“Haqq mənəm...” tamaşası barədə
düşüncələr!
Bu il
noyabrın 19-da Rəşid Behbudov adına Mahnı
Teatrında Əməkdar Mədəniyyət işçisi
İftixar Piriyevin Böyük Azərbaycan şairi İmadəddin
Nəsiminin 650 illiyinə həsr olunmuş “Haqq mənəm
...” pyesi əsasında hazırlanmış eyniadlı
tamaşasının premyerası oldu. Şair-dramaturq
İftixarın quruluşunda və onun pyesi əsasında səhnələşdirilən
tamaşa Azərbaycan Respublikası Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə
hazırlanmışdı. Təşkilatçı
qismində Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi və “İrəvan Mədəni İrsinin Təbliği”
İctimai Birliyi çıxış edirdi. Əsəri
tamaşaya C.Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan Teartının kollektivi qoymuşdu.
Mən də tamaşaçı qismində tamaşada
iştirak edirdim.
...Bu il böyük Azərbaycan
şairi İmadəddin Nəsiminin
650 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 15
noyabr 2018-ci il tarixli sərəncam imzaladı. Sərəncamda
deyilirdi: “Nəsimi dünya poeziyasının ən kamil
nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində
daim insanın əzəmətini, insani məhəbbəti və
şəxsiyyətin azadlığını tərənnüm
etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni
məzmun, deyim tərzi və bədii lövhələrlə
daha da zənginləşməsində unudulmaz şairin
misilsiz xidmətləri vardır”. Nəsimi irsinin
humanitar tələblər kontekstində
aktuallığını, milli, mədəni-mənəvi dəyərlərin
təbliği baxımından xüsusi əhəmiyyətini
nəzərə alaraq Prezidentimiz cənab İlham Əliyevin
11 yanvar 2019-cu il tarixli sərəncamı ilə 2019-cu ili “Nəsimi
ili” elan etdi. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 15 yanvar 2019-cu il tarixli qərarı ilə yubileyin
keçirilməsi ilə əlaqədar Tədbirlər
planı təsdiq edilərək icrasına başlandı.
2019-cu
ilin əvvəlindən başlayaraq mütəfəkkir şairin 650 illik
yubileyi ilə bağlı müxtəlif səpkili və
miqyaslı tədbirlər keçirilməkdədir. Məlum
olduğu kimi Nəsimi 600 illik yubileyi YUNESKO səviyyəsində
keçirilmiş ilk Azərbaycan şairidir və bu tədbirin
keçirilməsi birbaşa Ümumumilli liderimiz Heydər Əliyevin adı ilə
bağlıdır. Nəsimi haqqında ən
mükəmməl əsərlər də məhz keçən
əsrin 70-ci illərində yaranmışdır.
Üstündən 50 il keçməsinə
baxmayaraq, Nəsimi dühasının
böyüklüyünü əks etdirən bu əsərlər
şairin obrazını ifadə edən ən yaxşı əsərlər
kimi bu gün də məhşurdur. (İsa Hüseyn və Həsən
Seyidbəylinin, “Nəsimi” filmi, heykəltaraş Tokay Məmmədov
və İbrahim Zeynalovun Nəsiminin Bakı şəhərində
abidəsi, Qabilin” “Nəsimi” poeması, Fikrət Əmirovun “Nəsimi
Dastanı”, İsa Hüseynovun “Məhşər” romanı və
s. əsərlər).
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Nəsiminin 650 illik yubileyinin keçirilməsi və
2019-cu ilin “Nəsimi ili” elan edilməsi barədə sərəncamları
bu mövzuda da Ulu öndərin varisi kimi missiyanı davam etdirməklə,
həm də Nəsimiyə
böyük dəyər verməklə əslində
bütün yaradıcı insanlara və tarixçilərə,
elm adamlarına ünvanlanmış bir səmimi mesaj idi. “Buyurun bu da meydan”.
