İctimaiyyətin maraqları mütləq
nəzərə alınacaq
Ekspertlər
inanır ki, televiziyalarda yaradılan Bədii Şuralar efirə
müsbət dəyişikliklər gətirəcək
Yerli telekanallardan, xüsusilə də özəl
televiziyalardan artan narazılıq, nəhayət, Bədii
Şuraların yaranması zərurətini gündəmə
gətirdi. Və sevindirici olan da budur ki, Bədii
Şuralar formalaşdı. Niyə məhz özəl
televiziyalardan daha çox narazılıq olduğunu
vurğuladıq, çünki Azərbaycan Dövlət
Televiziyası özünün bir əsrlik təcrübəsinə
əsaslanaraq istər proqram siyasətində, istərsə də,
əyləncəli verilişlərin hazırlanmasında
milli adət-ənənələrə, dəyərlərə
ən çox sadiq qalan televiziyadır. Peşəkarlıq da
burada öz sözünü deyir. Diktorların nitq mədəniyyəti,
aparıcıların professionallığı, siyasi, ictimai
biliklərə malik olmaları və əlbəttə ki,
mövcud ənənələr Azərbaycan Dövlət
Televiziyasını ən baxımlı kanal edib. Halbuki, özəl
televiziyalar daha müstəqildir, daha sərbəstdir,
düşüncəsi onların tamaşaçı
auditoriyasını artırmalı idi. Auditoriya isə bir-iki dəfə
aldana bilər, istədiyini görə bilməyən və
ya, gec-tez bayağılıqdan bezən tamaşaçı
yenə pultun düymələrində «1»i - «doğma
televiziya»nı - AzTV-ni seçir. Bununla, özəl
telekanalların fəaliyyətini sıfırlamaq niyyətində
deyilik. Özəl televiziyalarda da baxımlı,
düşündürücü, insanı ekran
qarşısına kilidləyən proqramlar, tok-şou və əyləncə
proqramları var. Lakin bəzi hallarda efir mədəniyyətinin
pozulması, aparıcılar, verilişə dəvət
olunmuş qonaqlar tərəfindən etik çərçivələrin
aşılması, kobud səhvlərə yol verilməsi
halları da yaşanır.
Bu baxımdan telekanallarda bədii
şuraların yaradılması xəbərindən ilk sevinənin
tamaşaçılar olması da həqiqətdir.
Tamaşaçı düşünür ki, televiziyalarda efirə
gedəcək proqramlar artıq mütəxəssislər tərəfindən
bəyəniləcək, əyər-əskiklər düzələcək
və ortaya keyfiyyətli məhsul qoyulacaq.
İlk addım AzTV-dən gəldi
Azərbaycan Dövlət
Televiziyasında Bədii Şura fevral ayında
yaradıldı. Məqsəd belə açıqlandı ki,
şuranın yaradılması nümayiş olunan ədəbi-bədii
və musiqili veriliş, proqram və layihələrdə
aparıcıların danışıq, davranış və
geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş
müğənnilərə də aiddir) bədii
tərtibatla bağlı şura üzvlərinin rəylərinin
nəzərə alınmasına xidmət edir.
Bədii Şura ayda 2 dəfə toplanmaqla Azərbaycan
Televiziyası və Radiosu, "Mədəniyyət” və
"İdman Azərbaycan”da yayımlanan veriliş və
proqramları müzakirə edəcək, öz irad və təkliflərini
verəcək. Yeni TV və Radio layihələrinin efir məkanına
buraxılması kollegial şəkildə reallaşacaq.
Bədii Şurada müğənni,
Xalq artisti Mübariz Tağıyev, Milli Konservatoriyanın
rektoru, professor, Xalq artisti Siyavuş Kərimi, bəstəkar,
Xalq artisti Faiq Sücəddinov, xanəndə, Xalq artisti Mənsum
İbrahimov, şair, Əməkdar incəsənət xadimi
Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət
Universitetinin rektoru, Əməkdar incəsənət
xadimi Ceyran Mahmudova, müğənni, Xalq artisti Fidan
Hacıyeva, dizayner-modelyer, Xalq artisti Fəxriyyə Xələfova,
rəqqasə, Xalq artisti Təranə Muradova, tarzən, Xalq
artisti Ramiz Quliyev təmsil olunur.
