Şəhidə
ağlamazlar, ana!
Gənc nəslin milli mənlik
şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi
Bayraqları
bayraq edən üstündəki qandır
Torpaq, əgər
uğrunda ölən varsa, vətəndir!
Əlbəttə, bu misralar yalnız gəlişi
gözəl sözlərdən ibarət deyil. Yəni fikirlərin
mayasında, məhvərində çox dərin məna,
böyük hikmət dayanır. Eyni zamanda
heç kimə sirr deyil ki, Azərbaycanın ay-ulduzlu,
üç rəngli şanlı bayrağının daim
yüksəklərdə dalğalanması və
torpaqlarımızın müdafiəsi uğrunda
çoxsaylı qəhrəman oğullarımız
böyük şücaətlər göstərərək
canlarından keçiblər. Bu gün də
keçirlər. Belə mərd,
mübariz, adını Azərbaycanın savaş tarixinə
qızıl hərflərlə yazdıran və məmləkətimizə
qəhrəmanlıq salnaməsi qoyub gedən
oğullarımızdan biri də şəhid pilotumuz,
Xüsusi Təyinatlı Qüvvələrin
polkovnik-leytenantı, Milli Qəhrəmanımız Murad Mirzəyevdir.
Qəhrəmanımız 2016-cı ilin aprel (2-5
aprel tarixində) savaşında düşmən təxribatının
qarşısını alarkən böyük döyüş
əzmi və rəşadətlər göstərərək
şəhidlik zirvəsinə ucalıb. Zabit
yoldaşlarının söylədiyinə görə,
"Mövzu vətəndirsə, gerisi təfərrüatdır"
deyib döyüşə atılan pilotumuzun rəhbərlik
etdiyi kəşfiyyat qrupları düşmən təxribatlarının
qarşısını almaq üçün Talış
yüksəkliklərindəki erməni postlarını və
yüzlərlə düşmən əsgərini məhv
edir.
Hətta
bəzi etibarlı mənbələrin məlumatına görə,
şəhidimizin başçılıq etdiyi kəşfiyyat
taborunun Şuşaya çatmağına çox az qalıbmış. Amma Şuşanı azad
görmək qəhrəmanımıza nəsib olmadı....
Sümüyünə qədər hərbiçi
Bütün dost-tanışları və
yaxınları tərəfindən "Sümüyünə
qədər hərbiçi" adlandırılan şəhidimiz
savaşlarda nümayiş etdirdiyi böyük igidlik və
döyüş nümunəsi ilə düşmənin
qorxulu kabusuna çevrilib. Və bu gün Azərbaycan
gəncliyi Murad Mirzəyevin həmin savaş nümunəsindən
və ənənəsindən faydalanmağa
çalışır. Hətta əksər
hərbçi və sivil vətəndaşlarımız qəhrəmanımızın
qorxmazlığı və döyüş hünəri barəsində
ağızdolusu danışaraq özlərini ona
oxşatmağa çalışırlar. Təbii
ki, bütün bunlar onsuz da ölməz olan şəhidimizi
unudulmaz edəcək. Şəhidimiz daim qəlblərdə
və yaddaşlarda yaşayacaq. Murad Mirzəyevin
döyüş əzmi onu bütün qəhrəmanlıq
nümunələrinin fövqündə saxlayacaq. Şəhidimizin 13-14 yaşlarından hərb yolunu
seçməsi və bu yolda qətiyyətlə irəliləyib
ciddi uğurlar əldə etməsi onun vətənpərvər
ruhda böyüməsindən irəli gəlib. Vətənpərvərlik ruhu, vətənə olan
sevgi, milli mənlik şüurunun inkişaf etdirilməsi və
vətənpərvərlik hisslərinin tərbiyəsi ailədən
başlayır. Bütün bu məsələləri
nəzərə alaraq qəhrəmanımızın ailəsinə
baş çəkdik. Və bu zaman
şahidi olduq ki, şəhidimizin əksər qohum-əqrəbası,
xidmət və sinif yoldaşları, müəllimləri onun
ailəsini ziyarət etməyə gəliblər. Qəhrəmanımızın yaxınları,
doğmaları ilə onun keçdiyi həyat və
döyüş yolu barədə danışdıq.
