Bütün jurnalistlər eyni
fikirdədir: Media ombudsmanı ayrıca fəaliyyət
göstərməlidir
Ya da Mətbuat
Şurasının statusu dəyişdirilməli,
ona hüquqi səlahiyyətlər
verilməlidir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin həyata
keçirdiyi struktur islahatları, gənc kadrların əhəmiyyətli
vəzifələrə irəli çəkilməsi media
nümayəndələrini də ürəkləndirib. Məlumdur
ki, neçə illərdir media ombudsmanı məsələsi müzakirə
predmetidir. Zaman-zaman bu məsələ gündəmə gətirilib,
lakin medianın hüquqlarının
qorunması da ümumilikdə Ombudsman Aparatına həvalə edildiyi əsas gətirilərək müzakirə
mövzusu olaraq da qalıb. Neçə illər idi ki, media
ombudsmanının səlahiyyətlərini İnsan
hüquqları üzrə müvəkkil Elmira
Süleymanova yerinə yetirirdi.
Artıq dəyişiklik baş verdi. Səbinə Əliyeva insan hüquqları üzrə ombudsman təsdiq edildi. Bununla da media ombudsmanı məsələsi yenidən müzakirəyə çıxdı. Görəsən, yeni ombudsman media ombudsmanlığını da üzərinə götürəcək, yoxsa bu işi media sahəsində peşəkara həvalə edəcək? Belə bir struktur dəyişikliyi gözləmək olarmı? Qeyd edək ki, bir neçə il əvvəl Mətbuat Şurasının sədri Əflatun Amaşov da media ombudsmanının vacibliyini vurğulamışdı. Rəy bildirən mütəxəssis və həmkarlarımız birmənalı şəkildə media ombudsmanının ayrıca – ümumi Ombudsman Aparatından kənar fəaliyyət göstərməli olduğunu qəti şəkildə bildirdilər.
Media ombudsmanı müstəqil
olmalıdır
İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətin sözlərinə görə, bu, uzun illərdir həllini gözləyən aktual məsələdir:
“Xatırlayırsınızsa, illər əvvəl informasiya məsələləri üzrə ombudsman strukturunun formalaşdırılması nəzərdə tutulmuşdu. "İnformasiya əldə etmək haqqında” qanunda konkret məqamlar da qeyd olunmuşdu. Çox təəssüflər olsun ki, həmin dövrdə məsələ öz həllini tapmadığı üçün bir müddət sonra qanuna dəyişiklik etmək məcburiyyəti yarandı və informasiya əldə etməklə bağlı məsələlərə baxacaq ombudsmanın funksiyaları Ombudsman Aparatına verildi. Qərara alındı ki, aparatda ümumi ştatlar yaradılsın və müvafiq kadr bazası yaradılsın. Elmira Süleymanova isə dəfələrlə məsələ ilə bağlı təkliflərini hazırlayıb aidiyyəti quruma müraciət etdiklərini vurğulayıb. Onun sözlərinə görə, Maliyyə Nazirliyi ştat ayrılması üçün vəsait ayırmır. Düzü, bu problemin niyə həll edilməməsi ilə bağlı məndə yetərincə məlumat yoxdur. Görünür, aidiyyəti qurumlar media ombudsmanı strukturunun təkmilləşdirilməsinə soyuq yanaşır deyə, informasiya əldə etməklə bağlı problemlərin həlli ilə məşğul olacaq struktur vahidi formalaşmayıb.
Dəfələrlə bu problemi qaldırmışıq, yenə də öz fikrimdə qalıram ki, informasiya azadlığı ilə məşğul olacaq Ombudsman müstəqil olmalıdır. Yaxın perspektivdə bunun baş verib-verməyəcəyi ilə bağlı rəy bildirmək isə çətindir.
Əlahiddə media ombudsmanının yaradılması məqsədəuyğundur. Biz hər zaman bu ideyanı dəstəkləmişik və indi də dəstəkləyirik. Ombudsman Aparatı media ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında deyil. Çünki həmin qurumun nəzdində çox müxtəlif strukturlar, sahələr birləşdirilib. Bunun özü yanlış yanaşmadır. İndiyədək Ombudsman Aparatı media ombudsmanının səlahiyyətlərinə aid olan heç bir funksiyanı yerinə yetirməyib. Uzun zamandır bu missiyanı ənənəvi olaraq Azərbaycanın Mətbuat Şurası və digər institutlar həyata keçirirlər. Bu baxımdan media ilə bağlı ayrıca, əlahiddə Media Ombudsmanı olmalıdır. Bilmirəm, bəlkə yeni ombudsman bu sahədə hansısa yeniliklər, dəyişikliklər edəcək. Gözləyək”.
