Azərbaycan mediasında gender problemi
var ?
AŞ-nin Bakı
ofisi jurnalistika fakültələri üçün yeni
proqram layihəsini dəstəkləyir
Bakı Dövlət Universitetində “Gender bərabərliyi
və media azadlığı” fənninin tədrisi gözlənilir. Bununla
bağlı BDU rəhbərliyi ilə Avropa
Şurasının Bakıdakı ofisinin rəhbəri, səfir
Zoltan Hernyes arasında razılıq əldə edilib. Avropa Şurasının
Bakıdakı Ofisinin rəhbəri ötən ay Bakı
Dövlət Universitetində olub və məsələ ətrafında
fikir mübadiləsi aparılıb. BDU-da keçirilmiş
görüşdə ali məktəbin rektoru Elçin Babayev
universitetin yeni inkişaf strategiyası, təhsil, tədqiqat,
innovasiya və elmi biliklərin kommersiyalaşdırılması,
sosial həyat və beynəlxalq əlaqələr və
yaxın gələcək üçün planları
haqqında danışmışdı.Səfir Zoltan Hernyes isə
Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi
və media azadlığı” layihəsi, bu istiqamətdə
görülən işlər və jurnalistika ilə
bağlı çap edilən vəsaitlər barədə məlumat
vermişdi.Səfir layihə çərçivəsində
hazırlanmış “Gender bərabərliyi və media
azadlığı” kursu üzrə kurikulumu rektora təqdim
edib, proqramın hazırlanmasında jurnalistika və hüquq
fakültələrinin müəllimlərinin iştirakına
yaratdığı şəraitə görə minnətdarlığını
bildirib. Bu kurs üzrə proqramın Avropa Şurası
ölkələrində ilk dəfə keçirildiyini
vurğulayan Zoltan Hernyes gələcəkdə bu təcrübədən
digər ölkələrdə də istifadə
olunacağını qeyd edib.Rektor Elçin Babayev gender bərabərliyinin
təşviqində medianın rolunun əvəzsiz olduğunu
bildirib və bu istiqamətdə yeni düşüncə tərzinə
malik jurnalistlərin yetişdirilməsinin əhəmiyyətini
vurğulayıb.
“Gender bərabərliyi və media azadlığı” fənninin
jurnalistika fakültəsinin tədris planına
salınması ilə bağlı fikir mübadiləsi
aparılmışdı.Qeyd edək ki, Avropa
Şurasının Bakı ofisinin “Gender bərabərliyi və
media azadlığı” layihəsinin rəhbəri Pərvanə
Bayramovadır.
Mediada
gender bərabərliyi lazımdırmı?
“Təmiz
Dünya” Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalova
bu fikirdədir ki, “Gender bərabərliyi və media
azadlığı” fənninin tədrisi mediamızda müsbət
tendensiyaların yaranmasına kömək edə bilər:
- Mediada
gender bərabərliyinin təmininə dair tədrisi dəstəkləyirəm
və hesab edirəm ki, bu, çox vacib
amildir. Çünki gələcək mütəxəssislərin
bunları qanuni və eyni zamanda normaya çevirməsi və
sonra iş prosesində tətbiqi əhəmiyyətlidir.
Bu bir layihədir. Onun davamlı olacağı isə
bilinmir. Düşünürəm ki, belə
layihələr davamlı olmalıdır. Yoxsa
bir semestr fənn keçildi, bitdi, bunun nə faydası olar?
Və digər məsələ. Eyni məzmunlu
fənn digər ali məktəblərdə
də, təbii ki, hər bir ali təhsil müəssisəsinin
istiqamətinə uyğun keçirilsə, daha yaxşı nəticələr
əldə edilər. Anlaşılandır ki,
mövzu “media və gender bərabərliyidir” və bunun
üçün də məhz Bakı Dövlət Universiteti
seçilib. Amma digər ali məktəblərdə
də jurnalistika ixtisası tədris olunur. Bundan əlavə
gender bərabərliyinin təmini təkcə jurnalistika
üçün deyil, sosial həyatın digər sahələri
üçün də lazımdır.
