1970-80-ci illərin Azərbaycan mətbuatı...

 

Bu illərdə ana dilində 84 qəzet və 23 jurnal nəşr olunurdu

 

1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci katib seçilməsi ilə xalqın tarixində yeni dönüş başlandı. Mədəniyyət, incəsənət, elm, təhsil və mətbuat sahəsində milli-mənəvi dəyərlərə qayıdış və tərəqqi müşahidə edildi. Mərkəzlə normal, isti münasibətlər qurmadan respublikanın problemlərini xalqın istəklərinə uyğun şəkildə yerinə yetirməyin mümkünsüzlüyünü gözəl bilən Heydər Əliyev reallıqları nəzərə alaraq ölkənin milliləşmə və iqtisadi inkişaf prosesini ustalıqla həyata keçirdi. Hakimiyyətdə olduğu sovet dövrünü xatırlayan Heydər Əliyev sonralar deyirdi:

 

"Biz sovet rejimində yaşasaq da, xalq, millət üçün nə edə biləcəyimizi düşünürdük. Əgər rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqa kömək göstərməlisən. Mən də bunu etdim və Azərbaycan o illərdə çox yüksəyə qalxdı”. 1969-cu ildən 1982-ci ilədək ulu öndərin rəhbərliyi ilə sənayenin, kənd təsərrüfatının problemləri deyil, xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı və mətbuatının çətinlikləri araşdırılıb, milli-tərəqqiyə yönələn mühüm qərarlar qəbul edildi. Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafına da xüsusi qayğı ilə yanaşır, yaradıcı insanlarla ünsiyyət qurur, mövcud problemlərin həllinə yönəlik qərarların qəbuluna çalışırdı. O, istedadlı qələm sahiblərini yüksək qiymətləndirir, onların potensialının ortaya qoyulması üçün bütün imkanları yaradırdı. Məhz bu dövrdə H.Əliyevin yaratdığı imkanlar sayəsində mətbuatdakı çətinliklər aradan qalxdı. Mətbuat tarixi araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının "Azərbaycan mətbuat tarixi, II hissə, 1920-1990-cı illər” kitabında 70-80-ci illərin ölkə mətbuatına geniş ayrılıb. Həmin dövrün siyasi-ictimai vəziyyətini, çap olunan mətbu orqanların durumunu araşdıran müəllif bildirib ki, 1959-cu ildə Azərbaycanda qəzet və jurnalların nəşrinə ayrılan xərclər azaldığından nəşriyyat və poliqrafiya sahəsində geriləmələr müşahidə olunurdu. Ancaq Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan mətbuatının imkanları genişləndi, jurnalistlərin sosial vəziyyətində irəliləyişlər müşahidə olundu, yeni nəşrlər meydana çıxdı: "1970-ci illərin əvvəlində ölkədə müxtəlif dillərdə çap olunan 118 qəzet, 128 jurnal tipli nəşrlər içərisində azərbaycanca nəşrlər üstünlük təşkil edirdi. Belə ki, ana dilində 84 qəzet və 23 jurnal nəşr olunurdu. 1971-ci ildə Aktyorlar Evində Azərbaycan jurnalistlərinin IV qurultayı keçirildi və kütləvi informasiya vasitələri qarşısında duran vəzifələri müzakirəyə çıxardılar. Tədbiri Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin sədri İ.Nəzərov açdı və ötən qurultaydan sonra ölkə KİV-lərinin vəziyyətini konkret faktlarla təhlilini verdi. 