"Mənim üçün Üzeyir
bəy Notr-Damdan yüksəkdədir"
Seyran Səxavət:
"Bəs niyə bu «ümumbəşəri
dünya» bizim dəyərlərin belə
məhv edilməsinə
biganə qalır?"
Yazıçı-dramaturq Seyran Səxavətlə son günlərin aktual mövzuları barədə – Qarabağ danışıqları, «xalq
diplomatiyası», jurnalitslərin
səfərləri və…
Parisdəki yanğın
barədə danışdıq.
Seyran Səxavətin münasibəti həmişəki
kimi özəl oldu.
- Azdan-çoxdan televizora baxıram, gördüm kilsə yanır... Düzü, istəməzdim, ümumiyyətlə,
nəsə yansın.
Kiminsə üzü yanmasın, kimsə özünü yandırmasın,
əlyazmalarının yanmasını
istəmərəm… Mən
Paris Notr-Dam kilsəsini Viktor Hüqodan tanıyıram.
Parisdə olmuşam, amma o kilsəyə getməmişdim, Eyfel qülləsinə çıxmışam.
- Nə zaman
olmusunuz Parisdə?
- Çoxdan. Camaat Yevlaxa gedə bilməyəndə
mən Parisə getmişəm. Deyəsən,
1989-cu il idi. Qayıdanda bir yazı da yazmışdım
ki, Parisdən Bakı görünmür.
- Yazdığınız elə doğru çıxıb. Parisdən
nə Bakı, nə də ümumiyyətlə, Azərbaycan
görünür. Qarabağı
nəzərdə tuturam…
- Məsəl var, deyirlər, sayanın quluyam, saymayanın ağası. Mən lap 3 qat deyirəm; saymayanın ağasıyam,
ağasıyam, ağası!
Paris bizi nə zaman saydı?
O ermənipərəstlər nə vaxt dərdimizə
şərik oldular? İnsan öz yerini bilməlidir, başqasına da yerini bildirməlidir. Marketdən alınan saqqızın öz qiyməti var, insanın öz qiyməti. İnsanı xərcləmək olmaz.
- Amma Seyran
müəllim, bu fikirdə olanlara «ümumbəşəri deyilsiniz»
deyib ittiham edirlər…
- Bu, ümumbəşərilik
elə bizə qalıb? Bizə qarşı niyə
ümumbəşəri olmur
dünya?! 2015-ci il mayın 19-u Azadlıq prospektində bina yandı. O binanın yanması, mənim üçün 100 dənə
Notr-Dam yanğınından
daha dəhşətli
idi. İnsanlar yandı orda, nə qədər insan, körpə balalar məhv oldu. Faciə budur. Parisdə kilsə yanıb, ancaq təəssüflənə
bilərəm. Yəqin
ki, yardım edəcəklər təmirinə.
Biz axı həm də küyə gedən xalqıq. Bir dəfə məşhur bir adam vəfat
etmişdi. Yazıçılar
Birliyində soruşdular,
Seyran müəllim, getmirsiz yas mərasiminə?
Dedim, yox. O adam mənim hansı yas mərasimimdə iştirak
edib? İki qardaş, bir bacı dəfn etmişəm, hansının
yasına gəlib? Gərək kiminsə xoş, ya bəd
günündə iştirak
etmək üçün
onunla bir münasibətin olsun da, elə deyil?..
- Arqumentlər adətən bu olur ki, incəsənət
əsərləri bəşəridir,
bəşəriyyət üçündür,
xalqla siyasəti qarışdırmayın və
sairə…
- Dövlətin əsasını xalq təşkil edir. Belə deyilir də.
- …
- Yoxsa, bu
sözdə də riyakarlıq var? Dövlətin əsasını
xalq təşkil edirsə, Fransa prezidenti də, ATƏT-in Minsk Qrupunda
təmsil olunan o fransız da Fransa xalqının nümayəndəsidir də.
Niyə bizə qarşı ümumbəşəri
dəyərlərdən çıxış
etmirlər? Yenə deyirəm, bizim başımıza bu qədər faciələr
gəldi. İnsanlarımız
doğma yurd-yuvasından
didərgin düşdü,
torpağımız işğal
olundu, məscidlərimiz,
tarixi eramızdan əvvələ dayanan abidələrimiz məhv edildi. Mənim üçün faciə Üzeyir bəyə, Bülbülə,
Xan qızı Natəvana güllə atılmasıdı. Onlar dəyər deyillər? Üzeyir bəy bütün Azərbaycan üçün, ağlı
başında olan hər bir insan
üçün 1000 dənə
Notr-Damdan yüksəkdədi.
Üzeyir bəyin «Arşın mal alan» operettası dünyanın 100-dən çox
ölkəsində tamaşaya
qoyulub.
Və insanlar onu ziyarət ediblər. Mənim üçün «Arşın
mal alan»ın dünya səhnələrində
tamaşaya qoyulması
və insanların gəlib o tamaşaya baxması Üzeyir bəyin ziyarəti deməkdir. Üzeyir bəy o yanğınsöndürənlərin
paltarı kimi heç vaxt yanmayacaq dəyərdi.
