Həsən bəy yorulmadan çalışdı
O, özündən
sonra təmiz, yüksək ehtirama layiq ad qoyub getdi
Mətbuat tarixi üzrə araşdırmaçı, tarix
üzrə fəlsəfə
doktoru, "Şərq”
qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan
mətbuat tarixi,
1875-1920-ci illər” adlı
kitabında vurğulayıb
ki, Seyid Əzim Şirvaninin yaradıcılığında “Əkinçi”nin müstəsna
rolu olub. Müəllif
əsərində qeyd
edib ki, bu mətbu orqanın
səhifələrində şairin
onlarla şeiri işıq üzü görüb: “Azərbaycan
xalqının həyatında
“Əkinçi”nin böyük
rolu olduğunu şeirlərində vurğulayan
Şirvaninin nəzərində
qəzetin xeyli üstünlükləri var
idi. Dünyanın müxtəlif yerlərindən
informasiyaları toplayıb
oxucuya çatdırması,
maarifçilik işi
aparması, elm toxumu səpməsi, ana dilinin saflaşması uğrunda aparılan mübarizə Şirvani tərəfindən mətbuatın
üstünlüyü hesab
edilirdi. Qəzet onun
əlində maarifçilik
ideyalarının yayıldığı
xitabət kürsüsünə
çevrilmişdi. "Əkinçi"nin
nəşri ilə bağlı göndərdiyi
təbrik məktubunda
Seyid Əzim bu mətbu orqanı
və Zərdabinin
"əhli-islamı", "xaki-məzəllətdən" qaldırdığı, xalqı
öz ana dilində günün aktual problemləri ilə tanış etdiyini alqışlayırdı.
O, "Əkinçi"nin gəlişini ruh təzələyən səhərə
bənzədir. Səhər mehi
insanda xoş duyğular oyatdığı
kimi "Əkinçi"
də müsəlman aləmini qəflət yuxusundan oyadır. Qəzetin müsəlman aləminə gətirdiyi bu yeniliyi duyan
şair "Əkinçi"nin davamlı nəşrini arzulayırdı.
"Əkinçi"yə
həsr etdiyi şeir nümunələrindən
aydın görünür
ki, Şirvani dövrünün bir çox ziyalıları kimi mətbuatın imkanlarını çox gözəl dəyərləndirir,
xalqın tərəqqisi
və inkişafında
mühüm vasitə
olduğunu duyurdu.
O, "Qəzet nədir"
şeirində "Əkinçi"nin məramı, məqsəd və vəzifələrini nəzmlə
oxuculara çatdırırdı.
Həsən bəyin özünün təbirincə
desək, Şirvani
"Əkinçi"nin
səsinə səs verərək maarifi təbliğ etməklə
kifayətlənmir, yeni
tipli məktəblərin
açılmasını alqışlayırdı.
Aqilin cahildən yüksək tutulmasını maarifçiliyin
əsas prinsipi hesab edən Şirvani öz oğlunu Şamaxıda açılan yeni tipli məktəbə qoymuşdu. Oğluna nəsihət məzmununda
yazdığı şeiri
"Əkinçi"yə göndərən Şirvaninin
bu əsəri redaksiya qeydi ilə çap olunmuşdu. Redaksiya qeydində deyilirdi: "Şamaxıda bir camaat uçqolası bina olub ruhani
okrujioy məclisinin nəzarətində Şamaxı
sakini Seyid Əzim Məliküşşüəra
öz oğlu Mir Cəfər namı haman uçqolaya
elm təhsil etmək üçün qoymadan xalqın məzəmmətin
görüb öz oğluna nəzm ilə nəsihət verdiyinin bəyanıdır".
Nəcəf bəy Vəzirov
və “Əkinçi”
qəzeti
Akif Aşırlı kitabında
bəyan edib ki, Azərbaycan ədəbiyyatına mahir
dramaturq kimi daxil olan Nəcəf
bəy Vəzirov hələ tələbəlik
illərindən "Əkinçi"nin səsinə səs vermiş, onun yaradıcı heyətinə qatılmış,
publisist məqalələri
ilə çıxış
edib: “Əkinçi"nin
ilk sayı işıq
üzü görəndə
N.Vəzirov Moskvada Petrovski-Razumovsk Kənd Təsərrüfatı Akademiyasında
təhsil alırdı.