M.Zeynalova
bildirdi ki, hazırda mediada - həm çap, həm onlayn,
gender qeyri-bərabərliyi o qədər də hiss edilmir. Bu fərq
daha çox rəyi öyrənilən ekspertlərin kimliyində
özünü göstərir:
-
Yadınızdadırsa, bir neçə il
əvvəl biz mətbuatda monitorinqlər keçirirdik ve
gender bərabərliyində balansın olub-olmamasına diqqət
yetirirdik. Eyni zamanda hətta hər hansı məsələyə
münasibətin öyrənilməsində gender balansına
riayət məsələsini də diqqətdə
saxlayırdıq. Təəssüf ki, bu gün
o səpkili monitorinqlər aparılmır və hər
hansı məsələyə gender prizmasından
baxılması da diqqətdən kənarda qalıb. Əksinə, mətbuatda qadınlara qarşı
zorakılıqla bağlı məlumatlar daha çox əksini
tapır. Problemlərə münasibətdə isə nədənsə
təkcə qadın mövqeyi sərgilənir, yaxud sırf kişi mövqeyi. Ölkədə
fəaliyyət göstərən televiziya kanallarının
sözügedən mövzuya laqeydliyi də
vurğulanmalıdır. TV-lərdə təqdim
olunan verilişlərdə, reklam çarxlarında gender bərabərsizliyi
aşkar görünür. Təəssüf
ki, bilərəkdən və ya bilməyərəkdən
hazırlanan naşı, yaxud peşəkar videoçarxlarda,
reklamlarda, videoxəbərlərdə gender bərabərliyi
kobud şəkildə pozulur, nəticədə böyük
publikaya bizim mübarizə apardığımız stereotiplər
yenidən sırınır”.
Azərbaycan
hər cür layihəni dəstəkləməyə
hazırdır
Həyata
keçirilən tədbirlərsə Azərbaycanın gender
bərabərliyinin təminatı yolunda hər cür layihələri
dəstəkləməyə hazır olduğunu göstərir.
Bunu Avropa Şurasının “Azərbaycanda
gender bərabərliyi və media azadlığı”
mövzusundakı yekun konfransında AŞ-nin Bakı ofisinin rəhbəri,
səfir Zoltan Hernyes deyib. Layihənin əhəmiyyətindən
və uğurlu nəticələrindən danışan səfir
qeyd edib ki, belə layihələr gender bərabərliyi, media
azadlığı mövzularında müzakirələrin
aparılması baxımından çox önəmlidir,
müzakirələrin artması hədəfə yaxınlaşmaq
deməkdir. Avropa Şurasının
2018-2023-cü illər üçün strategiyasının əsası
bir çox ölkədə gender bərabərsizliyini aradan
qaldırmaqdır. Azərbaycanın
dövlət orqanları, eləcə də QHT-lər layihənin
icrası müddətindəki lazımi dəstəyi göstəriblər.
Avropa
Şurasını təmsil edən Pərvanə
Bayramovanın sözlərinə görə, "Azərbaycanda
gender bərabərliyi və media azadlığı" layihəsi
Azərbaycanda gender bərabərliyinin və medianın vəziyyətinin
daha da təkmilləşdirilməsi, mediada və media vasitəsilə
gender bərabərliyinin təşviqi, jurnalistlərin peşə
davranış qaydalarının gender bərabərliyi
kontekstində nəzərdən keçirilməsi və yenilənməsi,
gender bərabərliyi və media azadlığına dair
Avropa Şurası standartlarının, eləcə də
yenilənmiş "Jurnalistlərin peşə
davranış qaydaları"nın jurnalist və media
professionalları arasında təşviqi, gender bərabərliyi
və media azadlığı üzrə yeni tədris kursu
proqramının hazırlanması üçün həyata
keçirilir.
