“Həmkarlarımızla  üz-üzə”

Elmira Axundovanın kitablarının təqdimatında maraqlı müzakirəolər aparıldı

Milli Məclisin deputatı, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın yeni nəşr edilmiş "Həmkarlarımla üz-üzə” və "Ýëìèðà, êàêîé ìû å¸ çíàåì" kitablarının təqdimat mərasimi keçirilib.

"Sherg.az” xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə millət vəkili Sahib Alıyev, yazıçı-kinodramaturq Natiq Rəsulzadə "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, yazıçı Səfər Alışarlı, "Kaspiy” qəzetinin baş redaktoru, əməkdar jurnalist İlqar Hüseynov, kitabda müsahibələri çap edilmiş jurnalistlər, media nümayəndələri və yazıçının qələm dostları iştirak ediblər.

Öncə qonaqları salamlayan E.Axundova "Həmkarlarımla üz-üzə” kitabında dərc edilən müsahibələrinə görə jurnalistlərə təşəkkürünü ifadə edib:

"Bu gün bu kitabların təqdimatında mən məhz jurnalistləri görmək istədim. Onlar həm də bu kitabların mənimlə birlikdə həmmüəllifləridirlər. Sizi buraya toplamaqda məqsədim sizə şəxsən təşəkkür etməkdir. Bu gün burada öz yazıları ilə məni sevindirən, mənə ilham verən insanları görürəm.

Birinci kitabda mənim uzun illər ərzində mətbuatda dərc olunan geniş, dolğun müsahibələrim yer alıb. İkinci kitabda isə Anar, Elçin, Vaqif Səmədoğlu kimi görkəmli şəxsiyyətlərin mənim haqqımda fikirləri toplanıb. Düzü, mən sizin qarşısınızda hələ öz borcumu tam yerinə yetirə bilməmişəm. Hər zaman siz mənə daha çox diqqət göstərmisiniz.

Yayda jurnalist həmkarlarımla bağlı geniş yazı yazacam. Həmişə deyirəm ki, insanlara sağlığında qiymət vermək lazımdır. Siz də bunu bacarırsınız. Hərdən biz sizi kəskin tənqid edirik. Siz də eyni zamanda, bizi tənqid edirsiniz. Lakin mənim qapım hər zaman jurnalistlərə açıqdır. Ona görə ki, özüm də bu sahədə fəaliyyət göstərirəm. Hazırda jurnalistlərin fəaliyyətini yüksək dəyərləndirirəm. Bəlkə də regionda ən güclü jurnalistika indi bizim ölkəmizdədir. Bu jurnalistlər ən çətin şəraitdə belə öz sözlərini açıq şəkildə deməyi bacarırlar. Buna görə sizə minnətdaram. Çox danışmaq istəmirəm. İstəyirəm ki, siz də danışasınız və bu 1 saat ərzində maraqlı müzakirə aparaq”.Bundan sonra Elmira xanım adıçəkilən kitabların müqəddiməsi və kitabda yer alan bir neçə məqalənin müəllifi olduğu üçün sözü Natiq Rəsulzadəyə verdi.

N.Rəsulzadə öz qələm dostu haqqında maraqlı təəssüratlarını bölüşdü:

 "Elmira Axundovanın yaradıcılığından danışanda özüm də məəttəl qalıram. Belə bir deyim ki, istedad insanı əzir. Məcbur edir ki, o, daha çox işləsin. Elmira xanım da böyük bir istedada malik bir insandı. Onun şah əsəri isə ulu öndər Heydər Əliyev haqqında yazdığı 6 cildlik kitabıdır. O, həyatının 11 ilini bu kitablara həsr edib. Heydər Əliyev Elmira Axundova yaradıcılığının daimi mövzusu olub. Çünki ondan nə qədər yazırsan-yaz, kifayət etmir. Çünki onun fəaliyyəti, gördüyü işlər nə 6, nə də 16 cildliyə sığışır. Ona görə də Elmira xanım bu mövzu üzərində daim işləyir və ortaya çox uğurlu nəticələr qoyur. O, çox enerjili və istedadlı, həm də çox mərd insandı. Mərdlikdə, dürüstlükdə, dostluğa sədaqətdə min kişiyə dəyər. Mən onun yazılarını, əsərlərini izləyirəm. O da mənim yazılarımı izləyir. Bəzən mətnlərimizi tənqid edirik. Yazıda çatışmazlıqları bir-birimizə deyirik. Elmira xanım, bir daha təbrik edirəm”.N.Rəsulzadəyə fikirləri üçün təşəkkür edən E.Axundova söyləyib ki, bu gün təqdim olunan kitablar bütün kitabxanalara və ali məktəblərə də veriləcək:

 

"Hesab edirəm ki, bu kitablar jurnalistlərimiz üçün çox lazımlıdır. Bu kitablarda müsahibələr yer alıb. Müsahibə də jurnalistikanın bir janrıdır. Ona səthi yanaşmaq olmaz. Burada jurnalistikanın ən yaxşı nümunələri var”.

Ardınca, E.Axundova çıxış üçün sözü millət vəkili Sahib Alıyevə verib. S.Alıyev də öz növbəsində xanım yazıçını təbrik edib və ona yeni yaradıclıq uğurları arzulayıb:

"Doğrudan da çox gözəl bir tədbirə yığışmışıq. Elmira xanım sözün həqiqi mənasında həvəsli peşəkardır. Elmira xanım həm də gözəl publisistdir. Özü də çıxışında haqlı olaraq dedi ki, jurnalistikadan ayrıla bilmir. Publisistikanı Elmira xanımın əlindən almaq mümkün deyil. Bu, birmənalıdır. O əsl araşdırmaçı jurnalistdir. Elmira xanım çox geniş qəlbli insandı. Mərhum Heydər Əliyevin Elmira xanım haqqında bir özü var. Ümummilli lider deyib: "Elmira, yaz, səndə pis alınmır”. Əgər elə bir böyük şəxsiyyət belə söz deyirsə, gərək onda mənim kimi adam desin: "Elmira xanım, sizdə çox gözəl alınır. Hələ uzun müddət yazın və yaradın”.

"Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov da Elmira Axundovaya təbrik və təşəkkürlərini ifadə edib.Görkəmli yazıçı Səfər Alışarlı isə Elmira Axundova ilə bağlı xoş və maraqlı xatirələrini ərz edib:

 "Bu gün mənim üçün də xüsusilə xoş gündür. Ümumiyyətlə, kitabla bağlı keçirilən bütün tədbirlər məni sevindirir. Bu gün ona görə ikiqat bayramdır ki, mənim köhnə dostumun kitablarının işığına yığışmışıq. O kitablarda bizim də jurnalımız üçün alınmış müsahibələrdən biri dərc olunub. Biz nə qədər müasir düşüncəyə malik insanlar olsaq da, müəyyən məqamlarda yaşımız öz sözünü deyir. Yaşın da xüsusiyyətlərindən biri keçmişə ekskursiya etməkdir. Sizinlə Elmira xanımla ilk tanışlıq günümüzü bölüşmək istəyirəm. 1980-ci ildə Moskva Universitetinə imtahan vermək üçün gedəcəkdim. Burada isə Axundov adına universitetdə təhsil alırdım. Lakin həmin universitetdən sənədlərimi vermədilər ki, Moskvaya gedim. Dedilər, ya burada qalmalısan, ya da biz səni xaric etməliyik. Mən də gəldim rəhmətlik İmran Qasımovun yanına. O zaman Yazıçılar Birliyinin sədri idi. Şikayətimi ona dedim. O da mənim problemimi anladı və düyməni basıb Elmira adlı bir qadını çağırdı. Elmira xanımla yaşıd idik. Özü də çox gözəl, gənc bir qadın idi. İmran müəllim Təhsil Nazirliyinə ünvanlanacaq məktubu diktə edirdi. Mən də baxıram ki, Elmira xanım müxtəlif durğu işarələri yazır. Heç bir söz qeyd etmir. Diktə bitəndən sonra İmran müəllim dedi ki, oxu görüm nə yazmısan. Elmira xanım da onun dediklərini eynilə təkrarladı. Mən elə o zaman bu qadına heyran qaldım ki, necə gözəl stenoqrafiya istedadı var. Bizim dostluq münasibətimiz elə oradan başladı və bütün bu illər ərzində biz bir-birimizi itirməmişik. Elmira xanım həqiqətən də, bugünkü ədəbiyyatımızın dəyərlərindən biridir. Təkcə yazıçı, publisist kimi deyil, bütövlükdə, mənəvi dünyası, intellekti ilə hər zaman ədəbiyyatın, yaradıcılığın içində olub”.