Peşəkar estrada müğənnisi, Xalq
artisti Mübariz Tağıyev üzvü olduğu Bədii
Şuranın gələcək fəaliyyəti ilə
bağlı açıqlamasında bunları dilə gətirib:
- Burada söhbət SSRİ vaxtında olan bədii
şuradan getmir. Bu, sadəcə olaraq efirin müəyyən
qədər tənzimlənməsidir. Yaradılan Bədii
Şurada böyük şəxsiyyətlər əyləşib,
onlar öz sahəsinin peşəkarlarıdır. AzTV-nin
efirində gedən bir-birinə bənzər verilişlər
dəyişdirilib, yeni proqramlar yaradılmalıdır. Musiqi
kollektivlərinin repertuarında müəyyən dərəcədə
dəyişiklik ediləcək, yeni mahnıların repertuara
salınması üçün işlər görüləcək.
Sadaladıqlarım faktiki olaraq dayanıb. Uzun illərdir yeni mahnılar alınmırdı. Bu,
təkcə bizlə, Bəstəkarlar İttifaqı və Mədəniyyət
Nazirliyi ilə bağlı məsələ deyil. İllər
əvvəl bu kimi məsələlərlə AzTV özü
məşğul olurdu. Öhdəmizə günün nəbzinə
uyğun verilişlərin yaradılması
düşür, bu isə əsas məqamlardan biridir.
O ki qaldı el arasında "bayağı”
adlandırılan müğənnilərin AzTV-nin efirinə
buraxılıb-buraxılmamasına, Mübariz Tağıyev
fikrini belə izah edib:
- Bayağı mahnılar mütləq şəkildə
tənzimlənməlidir. Azərbaycan Dövlət
Televiziyası bir məktəbdir və hər kəsə
örnəkdir. Bayağı mahnıların efirə ayaq
açması ürəkaçan deyil. Eləcə də, hər
mahnını efirə buraxmaq normal hal deyil. Hərdən
müğənnilər elə mahnılar ifa edirlər ki,
adamın gülməyi gəlir. Qulaq asanda, hiss edirsən ki,
bu musiqilərə nə bəstəkar, nə də şair əli
dəyib. Çox ayıbdır. Yarısı əfqan,
yarısı ərəb. Məntiqə sığmır”.
Bədii şuranın digər üzvü Opera
və Balet Teatrının solisti, səhnəmizin iddialı
"Karmen”i, Xalq artisti Fidan Hacıyeva isə yaxınlarda AzTV-də
baş tutacaq yeniliklərdən danışıb:
- Məqsədimiz Azərbaycan
tamaşaçısına qulluq etməkdir. Səviyyəli,
gözəl və zövqlü musiqilər, yeni layihələrlə
izləyicilərə keyfiyyətli işlər təqdim etmək
istəyirik. İzləyicinin zövqünü oxşamağa
çalışacağıq. AzTV-də hər zaman peşəkar
musiqilərə və mahnılara yer verilib. AzTV-nin
özünəxas dəst-xətti var.
Çalışacağam ki, AzTV-də istedadlı gənclərə,
xüsusilə klassik və opera ifaçılarına şərait
yaradılsın. Onlar bacarıqları ilə yanaşı,
potensiallarını da nümayiş etdirə bilsinlər”.
Rəssam-modelyer, Əməkdar incəsənət
xadimi, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfova
da Bədii Şuranın yaradılmasından və ora üzv
olmasından danışarkən bunları deyib:
- Bədii Şuranın vəzifəsi
müasir standartlara uyğun təkliflər, ideyalar və layihələri
müzakirə etməkdir.
