1930-40-CI İLLƏRİN MƏTBUATI

 

Yeni mətbuat orqanlarının fəaliyyətə başlaması çətin yollardan keçib

(Davamı ötən sayımızda)

 

1930-cu illərdən sonar latın qrafikalı əlifbanın tətbiqi, savadsızlığın ləğvi kimi qərarların həyata keçirilməsi, kəndlərdə anti-kommunist kəndlilərə qarşı "qolçomaq” hərəkatı, inzibati-amirlik və repressiyaların həyata keçirilməsi yeni təbliğat orqanlarının yaradılmasını diktə edirdi. Savadsızlığın ləğvi, komsomolçuların timsalında "mədəni əsgərlər"in bu tədbirlərə cəlb edilməsi, yeni elmi-pedaqoji kadrların hazırlanması üçün yeni pedaqoji mətbu orqanın nəşrini gündəmə gətirdi. Bu, qarşıya qoyulan tələbin həyata keçirilməsi üçün 1934-cü ilin sentyabr ayının 2-də "Kommunist maarifi" qəzeti işıq üzü gördü.

Mətbuat tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, II hissə, (1920-1990)" adlı kitabında sözügedən dövrü geniş işıqlandırıb. Müəllif vurğulayıb ki, qəzetin əsas ideya istiqaməti, fəaliyyət dairəsi "mədəni inqilab”la məhdudlaşmır, xalq maarifinin, yeni sovet düşüncəli pedaqoji kadrların hazırlanması işinə kömək məqsədi daşıyırdı: "Kommunist maarif”i Azərbaycan sovet təhsilinin, maarifinin təbliğat ruporu kimi nəzərdə tutulsa da, müəyyənləşmiş çərçivələrdə cəmiyyətin problemlərinə də toxunur, bədii ədəbiyyata yer verir, klassiklərimizin yaradıcılığı, şəxsiyyəti barəsində yazılar çap edirdi. Qəzet dövrün ziyalı auditoriyasını formalaşdırmağa çalışırdı. 1938-ci ildə "Kommunist maarifi"nin adı dəyişdirildi, "Müəllim qəzeti" adı ilə nəşrini davam etdirdi.

Qəzet 1941-ci ilin iyununadək bu adla işıq üzü gördü. Böyük Vətən müharibəsinin başlanması və qəzet əməkdaşlarının böyük bir qisminin cəbhəyə yollanması "Müəllim qəzeti"nin fəaliyyətinə müvəqqəti son qoydu. Qəzet 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək işıq üzü görmədi. 1946-cı ilin aprelindən "Müəllim qəzeti" yeni adla, "Azərbaycan müəllimi" adı ilə nəşrini bərpa etdi. Fəaliyyətini indi də bu adla davam etdirir. "Azərbaycan müəllimi" qəzetinə müxtəlif vaxtlarda Rüstəm Hüseynov, Ağaəli Bədəlov, Mirabbas Aslanov, Şahin Səfərov, Məhəmməd Baharlı redaktorluq ediblər. 2007-ci ildən qəzetə Bayram Hüseynzadə rəhbərlik edir.

1932-ci ildə ilk dəfə rus və Azərbaycan dilində "Azərbaycan bədən tərbiyəçisi" ("Fizkulturnik Azerbaydjana") adlı ixtisaslaşmış idman qəzeti nəşrə başladı. Azərbaycanda idman mətbuatı tarixinin başlanğıcının əsası qoyuldu və bu sahədə ixtisaslaşan jurnalist kadrları yetişdi. Fəaliyyətinin ilk illərində 4 səhifə həcmində nəşr olunan qəzet təkcə respublikamızda deyil, keçmiş SSRİ məkanında özünə xeyli sayda oxucu toplamağa müvəffəq oldu.

Qəzetin ilk baş redaktoru tanınmış yazıçı Aleksandr Kikiadze idi. Böyük Vətən müharibəsinin başlanması ilə "Azərbaycan bədən tərbiyəçisi" fəaliyyətini dayandırdı, qəzetin texniki və yaradıcı heyətinin əksəriyyəti cəbhəyə yollandı. Müharibənin sona çatması ilə bu mətbu orqan öz fəaliyyətini 1950-ci ildə bərpa etdi. 1968-ci ilə qədər "Azərbaycan bədən tərbiyəçisi" adı ilə nəşr olunan qəzet "İdman" adı ilə qəzet köşklərində göründü. Peşəkar idman jurnalistləri ilə yanaşı, bu qəzetdə dünya şöhrətli İnna Rıskal, Vera Lantaratova, Anatoli Banişevski, Tofiq Bəhramov, Ələkbər Məmmədov, İbrahimpaşa Dadaşov kimi idmançılar da əməkdaşlıq ediblər. 1941-ci ilin sonlarınadək qəzetin rus variantını nəşrə hazırlayan Aleksandr Kikiadze sonralar Moskvada nəşr edilən populyar idman qəzeti "Sovetski sport"un futbol şöbəsinə rəhbərlik etdi. Sonralar "İdman"ın müxbiri olmuş Yuli Segeneviç də həmin vəzifəni daşıyıb”.