Bakıda real gimnaziyada oxuyan
vaxt Zərdabi onun müəllimi olmuşdu. Müəlliminin ana dilində
qəzet nəşr etməsini Moskvada eşidən Vəzirov
"Əkinçi"də yaxından iştirak etməyi qarşısına
əsas məqsəd qoymuşdu. Dövrünün maarifçilər nəslinin nümayəndəsi
olan N.Vəzirov təhsil sistemində islahatlara ciddi ehtiyac olduğunu düşünür, tərəqqini
mədəniyyətin inkişafında
görürdü. Məktəblərdə tədris olunan dərs kitablarının keyfiyyətsizliyindən, dövrün
tələblərinə cavab
vermədiyindən gileylənən
Vəzirov dünyəvi
elmlərin tədrisini
vacib hesab edirdi. O, məqalələrinin
birində yazırdı:
"Elmi coğrafiya kitabını oxusaq, həm yazıb oxumağı öyrənərik,
həmi dünya üzündə olan vilayətlərdən xəbərdar
olarıq". "Əkinçi"də dərc
etdiyi məqalələrdə
N.Vəzirov ədəbiyyat
və sənət məsələlərinə də
toxunur, gerçəkliyi
özündə ehtiva
edən nümunələrin
yerini həcvlərin,
mədhiyyələrin tutmasına
mənfi münasibət
bildirirdi. Özünün ilk bədii əsərlərini
qələmə almış
Vəzirov təhqirlə
dolu həcvləri, mədhiyyələri qəbul
etmir, dövrün tələbinə uyğun
olaraq ədiblərin yeni forma və məzmun axtarışlarını
vacib bilirdi. Vəzirov dövrün dəyişdiyini,
dünyanın tərəqqi
yolunda olduğunu görür və məhz buna görə də şairləri bu tələblərə cavab
verən əsərlər
yazmağa səsləyirdi”.
Əsgər ağa Gorani, Hacı Məmmədsadıq,
Ələkbər Heydəri
və başqaları...
Araşdırmaçı vurğulayıb
ki, Bakı gimnaziyasında Həsən
bəy Zərdabinin şagirdi olmuş, sonra isə təhsilini Moskvada Petrovski-Razumovsk Kənd Təsərrüfat Akademiyasında
davam etdirmiş Əsgər ağa Gorani də "Əkinçi"lər məktəbinin
fəal nümayəndələrindəndir:
“Təzə xəbərlər
yazmağa meyl edən Gorani cəmiyyətdə baş
verən hadisələri
öz düşüncələrinin
süzgəcindən keçirərək
"Əkinçi"də çap etdirirdi. "Elm xəbərləri" şöbəsində Ə.Goraninin
qəbiristanlığa yaxın
yerdə su quyularının qazılmasının
zərərindən, mal-qaranın
yeni saxlama üsullarından, Şərq
xalqlarının elmsizlik
ucbatından cahilliyə
meyil etməyindən,
telefon və stenoqrafiyanın ixtirasından,
tarix elminin inkişafı məsələlərindən
bəhs edən onlarca məqaləsi nəşr olunmuşdu.
Əhsənül-Qəvaid ləqəbi ilə yazılar yazan Hacı Məmmədsadıq
"Əkinçi"nin
yaradıcılıq işində
Zərdabiyə yaxından
kömək edirdi. Onun "Məktubat" şöbəsində
dərc olunan məqalələri dini təhsildə olan problemlər, mövhumatçılığın
tənqidi, feodal-patriarxal
münasibətlərin mədəni
tərəqqiyə mane olması,
ədəbiyyat məsələləri
ilə bağlı idi. Eyni zamanda o, müasir
təhsilin vacibliyindən
və bəzən isə kənd təsərrüfatından bəhs
edən məqalələr
yazırdı. Əhsənül-Qəvaid məhsuldar jurnalistlərdən
idi. Belə ki, "Əkinçi"nin 18 sayında 21 məqalə dərc etmişdi. Müəllifin
məqalələrindən hiss olunur ki, o, öz
dövrünün savadlı
ziyalılarından biridir,
fars və
ərəb dilini mükəmməl bilir. Onun ədəbiyyat haqqındakı
yazıları kifayət
qədər maraqlıdır.
"Əkinçilər"
məktəbinin banilərindən
olan Ələkbər
Heydəri qəzetin nəşri dövründə
Mahaç-Qalada yaşayırdı.
