"Hər adamın
yanında hər şey danışılmaz”
Ehtiram İlham, “O ki qala
şeir ola"
"Kitabı o adamlar sevir ki, Allahını
tanıyır və böyüyünün qədrini bilir. Görünür, cəmiyyətimiz
həm də ona görə bu qədər boz-bulanıq hala gəlib
ki, kitabsız adamlar at oynadır"
Müsahibimiz tanınmış şair (əminəm ki,
özü bu “tanınmış şair” ifadəsinə
şübhə ilə yanaşır) Ehtiram İlhamdır. Əslində, şairi ilk dəfə
“Şərq” qəzetinin baş redaktoru Akif
Aşırlının onun 50 illik yubileyi ilə bağlı
yazdığı səmimi, bir az da ekstaz yaşadan yazıdan
sonra qiyabi olaraq tanıdım. Bundan sonra
E.İlhamı daha yaxından əxz eləmək məqsədilə
şeirlərini axtarıb tapdım. Eyni zamanda onu sosial
şəbəkə üzərindən izləyərək
düşüncələri ilə daha yaxından tanış oldum.
Şəxsiyyət
və yaradıcılığından az-çox hali olduqdan
sonra məndə maraq və hətta təəccüb
doğuran məqam o oldu ki, axı belə yazıb-yaradan,
şəxsiyyətini, simasını ədəb-ərkanını
qoruyan adam niyə mediadan uzaq
düşsün, niyə ictimaiyyətin gözündən,
könlündən qıraq gəzsin. Məhz bu
suallarıma cavab tapmaq üçün şairlə əlaqə
yaratdım. Söhbətimizi ən
xırda detallarına qədər təqdim edirəm.
- Salam,
Ehtiram bəy, necəsiniz?
- Salam
qadan alım.
- Qada görməyin!
- Allah səni
var eləsin!
- Cümləmizi!
Müsahibə istəyirəm,
mümkündürmü?
- Yoldayam.
- Nə
vaxt söhbətləşə bilərik?
- Hələ
de görüm, mənim Akif dərdişim hancarıdı,
haralardadı?
-
Yaxşıdı, Gəncədə mühüm səfərdədir.
- Həmişə
yaxşı olun! Akif Səməd deyirdi Gəncəyə kimi
Gəncəbasardı, oradan o yana İncəbasar...
(gülür)
-
Yaxşı deyirmiş, rəhmətlik.
- Şair, söhbətə başlayaqmı?
- Şair kimdi, dərdiş?
- Sizi
şair kimi tanıyıram... (“Duruxuram, görəsən
yanlışmı etdim” deyə düşünürəm)
- Deyəsən,
müsahibim vəziyyətimi hiss etdi. Və qısa
arayış verdi:
- Şair
böyük adam olur, biz kimik ki…
- Təvazökarlıq
edirsiniz... Şeirləriniz oxunur, bəyənilir...
- deyib dərhal suala keçirəm.
- Şair, nə yazırsınız və ümumiyyətlə,
niyə yazırsınız?
-
Maraqlıdı... Çay niyə axdığını,
axşam niyə batdığını, ot
niyə yaşıllandığını bilirmi heç. Yəqin, şeirin özü də niyə
yazıldığının fərqində olmur. Mənim aləmimdə, yazmamaq mümkün olmayanda
yazılan hiss, duyğu halıdı şeir. Şeirin havasına düşmək adamı
alıb aparır. Elə bir yerə ki, orda
demək və görmək istədiyini şeirin özündə
tapırsan. Həm də şeiri içinə
çəkib yaşayırsan. Bunun ləzzəti
isə ayrı bir aləmdi. Mənimçün
şeir bütöv bir sistemi özündə ehtiva etməlidir.
Təkcə maraqlı deyim tərzi, sərrast
fikirləri ilə şeir bütöv olmaz. Onun özünəməxsus intonasiyası da
olmalıdır, nəfəsliyi də. Onda ləngərli
misra da olmalıdı, axıcı bir bənd də... Şeirin yaxşı məziyyətləri xeyli
çoxdu. Hamısı bir yerdə olanda
isə poeziya yaranır. Bunu isə əsl
istedad yarada bilir. İstedad isə həmişə
özüdür. Həmişə təzədi.
Və pozulmazdı.
- Bilmək
istərdim ki, kimi özünüzə ustad hesab edirsiniz, yoxsa
bu sahədə ustad yoxdu?
- Mənim
sevdiyim çox şair olub. Orta məktəbdə
əlimə keçən hamını oxumuşam. Məni tutan bütün şeirləri əzbərləmişəm.