 

A.Aşırlı əsərində bəyan edib ki, "İdman” təkcə ixtisaslaşmış jurnalist kadrlarının hazırlanmasında rol oynamayıb. Digər mətbu orqanların, o cümlədən "Kommunist", "Azərbaycan gəncləri" qəzetlərinin əməkdaşları ilk qələm təcrübələrini bu qəzetdə dərc etdirib, peşəkar jurnalist kimi yetişiblər:

"Dəbistan”, "Məktəb” kimi uşaq mətbuatının varisi olan "Azərbaycan pioneri" qəzeti 1938-ci ilin avqust ayının 1-də işıq üzü gördü. Böyük Vətən müharibəsi ərəfəsində yaranan texniki və yaradıcılıq problemləri qəzetin nəşrində problemlər yaratdı. Qəzetin ilk redaktoru M.Əliyevdən sonra bu vəzifədə müxtəlif vaxtlarda Q.Həsənov və İ.Novruzov çalışıblar. "Azərbaycan pioneri” özünün inkişaf mərhələsini, yaradıcılıqdakı uğurlarını 1946-cı ilin mayından sonra yaşadı, dövriliyini bərpa etdi. Həmin vaxt qəzetə uşaq yazıçısı Eynulla Ağayev rəhbərlik edirdi. O, bu vəzifəni 20 ilə yaxın bir müddətdə həyata keçirdi. E.Ağayevdən sonra "Azərbaycan pioneri"ni uşaq psixologiyasının gözəl bilicisi, uşaqlara həsr olunan bir çox kitabların müəllifi Əmrah Əmrahov davam etdirməli oldu. Əmrahov Bala Əmrah oğlu 1923-cü ildə Bakının Kürdəxanı kəndində anadan olub, orta təhsilini kənddə aldıqdan sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil alıb. 1945-ci ildən "Azərbaycan pioneri" qəzetində müxtəlif vəzifələrdə çalışıb və redaktoru olub. Ə.Əmrahov bir müddət "Abşeron kolxozçusu" qəzetində ədəbi işçi, şöbə müdiri kimi çalışıb. Bir çox hekayə, povest və oçerklər müəllifi kimi tanınır.

Ə.Əmrahov düz 22 il "Azərbaycan pioneri"nin redaktoru oldu. Qəzetin müxtəlif illərdə tirajı 400 min, bəzən isə yarım milyonu keçib və ölkənin ən çox tirajlı nəşrlərindən sayılırdı. "Azərbaycan pioneri"ndə tanınmış şairlər Hikmət Ziya, Tofiq Mütəllibov, Vaqif Nəsib, fantast-yazıçı Emin Mahmudov, yazıçı-publisistlər Əli Səmədov və Əmir Mustafayev kimi ədiblər çalışıblar. Hüseyn Abbaszadə, Zeynal Cabbarzadə, Məmməd Araz, Cəmil Əlibəyov, Nəriman Həsənzadə, Aqşin Babayev, Eldar Baxış, Fikrət Qoca, İlyas Tapdıq, Tofiq Mahmud kimi dövrün tanınmış şair və yazıçıları qəzetin daimi əməkdaşı kimi öz bədii əsərlərini çap ediblər. Qəzet fəaliyyət göstərdiyi illər ərzində uşaqların hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı yazılarla müntəzəm çıxış etdi, idman və vətənpərvərlik mövzularında ölkə miqyaslı tədbirlərin təşkilində fəallıq göstərdi. 1990-cı ildən sonra qəzetin fəaliyyətində geriləmələr tədricən aradan qaldırıldı.

"Azərbaycan pioneri" adı "Savalan"la əvəzləndi. Uşaqların bu sevimli qəzeti 1998-ci ildən başlayaraq dövlət tərəfindən maliyyələşdirilən mətbu orqanlardan biridir.

