Sosial mediada cəmiyyətimiz üçün zərərli, təhlükəli informasiyalar yayılır

 

Ekspertlər hesab edir ki, ziyalılar və jurnalistlər insanların dini radikalizmdən uzaq olmaları üçün təbliğat işini gücləndirməlidir

Sevinc Əzimbəyli: "Birgə layihələr nə qədər çox olarsa, dini qurumlarla media quruluşları arasında sıx əməkdaşlıq yaranarsa, təhlükəli tendensiyaların yayılması üçün münbit şərait də olmaz"

 

 

Din və media mövzusu bu gün də aktuallığını saxlayır. Dünyada baş verən terror hadisələri, radikal dini qruplaşmaların siyasi-ictimai məsələlərə müdaxiləsi və bunun adətən mənfi nəticələrə gətirib çıxarması din pərdəsi altında fəaliyyət göstərənlərlə ehtiyatlı davranmağı, ayıq olmağı tələb edir. Lakin bu məsələdə dini sahədə bilgilərin az, yetərsiz olması ictimaiyyətə düzgün məlumat ötürülməsinə, cəmiyyətdə təhlükəli tendensiyaların formalaşmasının qarşısının alınmasına mane olur. Bu məsələdə medianın da üzərinə düşən konkret öhdəliklər var ki, dini sahədə lazımi bilgilərə sahib olmadan vəzifəni icra etmək xeyli çətinləşir.

 

Qeyd edək ki, son illərdə media və din sahəsində aparılan fəaliyyət təqdirəlayiqdir. Xüsusilə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin medianın dini sahədə maariflənməsinə köməklik göstərməsi müsbət haldır. Komitə bugünədək bir neçə maarifləndirici tədbirlər keçirib. Növbəti belə tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda keçirilən konfransdır.

 

«Dövlət qurumları ilə yanaşı media da məsuliyyət daşıyır»

 

Konfrans barədə bunları deyə bilərik ki, iştirakçılar fikirlərini bildirib, təkliflərlə çıxış ediblər. DQİDK sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən konfransda çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bəzi qrupların öz maraqlarını təmin etmək üçün din amilindən istifadə etməsi, dini və milli-mənəvi dəyərlərin bu gün bəzi maraqlı qüvvələrin alətinə çevrilməsi, xüsusilə son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsinin təhlükələri, eyni zamanda, bu istiqamətdəki təhdidlərin qarşısının alınmasında medianın üzərinə düşən vəzifələr barədə danışıb. O bildirib ki, ölkədə dini təhlükəsizliyin tam təmin olunması gənc nəslin sağlam ideologiyada yetişməsində böyük rol oynayır. Bu məsələdə müxtəlif dövlət qurumları ilə yanaşı, medianın da üzərinə məsuliyyət düşür. Cəmiyyətdə milli kimliyin formalaşmasında mətbuatın önəmli yerə malik olduğunu deyən Komitə sədri əlavə edib ki, ziyalılarımız və jurnalistlər insanların dini radikalizmdən uzaq olmaları üçün təbliğat işini gücləndirməlidir.

 

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum Qafqaz Müsəlmanları İdarəsi və DQİDK ilə bu mövzuda çoxlu sayda tədbirlər keçirib. O, Azərbaycan jurnalistlərinin dini mövzularla bağlı yazılarda kifayət qədər peşəkarlıq nümayiş etdirdiyini vurğulayıb.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov vurğulayıb ki, Azərbaycanda dini və etiqad azadlıqları təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər. Azərbaycanda dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlər var. Lakin Azərbaycan güclü dövlətdir, hüquq-mühafizə orqanları bu halların öhdəsindən layiqincə gəlirlər. Qeyd edilib ki, din mövzusunda media nümayəndələrinin məlumatlandırılması istiqamətində mühüm işlər görülür. Mətbuatda sanballı məqalələrlə çıxış edən müəlliflər tanıyırıq və bu, çox sevindirici haldır. Məqsəd vətəndaşları sağlam dini biliklərlə maarifləndirməkdir. Əgər belə olarsa, zərərli təmayüllər özü aradan qalxacaq.

 

«Dini maariflənmədə medianın da rolu var»

 

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri də iştirak edib. QMİ sədrinin müavini Qəmər xanım Cavadlı jurnalistlərin, ümumiyyətlə bütün cəmiyyətin düzgün dini biliklərə sahib olmasının önəminə diqqət çəkib. O, dövlət təhsil müəssisələrində dini bilikləri ehtiva edən fənlərin tədris olunmasının vacibliyinə toxunub. Dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edən sədr müavini bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da bəhs edib.

 

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə dini ideologiyaya Qərbdən və Şərqdən olan təsirlərdən söz açıb, medianın, xüsusilə sosial medianın və elmin roluna toxunub.

 

 Medianın müasir dövrdə cəmiyyətin ən vacib institutlarından biri olduğunu deyən İ.Məmmədzadə qeyd edib ki, hər bir ölkədə və bütövlükdə dünyada baş verən hadisələr cəmiyyətə məhz onun tərəfindən və ya onun vasitəsilə təqdim olunur, interpretasiya edilir. Bütün bu məqamlar mətbuatın gücünü dəyərləndirmək məsələsini günbəgün aktuallaşdırır və daha da əhəmiyyətli müstəviyə çıxarır.

