İkinci Cahan Savaşı illərində Azərbaycan mətbuatı...

 

Müharibə zamanı nəşr olunan qəzetlər döyüş ruhunu aşılayaraq insanları cəbhəyə səsləyirdi

 

 

(əvvəli ötən sayımızda)

 

Böyük Vətən müharibəsi illərində Azərbaycan mətbuatı "dinc sovet həyatını pozan azğın faşistlərə” qarşı siyasi-ideoloji savaş elan etmişdi. Düşmənlərə qarşı mübarizə şüarları qəzet səhifələrinə çıxarılırdı. Müharibənin başlanması haqda ilk xəbəri "Kommunist” qəzeti 1941-ci il 23 iyun tarixli 147-ci sayında xəbər verib. Qəzet həmin sayında Molotovun çıxışını, "Hərbi vəziyyət haqqında” SSRİ Baş Soveti Prizidiumunun fərmanını çap edib. "Kommunist”in ilk səhifəsində Azərbaycanın tanınmış ziyalılarının, şair və yazıçılarının müharibə əleyhinə Bakıda keçirilən mitinq və yığıncaqlardakı çıxışları, rəsmi informasiya agentliyi olan Azər TAC-ın "Vətəni var qüvvəmizlə müdafiə edəcəyik" müraciəti yığcam şəkildə oxuculara çatdırılırdı. Müharibə xəbərləri ilə yanaşı, mərkəzi mətbu orqanlarından tərcümə olunan İ.Dvarkinin "Qələbənin altı şərti" məqaləsi və Səməd Vurğunun "Vətənin keşiyində" şeiri dərc olunmuşdu.

 

Cəbhə qəzetləri...

 

Mətbuat tarixi araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, 1920-1990-cı illər” əsərində İkinci dünya müharibəsi illərində Azərbaycanda nəşr olunan mətbu orqanların fəaliyyətindən geniş bəhs edib. Müəllif əsərində bildirib ki, müharibənin ilk günlərindən başlayaraq döyüşçüləri igidlik və qəhrəmanlıq göstərməyə ruhlandıran, onları ideoloji baxımdan hazırlayan mərkəzi və yerli mətbuat orqanları ilə yanaşı, cəbhə qəzetləri də nəşr olunurdu: "Müxtəlif xalqların dillərində döyüş bölgələrində böyük çətinliklərlə işıq üzü görən cəbhə qəzetləri arasında Azərbaycanda işıq üzü görən qəzetlər fədakar oğulları düşmənə qarşı amansız olmağa, mübarizəyə, igidliyə səsləyirdi. Cəbhə qəzetlərinin əsas missiyası Ali Baş Komandanın əmrlərini döyüşçülərə çatdırmaq, müharibənin gedişi, döyüş əməliyyatları ilə onları tanış etmək, arxa və ön cəbhənin vəhdətini yaratmaq idi.

 

1942-ci ildə alman qoşunları Kuban torpağını və Şimali Qafqazın xeyli hissəsini işğal etdikdən sonra Qafqaza genişmiqyaslı hücum planı hazırladılar. Qafqaz böyük bir işğal təhlükəsi ilə üz-üzə olduğundan bu torpağın övladları "Qafqazı müdafiə" şüarı altında ağır döyüşlərə atıldılar.

 

"Fəhlə-kəndli Qızıl Ordusu döyüşçüsü” qəzeti...

 