Amma şeir adına uçunduğum Səməd
Vurğun olub. Hüseyn Arif, Əli Kərim, Eldar Baxış,
Ramiz Rövşən, Şaiq Vəli, Akif Səməd, Murad
Köhnəqala və Məmməd İlqar- bunların hər
biri ustaddı. Amma sənətdə Məmməd
İsmayılı məhək daşı hesab edirəm.
Onu da deyim ki, hamının ən çox üz
tutacağı ən böyük ustad Abbas Tufarqanlını
hesab edirəm. O, sadəcə, dəhşətdi.
- Sərbəst
və heca vəzni həmişə müzakirə və
mübahisə predmeti olub. Kimi iddia edir ki,
şeirdə ölçü-biçi olmalıdır, kimi də
düşünür ki, şeir sərbəst olmalıdı.
Hətta hecada yazanları aqrar şair də
adlandıranlar var. Bu barədə nə
düşünürsünüz?
- Şeir hər şeydən əvvəl həm də
bir estetika məsələsidi. Hər kəsin öz
zövqü, öz baxışı var. Bu mübahisələrin
olması isə çox təbiidir. Hər
kəsin öz həqiqəti olur. Hər
yazar özünü harda görürsə, orda da
özünü rahat hiss edir. Qoy elə də
olsun. Amma heca vəzninə sən dediyini
söyləyənlər, təkcə səhv
düşünmürlər, əgər doğrudan da belə
qənaətdədirsə, onlar sadəcə qələt eləyirlər.
Bizim - Azərbaycan türkünün vəzni məhz
hecadı. Bu dilin ən gözəl
şeirləri də hecada yazılıb. Bu,
birmənalıdır. Amma kimin ilhamı hara qədərdisə,
kim nədə bacarırsa, qoy öz
yazı-pozusuyla da məşğul olsun. Onlardan ki, heç kim niyə belə yazdığının
hesabını sormur. Şeir əsl şeirdisə,
hansı vəzndə olmağının fərqi qalmır.
Yetər ki, şeir olsun.
- Aqrar
şair, burjua şair məsələsinə necə
baxırsınız?
-
Görünür, həmin gənc şairlərin boş
vaxtı çox olur ki, belə mənasız bölgülər
aparmağa sərf etdikləri zamana heyfləri gəlmir. Var şair, bir də var Nazim. Nazim
sözləri nəzmə çəkər. Orta əsrlərdə, elə indinin özündə
də belələrinin sayı yetərincədi. Amma şair... həmişə şairdi. Taleyi yazılanda, Allah özü ona verdiyi
ilhamına görə də onun bölgüsünü
göylərdə aparır və adını şair qoyur.
Bütün bölgülər bu addan sonra gəlir.
Şair Hüseyn Cavid kimi səma şairi olar,
şair Tofiq Fikrət kimi millət şairi olar, Musa Yaqub kimi təbiət
şairi olar. Yoxsa bu nədir - burjua
şairi, kənd şairi, şəhər şairi? Yəni, demək istəyirəm, şair göylərdə
fələklə əlləşər. Yerlərdə
onun qisməti küləklər, kələklər olar.
Bir də olsa-olsa şair kimlərdənsə
kömək uma bilər.
- Kömək
ummaq demiş, bu məsələ ətrafında da sosial
mediada xeyli müzakirələr aparıldı. İddia
edirlər ki, bu nədi hansısa şairin "əli-ayağı
aşağı olanda", pis dolananda, xəstələnəndə
ondan-bundan pul dilənir. Razısınızmı?
- Keşkə
istedadı olan bir insanın - şairin, yazı-pozu adamının
normal işi-gücü ola. İşləyib
həm ailəsini dolandıra, həm də canı
ağrıyanda müalicəsinə pis-yaxşı dava-dərman
yetirə bilə və kimsədən də
asılılığı olmaya. Amma
axı bu yazığın ömrü-günü ən
xırda məişət qayğılarının əlində
əriyib itir. Gözünün odunu töküb
ortaya çıxartdığı yazı-pozusundan
qazandığı da ağlara qalmasın. Gözünü açıb-yumunca əlinə gələn
qəpik-quruşun hardan gəlib hara getdiyini də bilmir.
Qarşısında isə iki yolu qalır: ya yuxarılara
boyun əyməlisən. Bu yola gedənlər
çox olsa da, getməyənlər də olur. Və nə yaxşı ki, belələri var. Yoxsa,
məmləkətin halı lap fəna olardı.
Az-çox insanlarımızda milli adına
nəsə qalıbsa, onlara borclu olmalıyıq. İkinci yol isə kimlərə ağız
açmaqdan, kimlərinsə mərhəmətinə
sığınmaqdan keçir. İnandırım sizi,
heç bir istedadlı adam istəməz
bunu etsin. Amma...." ehtiyacın qəhrəmanı
da qul etdiyi" barədə həqiqətin yalan olduğunu bu
ölkədə neçə nəfər sübut etməyi
bacarıb? Rəhmətlik Vurğun Əyyub kimi...