Xüsusi sahələr üzrə
ayrıca ombudsmanlıq təcrübəsi var
Jurnalist Nərgiz Əzizova informasiya məsələləri üzrə
müvəkkilin ayrıca təsisat kimi
formalaşmasını daha uğurlu hesab edir:
“Fikrimcə, bizim kimi yeni media qaydaları yaranan ölkələrdə informasiya məsələləri üzrə müvəkkilin ayrıca təsisat kimi formalaşması daha uğurlu olardı. Bilirsiniz ki, bəzi ölkələrdə uşaq məsələləri üzrə, insan haqları ilə bağlı müəyyən istiqamətlərdə ombudsman institutları fəaliyyət göstərir. Azərbaycanda isə vahid ombudsman sistemi var. Konstitusiya qanununa təklif olunan əlavə və dəyişikliklər nəticəsində "İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulmuş informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətləri İnsan hüquqları üzrə müvəkkilə verildi. Bu, 2010-cu ildə baş verib. Ancaq düşünürəm ki, hazırkı vəziyyətdə, ölkədə böyük dəyişikliklər getdiyi vaxtda Media Ombudsmanı institutunun yaradılması daha çox fayda verə bilərdi”.
N.Əzizovanın
fikrincə, informasiya ombudsmanının ümumi ombudsmanla birləşdirilməsi
özünü doğrulda
bilməyib:
“Bizdə sovet jurnalistikasının yaxasından çıxmış, köhnə qaydalardan imtina edən yeni media formalaşır. Və bu yenilənmə virtual xəbər məkanının genişlənməsi, sosial xəbər platformalarının tüğyan elədiyi bir vaxta düşüb. Bu baxımdan informasiya ombudsmanının ümumi ombudsmanla birləşdirilməsi çətin ki, özünü doğrulda və bu günə qədər doğrultmadı da. Heç olmasa, bu birləşdirilmə zamanı ümumi ombudsmanın tərkibində müəyyən sistem yaradılmalı, ora peşəkar şəxslər cəlb edilməli idi. Amma olmadı. Bu institutun yaradılması jurnalistlərin fəaliyyətini daha da yaxşılaşdırar. Məsələn, jurnalist ona cavab verməyən, onu təhqir edən təşkilat, müəssisə, dövlət orqanları və şəxslər barədə birbaşa olaraq, informasiya ombudsmanına müraciət edə bilər. Ombudsman da jurnalistlərin fəaliyyətlərinin yaxşılaşdırılması üçün nə lazımdırsa, edər. Media ombudsmanının vacibliyini bu kimi yüzlərlə nümunələr söyləməklə isbatlamaq olar.
Hesab edirəm ki, informasiya
ombudsmanının strukturları formalaşdırılmalı,
ştat ayrılmalıdır. Faktiki olaraq bu məsələ günümüz
üçün çox
aktualdır. İnternet əsrində
yaşayırıq və hər şey informasiya ilə idarə olunur.
Azərbaycanda 2005-ci ildə "İnformasiya
əldə etmək azadlığı haqqında” qanun qəbul olundu. Bu isə o deməkdir ki, informasiya sadəcə jurnalistlərin
monopoliyasında deyil. Hər bir
ölkə vətəndaşı
informasiya almaq və yaymaq hüququna sahibdir. Ancaq əksər vaxtlarda bu qanundan irəli
gələn tələblər
pozulur. İnformasiya verməyə məsul
olan şəxslər
bu qanuna hörmətlə yanaşmırlar.
Bu işə müdaxilə edən bir qurumun olmaması
isə medianın vəziyyətini çətinləşdirir”.
Media problemləri
kənarda qalıb
"Türküstan”
qəzetinin baş redaktoru Aqil Camal:
“Doğrudan da,
media ombudsmanına ehtiyac
var. Hazırda insan haqları üzrə
Ombudsman Aparatı yalnız
cəmiyyətin digər
təbəqələrinin, digər sahələrin problemlərinin öyrənilməsi
və bu yöndə müvafiq fəaliyyət göstərilməsi
üzərində işini
qurub. Amma media problemləri ilə bağlı daha çox Mətbuat Şurasına müraciət edilir.
İstər, medianın qarşılaşdığı
problemlər, istərsə
media ilə vətəndaşlar
arasında yaranan anlaşılmazlıqlar, problemlər.
Bu baxımdan, hesab edirəm ki, ya ölkədə
ayrıca media ombudsmanı
təsisatı yaradılmalıdır,
ya da Mətbuat
Şurasının statusu
dəyişdirilməli, ona
hüquqi səlahiyyətlər
verilməlidir”.
Media ombudsmanına
ehtiyac var
“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd deyir ki, Media Ombudsmanı ilə İnsan hüquqları üzrə
müvəkkilin səlahiyyətlərinin
ayrılması çox
vacibdir:
“Əlbəttə, Media Ombudsmanı ilə İnsan hüquqları üzrə müvəkkilin
səlahiyyətlərinin ayrılması
çox vacibdir. Belə olarsa,
media və media nümayəndələrinin
hüquqlarının qorunmasına
daha çox diqqət ayrılacaq.
