Qocaman
jurnalistlər gənclərə “ustad dərsi” keşəcək
Mətbuatda nəsillərarası
dialoqa ehtiyacın olduğu hiss edilir
Ahıl jurnalistlərdən gənclərin,
xüsusən də saytlarda işləyən müxbirlərin
dərs alması zəruridir
Azərbaycan Mətbuat Şurası Ahıl
Jurnalistlər Məclisinin ötən il həyata
keçirdiyi "Keçmişə ehtiramla, gələcəyə
inamla!” layihəsi çərçivəsində tədbirlər
maraqla qarşılanmaqdadır. Bu müddət ərzində
Ahıl Jurnalistlər Məclisi jurnalistikanın
inkişafı ilə bağlı bir sıra maraqlı layihələr
həyata keçirib. Bu dəfə Ahıl Jurnalistlər Məclisi
mətbuatda öz sözünü demiş, imzası ilə
tanınmış veteran jurnalistlərin gənc qələm
sahibləri ilə vaxtaşırı
görüşünü və "Ustad dərsləri”ni təşkil
etmək istəyir. Bununla bağlı məlumatı qocaman
jurnalist Məzahir Süleymanzadə verib. Onun sözlərinə
görə, ilin sonunda bu maraqlı və faydalı söhbətlər
gözəl bir kitab halına da salınacaq: "Ustad söhbətlərinin
geniş yayılması üçün sosial şəbəkələrdən
də geniş istifadə olunacaq. Bu maraqlı
layihənin daha maraqlı alınması üçün həm
yaşlı, həm də gənc nəsli təmsil edən
jurnalistlərin, eləcə də ictimaiyyətin müxtəlif
təbəqələrini təmsil edən ziyalıların,
mütəxəssislərin məsləhətlərinə, təkliflərinə
ehtiyacımız var”.
Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü
ölkənin KİV nümayəndələri tərəfindən
də müsbət qarşılanıb. Məsələyə
münasibət bildirən mətbuat adamları təcrübəli
jurnalistlərlə gənc müxbirlərin dialoqunu təqdirəlayiq
hesab ediblər.
Təklifi "Şərq”ə dəyərləndirən
Mətbuat Şurasının sədr müavini Müşfiq
Ələsgərli bildirib ki, müasir dövrdə jurnalistika
kifayət qədər inkişaf edib. Bu inkişaf ilk növbədə
medianın texniki imkanları və kommunikasiya tərəqqisi
ilə əlaqədardır:
"Əlbəttə, müasir medianı
keçmiş jurnalistika ilə müqayisə etmək olmaz.
Jurnalistika məzmun, kontent, üslub və janr baxımından
yenilənir, inkişaf edir. Hazırda jurnalistikada xeyli yeni
metodlar meydana gəlir, janrlar dəyişir. Yəni demək
istəyirəm ki, məzmun və forma cəhətdən xeyli
dəyişikliyə uğrayan jurnalistkamızda inkişaf
çoxdur. Sadaladığım amillər baxımından
jurnalistikanın üzü yeniliyə və gələcəyə
doğrudur. Amma məsələnin başqa tərəfləri
də var. Elə məsələlər var ki, həmin məqamda
jurnalistikanın bir qədər geriyə nəzər etməsinə
ehtiyac yaranır. Hətta günümüzdə buna daha
çox zərurət var. Məsələn, ciddi məqamlardan
biri jurnalistikada Azərbaycan dilinin qorunması və inkişaf
etdirilməsidir. Bu, çox ciddi problemlərdən biridir. Hətta
deyərdim ki, jurnalistikanın texnika və üslub
baxımından yenilənməsi Azərbaycan dilinin
düzgün işlənməsi baxımından əlavə
problemlər yaradıb. Dilimiz media müstəvisində ciddi
şəkildə deformasiyalara məruz qalır. Bunun
qarşısı mütləq alınmalıdır. Mediada
milli-mənəvi dəyərlərin qorunması məsələsi
də mühümdür, buna da diqqət yetirmək
lazımdır. Ən mühüm məsələ isə
medianın sosial məsuliyyətidir. Bunlar zaman keçdikcə
jurnalistikada müəyyən qədər kölgədə
qalıblar. Amma cəmiyyətin marağı tələb edir
ki, bu məsələlər üzdə qalsın”.