Layihə
həm də gender bərabərliyi üzrə ekspertlərin
də formalaşmasında öz töhfəsini verəcək,
eləcə də media nümayəndələri arasında
maarifləndirmənin əsasını qoyacaq. Jurnalistlər
üçün Avropa Şurasının tövsiyələrinə
əsasən gender həssaslığı ilə bağlı
xüsusi qaydaları əks etdirən kitabçalar
hazırlanıb. “Bəzən bizdən
keçirilən konfransların əhəmiyyəti barədə
soruşurlar. Əmin olmalıyıq ki, istənilən
nəticəyə yalnız addım-addım nail olmaq olar.
Bu səbəbdən bizim
addımlarımızı uğurlu hesab etmək olar, sonuncu
addımımız növbəti işimizin
başlanğıcı olmalıdır”.
Media etik
qaydalara əməl etməlidir
Layihə çərçivəsində keçirilən
tədbirlərdə maraqlı məlumatlar da səslənirdi. Qeyd olunurdu ki, aparılan
araşdırmaların nəticələrinə görə,
59 ölkənin media orqanlarında çalışanların
73 faizini kişilər, qalan hissəsini qadınlar təşkil
edir. Xarici ekspertlərin sözlərinə
görə, yalnız 8 ölkə gender bərabərliyinin təminatı
ilə bağlı mükəmməl qanunvericilik və icra
mexanizmini ortaya qoya bilib. Bunlar Belarusiya, Gürcüstan,
Tacikistan və Çexiyadır. Bu ölkələrdə
qadınlar da kişilər qədər bir çox sahələrdə
təmsilçilikdə təqribən bərabərliyi
qoruyurlar.
Müstəqil media eksperti Aynur Bəşirovanın
sözlərinə görə, cəmiyyətdə hələ
də hökm sürən stereotiplərə qarşı
mübarizədə medianın rolu böyükdür. Ekspert bidirir
ki, layihə çərçivəsində jurnalistika
fakültəsi üçün “Gender bərabərliyi və
media azadlığı” kursu üzrə proqram
hazırlanıb. Kursun proqramının həmmüəlliflərindən
biri olan Aynur Bəşirova qeyd edib ki, vacib vəsait xarici və
yerli ekspertlərin birgə əməyi sahəsində ərsəyə
gəlib, nəşri müasir təhsil sahəsi
üçün qənaətbəxş hesab etmək olar.
Ekspertlər bu fikirdədir ki, mediada gender bərabərliyi
mövzusunda Türkiyə və Bolqarıstan təcrübəsinin
öyrənilməsi də vacibdir. Azərbaycan Jurnalistlərinin Həmkarlar
İttifaqının sədri Müşfiq Ələsgərli
Azərbaycan jurnalistlərinin yenilənmiş peşə
davranışı qaydalarını şərh edir və “Mediada gender bərabərliyi”
üzrə bələdçinin bütün jurnalistlər
üçün vacib əl kitabı hesab edir.
M.Ələsgərlinin
fikrincə, jurnalistlərin fəaliyyətində nəzərdə
tutulan yeni prinsiplər yerli və xarici ekspertlərin birgə
komanda şəklindəki işi nəticəsində ərsəyə
gəlib, mediamız bu etik qaydalara əməl etməklə problemləri xeyli aşa bilər.
Jurnalistlərin
peşə davranışı qaydalarına əlavələr
ediləcək
"Azərbaycan
Jurnalistlərinin Peşə Davranışı Qaydalarına
gender bərabərliyi ilə bağlı əlavələr
ediləcək. Bu əlavələr "KİV
haqqında" qanunda və mətbuata aid digər qanunlarda əksini
tapacaq. Dəyişikliklərin təşəbbüskarı
Avropa Şurasıdır. AŞ antiseksizm və
gender bərabərliyi ilə bağlı Avropa
tendensiyalarının nəzərə alınmasını təklif
edir. Bu barədə AŞ-nin "Azərbaycanda
gender bərabərliyi və mətbuat azadlığı layihəsi"ndə
bildirilir.Layihə üzərində işləyən
hüquqşünas və jurnalistlərdən ibarət
işçi qrupu Jurnalistlərinin Peşə
Davranışı Qaydalarına dörd bənddən ibarət
əlavələrin daxil olunmasını təklif edir.