S.Alışarlıya minnətdarlıq ifadə edən E.Axundova sözü "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya verib:

"Akif Aşırlının işini, fəaliyyətini çox müsbət dəyərləndirirəm. Onu tək yazılarına, "Şərq” qəzetinin baş redaktoru olmasına görə deyil, respublikada heç kimin görə bilmədiyi bir işi gördüyünə görə qiymətləndirirəm. O, Azərbaycanda Milli Mətbuat Tarixi Muzeyini yaradıb. Yəqin hər biriniz bunu bilirsiniz. Mən istərdim ki, bu muzeyi hamınız ziyarət edəsiniz”.

Xalq yazıçısına bu dəyərli fikirləri üçün təşəkkür ifadə edən Akif Aşırlı da E.Axundovanı təbrik edib:

"Bu kitablar peşəkarlıq numunəsidir. Həm kitabın tərtibatı, həm onun içərisindəki faktlar, müsahibələr peşəkarlığın və gərgin işin nəticəsidir. Bu kitabları bir neçə istiqamətdə səciyyələndirmək olar. Birinci istiqamət odur ki, bu kitablar jurnalistika fakültəsində təhsil alan və gələcəkdə təhsil alacaq tələbələrə bir örnəkdir. Bu kitablar həm də dərs vəsaiti rolunu oynaya bilərlər. Bəzən elə hesab edirlər ki, hər əlinə qələm alan maraqlı müsahibələr hazırlaya bilər.

 

Amma bu heç də elə deyil. Müsahibənin yazıya alınması və təqdimatı çox önəmlidir. Bu kitablarda yer alan müsahibələrdə söz və fikir azadlığı ilə bağlı çox gözəl ifadələr, nümunələr yer alıb. Kitablarda ümumilli lider Heydər Əliyevin hakimiyyəti dönəmində Azərbaycan jurnalistikasının cəmiyyətdə rolu, fikir, söz azadlığı ilə bağlı alternativ düşüncələrə həssas yanaşma ilə bağlı çox gözəl məqamlar var.

Gələcəkdə mətbuat tariximizi yazacaq, araşdıracaq insanlar ulu öndər Heydər Əliyevin mətbuata və jurnalistikamıza münasibətinin ən yaxşı detallarını bu kitabdan götürə bilərlər. Başqa bir məziyyət isə odur ki, burada 90 -ci illərdən sonra Azərbaycanda baş verən ictimai-siyasi proseslər, müaribə dövrünün tələbləri və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönündə "Azadlıq” radiosunda apardığınız verilişlər və oradakı fəaliyyətiniz barədə geniş yazılıb. Erməni təbliğatının qarşısını təkcə Rusiya məkanında deyil, Avropa məkanında almısınız. Bütün bu fəaliyyətiniz indi də layiqli qiymətini alır, gələcəkdə də alacaq”.Baş yazar hesab edir ki, jurnalistika, ədəbiyyat və siyasəti üçbucaq kimi götürmək olar: "Jurnalistika ilə ədəbiyyat arasındakı məsafə bir addımdır. Parlamentə seçilən jurnalist həmkarlarımız sübut etdilər nki, jurnalistika ilə siyasətin də arası bir addımdır. Hansısa parlamentarinin fəaliyyətinə kölgə salmaq istəməzdim. Amma deyim ki, parlamentdə aktivlik göstərən deputatlar da məhz jurnalist peşəsindən gedənlərdir. Bir daha təbrik edirəm. Muzeylə bağlı bizə verdiyiniz dəstəyə görə, minnətdaram. Yaxınlarda muzeydə sizin adınıza bir guşə yaradıb, hədiyyə etdiyiniz eksponatları nümayiş etdirəcəyik. Çünki o əmanətləri bizə həvalə etmisiniz. Gərək biz onları nümayiş etdirək. Bir daha yaradıclıq uğurları arzulayıram”.

