1950-ci illərin Azərbaycan mətbuatı
O dövrdə nəşr
olunan qəzetlərin azərbaycançılıq
ideyasına xidmət edən yazıları bu gün də
aktual olaraq qalır
"Sovet hakimiyyəti illərində
Azərbaycan mətbuatı kommunist ideologiyasının
güclü təsiri altında fəaliyyət göstərsə
də, o öz milli varlığını qoruyub saxlaya bilib, əldə
etdiyi zəngin ənənələri davam etdirərək
respublikanın ictimai-siyasi həyatında fəal rol
oynayıb"
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mətbuatın
inkişafı daha çox partiyalı mövqe ilə
bağlı olub. "Kommunist”, "Bakinski
raboçi”, "Vışka”, "Azərbaycan gəncləri”,
"Molodyoj Azerbaydjana”, "Baku”, "Ədəbiyyat və
incəsənət” və s. tanınmış mətbuat
orqanlarında kommunist ideologiyası ilə bağlı məsələlərlə
yanaşı respublikanın iqtisadi, elmi, mədəni
inkişafı ilə əlaqədar problemlər də öz əksini
tapıb. Xalqın həyatının
işıqlandırılmasında, ideoloji buxovların
mövcudluğuna baxmayaraq, öz səhifələrində
müxalif fikrə yer verən, o dövr üçün
doğrudan da vətənpərvər ruhlu məqalələr
dərc edən mətbuat orqanlarının milli şüurun
və özünüdərkin
formalaşdırılmasında böyük rolu olub. Sovet
dövrünün Azərbaycan mətbuatının
özünəməxsus mərhələlərindən biri də
1950-ci illəri əhatə edir.
Bəhs edilən dövr mətbuat tədqiqatçısı,
tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin
baş redaktoru Akif Aşırlının "Azərbaycan mətbuat
tarixi, II hissə, (1920-1990)” adlı kitabında geniş
işıqlandırıb.
Müəllif kitabında
vurğulayıb ki, bu qəzetlərin xalqımızın dil,
ədəbiyyat və mədəniyyətinə həsr etdiyi,
azərbaycançılıq ideyasına xidmət edən
yazıları bu gün də aktual olaraq qalır və
totalitar rejim şəraitində belə Azərbaycan
jurnalistikasının mövqeyini nümayiş etdirir:
"Nəticə etibarı ilə
demək olar ki, sovet hakimiyyəti illərində Azərbaycan
mətbuatı kommunist ideologiyasının güclü təsiri
altında fəaliyyət göstərsə də, o öz
milli varlığını qoruyub saxlaya bilib, əldə
etdiyi zəngin ənənələri davam etdirərək
respublikanın ictimai-siyasi həyatında fəal rol
oynayıb. Məhz bu dövrdə publisistikanın tamamilə
yeni bir növü - teleradio jurnalistikası təşəkkül
tapıb. 1952-ci ildə "Kirpi” jurnalı, 1958-ci ildə
"Bakı” qəzetləri meydana gəlib.
Sovet ideologiyasına xidmət etməsinə
baxmayaraq, "Kirpi” müxtəlif nəsillərə mənsub
olan peşəkar karikaturaçı rəssamları bir araya
gətirə bilib. Jurnala marağın artması, oxunaqlı
olması bu sahəyə 1950-1960-cı illərdə Azərbaycanın
görkəmli rəssamları olan Tahir Salahov, K.Kazımzadə,
G.Müstafayeva kimi şəxsiyyətləri cəlb edib. Dövrün eybəcərliklərini əks etdirən
felyeton, atmaca və karikaturalarla oxucularının pozulmuş
hüquqlarını bərpa etməyə
çalışıb. 1950-ci ilin sonlarında Sovetlər
İttifaqında baş verən ictimai-siyasi hadisələr,
Stalin şəxsiyyəti haqqında yaradılan mifin ortadan
qaldırılması təşəbbüslər yaratdı.