Bəs niyə
bu «ümumbəşəri
dünya» bizim dəyərlərin belə
məhv edilməsinə
biganə qalır? Bizə başsağlığı
vermək əvəzinə,
dərdimizə şərik
olmaq və cinayətkarı cəzalandırmaq
əvəzinə, əksinə,
bizim üstümüzə
gəlirlər, bizə
qarşı birləşirlər?!
Ümumbəşəri dəyər
məsələsinin bizə
dəxli yoxdu?!. İnsanda ləyaqət hissi
olmalıdır. Sən özünə
hörmət etməyəndən
sonra kimsə sənə hörmət qoymaz. Dünyada daha ümumbəşəri
dəyər anlayışı
qalmayıb. Hamısı dağılıb. Yox, əgər
iddia edirlərsə ki, qalıb, Azərbaycan da dünyanın
tərkib hissəsidir,
onda qoy bizə də aid olsun. Öz xeyirlərinə olanda, harda ki,
dəyərləri gözə
soxmaq lazımdı, xalqı nazirdən, məmurdan ayırırlar,
«siyasət başqadı,
xalq başqa» deyirlər, guya ki, fransız xalqının bizə ürəyi yanır.
İnsan
öz yerini bilməlidir.
- Seyran müəllim, media nümayəndələrinin Qarabağa
səfəri planlaşdırılır.
Nə deyirsiz?
- Bildim, xəbərim var. Mən bu cür
get-gəlin qəti əleyhinəyəm. Bunlar baş
qatmaqdı. Nə dəyişəcək
bununla? Bütün dünya Qarabağ
məsələsini də
bilir, kimin haqlı, kimin haqsız olduğunu da bilir. Şəhriyarın bir şeiri var e… Ya bir yolluq azad
ol, ya tamam
yan. Bizim işimiz indi
belədir. Güclü ordumuz
var. Lap yaxşı, çox
gözəl. Daha bizə
başqa nə lazımdı? Evimizin içinə
giriblər, evimizə
soxulublar, bizi təhqir ediblər, indi də biz onları evimizdən vurub çıxarmalıyıq.
30 ilə yaxındı
danışıq aparırlar.
Nəyin
danışığını aparırlar? Fakt göz
qabağındadı. Heç peşəkar diplomatiya bir şey əldə
edə bilmədi, «xalq diplomatiyası» nə edəcək, ya jurnalistlər nə edəcək?
- Son günlərin bir mövzusu da Musa Yaqubun səhhəti idi…
- Mən ötən dəfə demişdim ki, Musanı sakit buraxmaq lazımdı. Bəlkə də Musanı
məndən çox
istəyən yoxdu.
Dəfələrlə qonağı olmuşam,
kəndə getmişəm,
ancaq videoya da çəkməmişəm. Bu da son zamanların bir dəbi olub, kim hara
getdi, kiminlə danışdı, videoya çəkib yayır. Bu dediyimi belə yazarsan: biz xəstəmizlə,
hətta ölümüzlə
də özümüzü
reklam edənlərik.
Musanın da adından bəyanat
yaydılar, guya nəsə deyib, kimisə ittiham edib. Belə şeylər yaxşı
deyil, olmamalıdı.
- Seyran müəllim, Azərbaycan Yazıçılar
Birliyinin qurultayı olmalıdır. Maraqlanırsız?
- Qurultayın mənim üçün heç bir mənası yoxdur. Maraqlanmıram da. Bax bu məsələdə
Parisdəki kilsənin
yanması mənim üçün daha maraqlıdı.
- Nə qədər kənarda qalmaq istəsəniz də, söz-söhbəti onsuz
da eşidəcəksiz. Sədrliyə
namizədlik məsələsi
yenə ortaya atılıcaq, yeni sədr istəyənlər
olacaq…
- O narazıların çoxunun
yaşı 40-ı keçib.
Hikkələri çox böyük
idi. Hikkələrinin altında qaldılar.
Mənimlə görüşənləri də
var. Özlərinə də
demişəm ki, danışanda başınızın
razmerindən böyük
danışırsız.
- İndi nəylə məşğulsuz? Yaradıcılıqda yenilik varmı?
- Tam səmimi deyim ki, indi ancaq
özümlə məşğulam.
Öz üzərimdə işləyirəm.
Yazıçılar Birliyində məsləhətçiyəm.
Gəlirəm işimə, etibarlı
dostlarım var, onlarla görüşürəm.
50-60 illik dostlarımdı,
yığışırıq, gülüşürük, 50 il əvvəlki kimi zarafatlaşırıq.
Həə... məni təbrik edə bilərsən; 1 aydı «youtub»a-zada girməyi öyrənmişəm.
Videolara baxıram, hərdən.
- Nəvələriniz necədi?
- Yaxşıdılar, nənələrini,
babalarını yora-yora
böyüyürlər…
Söhbətləşdi: Məlahət Rzayeva
Şərq.- 2019.- 18
aprel.- S.8.