M.Ələsgərlinin sözlərinə
görə, jurnalistika texnoloji və üslub baxımından
nə qədər yenilənsə də, janr baxımından
inkişaf etsə də, müxtəlif qollar əmələ
gəlsə də, Azərbaycan ədəbi dilinin
qorunması, milli-mənəvi dəyərlərin və
medianın sosial məsuliyyəti cəhətdən geridə
qalır:
"Bu məsələlərə əvvəlki
dövrlərdə daha ciddi məsuliyyət var idi. Hesab edirəm
ki, jurnalistikada nəsillərarası dialoqa ehtiyac var. Məzahir
Süleymanzadənin təklifi bu baxımdan dəyərlidir.
Müasir dövrün texnologiyalarını bilən, yeniliklərdən
gen-bol istifadə edən jurnalistlərimiz paralel olaraq Azərbaycanın
ədəbi dilini və milli maraqlarını
yaşatmalıdır. Ona görə də öncəki
dövr jurnalistləri ilə indiki media nümayəndələrinin
müzakirə aparması, səmimi söhbətlər etməsi,
təcrübə mübadiləsi olduqca faydalıdır.
Fikrimcə, bu işlərin qurulması media və cəmiyyətimiz
üçün də müsbətdir”.
"Cümhuriyyət” qəzetinin və
"cebhe.info” saytının redaktoru Elman Cəfərli də
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin
"Ustad Dərsləri” keçirmək təşəbbüsünü
dəstəkləyib: "Yaxşı jurnalist olmaq
üçün savadlı, informasiyalı olmaq və istedad
lazımdır. Lakin təcrübə də əsasdır.
Hazırda yaşlı və təcrübəli qələm
dostlarımız var. Onlar bildiklərini, öyrəndikləri
təcrübəni gənclərlə bölüşsələr
pis olmaz. Azərbaycanda elə zəngin informasiyalara malik veteran
jurnalistlər var ki, onları dinləməkdən doymursan. Məsələn,
Şakir Yaqubov, Aydın Canıyev, Elşən Əliyev,
Süleyman Qaradağlı, Məzahir Süleymanzadə, Rauf
Arifoğlu, Rafael Becanov, Xalid Kazımlı jurnalistikada öyrəndiklərini
gənclərlə paylaşsa, çox yaxşı olar.
Onları mən də sevə-sevə dinləyərdim. Bir az
yaşlı olsa da Firuz Haşımov çox zəngin
informasiyaya malik bir insandır. Səhhəti imkan versə, onu
da dinləmək xoş olardı. Necə yazmalı, necə
redaktə etməli mövzusunda ustad dinləmələri
özəlliklə yeni açılan saytların əməkdaşları
üçün çox vacibdir. Təşəbbüsü
alqışlayıram”.
"Trend” informasiya agentliyinin
baş redaktor müavini Azər Niftiyev də qəzetimizə
bildirib ki, heç şübhəsiz, hər bir fəaliyyətin
dərindən öyrənilməsində, biliklərin mənimsənilməsində
böyük təcrübəsi olan peşəkar şəxslərlə
müzakirələrin aparılması çox əlverişlidir:
"Bu
baxımdan Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir
Süleymanzadənin bu təşəbbüsünü
alqışlayıram. Hesab edirəm ki, bu cür layihəni
çoxdan keçirmək lazım idi. Bütün hallarda nəzərə
almalıyıq ki, artıq jurnalistikada yeni dəyərlər,
trendlər ortaya çıxır. Bu trendlərin
formalaşmasında keçmiş klassik ənənələrlə
uzlaşma böyük perspektivlər yarada bilər. Fikrimcə,
hər ikisi, yəni həm klassik, həm də yeni təcrübələrin
bölüşdürülməsi baxımından "Ustad Dərsləri”ni
yüksək qiymətləndirmək olar. Hesab
edirəm ki, burada sadəcə yaşlı və gənc
jurnalistlər deyil, eyni zamanda hazırda aktiv jurnalistika fəaliyyəti
ilə məşğul olan şəxslər də bu prosesdə
iştirak etməlidir. Özü də prosesin bir tədbir
formatından daha çox jurnalistlərin birlikdə diskusiya mərkəzi
formatında davam etdirilməsini daha məqsədəuyğun
sayıram”.