Öz işindən danışmayan
qəhrəman
Öncə, söhbətə qəhrəmanımızın
atası Telman Mirzəyevlə başladıq. Şəhidimizin ailəsinin
dolanışığından söz açan T.Mirzəyev
qeyd etdi ki, dövlət qəhrəmanımızın ailəsinə
dəstəyini əsirgəmir: "Onun ailəsinə
dövlət də, biz də dəstək göstəririk. Dövlətin dəstəyi tam yüksək səviyyədədir.
Sağ olsun Prezidentimiz, şəhid ailələrinə
böyük qayğı göstərir".
Qəhrəmanımızın
atası söyləyib ki, Murad döyüşə
yollanması barədə ailəsinə heç bir məlumat
verməyib: "Biz bilmirdik. Murad bizə öz
işi haqda heç nə danışmırdı. Arada soruşanda hər
şey yaxşıdı deyib, başqa mövzuya keçərdi.
Heç bir məlumat vermirdi. Muradın şəhid olmasını televiziyada
eşitdik. Onda bildik ki, erməni təxribatının
qarşısı alınarkən Murad şəhid olub».
Böyük vətənpərvər
T.Mirzəyev
bildirib ki, Muradın müəllimləri, qohum-əqrəba
onları tək buraxmır: "Gəlib-gedirlər. Bizi evdə tək qoymurlar. Hərə
bir xatirə danışır. Murad kitaba
çox meyilli idi. Boş vaxtı qalanda da
idmanla məşğul olurdu. Böyüyüb,
Qarabağ məsələsini dərk edəndən sonra
deyirdi ki, torpaqlarımızı geri qaytarmalıyıq. Ərazilərimiz düşməndən təmizlənməlidir.
Böyük vətənpərvər idi. Vətənə, ailəsinə, ata-anasına və
balalarına çox bağlı idi”.
Döyüş
zamanı Murad və hərbiçi dostlarının çox
böyük şücaətlər göstərdiyini deyən
T.Mirzəyev vurğulayıb ki, Murad tək deyil və ölkəmizdə
belə mərd, cəsur oğlanlar çoxdur:
“Əlbəttə, belə oğlanlarımız,
balalarımız ölkədə gənclər
üçün bir etalon, qəhrəmanlıq mücəssiməsi
rolunu oynayırlar. Yeniyetmələr, gənclər onların
göstərdiyi igidlik və rəşadətlərdən
ruhlanırlar. Bu da onlarda vətənpərvərlik
hisslərinin güclənməsinə gətirib
çıxarır.
Muradın övladları çox vətənpərvərdir
M.Mirzəyevin
iki övladı olduğunu söyləyən T.Mirzəyev qeyd
edib ki, hazırda şəhidin oğlu 5-ci, qızı isə
4-cü sinifdə oxuyur: "Sağ olsun müdafiə naziri,
general-polkovnik Zakir Həsənov. Qızıl
ulduzu Muradın oğlu Nurlanın sinəsinə taxdı.
Murad övladlarını da çox vətənpərvər
böyüdüb. Övladları da
özü kimi çox vətənpərvərdir. Oğluna hərbi geyimlər alırdı.
İnşallah, gələcəkdə oğlu da atası kimi
zabit olmaq istəsə, ona heç kim mane
olmayacaq. Əksinə, ona imkan yaradacağıq
ki, atasının yolunu davam etdirsin. Vətənpərvər
bir övlad olsun. Əminəm ki, o da
atası kimi cəsur olacaq. Hərbçi
də olsa, mərd olacaq, hərbiçi olmasa da. Ona görə ki, qəhrəmanın oğlu qəhrəman
olar”.
Poliqlot qəhrəmanın
uğurları
T.Mirzəyev
qəhrəman oğlunun həyat yolu və hərbidəki
uğurlarından da söz açıb: "Murad 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğangəncəli
kəndində anadan olub. 1-ci sinfə qədər
həmin kəndin orta məktəbində oxuyub. 1991-ci
ildə Cəmşid Naxçıvanski adına
hərbi məktəbə qəbul olunub. 1994-cü
ildə təhsilini fərqlənmə ilə bitirərək
Türkiyə Ali Hərbi Quru Qoşunları məktəbinə
daxil olub. 1998-ci ildə həmin məktəbi
motoatıcı ixtisası üzrə başa vurub. Türkiyənin sabiq Prezidenti mərhum Süleyman Dəmirəl
ona Diplom və xatirə "Qılınc və məzun
üzüyü” təqdim edib. Təhsil
aldığı 600 nəfər yerli və əcnəbi tələbələr
arasında birincilik qazanaraq "Onur başqanı” təyin
olunub. 1998-ci ilin sentyabrından Eyirdir
Dağ Komanda məktəbində 3 aylıq kurs keçib.