Yazıçı Sevda Əlibəyli də qeyd edib ki, bu kitab təkcə Elmira xanımın deyil hamımızındır:

"Siz xalq yazıçısı adına layiq görüləndə bir yazı hazırlamaq fikrinə düşdüm. Amma işləriniz çox olduğu üçün bu yazı alınmadı. Amma bu kitabları oxuyanda gördüm ki, mənim vermək istədiyim suallar burada yer alıb. Həmkarlarıma təşəkkür edirəm. Mən bu gün sizin aparıclıq qabiliyyətinizi də kəşf etdim. Sizin parlamentdəki çıxışlarınızın birində işlətdiyiniz bir dəyərli fikir aforizmə çevrilib."Parlmentin üzvü dərdə yanan, vicdanlı, intellektual insan olmalıdır” deyirsiniz. Nə xoş ki, sizin bu fikirləriniz bir qanun kimi qəbul edilir. Peşəkarlıqla humanizm birləşəndə bu, daha çox fayda verir. Təşəkkür edirəm”.

"Şərq” qəzetinin redaktoru Ayyət Əhməd də xanım yazıçını təbrik edib:

"Təbii ki, jurnalistlərin müsahibə üçün Elmira xanıma müraciət etməsi təsadüfi deyil. O, bütün fikirlərində səmimidir. Elmira xanımı sevdirən və onu bir yazıçı, müsahib kimi maraqlı edən də məhz bu cəhətdir. Onu da söyləyim ki, Elmira xanımın bütün müsahibələri, kitabları, əsərləri oxunur, onun çox böyük oxucu auditoriyası var. Düzdü, bəzən Elmira xanımı tək siyasət yazarı kimi təqdim edirlər. Amma deyim ki, o sosial mövzuları da yaxşı əxz edib, çünki cəmiyyəti yaxşı tanıyır. Cəmiyyətin, insanların ağrısı, kədərini, sevincini yaxşı bilir. Müsahib var, ondan bir və ya iki qəzet səhifəsi müsahibə götürürsən, amma başlıq üçün maraqlı bir cümlə, fikir tapmırsan. Elmira xanımın verdiyi müsahibələr elə maraqlı olur ki, adam az qalır hər cümləni başlığa çıxarsın. Bu ,bizi də çətinə salır. Bununla yanaşı Elmira xanım həmişə cəsarətli fikirlərlə və sağlam tənqidlə çıxış edir Sağlam tənqid isə cəmiyyəti inkişafa, tərəqqinə aparır. Elmira xanımı bir daha təbrik edirəm. Dəvət üçün təşəkkürlərimi ifadə edirəm”.

Sonda tədbir iştirakçıları müəllifi təbrik edib və yaradıcılıq yolunda uğurlar arzulayıb.

Elmira Axundova yekun çıxışında qeyd edib ki, onun növbəti kitabı ailə memuarı mövzusunda olacaq.

 

 

Hazırladı: Ayyət Əhməd

Şərq.- 2019.- 13 aprel.-S.5