Qeyd etməliyəm ki, “Nəsimi ili” ərzində
mütəfəkkir şair və filosofun həyat və
yaradıcılığını, onun ideyalarını
özündə əks etdirən əsərlər
yaradılıb və bu işlər təqdirəlayiqdir. Nəsimi haqqında onun janrından və
miqyasından aslı olmayaraq
yaranan nə varsa Nəsimini
bizə o qədər yaxınlaşdırır, onu bizimkiləşdirir,
doğmalaşdırır. Bu yazı da mənim İftixar
Piriyevin iki hissəli bir pyesi
haqqında bir oxucu-tamaşaçı kimi fikirlərimi
oxucularla və teatrsevərlərlə bölüşməkdən başqa bir şey deyildir. Necə olmasından asılı olmayaraq bu da əsər
haqqda bir tamaşaçı, oxucu rəyidir. Məlum
olduğu kimi Nəsiminin
600 illik yubileyi Sovet Hakimiyyəti dönəmində
keçirilmiş və onun haqqında yaradılan əsərlərin
hamısı o zamanki ideoloji tələblər
baxımından yaradılmışdır. Təbii
ki, bu da başa düşüləndir. Sovet
ideologiyası ateizmi təbliğ edirdi. Bu baxımdan Nəsimiyə
tarixi şəxsiyyət kimi yanaşma, onun ideya və fikirlərinin
təhlili indikindən fərqli idi. Prezident sərəncamında
qeyd edildiyi kimi “Nəsimi irsinin müasir humanitar
düşüncənin tələbləri baxımından
araşdırmasının aktuallığı” ona yeni
yanaşma tələb edir. Mən də
şair-dramaturq İftixarın “Haqq mənəm...” pyesini məhz
müasir yanaşma tərzindən izah etməyə
çalışacam.
İftixar müəllimlə Nəsimi haqqında bir
araşdırma, əsər, məqalə yazmaq haqqında
söhbətlərimiz hələ bu ilin əvvəllərində
olmuşdu.
Lakin hiss edirdim ki, o bu fikrində tərəddüd edir. Çünki tez-tez ünsiyyətdə
olmağımıza baxmayaraq, İftixar müəllim həmin
söhbətə qayıtmırdı. Lakin aradan bir
müddət keçmiş ondan pyesin hazır olduğunu,
artıq tamaşanın məşqlərinə
başlandığını eşidəndə biraz təəccüb etdim.
Belə qısa bir vaxtda böyük şair Nəsimi haqqında pyes yazmaq
müəllifdən istedaddan savayı həm də Nəsiminin
həyat və yaradıcılığı, dövrü
haqqında informasiya,
araşdırma, təhlil tələb edirdi. İftixarın “Haqq mənəm...”
pyesi mənzum-dram janrında və tarixi mövzuda
yazılmşdır. Yazının bu yerində oxuculara
xatırlatmaq istərdim ki, ədəbiyyat və teatr tariximizdə mənzum-dram
janrında zaman-zaman tarixi mövzularda əsərlər yaradılmış,
tamaşalar hazırlanmış və bu tamaşalar hər
zaman istər Azərbaycan, istərsə də digər
xalqların tamaşaçıları tərəfindən
böyük rəğbətlə
qarşılanmışdır.
Dediklərimə
misal olaraq; Hüseyn Cavid, Səməd Vurğun, Bəxtiyar
Vahabzadə, Nəriman Həsənzadə, Nəbi Xəzri
kimi poeziya nəhənglərinin əsərlərini misal
göstərmək olar. Bu əsərlərin
yaranmasından uzun illər keçməsinə baxmayaraq bu
gün də tamaşaçılar arasında məhşurdur
və teatrlarımızın repertuarında yaşayır.
Hətta bu əsərlər əhali arasında
o qədər populyar olmuşdur ki, onları
bütünlüklə əzbər bilən insanlar
aramızda bu gün də yaşayır. Düşünürəm
ki, İftixar Piriyevin tarixi mövzuya müraciət etməsi
onun istedadı, poetik ustalığı,
teatrşünaslıq və rejissorluğu ilə
yanaşı, həm də onun cəsarətindən xəbər
verir. Bir qayda olaraq, dramaturqlar əsəri
yazanda onun səhnə həllini o qədər də təsəvvür
edə bilmir.
Ancaq
İftixar həm dramaturq, həm də rejissor olduğu
üçün “Haqq
mənəm...”i yazarkən onun səhnə həllini,
hətta hər bir surətin səhnədə yerini,
səhnənin dekorasiyasını, rəssam
tərtibatını hiss edib, görüb. Elə
bu səbəbdən də əsərin səhnə həlli
maraqlı alınıb.
Zənnimcə əsəri yaratmaqda İftixarın
baş məqsədi Nəsiminin bir şair kimi, həm də
bir filosof kimi nəhəngliyini göstərmək olmuşdur. Bu baxımdan müəllif
məqsədinə nail olub desəm səhv etmərəm.
Əsərin və elə tamaşanın da ən maraqlı cəhəti
finalda Nəsiminin sağ qalması ilə bağlıdır. Təbii ki, bu tarixdə belə olmayıb və
müəllifin təxəyyülünün məhsuludur.