Qafqazın müdafiəsi uğrunda gedən döyüşlərin ən təhlükəli günlərində "Fəhlə-kəndli Qızıl Ordusu döyüşçüsü" qəzeti Azərbaycan övladlarını mübarizəyə çağırırdı. Qəzetin texniki və yaradıcı əməkdaşları operativlik, təşəbbüskarlıq göstərərək maşın və təyyarələrlə, qatarla cəbhəyə yollanıb, vərəqələr çap edib yayırdılar. Bu cəbhə qəzetinin əməkdaşları Novorosiyski, Mozdok, Buyunaksk ətrafında gedən döyüşlərdən redaksiyaya poçtla, telefonla, adamlarla məlumatlar çatdırır, azərbaycanlı döyüşçülər barəsində məlumatlar dərc edirdilər. 1942-ci ilin axırında Şimali Qafqaz cəbhəsinin hərbi hissələri alman faşistlərinə sarsıdıcı zərbələr endirdi. Qafqazın düşmənlərdən azad edilmiş şəhər və kəndlərinə "Fəhlə-kəndli Qızıl Ordusu döyüşçüsü" qəzetinin əməkdaşları da döyüşçülərlə birgə daxil oldular. Faşistlərin törətdikləri dağıntılar, faciələr onları dəhşətə gətirdi. Azərbaycan döyüşçülərinə üz tutaraq Vətənin düşmənlərdən azad olunması üçün fədakarlığa səsləyən "FKQO döyüşçüsü" bu barədə yazırdı: "Döyüşçü, sən vətənə sadiq olmağa müqəddəs and içmisən. Adına sona qədər sadiq qal. Faşisti bir güllə ilə öldür. Onu doğma torpağımızdan sağ getməyə qoyma, onun canını cəhənnəmə vasil et". Müxtəlif cəbhələrdə qəhrəmanlıq göstərən azərbaycanlı döyüşçülər barəsində də məqalələr, oçerklər dərc olunurdu. "FKQO döyüşçüsü"nün səhifələrində ata-oğul Səlimovların göstərdikləri şücaət, müxtəlif cəbhələrdə düşmən hücumlarına sinə gəlmələri barəsində dərc olunan məqalə Böyük Vətən Müharibəsi ilə bağlı gürcü kinematoqrafçılarının çəkdikləri filmin ssenarisini xatırladır: "Bu ata və oğul silaha sarılaraq ordumuzun müxtəlif hissələrinə gedərkən, bir-birlərindən müvəqqəti ayrıldıqları zaman doğma vətənimizin adına layiq vuruşacaqlarına and içmişdilər. Onlar öz andına namusla əməl etdilər". Ata və qardaşları kimi düşmənlərə qarşı döyüşən, yaralı əsgərləri həyata qaytaran Azərbaycan qadınlarının şücaəti barəsində də "FKQO döyüşçüsü" məqalələri cəbhədə yayırdı. Cəbhə qəzeti möhkəm iradəyə malik qorxmaz Azərbaycan qızı Ziba Qəniyevanın qəhrəmanlığını təsvir edərək, döyüşçülərin yaddaşını xalqımızın qəhrəmanlıq tarixinə yönəldirdi. Həmin məqalədə Ziba Qəniyevanın İsgəndəri mat qoyan Nüşabənin, Həcərin, Nigarın nəvəsi olduğu xatırlanır.

 

"Kommunist” qəzetinin xüsusi "Aqitasiya” vərəqəsi...

 

Akif Aşırlı kitabında vurğulayıb ki, cəbhə qəzetlərinin nəzəri cəlb edən təşəbbüslərindən biri də övladları döyüşən valideynlərin fərdi məktublarını təşkil və çapı idi: "Bu baxımdan "Sovet döyüşçüsü" qəzeti digərlərindən seçilirdi. Qəzet 1943-cü il dekabr tarixində dərc olunmuş saylarının birində Mərdəkanda yaşayan Ziba Məlikovanın qızı, tibb bacısı Səlimə Xəlilovaya yazdığı məktubu dərc etmişdi. Z.Xəlilova qızına yazırdı: "Əziz qızım Səlimə, sənin Qızıl Ulduz nişanı ilə təltif edilməyin barədə xəbəri eşitdikdə ürəyim dağa döndü. Gözlərimə işıq gəldi. Sağ ol, qoca ananın ağ saçlarını ləkələmədin. Onun başını ucaltdın".

 

