”Ustad dərsləri”
yaxşı təşəbbüsdür
Gənc jurnalistlərlə yaşlı nəslin
qələm adamlarının fikir mübadiləsinə ehtiyac
var
"Yaşlı nəsil təcrübəli
jurnalistlərin çox yaxşı ədəbi dili var. Onlar
zamanında bir hərfin, hətta nöqtənin belə qəzetdə
səhv getməsinə imkan verməmiş adamlardılar"
(Davamı ötən sayımızda)
Azərbaycan Mətbuat Şurası Ahıl
Jurnalistlər Məclisinin ötən il həyata
keçirdiyi "Keçmişə ehtiramla, gələcəyə
inamla!” layihəsi çərçivəsində tədbirlər
maraqla qarşılanmaqdadır. Bu müddət ərzində
Ahıl Jurnalistlər Məclisi jurnalistikanın
inkişafı ilə bağlı bir sıra maraqlı layihələr
həyata keçirib. Bu dəfə Ahıl Jurnalistlər Məclisi
mətbuatda öz sözünü demiş, imzası ilə
tanınmış veteran jurnalistlərin gənc qələm
sahibləri ilə vaxtaşırı
görüşünü və "Ustad dərsləri”ni təşkil
etmək istəyir. Bununla bağlı məlumatı qocaman
jurnalist Məzahir Süleymanzadə verib. Onun sözlərinə
görə, ilin sonunda bu maraqlı və faydalı söhbətlər
gözəl bir kitab halına da salınacaq: "Ustad söhbətlərinin
geniş yayılması üçün sosial şəbəkələrdən
də geniş istifadə olunacaq. Bu maraqlı
layihənin daha maraqlı alınması üçün həm
yaşlı, həm də gənc nəsli təmsil edən
jurnalistlərin, eləcə də ictimaiyyətin müxtəlif
təbəqələrini təmsil edən ziyalıların,
mütəxəssislərin məsləhətlərinə, təkliflərinə
ehtiyacımız var”.
Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü
ölkənin KİV nümayəndələri tərəfindən
də müsbət qarşılanıb. Məsələyə
münasibət bildirən mətbuat adamları təcrübəli
jurnalistlərlə gənc müxbirlərin dialoqunu təqdirəlayiq
hesab ediblər. Ekspertlər vurğulayıblar ki, müasir
medianı keçmiş jurnalistika ilə müqayisə etmək
olmaz. Jurnalistika
məzmun, kontent, üslub və janr baxımından yenilənir,
daim inkişaf edir. Hazırda jurnalistikada xeyli yeni metodlar
meydana gəlir. Amma məsələnin
başqa tərəfləri də var. Elə məqamlar olur
ki, jurnalistlərin geriyə nəzər yetirməsinə
ehtiyac yaranır. Hətta günümüzdə buna daha
çox zərurətin olduğu hiss olunur. Məsələn,
jurnalistikada Azərbaycan dilinin inkişaf etdirilməsi, milli-mənəvi
dəyərlərin qorunması, KİV-lərin sosial məsuliyyəti,
etik davranış qaydaları və s. məqamlar hər zaman
mühafizəsi zəruri sayılan amillər hesab olunur.
Təşəbbüsü "Şərq”ə dəyərləndirən
"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın
Quliyev deyib ki, Ahıl Jurnalistlər Məclisi layihənin
detalları ilə bağlı geniş bilgilər verəndən
sonra daha tutarlı fikirlər söyləmək mümkün
olacaq. Lakin
baş redaktor layihənin ümumi anlamda çox əhəmiyyətli
olduğunu vurğulayıb:
"Müxtəlif jurnalist nəsilləri arasında
yaradıcılıq təcrübəsinin mübadiləsi, ənənənin
itib-batmaması üçün gənc nəsillərə
ötürülməsi, hazırda birgə fəaliyyət
göstərən yaşlı və gənc nəsil jurnalistlər
arasında işgüzar əməkdaşlığın təmin
olunması vacib məqamlardır. Nəzərə alaq
ki, bu gün yaşlı və gənc nəsil jurnalistlər
arasında müxtəlif məsələlərə
baxışlarda fikir ayrılıqları meydana
çıxır. Hətta bəzi hallarda
fikir ayrılıqları xoşagəlməyən münasibətlərə
çevrilir. Ona görə də nəsillər
arasında yaradıcılıq platformalarının biri-birinə
yaxınlaşdırılması, onların
doğmalaşdırılması, qarşılıqlı
tanınma körpüsünün təsis edilməsinə
ciddi ehtiyac var. Əminəm ki, layihə bu istiqamətdə
öz faydasını verəcək”.