Jurnalistika tarixində də yeni dəyişikliklər
baş verdi. Azərbaycanda liberal düşüncə sahibi
olan ziyalıların hakimiyyətə gəlişi ilə cəmiyyətdə
baş verən liberallaşma ədəbiyyatda olduğu kimi mətbuata
da müsbət təsirini göstərdi.
Dövlət sirri sayılan bir çox məsələlər
mətbuat səhifələrinə çıxarıldı. Sistemli şəkildə
olmasa da, qadağan olunan sahələr barəsində
publisistik, elmi-texniki materiallar çap olundu. Lakin
hadisələrin sonrakı gedişi onu göstərdi ki, sovet
rəhbərliyi qadağaların yumşaldılmasına hələ
hazır deyil. 1957-ci il aprelin 3-də
"Qlavlitin işi haqqında” qərar qəbul edildi.
Qərarda dövlət sirri sayılan məlumatların
vahid siyahısının hazırlanmasından, mövcud
qadağalar sisteminin köhnəliyindən və onun dəyişdirilməsi
zərurətindən danışılsa da, nəticədə
heç bir yenilik olmadı. Qəbul olunan qərarda
SSRİ Qlavlitinə tapşırıldı ki, ildə bir dəfə
əlaqədar nazirliklərlə birlikdə,
vaxtaşırı senzor məhdudlaşdırılmasının
əhatəsinə daxil olan məsələlərə
baxılsın. Qlavlit işinin təkmilləşdirilməsində
sovet rəhbərliyinin ehtiyatlı hərəkəti ona əsaslanırdı
ki, qəbul ediləcək qərar SSRİ-nin azad sözü,
mətbuatı boğmaq cəhdi kimi qiymətləndirilməsin.
Mərkəzdə aparılan bu cür senzor məhdudiyyətləri
Azərbaycanda da aparıldı.
1957-ci il mayın 17-də Qlavlitin işi müzakirəyə
çıxarıldı və qərar qəbul olundu. Bu qərarda əsasən Azərbaycan SSRİ
Qlavlitindəki nöqsanlar, çatışmazlıqlar əksini
tapdı. Bir tərəfdən senzor məhdudluğu barədə
müzakirələrin aparılması, digər baxımdan
ictimai-siyasi ab-havanın mülayimləşməsi, Azərbaycan
SSRİ Ali Sovetinin sədri, dövrün şöhrətli
yazıçısı Mirzə İbrahimovun Azərbaycan
dilinin dövlət dili olması barəsindəki cəsarətli
addımları mətbuatda yeni cığır açdı. "Molla Nəsrəddin" jurnalının
davamçısı olduğunu bəyan edən "Kirpi"
və uşaqlar üçün "Göyərçin"
jurnalının nəşri 50-ci ilin sonlarına təsadüf
etdi.
Akif
Aşırlı əsərində qeyd edib ki, bu dövrdə
Azərbaycan mətbuatında axşam qəzeti
tipologiyasına uyğun şəhər qəzeti
"Bakı"nın nəşri Azərbaycan
jurnalistikasının "60-cılar" nəslinin
formalaşmasında mühüm rol oynadı:
"Nəsir
İmanquliyev qəzetin ilk sayında oxuculara müraciətlə
qələmə aldığı "Mühüm vəzifələr
qarşısında" məqaləsinə yazırdı:
"Bakının sənayesini, kənd təsərrüfatı
və mədəniyyətini inkişaf etdirməkdə bu
gündən başlayan "Bakı" axşam qəzetinin
də üzərinə çox böyük vəzifələr
düşür. Qəzet partiya və sovet
orqanlarına hərtərəfli yardım göstərməli,
şəhərimizin zəngin, rəngarəng həyatını,
Bakı zəhmətkeşlərinin yaradıcı əməyini,
məişətini, istirahətini dolğun və hərtərəfli
işıqlandırmalıdır". Mətbuatın
sovet cəmiyyətində mövqeyinə diqqət çəkən
redaktor "kütlələrin səfərbərliyə
alınmasında" qəzetlərin böyük rol
oynadığını göstərirdi: "Mətbuat
partiyamızın ən uzaqvuran silahıdır. Kommunist mətbuatı partiyamızın yüksək
ideyalarını yayır".