70-ci illərin jurnalistikasının qarşısında duran problem və vəzifələri barədə İ.Nəzərov "Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan məqalədə göstərirdi ki, dövri mətbuatda jurnalistikanın nəzəri məsələlərinə aid məqalələr az verilir, qabaqcıl təcrübə məqsəd və aydınlığı ilə işıqlandırılmır. Bəzi qəzet və jurnalların yaradıcılığına toxunan müəllif yazırdı ki, bir çox qəzet redaksiyaları öz çıxışlarının təsiri və nəticəsi uğrunda zəif mübarizə aparırlar. Qəzet hadisələrin passiv qeydçisi deyil. Yazıların təsiri uğrunda mübarizə qəzetin hörmətini yüksəldən, ona mübarizlik ruhu verən və onun təşkilatçılıq məharətini təmin edən vacib şərtlərdən biridir. Dərc olunmuş yazı cavabsız, nəticəsiz qaldıqda qəzet öz müəllifinin də, öz oxucusunun da nəzərində gücsüz görünür”. 70-ci illərin ortalarından başlayaraq Azərbaycan mətbuatının tarixi ənənələr əsasında inkişafına diqqət artırıldı. Azərbaycan Dövlət Universitetinin müəllimi, 10 ilə yaxın "Sovet kəndi” qəzetinin baş redaktoru işləmiş Nəriman Zeynalovun 1973-74-cü illərdə iki cilddə "Azərbaycan mətbuatı tarixi” kitabı nəşr olundu. İctimaiyyət tərəfindən maraqla qarşılanan kitablar jurnalistika fakültəsi tələbələrinin və mətbuat tarixi ilə maraqlananlar üçün yeganə vəsait idi. Azərbaycan milli mətbuatının bünövrədaşı olan "Əkinçi” qəzetinin 100 illiyi ilə bağlı 1976-cı ildə verilən qərar mətbuat tarixinin araşdırılması sahəsində aparılan işləri sürətləndirdi. Əkinçi”nin 100 illiyinin geniş keçirilməsi respublikanın ədəbi həyatında və mətbuat tarixində mühüm rol oynadı”. Araşdırmaçı əsərində vurğulayıb ki, 1969-cu ilin yanvarında çapı planlaşdırılan "Qobustan”ın ilk sayında nəzərdə tutulan mövzular, toplunun ideyası, formatı, yaradıcılıq əlaqələri barəsində məlumatı məsul katib Vidadi Paşayev "Ədəbiyyat və incəsənət” qəzetində açıqlayıb: "Azərbaycanda bu biçimdə dərginin olmadığını diqqətə çatdıran V.Paşayev üz qabığının toplunun adına uyğunlaşdırıldığını qeyd edərək yazırdı: "Bizlərdə bu biçimdə dərgi olmayıb. Jurnalın üz qabığını Qobustan qaya şəkillərində olan yallı rəqsinin fotosu bəzəyəcək. Bu, təsadüf sayılmasın, göydəndüşmə görünməsin. Qobustan qayası rəsmi qədimlik rəmzidir”. İlkin olaraq on çap vərəqində dərc olunması planlaşdırılan toplunun il ərzində dörd sayının işıq üzü görməsi - qış, yaz, yay və payız nömrələrinin çapı nəzərdə tutuldu. "Qobustan”ın yaradıcılıq istiqamətlərini konkretləşdirən V.Paşayev bu barədə oxucuları məlumatlandıraraq yazır: "Toplunun səhifələrində bədii yaradıcılığın bir çox sahələri - musiqi, opera və balet, təsviri və tətbiqi sənət, kino, memarlıq estetika, sənət tarixi və nəzəriyyəsi əksini tapmalıdır. Belə bir genişliyin, mövzu bolluğunun öz çətinlikləri var. Gərək ögey-doğmalıq olmasın, ölçü hissi itirilməsin, hər nömrədə tənasüb saxlanılsın”.