Baş
redaktorun sözlərinə görə, Azərbaycanda gənc
və yaşlı jurnalistlər arasında, xüsusən, bir
sıra məsələlərdə sıx əməkdaşlığa
zərurət olduğu ortadadır: "Müasir texnika,
informasiya-kommunikasiya texnologiyaları nə qədər
inkişaf etsə də, media sahəsində heç də
dünənki təcrübəni əvəz edə bilmir. İnkişaf edən texnologiya əsasən jurnalistlərlə
xəbər mənbələri arasında əlaqənin
qurulması sahəsinə aiddir. Əvvəlki
dövrlərdə heç bir texniki vasitə yox idi,
müxbirlər birbaşa özləri gedərək xəbəri
əldə edirdilər. Ancaq indi telefonlar və
internet mövcuddur. Yəni jurnalistlərlə
xəbər mənbələri arasında ünsiyyətin
formaları dəyişib və yenilənib. Həmçinin, redaksiya ilə oxucu arasında əlaqə
yaratmağın üsulları da dəyişilib. Əvvəllər daha çox qəzet yayımı
ilə məşğul olurduqsa, indi qəzetin internet saytı
vasitəsi ilə oxucuya birbaşa çatdırılması
üsulu meydana gəlib. Ancaq yenə deyirəm
ki, texnikanın inkişafı konkret sahələri əhatə
edir. Amma elə sahələr var ki,
xüsusən də jurnalistin yaradıcılığı,
milli-mənəvi dəyərlərin və keçmiş
jurnalist nəslinə mənsub olan yaradıcılıq təcrübəsinin
qorunub saxlanması və gələcək nəsillərə
ötürülməsi prosesi ancaq bu cür layihələrlə
mümkündür. Bunun üçün
isə hansısa texniki vasitələrə ehtiyac duyulmur.
Müxtəlif nəsildən olan jurnalistlərin canlı
dialoqu və sağlam işgüzar əməkdaşlıq
qurması ilə buna nail olmaq
mümkündür”.
Mətbuat Şurasının İdarə Heyətinin
üzvü Azər Həsrət də "Şərq”ə
açıqlamasında bildirib ki, jurnalistikada yaşlı qələm
sahiblərinin təcrübələrini öyrənmək
çox faydalıdır:
"Şəxsən özüm o qədər gənc
olmasam da, ağsaqqal jurnalistlərin təcrübəsinə hər
zaman ehtiyac duymuşam. Şübhəsiz, bundan sonra da ehtiyac
duyacam. Yaşlı nəsil jurnalistlərimizin
gənclərə hansı istiqamətdə və nə
öyrədə biləcəkləri məsələsinə
gəldikdə isə nəzərə almalıyıq ki, gənclər
daha çox yeni texnologiyalar üzərindən işləməyə
üstünlük verirlər. Faktiki olaraq indiki gənc nəsil
jurnalistlər ordusu 30-40 il bundan qabaq qocaman
jurnalistlərin etdiklərini görməyiblər. O
baxımdan belə məsələlər ətrafında
konkret seminarların və təlimlərin keçirilməsi
məqsədəuyğun olmayacaq. Çünki
keçmiş üsullarla indiki texnologiyalar tamamilə fərqlidir.
Əvvəlki texnologiyalar artıq tarix olub.
