlə-kəndli müxbirlər hərəkatının
əsas ideoloqu Mariya İliçina Ulyanova idi. Partiya
rəhbərliyinin prinsipləri, inkişaf yolları,
metodları haqqında onun qədər çoxlu məqalə
yazan olmamışdı. Ümumrusiya proletar mətbuatının
tərkib hissəsi olan Azərbaycan mətbuatı da fəhlə-kəndli
müxbirləri hərəkatına qatıldı.
Azərbaycanın partiya-sovet mətbuatı
"Pravda"nın təcrübəsini öyrənərək,
yaradılışının ilk günlərindən
respublikanın fəhlə və kəndlilərini qəzetlərin
fəaliyyətinə cəlb etmək üçün
geniş iş aparırdı.
"Pravda"nın bu işinin
təşkili üçün 1923-cü ildə qəzet
redaksiyaları yanında fəhlə-kəndli müxbirlərinin
xüsusi kursları, dərnəkləri yaradıldı.
Artıq 1926-cı ildə "Pravda"nın Bakıda xeyli
kəndli və fəhlə müxbirləri vardı.
İsmayıl
Şərq.-
2019.- 2 aprel.- S.11