"Milli.az” saytının baş redaktoru Anar
İmanov da "Şərq”ə açıqlamasında təşəbbüsü
bəyəndiyini deyib:
"Düşünürəm ki, təcrübəli
mətbuat adamlarının gənc jurnalistlərlə mütəmadi
görüşləri, tövsiyələr vermələri hər
kəsə çox faydalı olacaq. Gözəl ideyadır, dəstəkləyirəm.
Əminəm ki, təcrübəli insanların tövsiyələrindən,
təcrübələrini bölüşmələrindən
gənc nəsil çox böyük xeyir görəcək.
Ümumiyyətlə yaxşı olardı ki, gənc
jurnalistlər iş fəaliyyətlərini yaşlı, təcrübəli
həmkarların yanında başlasınlar. Gənc
jurnalistlərimiz yalnız peşəkar mütəxəssislərlə
ünsiyətdə olsalar, çox qısa zamanda onlar kimi
peşəkar olacaqlar. Əgər sən peşəkarlarla
işləyirsənsə, o zaman özün də daha rahat
peşəkar ola bilərsən.Yaxud da əksinə”.
Baş redaktorun sözlərinə görə,
əziyyət çəkib, hər gün yeni nəsə
öyrənən adamların karyerası bir o qədər
yaxşı və sürətli olur:
"Çalışmaq lazımdır ki, əvvəl
yaxşılar arasında olasan və özün də
onların səviyyəsinə çatasan. Sonra daha
yaxşı işləmək lazımdır ki, onlarla eyni səviyyəyə
çatıb, gələcəkdə onların arasında yer
alasan. Bu görüşlər zamanı təcrübə
toplayaraq yaxşı, möhkəm zəmin və fundament
yaratmaq olar. Gələcəkdə bu sağlam fundament hər
vəzifəyə dözər. Uğurlu insanlar hər an
öyrənməyə daha çox meyilli olurlar”.
"Yeni Müsavat" qəzetinin redaktoru
Elşad Məmmədli də "Şərq”ə bunun
gözəl bir ideya olduğunu söyləyib:
"Bu, jurnalistikamızın inkişafına
töhfələri ilə yanaşı, həm də
jurnalistikamızın tarixi, keçdiyi yolla bağlı
materialların sənədləşdirilməsi
baxımından faydalıdır. Təcrübəli media
adamlarının gənc jurnalistlərlə təcrübələrini
bölüşməsi, onlara bir ağsaqqal nəsihətləri
verməsi məqsədəuyğundur. Bunun daha effektli
olması üçün quru, şablon tədbirlərin tərəfdarı
deyiləm. Hansısa bir çəkici formalar müəyyən
etmək mümkündür. Məsələn, həmin
toplantılar müxtəlif mövzuların diskusiyası
şəklində, qeyri-rəsmi şəkildə şirin
çay süfrəsi arxasında baş tutarsa, daha yaddaqalan və
effektiv olar. Yaxud da bunu hansısa yaşlı media
adamının yubiley, ad günü tədbirində həyata
keçirmək maraqlı ola bilər”.
"Azvision.az” xəbər portalının
müxbiri Anar Kəlbiyev də gənc jurnalistlərlə
görüşlərin keçirilməsini normal hesab edib:
"Belə görüşlərin jurnalistika
fakültəsində təhsil alan sonuncu kurs tələbələri
ilə də təşkil edilməsi yaxşı olar. Ona
görə ki, onlar ali məktəbi bitirdikdən sonra müxtəlif
mətbu orqanlarda fəaliyyətə başlayırlar. Təcrübəli
şəxslərin onlara müəyyən tövsiyələr
verməsi üçün belə görüşlər
onlara faydalı ola bilər. Digər bir tərəfdən
artıq jurnalistika sahəsində çalışan gənc
jurnalistlər üçün faydalı söhbətlərin
olması müsbətdir. Düşünürəm ki, belə
görüşlərin təşkil edilməsi zamanı gənclərin
kimlərlə görüşmək istədiyini də
öyrənmək lazımdır. Onlar öz təkliflərini
versinlər ki, hansı imzası tanınmış jurnalistlə
görüşmək istəyirlər. Çünki illərlə
çalışan jurnalist ola bilər ki, onun fikirləri gənclər
üçün maraqlı olmasın. Bu baxımdan gənc
jurnalistlərin kiminlə görüşmək istəməsinə
özləri qərar versə, daha yaxşı olar”.
İsmayıl
Şərq.-
2019.- 6 aprel.- S.11