Fikrimcə, bu tapıntı İftixar müəllimin
çox uğurlu tapıntısıdır. Xüsusilə tamaşanın finalı onun qəzəllərinin,
ideyalarının həmişəyaşarlığı ilə
həmahəng səslənir. Əgər 650 il
keçdikdən sonra onun
yaradıcılığı bu gün də
aktualdırsa, bu qədər sevilirsə,Nəsiminin adı,
onun ilahi qəzəlləri bu qədər səslənirsə,
deməli, Nəsimi aramızda yaşayır, elə sufi-
hürufi təlimi kimi bir az məndə, bir az səndə,
bir az onda təcalla edir. Fikrimcə Nəsiminin
tamaşasının finalında sağ qalması elə bu
fikirə xidmət edir.
Tamaşanın
digər maraqlı bir cəhəti Teymurləngin müsbət
obraz kimi verilməsdir. Məlumdur ki, Sovet dönəmində,
elə ondan sonra da uzun müddət Teymurləng bir fateh olmaqla
bərabər həm də zalım, qaniçən,
zülmkar, heç kimə yazığı gəlməyən,
bir şah obrazı kimi təqdim olunmuşdur.
Əsərdə Teymurun müsbət obraz kimi verilməsi
müəllifin uğurudur desəm yanılmaram. Tamaşanın finalında
Teymurləng Nəsimini edam etmir, ona yaşamaq haqqı verir,bağışlayır. Tarix
baxımından, həm də müasirlik,
türkçülük, turançılıq
baxımından bu tapıntını da müəllifin
uğuru kimi dəyərləndirmək olar.
Yazının bu məqamında Nəsimi ilə Teymurun final
dialoquna oxucuların diqqətini cəlb etmək istərdim.
ƏMİR
TEYMUR: Deyirlər ki, sən Həllac Hüseyn Mənsurun da
aşiqisən. Hətta ilk şeirlərini
Hüseyni təxəllüsü ilə yazıbsan. Nədir sənə Həllac Mənsuru sevdirən?
Onun hikməti nədə idi? O, nə
söyləyirdi?
NƏSİMİ:
Ey könül, Mənsur ənəlhəq söylədi, Həqq
idi, həqq dedi, həqq söylədi,
ƏMİR
TEYMUR: Mənim üləmalarım deyirlər ki, Nəiminin
qüdrəti səndə təcəlladır...
NƏSİMİ:
Kim ki, əsrari-Nəsimi
bilmədi,
İzzəti-fəzli-Nə`imi
bilmədi...
ƏMİR
TEYMUR: Gəl səni alım sarayıma, yaz-yarat.
NƏSİMİ:
İki
padişah bir saraya sığışmaz...
... Bir
günəşdir Nəsimi kim, anın
Neçələr zərrəsinə həsrətdir.
Ənəlhəq
söylərəm həqdən, ələş-ərş
istiva gəldi,
Üzündür sureyi-rəhman, ələl-rəhman əla
gəldi.
Ətrafa dərin sükut çökür. Əmir Teymur
Nəsimiyə yaxınlaşır. Nəsiminin
gözlərinin içinə baxır. Nəsimi
şəstlə dayanmışdır.
ƏMİR
TEYMUR: Sən ki belə cəsarət sahibisən, həqq
deyirsən, həqqi özündə tapan hər bir insan
azaddır, get, bağışladım səni...
Şeyx
Zahid qəfl irəli çıxır...
Şeyx
Zahid: Hökmdar, zinhar bağışlamayın!..
Baş vəzir, üləmalar və bütün əyyanlar
bir ağızdan səslənirlər.
XOR:
Bağışlamayın, hökmdar,
bağışlamayın!...
ƏMİR
TEYMUR: ( bağıraraq), Kəsin səsinizi!..
Boş boğazlar!..Acizlər!.. İllərdir sizi bütün qənimətlərə
şərik edirəm... Yağ-bal içində bəsləyirəm...
Nəsiminin bir kəlamı yüz sizin kimi əbləhin
varlığından üstündür!..(Əyyanlarına
tərəf gedir. Onlara
yaxınlaşar-yaxınlaşmaz uca səslə hər kəsə
səslənir). Gün gələcək, bütün bəşəriyyət
Nəsiminin qəzəllərini söyləyəcək
, ancaq sizlərin heç birinizin adını
xatırlayan belə olmayacaq. İnsanlar bir kərə
mənim fatehliyimi dilə gətirəndə, min kərə Nəsiminin
qəzəllərini dilə gətirəcəklər. Unutmayın, həşərat ölərkən həşərat
kimi ölür, insan insan kimi. Siz
hamınız həşərat kimi gəbərəcəksiniz.
Nəsiminin ölümü də
yaranışa bərabər bir möcüzə kimi tarixdə
qalacaq. İtilin gözlərimdən... Yolun
açıq olsun, Nəsimi...
NƏSİMİ:
(Fəryad qoparır).