 

Əslində məsul katib kimi işə başlayacaq Paşayevin proqram və məlumat mahiyyətli bu məqaləsi oxucuların diqqətini toplunun nəşrinə cəlb etmək məqsədi daşıyırdı. V.Paşayev "Qobustan”ın beynəlxalq yaradıcılıq əlaqələrinə toxunaraq, Almaniya Demokratik Respublikasında çıxan "Təsviri sənət” qəzeti ilə qurulan yaradıcılıq ilişkilərindən də söhbət açırdı: "Xarici qəzet və jurnallarla birbaşa körpü yaratmaq, yazılar, səhifələr dəyişmək o qədər də çətin deyil. Demokratik ölkələrin mətbuatı Azərbaycan incəsənəti ilə yaxından maraqlanır. Biz hələlik Almaniya Demokratik Respublikasında çıxan "Təsviri sənət” qəzetinin əməkdaşları ilə əlaqə yaratmışıq. Yeni yetişən cavan tərcüməçilərin köməyi ilə başqa ölkələrlə də əlaqə saxlamağa imkanımız var”. "Qobustan”ın dissertasiyalardan çıxarışlar və quru elmi məqalələr məcmuəsi kimi nəşr edilməyəcəyini, hər bir yazını anlaşılan dildə hazırlamağı, oxunaqlı forma, biçim tapılacağını qeyd edən müəllif oxuculara vəd verirdi. Verilən vədlərə uyğun toplunun ilk sayı 1969-cu ildə işıq üzü gördü. Azərbaycan Sovet Bəstəkarlar, Memarlar, Kinematoqrafçılar İttifaqlarının və Teatr Cəmiyyətinin nəşri kimi çap olunan "Qobustan”ın ön sözü esse janrında işlənmişdi. Təkcə bədiiliyinə görə deyil, ictimai-siyasi məzmun daşıyan baş məqaləni əvəz edən essedə Azərbaycanın klassikləri, böyük şairləri, ictimai-siyasi xadimləri xatırlanırdı: "Tarix səhifələrində Hadinin diliylə desək, "övraqi-həyatda imza atan, iz qoyan millət bəxtiyardır. Dünyanın bu ölümsüzlük kitabında azəri millətinin xətti var”.

 

Təkcə yazıların məzmunu deyil, tərtibat baxımından da fərqlənən "Qobustan”a ilk sayının nəşri ilə bağlı xeyli sayda təbriklər ünvanlandı. Bu təbriklər də müxtəlif səhifələrdə müəllif imzalarıyla dərc olundu. "Qobustan” ilk sayından etibarən, kollektivin məhəbbəti ilə hazırlanıb, çap edildi. Mövzuların işlənməsi, problemin cəmiyyətə təqdimi digər mətbu orqanların yaradıcılıq işindən seçilirdi. Jurnalın mündəricatının ana dilimizlə yanaşı, ərəb əlifbasında və ingilis dilində çap olunması da kollektivin yeniliklərindən sayıla bilər. Azərbaycan mədəniyyətinə, incəsənətinə, kino sənətinə yeni milli baxış ortaya qoyan, ən əsası müasir jurnalistikanın formalaşmasına çalışan "Qobustan”çılar Mərkəzin təqibi, təzyiqi ilə üzləşməli oldu. Baş redaktor Anarın topluya yeni milli nəfəs verməsi, ortaq türkcənin imkanlarından yararlanması barəsində mərkəzə ötürülən danoslar yaradıcılıq işinin keyfiyyətinə təsir edirdi. "Qobustan”ın nəşrinə əngəllər yaradılır, uzun-uzadı senzor çəkişmələri, qadağalar çox çətinliklə aradan qaldırılırdı. Xalq yazıçısı Anar "Qobustan”a baş redaktorluq etdiyi illərdə özünün və redaksiya işçilərinin, o cümlədən toplunun müəlliflərinin qarşılaşdığı çətinlikləri xatırlayaraq bu işdə "sapı özümüzdən olan baltaların” xüsusi canfəşanlığını qeyd edir: "Qobustan”ın bir nömrəsində Qubad Qasımovun Üzeyir Hacıbəyli haqqında xatirələrini vermək istəyirdik. Yazının bir yerində Üzeyir bəyin də iştirak etdiyi qonaqlığın iştirakçıları sırasında Əli bəy Hüseynzadənin də adı çəkilmişdi və yalnız buna görə materialın dərc olunmasına icazə verilmədi. Mənə "Qobustan”da yenə pantürkistlərin təbliğiylə məşğul olursunuz” ittihamı verildi”. "Qobustan”ın üçüncü sayında Anar Parisə etdiyi səfərdə Əli bəy Hüseynzadənin oğlu rəssam Səlim Turanın yaradıcılığından danışır, bu böyük şəxsiyyətin oğlunu Vətəni Azərbaycanda görməyi arzulayırdı.