Xanım müğənnilərin
efirə geyindikləri bəzən zövqsüz, bəzən
də proqramın mahiyyətinə uyğun olmayan libasları
izləyicilər tərəfindən birmənalı
qarşılanmır. İfaçıların həddən
ziyadə açıq-saçıq geyimlərlə efirə
çıxması halları getdikcə artır. Bədii
Şuranın vəzifələrinə həm də sənətçilərin
efirdə geyim və davranışına nəzarət
daxildir. Bəs bütün bunlar hansı yollarla tənzimlənəcək”
sualını isə Əməkdar incəsənət xadimi
belə cavablandırdı:
Söhbət təkcə
açıq-saçıqlıqdan deyil, həm də
ümumi zövqdən gedir. Səhnə mədəniyyətinə
uyğun geyinmək mütləqdir. Səhərlə axşam
verilişinin geyimləri fərqlənməlidir. Peşəkar
rəyi dinləmək və bu rəyə əməl etmək
üçün Bədii Şuranın üzvü
seçilmişəm. Fəaliyyətə AzTV-də başlamışam.
Azərbaycanda birinci moda rubrikasının müəllifi
özüməm. Dünya podiumlarından reportajları əldə
edərək, televiziyaya təqdim etmişəm. Bu gün həm
gənclər, həm də orta nəslin nümayəndələri
arasında dəbə maraq həddən artıq çoxdur.
Amma bu marağı təmin edəcək informasiya azdır.
Bunun üçün isə müxtəlif moda layihələri
hazırlanıb, tamaşaçılara təqdim ediləcək.
Hazırda moda ilə bağlı dünya təcrübələrini
müşahidə edirəm. İndi meyarlar dəyişib.
Əsas odur ki, tamaşaçıya Azərbaycan dilində dəb
informasiyası təqdim edilsin. Biz indi qloballaşırıq,
dünyaya açılırıq və ona görə də
dəb mövzusu gənclər üçün çox
aktualdır.
Ayaz Salayev: «Üzərimizə düşən
məsuliyyəti hiss edirik»
«Xəzər» televiziyasında
yaradılmış Bədii Şurada 12 nəfər təmsil
olunur; «Xəzər TV»nin prezidenti Şamxal Həsənli,
Xoşqədəm Hidayətqızı, kulturoloq Fuad Məmmədov,
millət vəkilləri Elman Nəsirov, Elmira Axundova, Qüdrət
Həsənquliyev, Nizami Cəfərov, Novruz Aslan,
yazıçı Həmid Herisçi, xalq artistləri Həmidə
Ömərova, Nazpəri Dostəliyeva, kinoşünas
Ayaz Salayev.
Kinoşünas Ayaz Salayev «Şərq»ə
açıqlamasında Bədii Şuranın efirdə
müsbət dəyişikliklərə səbəb
olacağını bildirdi:
- Bu, ilk addımdır. Hesab edirəm ki,
televiziyada Bədii Şura yaradılıbsa, bunun mütləq
müsbət təsiri olmalıdır. Bədii Şurada təmsil
olunanlar haqqında deyə bilərəm ki, hamısı
çox səviyyəli, Vətənini sevən, onun problemlərini
düşünən adamlardır. Hamısı
da öz sahəsinin peşəkarlarıdır. Şuranın
yaradılması ilə bağlı təşkil olunan
görüş də formal deyildi, hamı ürəyindən
keçəni söylədi. Ümid edirəm ki, Bədii
Şura televiziyanın inkişafına müsbət təsir
göstərəcək. Biz Şura üzvləri də
üzərimizə düşən məsuliyyəti hiss
edirik.
Bəs, Bədii Şura ictimaiyyətdən gələn
təklifləri, iradları necə əldə edəcək?
A.Salayev qeyd etdi ki, ictimaiyyət və kütlə
fərqli məhfumlardır:
- Bir var
kütlənin istəyi, bir də var ictimaiyyətin. Kütlənin hər istəyini nəzərə
almaq çətindir. Çünki burada
aşağı və yüksək səviyyə məsələsi
var. Amma söhbət ictimaiyyətin maraqlarından gedirsə,
Bədii Şurada təmsil olunanlar, elə ictimaiyyəti təmsil
edirlər.
A.Salayev Bədii
Şuranın toplanma qrafikinin dəqiqləşmədiyini
dedi:
- Qrafik hələ
tənzimlənməyib. Amma mən
düşünürəm ki, ayda bir dəfə toplaşmaq
kifayət edər.