1999-cu ilin yanvar-iyun aylarında isə
İstanbulda yerləşən Tuzla Piyada məktəbinin
kurslarını müvəffəqiyyətlə başa vurub.
Daha sonra Türkiyə Silahlı Qüvvələrinin
IV Motoatıcı briqadasında tağım komandiri vəzifəsində
xidmətə başlayıb. Daha sonra Azərbaycan
Müdafiə Nazirliyi (MN) onu ölkəmizdə xidmət
göstərməyə dəvət edib. Gəncədə
yerləşən N saylı hərbi hissəyə baş
leytenant təyin olunan Murad bir müddət sonra arzusunda
olduğu Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini
davam etdirib. 1999-cu ilin oktyabrında MN-in
müvafiq əmrinə əsasən motoatıcı
tağım komandiri, dekabr ayından isə kəşfiyyat
bölüyündə tağım komandiri vəzifəsinə
təyin olunub. Xüsusi Təyinatlı
Qüvvələrdə xidməti dövründə qrup
komandiri vəzifəsindən hərbi hissə, daha sonra isə
briqada komandiri vəzifəsinə qədər yüksəlib.
2005-2007-ci illərdə ABŞ-ın Virciniya
ştatında ingilis dili və xüsusi təyinatlılar
üçün nəzərdə tutulmuş "Ranger”
kursunu tamamlayıb. Növbəti illərdə
Türkiyə, Rumıniya respublikalarında və İordaniya
krallığında kurslarda iştirak edib və kursları
üstün dərəcələrlə başa
çatdırıb. Murad türk, ingilis,
rus və erməni dillərini mükəmməl bilirdi”.
Hərb yolunu özü seçdi
T.Mirzəyev
diqqətə çatdırıb ki, qəhrəmanımız
xidmət etdiyi dövrdə müxtəlif təltif və
mükafatlara layiq görülüb: "İki dəfə
"qüsursuz xidmətə”, iki dəfə "hərbi
xidmətdə fərqlənməyə görə”
medallarına və 3 dəfə "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin yubiley medalı”
ilə təltif olunub”.
Hərbi
sahəni qəhrəmanın özünün seçdiyini
deyən T.Mirzəyev bəyan edib ki, Murad bütün ruhu və
varlığı ilə hərbiçi idi:
"Açığı, bu sahəni seçəndə mən
etiraz etdim. Çünki 13 yaşı vardı.
Düşünürdüm ki, uşaqdı.
Lakin o, təkid etdi. Muradın
israrlı olduğunu görüb razılaşdım. Oğlum ərazilərimizin bütövlüyü
uğrunda, vətəni, anası uğrunda şəhid oldu.
Vətən sağ olsun. Aprel ayında erməni
təxribatının qarşısını alan
zabitlərimizin hamısı Murad kimi igid, qəhrəman
övladlarımızdır. İnanırıq
ki, yaxın zamanlarda torpaqlarımız düşmən
tapdağından azad olunacaq. Əminəm
ki, bütün şəhidlərimizin intiqamını
alacağıq. Muradla qürur duyuram".
Bu cür oğulla niyə fəxr
etməyim ki?
Şəhidimizin anası Mirzəyeva Güllübəyim
Məmmədağa qızının masaya
yaxınlaşdığını görüb, dərhal ona
da sual ünvanladıq. Muradın işinə çox bağlı adam olduğunu deyən şəhid anası
onunla fəxr etdiyini söylədi: «O, bizim
başımızı uca elədi. Muradın nəşi
7 gün orda qaldı. Beynəlxalq
Qırmızı Xaçın köməkliyi ilə bir həftədən
sonra evimizə gətirildi. Bir həftə
ərzində bütün kənd, el-oba, qohum-qonşu hamı
bizə axın etdi. Dəstək oldular.
Dostları deyirlər ki, Şəhidə, qəhrəmana
ağlamazlar, ana! Bu mənə ən
böyük təsəlli oldu. Əlbəttə,
oğlumla fəxr edirəm. Vətən sağ olsun!. Prezidentimiz də sağ olsun.
Oğlum ən yüksək ada layiq
görüldü və medal aldı. Bu
cür oğulla niyə fəxr etməyim ki? Sağ olsun
dövlətimiz, oğlumun xidmətini qiymətləndirdi.