O, 1879-cu ildə Bakıya
köçərək səfarətxanada
qulluq etmişdi. Heydərinin qəzetdə dərc olunan kəskin yazısı təhsil müəssisələrində dini elmlərlə yanaşı, dünyəvi
elmlərin tədrisi ilə bağlıdır ki, bu da
kifayət qədər
ciddi polemika doğurdu. Bu məqalə
"Əkinçi"nin
10-cu sayında işıq
üzü görmüşdü.
Qəzetin 11-ci sayında Əhsənül-Qəvaid
müəllifin fikri ilə həmrəy olduğunu bildirmiş, dini təhsillə yanaşı, dünyəvi
elmlərin tədrisini
vacib hesab etmişdi. Qəzetin 12-ci sayında Zaqafqaziyanın
şeyxülislamı Axund
Əhməd Hüseynzadə
polemikaya qatılmış,
öz düşüncələrini
bildirmişdi. Ümumən Heydərlinin bu məqaləsinə cavab olaraq "Əkinçi"də
15-dək yazı nəşr
olunmuşdu.
"Əkinçi"nin
bağlanması
A.Aşırlı bildirib ki, “Əkinçi”ni bağlatmaqla kifayətlənməyənlər H.Zərdabinin mətbu və ictimai fəaliyyətini dayandırmaq üçün onu Bakı gimnaziyasından Yekaterinodar gimnaziyasına dəyişdirmək haqqında əmr verdilər: “Bu qərar əslində Zərdabinin Azərbaycandan sürgün edilməsi idi. Taleyini öz xalqı ilə bağlayan Həsən bəy müəllimlikdən istefa verdi. Onun istefa verməsi gimnaziyanın müəllimlərinə, xüsusən şagirdlərinə ağır təsir etdi. Çünki azərbaycanlılardan ilk gimnaziya müəllimi olan Zərdabi böyük nüfuz və hörmətə sahib idi. Müəllimlikdən istefa verdikdən sonra Zərdabini Bakıda heç bir yerdə işə götürmədilər. O, Bakıdan köçüb 16 il doğma kəndi Zərdabda yaşadı. Bu illərdə Həsən bəy həyat yoldaşı Hənifə xanımla birlikdə böyük çətinliklərlə üzləşdi, yenə də maarifçilik missiyasını davam etdirdi. Burada bir məktəb açıb kənd uşaqlarına təhsil verdi. Azərbaycanın mərkəzindən uzaqda, kənddə yaşamasına baxmayaraq, Zərdabi publisist fəaliyyətini davam etdirir, yalnız Bakı, Tiflis mətbuatında deyil, Peterburq və Moskva qəzetlərində də məqalələrlə çıxış edirdi. 1896-cı ildə Zərdabi təkrar Bakıya qayıdıb öz əvvəlki ictimai-mətbu həyatını bərpa etdi. Rus və Azərbaycan dillərində çıxan qəzetlərə məqalələr yazaraq fəal əməkdaşlığa başladı. O, "Həyat", "Kaspi" qəzetlərində müntəzəm yazılarla çıxış edirdi. Zərdabi möhkəm iradəyə, qaynar və tükənməz enerjiyə sahib milli ziyalı idi. O, ömrünün sonunadək xalqın savadlanmasına, onların hüquqlarının qorunmasına və Azərbaycan mətbuatının, jurnalistikasının inkişafına xidmət etdi. Səhhətinin son dərəcə pozulmasına, çox çətinliklərlə hərəkət etməsinə baxmayaraq, Həsən bəy vəfatından bir gün əvvəl "Kaspi" qəzetinə gedib orada işləmişdi. 1907-ci ildə H.Zərdabinin dəfn mərasimində natiqlərdən biri belə deyib: "Həsən bəy Bakıya ac gəldi, ac da getdi". Bu sözlərdə böyük həqiqət yükü var. Həsən bəy ömrü boyu özü üçün yaşamadı, şəxsi mənfəətlərini güdmədi, xalqın səadətini hər şeydən üstün tutdu. Həsən bəy Zərdabi Azərbaycan tarixində nadir şəxsiyyətlərdəndir. O, öz xalqının inkişafı yolunda yorulmadan çalışdı, özündən sonra təmiz, yüksək ehtirama layiq ad qoyub getdi”.
İsmayıl Qocayev
Şərq.- 2019.- 28 dekabr.- S.11.