Bəs ağsaqqallarımız bizə nə
öyrədə bilərlər? Hansı məsələlərə
ciddi ehtiyacımız var? Vurğulamaq istəyirəm
ki, yaşlı nəsil təcrübəli jurnalistlərin
çox yaxşı ədəbi dili var. Onlar zamanında bir hərfin,
hətta nöqtənin belə qəzetdə səhv getməsinə
imkan verməmiş adamlardılar. Dil məsələsinə
çox həssas yanaşıblar. Eyni
zamanda dilləri çox nəzakətli və ədəb
çərçivəsindədir. Hesab
edirəm ki, indiki şəraitdə gənclərimizə daha
çox bu istiqamətdə yol göstərilməsi
faydalı olar. Buna həddən artıq
ciddi zərurət var. Ümumilikdə götürəndə
nəsillər arası körpü yaratmaq və təmasları
intensivləşdirmək təşəbbüsünü
alqışlayıram. Ən azından
keçirilən görüşlərdə təcrübə
mübadiləsi ediləcək və jurnalistikaya yeni
başlayan gənclərimiz xeyli bilgilər əldə edəcəklər”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də
düşünür ki, nəsə öyrətmək və
öyrənmək hər dövrdə vacibdir. Ona görə də bu
cür layihələrə hər zaman dəstək vermək
lazımdır:
"Uzun yol qət
etmiş insanların yolun başında olan gənc jurnalistlərə
deyiləsi çox sözü var. Amma reallıq odur ki,
hazırda müasir jurnalistikamızda, xüsusən onlayn
mediada çox ciddi vaxt məhdudiyyəti var. Hətta KİV-lər
arasında bir-iki dəqiqə uğrunda ciddi mübarizə
gedir. Belə bir şəraitdə
jurnalistlərin kütləvi şəkildə seminarlara cəlb
edilməsi müəyyən problemlər yarada bilər. Amma ideya olaraq çox yaxşıdır. Nəsillər arası dialoqun təmin olunması, ahıl
jurnalistlərin təcrübəsinin gənclərə
aşılanması maraqlıdır. Əgər
Mətbuat Şurası layihəyə dəstək verərsə,
"ustad dərsləri”ni təsis etmək mümkün olar.
Xeyli gənc jurnalist bundan yararlana bilər”.
İ.Quliyev
son zamanlarda media sahəsində müzakirə olunan problemlərə
də münasibət bildirib:
"Azərbaycan dilinin mediada qorunması, informasiya
alınacaq mənbələrlə münasibətlərin
qurulması sahəsində yaşlı nəslin təcrübəsini
öyrənmək çox mühümdür. İstənilən
halda təcrübəli qələm sahiblərinin məsləhətlərinə
qulaq asmaq vacibdir. Bir reallığı diqqətə
çatdırım ki, mediada çalışan həmkarlarımızın
böyük əksəriyyəti jurnalistika fakültəsini
bitirməyən şəxslərdir. O baxımdan media ilə
bağlı dinləmələrin, təlimlərin
keçirilməsi müsbət təsir göstərə bilər.
Düzdür, müxtəlif dövlət təşkilatları,
özəl qurumlar tərəfindən spesifik mövzularda
seminarlar təşkil edilir və jurnalistlər bundan
yararlanırlar. Ancaq "ustad dərsləri”nin
təşkili praktiki baxımdan daha məqsədəuyğun
olar”.
Tanınmış
jurnalist Azər Qaramanlı da bildirib ki, təcrübəli
media nümayəndələrinin gənc jurnalistlərlə
görüşləri, debatları təqdir olunası hadisədir:
"Məncə, hər iki tərəfin buna ehtiyacı
var və hər iki tərəf biri-birlərinə bir
çox şeylər ötürə bilərlər. Bütün
dövrlərdə yaşlı və gənc nəslin fərqli
dünyaları və dünyagörüşləri olub.
Bu dünya görüşlərinin
paylaşılmasından iki tərəf də qazanclı
çıxa bilər. Təbii ki, əgər
bu layihə formal "layihə” naminə edilməsə və
səmimi ortamda həyata keçirilsə, daha faydalı olar.
Bu, həm də nəsillərin biri-birlərini
tanıması baxımından çox önəmlidir. Mən layihənin debatlar şəklində həyata
keçirilməsini daha uğurlu hesab edirəm.
Yaşlı nəslin gənc nəsillə kəsişən
və ayrılan baxışları bu yolla daha bariz şəkildə
ortaya çıxacaq. Yəni yaşlı və gənc nəslin
biri-birlərinə boğazdan yuxarı tərif
yağdırmalarına ehtiyac yoxdur. Ya da gənc
nəslin sadəcə oturub yaşlı nəslin "dərsinə”
qulaq asmasını doğru hesab eləmirəm. Mətbuatın problemlərinə,
yaradıcılıq problemlərinə gənc və
yaşlı nəslin mübahisəli baxışları hər
iki tərəf üçün stimul yaradan effektlər
doğura bilər. Bu söhbətlərin
canlı olaraq, ya da daha sonra sosial şəbəkələrdə
yayılması da layihənin uğurunu gücləndirə
bilər”.
İsmayıl
Şərq.-
2019.- 9 aprel.- S.11