Dövlət Muradın layiqli hədiyyəsini verdi».
Qəhrəman xanımı olmaq
çox şərəflidir
Ardınca,
qəhrəmanımızın ömür-gün
yoldaşı Fizzə Mirzəyeva ilə Muradla ilk
tanışlıqlarından danışdıq:
"Muradın bir hərbçi dostu vardı. Ad
gününə Muradı da dəvət etmişdi. Muradın dostunun həyat yoldaşı da mənim rəfiqəm
idi. O da məni dəvət etmişdi. İlk
dəfə biri-birimizi orda gördük. Allahın
qismətidir. Sonra da münasibət yarandı və
ailə qurduq. Çox xoşbəxt ailəmiz
vardı. Murad çox gözəl insan
idi. Ailəsinə, balalarına,
ata-anasına çox bağlı idi. Allah
rəhmət eləsin. Onun
üçün bu sözləri demək mənə ən
ağır işgəncədir. Onun
qanı, canı hərb işi ilə yoğrulmuşdu. Təbii ki, qəhrəman xanımı olmaq
qürurvericidir".
Şəhidlər vurulanda yox,
unudulanda ölürlər
Qəhrəmanın
xanımı vurğuladı ki, yenə də Muradlı
günlərdə yaşayırlar: “İtirdiyimiz həmin
andayıq. Bizim üçün 3 il 3
günə bərabərdir. Muradın ruhuna
tapınıb ondan qüvvət alırıq. O, cismən
yanımızda olmasa da, hər zaman xatirimizdə
yaşayır və bizə güc verir. Murad
bizim muradımızdır”.
F.Mirzəyeva
Murad Mirzəyevin adına layiq övladlar
böyütməyə çalışdığını
bildirdi: "Murad elə bir insan idi ki, həm ailədə, həm
də işdə yeri çox bilinir. Murad
peşəsini sevdiyi qədər ailəsini də sevirdi.
Heç bir şeyi diqqətdən kənarda qoymazdı: “12 il
idi ki, ailə qurmuşduq. O, hərb sənətini mənə
də, azyaşlı övladlarına da sevdirə bilmişdi.
Hər dəfə əməliyyata, təlimlərə gedəndə
mənim üçün nə qədər kədərli olsa
da onu böyük həvəslə yola salıb sonsuz ümidlə gözləyirdik.
Muradın hər dönüşü bizim
üçün bayram olardı və artıq buna öyrəşmişdik. Şəhidlər
vurulanda deyil, unudulanda ölürlər".
Qəhrəmanın
həyat yoldaşı onu da əlavə etdi ki, Muradın
oğul övladı Nurlan atasının yolunu davam etdirmək
istəyir: “Nurlan gözünü açandan atasını
formada görüb. Uşaq vaxtından hərbçi
olmağın nə demək olduğunu anlayır. Hətta Muradın işinə də gedib, həm də
dəfələrlə. İndi də
heç bir təzyiq olmadan komandir olmaq arzusu ilə
yaşayır. Hərb işi çətin
peşədir, əgər Nurlan bunu dərk edib hərbçi
olmaq istəsə, mütləq ona dəstək olacam”.
İntizamlı, intellektual şagird
olub
Şəhidimizin
ailəsinə baş çəkməyə gələn
şəhidimizin təhsil aldığı Muğangəncəli
tam orta məktəbin direktoru Afiq Quliyev qəhrəmanımızın
məktəb həyatından söz açıb: "Murad
çox sakit, təvazökar və nizam-intizamlı bir
uşaq idi. Verilən tapşırıqları əsgər
kimi intizamla yerinə yetirməyə
çalışırdı. Yoldaşları
ilə çox mehriban idi. Uşaq vaxtı
qarmonda ifa etməyi çox xoşlayırdı. Çox vətənpərvər idi. Ona görə də, hərbi yolunu seçdi. Hətta yoldaşlarını da hərbi məktəbə
ruhlandırırdı. Muraddan sonra bir
neçə məktəblidə hərbi məktəbə
meyl yarandı. Murad repetitor yanına getmədən
hazırlaşıb, hərbi məktəbə qəbul
olundu".
Direktor bəyan
edib ki, şəhidimizin idmana xüsusi meyli olub: "Hərbi
idman oyunlarında aktiv iştirak edirdi. Dərs əlaçısı
idi. Çox tərbiyəli uşaq idi.