Qəzetin ilk sayının nəşri münasibəti
ilə bağlı redaksiyaya ünvanlanan xeyli sayda təbrik məktubları
da dərc olunub. Həmkarlarının qısa təbrik
teleqramlarını ilk səhifədə yerləşdirən
"Bakı"nın ikinci səhifəsi
"milyon səsli, milyon canlı, milyon çıraqlı
Bakı" başlığı ilə açılır. Mirzə İbrahimovun, Abdulla Şaiqin, Süleyman
Rüstəmin təbrikləri xüsusən maraqlı
görünür. M.İbrahimov "Bakı qəzeti"
təbrikində yazır: "Azərbayan mətbuatının
tarixində şərəfli bir səhifə
açılır. Gündəlik qəzetlərimizin
sayı artır, yeni bir qəzet çıxmağa
başlayır. Bu qəzet
respublikamızın paytaxtı şanlı Bakının
adı ilə çap olunacaq.
"Bakı". Axşam qəzeti! Onun nəşr edilməsi
ilə oxucularımızın çoxdankı və şirin
arzusu yerinə yetmiş olur". A.Şaiq də bu təbriklərə
qoşularaq qəzetə romantik bir təbrik
ünvanlamışdı:
"Azərbaycan günü-gündən çiçəklənən
bir laləzardır ki, bu laləzarın rəngbərəng, ən
ətirli güllərindən hörülmüş çələngə
bənzəyir. Qoy yeni "Bakı" qəzeti bu əzəmətli
çələngin, mənim əziz vətənimin
böyük nailiyyətlərini göstərən həqiqi
xalq qəzeti olsun". Süleyman Rüstəm
öz ürək sözlərini "Cürətli
addımla" şeiri ilə bildirmişdi.
"Bakı" qəzetinin çapı ilə Azərbaycan
mətbuatında heç bir örnəyi olmayan axşam qəzetinin
yeni modeli yarandı. Şəhər həyatı ilə bağlı informasiyaların
çevik ötürülməsi, səhər oxuculara
çatdırılan xəbərlərdən fərqli ən
son xəbərlərin hazırlanması oturaq "kabinet
jurnalistikası"nı dinamizm və
çevik iş üsulu əvəzlədi. Həftələrlə
işıq üzü görməyən "zaqon"
materiallarından ətalətə bürünən,
birqütblü baxış bucağı sərgiləyən
mətbuatda canlanma yarandı.
Ancaq hər gün axşam saat 6-ya qədər olan
informasiyaların elə həmin gün dərhal oxucuya
çatdırılması asan deyildi. Bir tərəfdən
mətbəə avadanlıqlarının köhnəliyi
çap prosesinə mənfi təsir göstərirdisə, digər
baxımdan dövlətin inhisarında olan yayım şəbəkəsinə
qəzetlərinin vaxtında çatdırılması da
ciddi problem idi. Sadəcə, bu yeniliyi həyata
keçirmək üçün yaradıcılıq və
texniki işi uzlaşdırmaq gərəkirdi. Bunun üçün informasiyalarla çevik işləməyi
bacaran peşəkar kadrlar hazırlanmalı, onların fəaliyyəti
koordinasiya olunmalı idi.
Qəzet ilk sayından etibarən materialların
yığcamlığı ilə seçilir. İrihəcmli yazılara
demək olar ki, az təsadüf olunur. "Bakı" ilk Azərbaycan sovet mətbuatı
orqanıdır ki, sonuncu bütöv səhifəsi reklama
ayrılıb. Müxtəlif teatrların
afişaları, kitab ticarəti elanları, müəssisələrin
xidmət təklifləri reklam səhifəsində dərc
olunub.
"Dünənki səhər qəzetlərində nəşr
olunanlar" rubrikasında qəzet materiallarından xülasələr
oxuculara çatdırılırdı. Qəzetin "Oxucular
yazırlar", "Teatr", "Bakı"nın
reydi", "Xarici xəbərlər" daimi
rubrikalarında çeşidli yazılar işıq
üzü görürdü.