Stalinqraddan Baltikə qədər döyüş cəbhələrində böyük qəhrəmanlıqlar göstərən, iki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülən döyüşçü dostlarının Həzi Aslanovun anasına yazdığı məktubu "Vətən yolunda" qəzeti 1943-cü ilin 4 iyul tarixli sayında oxuculara çatdırırdı: "Əziz anamız Nuşu! Dəniz flotundakı döyüşən qızıl əsgərlərin alovlu oğulluq salamını qəbul edin. Çox sağ olun ki, Həzi kimi oğul, igid və qoçaq bir əsgər tərbiyə etmisiniz. Onun döyüş igidliyi bizi yeni qəhrəmanlıqlar göstərməyə ruhlandırır". "Kommunist” qəzeti də ön və arxa cəbhə üçün xüsusi «Aqitasiya» vərəqəsi nəşr edirdi. Bu cəbhə qəzetinin tədqiqatçısı C.Əbdürrəhimovanın tədqiqatları onu deməyə əsas verir ki, müharibənin ilk aylarından başlayaraq 1944-cü il yanvar ayının 22-dək "Aqitasiya”nın 82 sayı çap olunub. "Aqitasiya”nın ilk sayı 1941-ci il sentyabrın 6-da "Kommunist” qəzetinin məsul redaktoru Rza Quliyevin rəhbərliyi ilə hazırlanıb. Sonralar müxtəlif vaxtlarda R.Quliyevi Xasay Vəzirov, Süleyman Rəhimov və Əli Vəliyev əvəzləyib. Digər cəbhə qəzetlərində olduğu kimi «Aqitasiya» da xalqa azğın düşmənlərə qarşı mübarizəyə, qəhrəmanlığa səsləyir, hər bir Vətən övladını torpaqları müdafiəyə çağırırdı. Cəbhə həyatına aid olan materiallar "Vətən müharibəsi cəbhələrində”, "Sovet partizanları”, "Oxu və intiqam al”, "Cəbhədən məktublar”, "Ürək qanı ilə yazılmış məktublar”, "İgidlik”, "Mərdlik və qəhrəmanlıq nümunələri” kimi müxtəlif rubrikaları altında dərc olunurdu. Bu materialların əksəriyyəti döyüş meydanlarında, səngərlərdə yazılıb redaksiyaya göndərilirdi. Janr baxımından rəngarəng olan bu materialların əsasını bir fikir təşkil edirdi: düşmən amansızdır, yırtıcıdır, onu məhv etmək, tökülən günahsız qanlar, törədilən cinayətlər üçün intiqam almaq! «Aqitasiya»nın əldə olunan 82 nömrəsində 33 baş məqalə dərc olunmuşdur ki, bu məqalələrin əksəriyyəti diqqəti ön və arxa cəbhənin birliyinə həsr edilib. Məsələnin qoyuluşu, üslub kəskinliyi ilə fərqlənən baş məqalələr aydın, rəvan dildə yazılırdı. Gənclərdə hərbi vətənpərvərlik hissini daha da yüksəltmək, onlarda düşmənlərə qarşı sonsuz nifrət oyatmaqdan ötrü "Aqitasiya” vərəqəsində məqalə, korrespendensiya, oçerk ilə yanaşı, məktub janrlarından da istifadə olunurdu. Azərbaycan oğullarının qəhrəmanlığını əks etdirən bu cür məktublar "Vətən müharibəsi cəbhələrində”, "Cəbhədən məktublar” kimi rubrikalar altında çap edilirdi. Onların bir hissəsi cəbhəçi jurnalistlər, bir hissəsi isə döyüşçülər tərəfindən yazılırdı. Xalqı səfərbərliyə cəlb etmək, əmək cəbhəsindəki qəhrəmanlığını oxuculara çatdırmaq "Aqitasiya”nın ən mühüm istiqamətini təşkil edirdi. Cəbhə qəzetlərində dərc olunan məqalələrin böyük qismi döyüş bölgələrinə göndərilən jurnalistlər tərəfindən qələmə alınır, çapa hazırlanırdı. Mərkəzi mətbuat orqanlarının həm texniki, həm də yaradıcı heyətlərinin bir qismi ilə yanaşı, şair və yazıçılar da "qələmi süngü" ilə əvəz edib döyüşə yollanırdı, orada cəbhə qəzetlərində çalışırdı. Bu qələm sahiblərinin od-alov içərisində peşə fəaliyyətlərini davam etdirməsinin özü bir qəhrəmanlıq nümunəsi idi. Bəzən ağır döyüşlərə qatılan jurnalistlər və mətbəə işçiləri müharibənin dəhşətlərini yaşadıqlarından yazdıqları oçerklər, məqalələr canlı alınırdı. Mətbəə işçiləri axşamlar şam işığında qəzet materiallarını yığır, çap edir və hərbi hissələrə çatdırırdılar.

 

"Həyəcan” qəzeti...

 

Müəllif bildirib ki, uzaq şərq sahillərində döyüşən azərbaycanlı əsgər və zabit üçün çətinliklə nəşr edilən qəzetlərdən biri də "Həyəcan" idi: "Bu cəbhə qəzeti müharibədə baş verən yenilikləri döyüşçülərə çatdırırdı, həm də qəhrəmanlıq nümunəsi göstərənləri təbliğ edir, əsgərlərdə mübarizə ovqatı yaradırdı. Qəzet öz səhifələrində Azərbaycan xalqının niyyət və arzularını qələmə alır, döyüşçülərdə qoruduğu torpağa bağlılıq aşılayırdı.

 

"Həyəcan"ın səhifələrində Ağdam, Qazax, Cəbrayıl, Kirovabad (Gəncə), Naxçıvan zəhmətkeşlərinin məktublarını çap edib yayırdı. Azərbaycan mətbuatının ordu sıralarına qatılan fəallarının "Suvarovçu", "Stalin bayrağı", "Qızıl əsgər" adlı bir sıra cəbhə qəzetlərində çalışması, döyüş əzmi jurnalistika tariximizin şərəfli səhifələri hesab edilməlidir. Əhməd Cəmil, Qulam Məmmədli, Rəsul Rza, İslam Səfərli, Ənvər Əlibəyli, Ağababa Rzayev, Əsgər Ağayev, Seyfəddin Dağlı, Seyfulla Əliyev, Məmməd Ağayev kimi Azərbaycan ədəbiyyatının, mətbuatının inkişafında böyük xidmətləri olan qələm sahibləri bir çox cəbhə qəzetlərində çalışıblar”.

 

İsmayıl

Şərq.- 2019.- 16 aprel.- S.11