 

Heydər Əliyev "Qobustan”ın nəşrinə dəstək olur, yeri gələndə onları çətinliklərdən xilas edirdi. Bu barədə Heydər Əliyev haqqında yazılan xatirələrin birində deyilir: "Bir dəfə Moskvada olanlar deyirlər ki, "Qobustan” jurnalında yazılıb ki, Nəriman Nərimanov Lenindən böyükdür. Amma o, deyilənlərə inanmır. Jurnalı gətirib baxırlar. Görürlər ki, həqiqətən yazıçı İsa Hüseynov yazıb ki, Nərimanov Lenin deyil, ondan da böyükdür. H.Əliyev Moskvadakılara deyir ki, yazıçıdır, yazıb. Onları birtəhər yola verir”. A.Aşırlı kitabında Respublika Təbiəti Mühafizə Cəmiyyətinin təsisçiliyi ilə işıq üzü görən "Azərbaycan təbiəti” jurnalı barəsində də məlumat verib: "Jurnalın ilk sayı barəsində "Müxbir” jurnalında məlumat verilib. Həmkarlarının iş şəraiti, yaradıcılıq prosesləri ilə yaxından tanış olan "Müxbir”in əməkdaşları redaksiyadan reportaj hazırlayıb, oxucuları maraqlı faktlarla tanış edərək yazıblar: "Azərbaycan təbiəti” jurnalının redaksiyasındayıq. Onun kiçik, lakin işgüzar kollektivi var. Onlarla tanış olun: məsul redaktor Məmməd Araz, məsul katib, şair Məmməd Aslan. Ədəbi işçilər Suliddin Qasımlı və Həmid Nəcəfquliyev”. İlk baş redaktoru akademik Həsən Əliyev jurnalın ilk sayında "İlk addım” məqaləsi ilə gələcək fəaliyyət planları barəsində oxuculara məlumat verir. H.Əliyev respublikamızın təbiətini mühafizə etməkdə, nadir incilərini, qiymətli sərvətlərini qorumaq məqsədi ilə yaradılan yeni jurnalın fəaliyyətini ilk addım adlandırır, yaradıcı heyətə uğurlu yol arzulayır, təkliflərini qələmə alır. Jurnalın ilk sayında Əli Vəliyevin "Müqəddəs nemət” məqaləsi işıq üzü görüb. Yazıçı təbiətə canlı qüvvə kimi baxır, onu insansız təsəvvür etmir, insanları təbiətdən xeyirxah məqsədlər naminə istifadə etməyə, xalqın qiymətli sərvətini qorumağa səsləyir. Məsul redaktor Məmməd Araz jurnalın ilk sayında "Yurdumuzun təbiəti” sərlövhəli məqalə ilə çıxış edib. Oxucuya müraciətlə yazılmış məqalədə yeni məcmuənin məqsəd və məramı sadə və şairanə dillə izah olunur. "Respublikamızın dövlət qoruqlarında”, "Nadir bitkilərimiz”, "Təbiətin möcüzələri”, "Dünya təbiət aləmində”, "Təbiət ən böyük loğmandır” rubrikaları altında uzun müddət jurnalda zəngin faktlarla dolu maraqlı yazılar, informasiyalar dərc olundu.

 

İsmayıl

Şərq.- 2019.- 27 aprel.- S.11