Birinci bənd jurnalistlərdən gender bərabərsizliyini qəbul
etməməyi, mühüm əhəmiyyət
daşımayan yazının qəhrəmanının cinsini
göstərməməyi tələb edir.
İkinci
maddə jurnalistlərdən gender diskriminasiyasına
qarşı mübarizə aparmağı tələb edir.
Üçüncü bənddə jurnalistlərin mətbuatda
problemləri işıqlandırarkən gender özəlliklərinə
həssas münasibətin vacibliyi göstərilir, gender
zorakılığına müsbət münasibəti
qadağan edir və gender bərabərsizliyinin cəmiyyət
tərəfindən qəbul edilməməsini möhkəmləndirir.
Dördüncü bənd KİV redaksiyalarında gender bərabərliyinə
aiddir.Mətbuat Şurası sədrinin müavini
Müşfiq Ələsgərli hesab edir ki, Davranış
Qaydalarına dəyişikliklərin aktuallığı azərbaycanlı
jurnalistlər arasında gender bərabərsizliyinin mövcudluğundan
irəli gəlir: Azərbaycanda jurnalistlərin və KİV
işçilərinin 40-45 faizini qadınlar təşkil edir
(dünyada 30 faiz), lakin KİV rəhbərləri və təsisçilərinin
85-90 faizi kişilərdir.
Qeyd edək ki, analoji mövzulu tədbirlər təkcə
paytaxtda deyil, Şəki, Mingəçevir, Zaqatala və
Nizami yurdunda da keçirilib.
Layihənin
əsas məqsədi mediada və media vasitəsilə Azərbaycanda
gender bərabərliyini təşviq etmək, bu sahənin
modern əsaslarla işıqlandırılmasında jurnalistlərin
bilik və bacarıqlarının artırılmasıdır.
Keçirilən
tədbirlərdə səslənən məruzə və
çıxışlarda media nümayəndələrinin bu
istiqamətdə peşəkarlığını daha da
artırmasının vacibliyi qeyd olunurdu və
vurğulanırdı ki, gender bərabərliyinin təmin
olunmasında media hələ çox iş görülməlidir.
Media həm özünü, həm də
başqalarını dəyişməlidir. AŞ artıq “Azərbaycanda
gender bərabərliyi və media azadlığı” layihəsinin
icrasına başlayıb. Layihə çərçivəsində yerli və
beynəlxalq ekspertlərin iştirakı ilə “Azərbaycan
Jurnalistlərinin peşə davranışı qaydaları”
gender bərabərliyi perspektivində nəzərdən
keçiriləcək.
Qaydalara əlavə
etmək üçün “Ayrı-seçkiliyə yol verilməməsi
və gender bərabərliyi prinsipi”nin mətni
hazırlanıb. Mətnə əsasən,
jurnalist ayrı-seçkiliyə yol verməməli və
gender bərabərliyi prinsiplərinə hörmət etməli,
cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə
çağıran üslubdan uzaq durmalı, xəbərin məzmunu
bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini
vurğulamamalı və ya fərqləndirməməlidir.
Eləcə də, prinsipdə gender stereotiplərinin təbliğ
edilməməsi, gender-əsaslı zorakılıq
hallarının mediada həssaslıqla
işıqlandırılması, kişi və
qadın jurnalistlərə bərabər hüquqlar və
imkanların təmin olunması öz əksinin tapır.
Məlahət
Rzayeva
Şərq.- 2019.- 8 avqust.- S. 11.