«Bədii
Şura məsləhətləri ilə kömək edəcək»
Qeyd edək ki, «Azad Azərbaycan» Müstəqil Teleradio
Kompaniyasının nəzdində də Bədii Şura
yaradılıb və ilk iclas keçirilib. ATV-nin Bədii
Şurasında görkəmli elm, mədəniyyət və
incəsənət xadimləri təmsil olunur. ATV.az-ın xəbərində bildirilir ki, fikir
mübadiləsi formatında keçirilən
görüşdə teleməkanda mövcud vəziyyət və
ATV Telekanalının fəaliyyətində Bədii Şura
üzvlərinin qarşısında duran vəzifələrdən
danışılıb.
İclasda çıxış edən "Azad Azərbaycan”
Müstəqil Teleradio Kompaniyasının rəhbəri Azər
Xəlilov qeyd edib ki, teleradio məhsullarının
tamaşaçı auditoriyasının maraqlarına uyğun
yüksək standart və keyfiyyətlə
hazırlanmasında Bədii Şura üzvlərinin
tövsiyyə və məsləhətləri əhəmiyətlidir.
Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının
qorunmasına dair fərmanlarına istinadən qeyd edildi ki,
televiziya qarşısında dayanan mühüm vəzifələrdən
biri də Azərbaycan dilinin efirdə düzgün istifadə
edilməsidir.
ATV-nin Bədii Şurasının sədri Etibar
Babayev çıxış edərək bildirib ki, Bədii
Şura üzvləri televiziya rəhbərliyi tərəfindən
formalaşdırılmış vəzifələri nəzərə
almaqla, teleradio verilişlərinin hazırlanması və
tamaşaçı auditoriyasına bədii-estetik formada
çatdırılmasına öz məsləhətləri
ilə kömək edəcəklər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının
idarə heyətinin üzvü, Xalq artisti Oqtay Mirqasımov
kino sənətimizin qızıl fondundakı filmlərin
nümayiş etdirilməsi vacibliyindən danışıb. Tanınmış
prodüser, Xalq artisti Murad Dadaşov Azərbaycan televiziya məkanında
efir siyasətinin formalaşmasında reytinq ölçü
sisteminin təkmilləşdirilməsinə ehtiyac olduğunu
bildirib. Milli Elmlər Akademiyasının
Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili
Musa Qasımlı isə televiziyada yayımlanan ictimai-siyasi
verilişlərin aparıcılarının hazırlıq səviyyəsi
və bilik dairələrinin artırılmasının önəmini
vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
şair Vahid Əziz reklam mətnlərinin Azərbaycan dilində
düzgün tərtib olunması vacibliyinə toxunub. Xalq artisti Faiq Ağayev yeni
istedadlı gənclərin üzə çıxması məqsədi
ilə redaktor, senarist və digər sahələr üzrə
müsabiqələrin keçirilməsini, Mədəniyyət
və İncəsənət Universitetinin kafedra müdiri,
Əməkdar artist Azad Şükürov isə
aparıcıların nitq mədəniyyətinin inkişaf
etdirilməsi üçün ustad dərslərinin keçirilməsini
təklif ediblər. Bədii Şuranın iclasında həmçinin
Əməkdar artist Gövhər Həsənzadə, Dövlət
Rəssamlıq Akademiyasının professoru, Xalq rəssamı
Arif Hüseynov, Xalq artisti İlham Namiq Kamal Bədii
Şuranın fəaliyyətinə dair təkliflər veriblər.
Qeyd edək
ki, ATV-nin Bədii Şurasının tərkibinə Bakı
Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Musiqi
Akademiyasının professoru Xuraman Qasımova, Xalq artisti,
tanınmış kinorejissor Ramiz Fətəliyev də
daxildir.
Xalq
artisti Faiq Ağayev instaqram səhifəsində də
paylaşım edib və televiziyada hər şeyin
yaxşılığa doğru dəyişəcəyini
yazıb:
"Yerli TV-lərə qarşı cəmiyyət olaraq
bildirdiyimiz narazılığa, irəli
sürdüyümüz iradlara səbəb olan
çatışmazlıqları aradan götürmək
üçün bu məsuliyyətli vəzifədə də
bilik və bacarığımı maksimum dərəcədə
sərf edəcəm".
Məlahət Rzayeva
Şərq.- 2019.-
30aprel.- S.11