Abdulla
Şaiqin, Süleyman Rüstəmin, Sabit Rəhmanın, Mirzə
İbrahimovun, Rəsul Rzanın, Hüseyn Abbaszadənin,
Qabilin qələmindən çıxan bədii nümunələr,
publisistik yazılar qəzetə rəngarənglik gətirir,
həm də oxucu marağını, rəğbətini
artırırdı.
"Bakı" Azərbaycan jurnalistikasına yeni
imzalar, simalar, orijinal düşüncə tərzinə sahib
jurnalistlər gətirdi. Səfər Məmmədov, Manaf Süleymanov, Əhməd
Rəşidov, Adil Cavadlı, Kazım Ələkbərov,
Çingiz Ələkbərov, Cəmşid Əmirov,
Şamil Qurbanov, Rəfael Nağıyev, Cabir Novruz, rəssam
Arif Əsgərov, Fazil Rəhmanzadə və Nüsrət Kəsəmənli
kimi qələm əhlinin yetişməsində
"Bakı"nın jurnalistika məktəbinin böyük
rolu oldu. Öz orijinal yazı tərzi, üslubu
ilə seçilən Şamil Şahməmmədov qəzetin
müxbirliyindən redaktorluğa qədər yol keçdi.
"Bakı"nın qurucusu Nəsir
İmanquliyev ömrünün sonlarına yaxın jurnalist
Zemfira Məhərrəmliyə verdiyi müsahibə
maraqlı faktlarla zəngindir. "Bakı" zərurətdən
yarandı" sərlövhəli müsahibədə
N.İmanquliyev qəzetin yaranması ideyasından, ilk
sayından inkişafınadək tənəzzül
dövründən danışır:
"... Hələ
50-ci ilin ortalarında, Mərkəzi Komitədə işlədiyim
vaxtlarda Azərbaycan dilində şəhər qəzeti
çıxarmağın vacibliyi barədə məsələ
qaldırmışdım... Təklifim bəyənildi, qəbul
olundu. Ovaxtkı rejimin tələblərinə uyğun olaraq
şəhər qəzeti yaratmaq barədə qərar təsdiq
olunmaq üçün Moskvaya göndərildi... Mərkəzi
Komitədən mərhum Şıxəli Qurbanov mənə zəng
çalıb bildirdi ki, şəhər qəzeti açmaq
barədə qərarımızın Moskvadan təsdiqi gəlib.
Sevincimin həddi-hüdudu olmadı... Beş ay sürən hazırlıq işləri
başa çatdı, yenicə işıq üzü görən
ilk axşam qəzeti bakılıların
görüşünə gəldi... Əlbəttə, qəzetin
ilk sayından başlayaraq şəhərimizin zəngin həyatını,
bakılıların qəhrəman əməyini,
quruculuq işlərini işıqlandırır, rəngarəng,
oynaq janrlardan istifadə edirdik. Başlıcası isə necə
deyərlər, ətrafımıza güclü qələmlər
toplamışdıq... Əvvəllər qəzet kiçik
formatda çıxırdı, tədricən tiraj artdı.
"Bakı" reklam əlavələri ilə
çap olunmağa başladı. 1962-ci ildən rus dilində
"Baku" qəzetini də buraxmaq bizə müyəssər
oldu. Büdcəyə fayda gətirən şəhər qəzetlərimizin
hətta ucqar rayonlarında belə abunəçiləri
vardı, çoxlu oxucu məktubu alırdıq. Yaxşı ənənələr
yaşayır. İstərdim ki, qəzet maliyyə çətinliklərindən
xilas olsun. Mövzu axtarışlarınızı genişləndirin.
Operativliyi artırın. Axı indi çox şeyi sürət
həll edir. Nəsir İmanquliyevin əsəri olan
"Bakı” qəzeti bu gün də fəaliyyətini davam
etdirir”.
İsmayıl
Şərq.- 2019.- 25
aprel.- S.11