Bulmuşam
həqqi, ənəlhəqq söylərəm,
Həq mənəm, həq məndədir, həq
söylərəm.
Dərvişlər və müridlər meydana daxil
olurlar, Nəsiminin səsinə səs verirlər.
Meydana toplaşmış bütün Nəsimisevərlər
hamısı dərvişlə müridlərə
qoşularaq meydanı ələ alırlar. Meydanda yaranan
böyük izdiham getdikcə böyüyür. Meydandakılar bir ağızdan Nəsiminin qəzəlini
oxuyurlar. Tədricən ətraf
qaranlığa qərq olur. Bir an
sonra göydən işıq süzülür. Nəsimi
üfüqdə günəş kimi şölələnir.
İstər əsəri oxuduqca,
istərsə də tamaşaya baxdıqca müəllifin digər
bir tapıntısının şahidi olursan. Əvvəla onu qeyd etməyi zəruri hesab edirəm
ki, müəllif əsərdə nəsrdən və Nəsiminin
qəzəllərindən məharətlə istifadə etməklə
maraqlı dialoq qura bilib.
Sanki əsərdə və tamaşada istifadə olunan nəsrin
də müəllifi Nəsimidir.
Müəllif dialoqdan istifadə etməklə
Nəsiminin qəzəllərinin hikmətini və
bütünlüklə Nəsiminin obrazını, onun nəhəngliyini
tamaşaçının gözləri qarşısında
canlandırır.
Mənim fikrimcə müəllifin Nəsiminin
qəzəllərindən dialoq qurması da çox canlı
və uğurlu alınmışdır. Məlumdur ki, Nəsiminin
yaşadığı dövrdə onun yaşadığı
ərazilərdə fars və ərəb dilləri hökmran
dil idi və o zaman ədəbiyyat və poeziya da bu dildə
yaradılırdı. Nəsiminin böyüklüyü
ondadır ki, ərəb və fars dilinin hökmran olduğu
bir dönəmdə o, həm də türk dilində,
ana dilində yazıb yaradıb. Nəsiminin qəzəllərinin
dili bu gün işlətdiyimiz ana dilimizdən o qədər də
fərqlənmir. İftixar müəllim qəzəllərdən
dialoq qurmaqla dilimizin gözəlliyini, şirinliyini, qüdrətini
müasir Azərbaycan oxucusuna çatdırmaqla müqqəddəs
bir məqsədə xidmət etmişdir.
İftixar müəllim nəinki pyesi yazarkən,
hətta pyesin səhnə həyatını düşünərkən
Nəsimi dövrü ilə yaşamışdır. Deyirlər
Üzeyir bəy deyirmiş ki, “Bülbül
olmasaydı,Koroğlu operası yaranmazdı”. Mənim qənaətimcə
İftixar müəllim “Haqq mənəm...” i yazanda ilk
növbədə Nəsimi rolunun ifaçısı Natiq Həziyevi
düşünüb. Ona görə də əsər
bu qədər uğurlu alınıb. Ümumiyyətlə, mən
hər dəfə istər aktyor kimi, istərsə də
rejissor kimi İftixar müəllimin səhnə əsərlərinə
baxdıqca onun necə obraza girdiyinin, yaratdığı
obrazların necə rol oynadığının dəfələrlə
şahidi olmuşam.
“Haqq mənəm...” tamaşasını təqdim
edən aktyor ansamblı haqda danışmamaq mümkün
deyil. Ümumi götürdükdə çox maraqlı bir
aktyor ansamblı yaratmaqla İftixar müəllim
tamaşanı yüksək səviyyədə
tamaşaçıya çatdıra bilib. Mən ansambl ifadəsini
təsadüfən işlətmədim. Bütün tamaşa
boyu hər bir aktyor hadisələri o qədər peşəkarcasına
təqdim edir ki, tamaşaya həyəcansız baxa bilmirsən.
Bununla yanaşı tamaşada əsərin baş qəhrəmanı,
Nəsimi rolunun ifaçısı Natiq Həziyevi, Şeyx
Zahid rolunun ifaçısı Bəhruz Hikmətoğlunu, Afət
rolunun ifaçısı Müdvər Nemətovanı
xüsusilə qeyd etmək istərdim.
Ümumiyyətlə,əsərin müəllifindən
tutmuş texniki heyətə qədər
kollektivin hər bir üzvü tamaşanın uğurlu
alınması üçün gərgin əmək sərf
ediblər. Mən başda İftixar müəllim olmaqla
kollektivin hər bir üzvünü bu uğurlu əsəri ərsəyə
gətirdiklərinə görə təbrik edir və yeni-yeni
yaradıcılıq uğurları arzu edirəm.
Ramiz Göyüşov
Şərq.-2019.- 14
dekabr.- S.12