Sovet ideoloji sisteminin düşmən elan etdiyi qüvvələrə qarşı ədəbi mübarizəni gücləndirmək məqsədi ilə yaradılan "Hücum", "Allahsız", "Mədəni hücum", "Kommunist maarifi" kimi nəşrlərin fəaliyyəti 1933-cü ildə dayandırıldı. Bu dövrdə "İnqilab və mədəniyyət", "Firqə işçisi" və "Müəllimə kömək" jurnallarının il ərzində yalnız iki-üç nömrəsinin çapı ədəbi qüvvələrin öz yaradıcılığını oxuculara çatdırmağında ciddi problemlər yaradırdı. Müntəzəm nəşr olunan, dövriliyini qoruyub saxlaya biləcək yeni ədəbi orqana ciddi ehtiyac hiss olunduğundan AK (b) P MK-nın şair və yazıçılarla birgə müzakirəsinin nəticəsində "Ədəbiyyat" qəzetinin yaradılması qərara alındı. Azərbaycan Sovet Yazıçıları İttifaqının idarə heyətində uzun keçən müzakirələrdən sonra yaradılacaq yeni ədəbi qəzetə Hacıbaba Nəzərlinin redaktor, Əvəz Sadığın isə məsul katibliyi təsdiqləndi. Qəzetin ilk sayı 1933-cü il dekabr ayının 5-də nəzərdə tutulsa da, texniki problem səbəbindən bu, mümkün olmadı. Təxminən bir aydan sonra, yəni 1934-cü ilin yanvar ayının 1-də "Ədəbiyyat" qəzetinin ilk sayı işıq üzü gördü. Yeni tipli sovet ədəbiyyatının yaradılması, proletar beynəlmiləlçiliyin tərənnümü, kütlələrin ədəbi maarifçiliyi işi "Ədəbiyyat" qəzetinin əsas istiqamətini əhatə edirdi. Qəzetin redaksiya heyətinə dövrün görkəmli şair və yazıçılarından Mehdi Hüseyn, M.Cuvarlı, Hacıbaba Nəzərli, M.S.Ordubadi, Seyid Hüseyn, M.Hüseynov və A.Popov daxil edildilər. Qəzet yarandığı tarixdən bugünədək bir neçə dəfə müxtəlif adlarla çap edilib. 1934-1953-cü illərdə "Ədəbiyyat qəzeti", 1953-cü ilin aprelindən "Ədəbiyyat və incəsənət", 1990-cı ilin əvvəllərindən isə ilkin adı ilə nəşr olunub. 1953-cü ildə qəzet Azərbaycan Sovet Yazıçıları İttifaqının, Azərbaycan SSRİ Kinematoqrafiya Nazirliyinin və Azərbaycan SSR Nazirlər Soveti yanında incəsənət işləri İdarəsinin orqanı kimi fəaliyyət göstərib. Kollektiv təsisçiliyi dövründə qəzetdə təkcə ədəbi nümunələr deyil, mədəniyyətin müxtəlif sahələri, kino sənəti, memarlıqla bağlı yazıların da dərcinə üstünlük verib.

1934-cü ildə "Ədəbiyyat qəzeti"nin cəmi 19 nömrəsi çap olunub ki, onun da 11 sayı Hacıbaba Nəzərlinin redaktorluğu ilə işıq üzü görüb. 1935-ci ildə qəzetin 29, 1936-cı ildə isə 35 sayı çap olunub. İlk vaxtlar qəzet on gündən bir işıq üzü görürdüsə, 1935-ci ildən etibarən nəşr həftəliyə çevrildi. 1934-1966-cı illərdə qəzet dörd səhifə olduğu halda, 1967-ci il yanvarın 7-dən 1976-cı il yanvarın 24-dək 16 səhifədə kiçik formatda nəşr olunub. 1976-ci il yanvarın 31-dən qəzet 8 səhifə həcmində böyük formatda oxuculara çatdırılıb.

"Ədəbiyyat qəzeti"nə müxtəlif illərdə Azərbaycan ədəbiyyatının görkəmli ədəbiyyat adamları rəhbərlik ediblər. M.S.Ordubadi, S.Şamilov, Ə.Əlibəyli, Süleyman Rüstəm, Yusif Əzimzadə, Qasım Qasımzadə, Hüseyn Abbaszadə, Osman Sarıvəlli, Əhməd Cəmil, Nəriman Həsənzadə kimi ədiblərin qəzetə rəhbərlik etməsi ədəbiyyatın inkişafına, ədəbi dilin saflığına, yeni yaradıcı gənclərin ədəbiyyata gəlməsinə möhkəm zəmin yaratdı. S.Vurğun, Ü.Hacıbəyov, C.Cabbarlı, M.S.Ordubadi, R.Rza, M.Rahim, M.Müşfiq, M.İbrahimov, Mir Cəlal, M.Dilbazi, Ə.Cəmil, S.Hüseyn, Y.V.Çəmənzəminli, İ.Əfəndiyev, Ə.Məmmədxanlı görkəmli şair və yazıçılar qəzetin ən fəal müəllifləri idilər. Qəzetin 1959-cu il yanvarın 31-də 1000-ci, 1968-ci il dekabrın 8-də 1500-cü, 1982-ci il mayın 21-də 2000-ci yubiley nömrələri işıq üzü görüb.

 

İsmayıl

Şərq.- 2019.- 11 aprel.- S.11