Media hər bir
ölkənin çox
həssas yeridir.
Bu gün medianın
apardığı informasiya
savaşı, cəbhədəki
silahlı toqquşmalardan
daha təhlükəli
və qorxuludur. Yəni informasiya savaşında qalib gələn ordu, əzələ savaşında mütləq
zəfər çalır.
Onu da deyim ki,
dünya statistikasına
baxsaq, görərik ki, media sahəsində çalışan insanların
öldürülməsi halı
digər sahələrdə
baş verən oxşar hadisələrdən
çoxdur. Jurnalistika çox
riskli və təhlükəli peşədir.
Jurnalistikanın prinsiplərindən, qızıl qaydalarından
biri də odur ki, cəmiyyətdə
haqq, hüququ tapdanan insanlar, vətəndaşlara dəstək
göstərsin”.
Jurnalist düşünür ki, media nümayəndələri
üçün ayrıca
ombudsman aparatına ehtiyac
var:
“Media ədalət çarçısıdır. Ümumi anlamda
götürsək, bu
gün hansısa jurnalistin hüququ tapdanırsa, bununla məşğul olmalı
olan qurumlar, işlərinin çoxluğundan
və ya yaş həddindən irəli gələn qeyri-aktivlik səbəbindən
məsələ ilə
maraqlana bilmirlərsə,
deməli, media və
media nümayəndələri üçün ayrıca
bir ombudsman aparatına
ehtiyac var. Azərbaycanda
media nümayəndələrinin hüquqlarının davamlı
şəkildə pozulduğunu
iddia etmirik. Amma bütün dünya ölkələrində olduğu
kimi, bizdə də bu hal
var və yaşanır. Son zamanlarda cəmiyyətimizdə,
məxsusi olaraq məmurlar, komitə sədrləri və bəzi deputatlar arasında belə meyl yaranıb ki, mediaya düşünmədən
danışırlar, jurnalist
olduğu kimi yazanda isə təkzib edirlər. Hətta bəzən jurnalistləri
məhkəməyə verib,
qazanırlar. Bir sözlə,
media cəmiyyətin güzgüsü
olduğu üçün
o güzgünü təmiz
və səliqəli saxlamaq lazımdır”.
Media ombudsmanı
sərt tələblərlə
çıxış etməlidir
Həmkarımız Zülfiyyə Quliyeva da bu
fikirdədir ki, media ombudsmanının ayrıca
fəaliyyətinə ehtiyac
var:
“Əlbəttə, mən
də hesab edirəm ki, Media Ombudsmanı İnsan haqları üzrə müvəkkilin səlahiyyətlərindən
ayrı olmalıdır. İllərdir insan haqları üzrə ombudsman
həm də media ombudsmanı vəzifəsini
icra edirdi. Lakin biz media
ombudsmanının işi ilə
bağlı hər hansı məlumata malik
deyildik. Məsələn, dövlət
qurumlarının jurnalistlərin informasiya
əldə etmək hüququnun tələblərini
nə dərəcədə
yerinə yetirdikləri ilə bağlı ombudsmanın bir iş gördüyünün
şahidi olmamışdıq. Dövlət
qurumlarının rəhbərləri ilə məsləhətləşmə
aparmaq azdır. Onların
qarşısına jurnalist sorğusunu vaxtında cavablandırmaqla
bağlı sərt tələb qoyulmalıdır. Artıq onlayn media daha
populyardır. Oxucu xəbər
saytlarından məlumatı vaxtında və dəqiq əldə
etmək istəyir. Dövlət qurumu məlumat
verməyəndə, sorğuya verəcəyi
cavabı yubadanda, yaxud
da, sorğuya aidiyyəti
olmayan cavab verəndə,
jurnalistin informasiya almaq hüququnu məhdudlaşdırmış
olur. Bu cür hallara qarşı
mübarizə üçün ayrıca Media Ombudsmanına ehtiyac var. Bu həm də
dövlət qurumlarının məsuliyyətini artırar. Jurnalist də bilər ki, informasiya əldə etmək hüququ
pozulanda kimə müraciət etməlidir.
İndi Ombudsman həm insan
haqlarının, həm də jurnalist
hüquqlarının pozulması ilə məşğul olur. Uşaq
hüquqları, media və sairə
hamısı bir ombudsmana
yönəldildiyindən ortada nəticə
yoxdur. Əslində hərəsi ilə
bağlı ayrıca ombudsman olsa, fəaliyyətləri daha
səmərəli olar”.
Şərq.-2019.-
5 dekabr.- S.11.