Telman kişi bizdən
Murad haqda dəfələrlə soruşub. Özü
də bunu təsdiqləyər (Bu əsnada T.Mirzəyev
başı ilə direktorun fikirlərini təsdiqləyir).
Biz həmişə Muradın çox yüksək
insani keyfiyyətə və intellektual biliyə malik
olduğunu söyləmişik".
Gənclər də Murada oxşamaq
istəyirlər
A.Quliyev
vurğulayıb ki, Muradın qəhrəmanlığı
Sabirabadda və rayonun bütün kəndlərində
böyük əhval-ruhiyyə yaradıb: "Yuxarı sinif
şagirdlərinin hamısı özünü ona oxşatmaq
istəyir. Ona oxşamağa
çalışırlar. Rayon və kəndlərdə
çox adam avtomobilinin arxa və qabaq
şüşələrinə Muradın şəkillərini
vurub. Murad nəinki yalnız sabirabadlılar,
bütöv Azərbaycan xalqı üçün qürur mənbəyidir.
Fəxrimizdir. Allah
bütün şəhidlərimizə rəhmət eləsin.
İndi məktəbimizdə Qafqaz və
dünya çempionu olan şagirdlərimiz var. Onlar da Murada
oxşamaq istəyirlər. Bunu dəfələrlə
açıq şəkildə dilə gətiriblər".
Qəhrəmanımızın
adı əbədiləşdiriləcək
Direktor
bildirib ki, qəhrəmanımızın adının əbədiləşdirilməsi
üçün müəyyən layihələr həyata
keçirmək istəyirlər: "Məktəbimizdə
Muradın guşəsini yaratdıq. Onun diskləri
və bukletləri çıxdı. Düzdü, məktəbimiz
1990-cı il müharibəsində şəhid
olmuş Vüqar Həsənovun adını
daşıyır. Amma rayonun mərkəzi
küçələrindən birinə və ya liseyə
Muradın adının verilməsi məsələsi gündəmdədir.
Bu, rayon rəhbərliyinin səlahiyyətində
olan işdir. Bununla bağlı rayon rəhbərliyi
qarşısında məsələ qaldırılıb.
Rayon camaatı belə təşəbbüs
qaldırıb ki, əsas küçələrdən birinə
Muradın adı verilsin. İnşallah, yəqin
ki, yaxın zamanlarda məsələ həllini tapar. Bir daha söyləyirəm ki, biz Muradla fəxr
edirik. Bizə başucalığı gətirdi.
Allah bütün şəhidlərimizə rəhmət
eləsin".
"Öldü var, döndü
yoxdur” deyən speznaz...
Qəhrəmanımızın nəşini gətirən və adının çəkilməsini istəməyən hərbiçi dostu qeyd edib ki, Murad xidməti dövründə başqa adla tanınırdı: "Şəhid olduqdan sonra onu öz rəsmi adı ilə təqdim etdilər. Ancaq xidməti müddətində o, tamamən başqa ad daşıyır. Bu da Xüsusi Xidmət Orqanlarının yazılmış və ya yazılmamış qanunudur".
Bundan başqa, həmsöhbətimiz söyləyib ki, Murad çox böyük igidliklər göstərib: "Onun nəşini mən gətirdim. Bədənində snaryad qəlpələri vardı. Murad əsl "speznaz” idi. Tankın qabağından çəkilməmişdi. Heç nədən qorxusu yox idi. Onun amalı düşmənə ağır zərbələr endirib, onları məhv etmək idi. İşinin peşəkarı idi. Həm fiziki, həm də intellektual qabiliyyətə malik idi. Xüsusi təyinatlıların bir devizi var: "Öldü var, döndü yoxdur”. Murad da əsl xüsusi təyinatlı idi. Vətən sağ olsun. Bu zirvəyə yüksəlmək hər kəsə qismət olmur. Allah rəhmət eləsin. Murad getməyib. O yenə də bizim aramızdadır”.
Həmsöhbətimiz onu da dilə gətirib ki, M.Mirzəyev və dostları 300-dən artıq erməni əsgərini məhv edib: "Düzdü, düşmən bunu gizlədir. Amma gözümlə görmüşəm, erməni əsgərləri yerlə-yeksan edilmişdi”.
Ayyət Əhməd
Şərq.- 2019.- 5 dekabr.- S.14.