 

"Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov vurğulayıb ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin fəaliyyəti xüsusi önəm daşıyır. O, dinsiz radikallara qarşı mübarizədə media təmsilçilərinin üzərinə böyük öhdəlik düşdüyünü deyib.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda bu sahədə həmrəylik, tolerantlıq mühiti mövcuddur. Bu sabitliyi gözü götürməyən qüvvələr media, əsasən də sosial medianın imkanlarından istifadə edərək məzhəb ayrı-seçkiliyi, dini qarşıdurma yaratmağa çalışırlar.

 

Daha sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev "Din və terror mövzusunda manipulyativ istiqamətlər və media” mövzusunda geniş təqdimatla çıxış edib. Bildirib ki, XXI əsrin ən böyük fenomeni sayılan internet sayəsində informasiya mühitində və jurnalistika sahəsində əsaslı dəyişikliklər müşahidə edilir. Bu sahədə dünya təcrübəsini konfrans iştirakçıları ilə paylaşan V.Əliyev beynəlxalq mediada məqsədli şəkildə islamofobiya meyilləri, radikal terror təşkilatlarının adının islamla birgə çəkilməsi, islam daxilindəki məzhəb problemlərinin qabardılması kimi məsələləri şərh edib.

 

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, "Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev və Mətbuat Şurasının idarə Heyətinin üzvü Azər Həsrətin çıxışları ilə davam edən konfrans milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, həmçinin dini radikalizmə, terrorizmə və ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə düşən vəzifələr ətrafında müzakirələrlə və təkliflərin səsləndirilməsi ilə başa çatıb.

 

Sevinc Əzimbəyli: «Media həm məlumatlandırmalı, həm də maarifləndirməlidir»

 

Konfransda ictimai birliklərin rəhbərləri də iştirak edib. Din və media mövzusunda «Şərq»ə danışan «Yeni Üfüq» İctimai Birliyinin sədri Sevinc Əzimbəyli təşkil olunan konfransın medianın dini sahədə maariflənməsi baxımından vacib əhəmiyyət daşıdığını vurğuladı:

 

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda keçirilən konfransda müzakirə olunan məsələlər demək olar ki, ölkəmizin mənəvi mühitinin saflaşdırılması və mədəni irsimizin mühafizə olunmasına yönəlmişdi və bu istiqamətdə medianın rolunun vacibliyi xüsusilə qeyd olundu. Dini Komitənin sədri Mübariz Qurbanlının, Mətbuat Şurasının sədri Əflatun Amaşovun və digər mətbuat nümayəndələrinin çıxışlarında milli və dini kimliyin təbliğinin Azərbaycan dövlətçiliyinin bütövlüyü naminə zəruri olduğu fikri irəli sürüldü. Düşünürəm ki, belə tədbirlərin planlı şəkildə keçirilməsi dini və milli kimliyimizin vəhdəti yolunda mücadilə verən həqiqi vətənsevər yazarlarımız üçün də informasiya baxımından olduqca zəruridir.

 

Digər tərəfdən din adına iddia edən radikal düşüncə sahiblərinin ideoloji baxımdan zərərsizləşdirilməsi üçün azad mətbuatın maarifləndirmə işinə dəstək verməsi milli təhlükəsizliyimiz üçün də çox vacibdir. Ümumiyyətlə, son illər Dini Komitənin ölkənin hüquq-mühafizə orqanları ilə, ayrıca media ilə qurduğu səmərəli əməkdaşlıq nəzərə çarpacaq uğurlara səbəb olub. Belə ki, maarifləndirmə işinin təşkilində komitənin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun mediayla birlikdə çoxsaylı layihələr həyata keçirməsi təqdirəlayiqdir.

 

S.Əzimbəyli sosial şəbəkələrdə yayılan təhlükəli informasiyalar barədə də danışdı:

 

- Görürük ki, bəzən sosial mediada cəmiyyətimiz üçün zərərli, təhlükəli informasiyalar yayılır. İstər dini məsələlər, istərsə də milli dəyərlərimizə qarşı olan bu cür informasiyaların yayılması ümumilikdə cəmiyyət üçün çox təhlükəlidir. Bunun bir səbəbi də medianın dini biliklərə malik olmamasıdır. Əgər media dini məsələlərdə zəruri informasiyalara, biliklərə malik olarsa, din pərdəsi altında qarayaxma ilə məşğul olanlara tutarlı, əsaslı cavablar verər, cəmiyyətin yanlış fikrə düşməsinin qarşısını alar. Ona görə də biz media sahəsində fəaliyyət göstərənlərin dini maariflənməsini vacib sayırıq. Hesab edirik ki, birgə layihələr nə qədər çox olarsa, dini qurumlarla media quruluşları arasında sıx əməkdaşlıq yaranarsa, təhlükəli tendensiyaların yayılması üçün münbit şərait də olmaz.

 

Təəssüf ki, sosial media bəzən məkrli insanların, milli və dini dəyərlərimizə zərbə vurmağa çalışanların meydanına çevrilir. Burada medianın üzərinə düşən vəzifə doğru-düzgün məlumatları əldə edib, yalan informasiyaların önünü kəsməkdir. Medianın həm məlumatlandırma, həm də maarifləndirmə vəzifəsi var. Media çalışmalıdır ki, milli və dini dəyərlərimiz düzgün təbliğ edilsin, dinimizin gözəllikləri, insanpərvərlik, həmrəylik çağırışları cəmiyyətə çatdırılsın. Media bu məsələlərdə aktiv olmalıdır. Çünki ən güclü təbliğat vasitələrindən biridir.

 

Məlahət Rzayeva

Şərq.- 2019.- 18 aprel.- S.11