- “Yazıçı mütləq alkol içməlidi və
ya içməsə nəysə alınmır, yaza bilmir”
düşüncəsi sizdə hansı qənaəti
formalaşdırır?
- Yox, o
ciddi söhbət deyil axı. İlhamı, təbi
və istedadı o qədər kiçiltmək olmaz, vallah.
Mey-məzə məclisləri adamı şeirə-sözə
doğru çəkir, bu, doğrudur. Elə
məclislərdəki aura çox poetik və cəlbedici olur
şair üçün. Söz adamı
özünü o cür yerlərdə rahat hiss edir. Çünki özü ağılda olan
adamların arasında şair içini daha çox aça
bilir. Hamının yanında deyə bilmədiklərini
elə yerlərdə asanlıqla dilə gətirən qələm
adamının, başa düşüldüyü yer
üçün sino getməyi, adi şair halıdır.
Belə məclislər, adi insanlardan ötəri
də xeyli cəlbedici olduğundan, imkanlı olanları
şairlərə qonaqlıq verməyə həvəsli olur.
Meylə keçən məclislərin,
dolub-boşalan badələrin yazı-pozu adamına qələmini
qətdəməyə köməyi olduğuna çox da
inamlı deyiləm. Yaradıcılıqla
bağlı ötəri bir
"qığılcımlar"ın olması baş verəndi.
Amma içkinin yaradıcılıq
üçün "ilham mənbə"yinə çevrilməsinə
inanmayın. Bunu sizə, həm də elə
məclislərin daimi təşkilatçı-iştirakçılarından
biri kimi, təcrübəmdən çıxış eləyib
bəyan edirəm.
-
Aydın məsələdir ki, poeziya başqa bir sahədir, fəlsəfə
isə bir başqa. Fəlsəfə olduqca dərin
intellekt tələb edən elmdir. Poeziya isə
elm hesab olunmur. Şeirə elm-fəlsəfi
düşüncə gətirmək doğrudurmu?
- Olsun. Hərə şeirdə öz istədiyini
axtarıb, tapmaq istəyir. Aşiqlər
sevgi şeiri gəzər, vətənpərvərlər
ritorika və pafos dolu tribun şeirləri eşitmək istəyər,
dərdli adamların gözü kədər poeziyasını
axtarar, həyatın dərin qatlarına varmaq istəyən kəslər
isə şeirdə fəlsəfi çalar gəzər.
Əgər arzuladığına çata bilibsənsə,
deməli, qarşındakı şeir olub. Poeziya da əslində elə budur. Ümumiyyətlə,
şeir maraqlı və həddən ziyadə qəribə
bir nəsnədir. Elə şeir var, onu bərkdən
oxumaq olmaz, hətta öz içində belə
pıçıltıyla söyləməlisən. Elə şeir var, hayqırmalısan, yavaş desən,
əzəməti itər. Həm də
adamlar kimi, məclislər də rəngarəng olur. Hər adamın yanında hər şey
danışılmaz. O ki qala şeir ola.
Hətta demək məcburiyətində qalınsa belə, məqama
uyğun, badənin "sayı"na
"çata bilən" şeirlə başı girləmək
olar. Çünki "zövqlər
dartışılmaz" məntiqi burda yerinə
düşür.
- İddialar var ki, yaxşı poeziya nümunələri
yaranmır, yarananlar da Biləcərini o tərəfə
keçə bilmir. Doğrudurmu?
- "Bizdə şeir də yaranır, şənət
də". Yaranmadığını iddia edənlər Musa
Yaqubun, Məmməd İsmayılın, Ramiz Rövşənin
bu yaşda yazdıqlarını oxusunlar. Estoniyada Xaqani
Qayıblının, Bakıda Ayaz Arabaçının, Qubada
Ramiz Qusarçaylının, Sumqayıtda İbrahim
İlyaslının, Xırdalanda Elnur Astanbəylinin, Gəncədə
Çiçək Mahmudqızının, Şəkidə
Qoca Xalidin şeirlərini oxusunlar. Əyyub Qiyasın, Şərif
Ağayarın nəsriylə tanış
olsunlar. Başqa heç nə demirəm.
-
Adını sadaladıqlarınız dünyanı demirəm,
paytaxt Bakıda yetərincə tanınırlarmı?
-
Dünyaya çıxmaq məsələsi də belədir
ki, görünür, bizim istedadı və nəhəng qələm
adamlarının taleyinə İngiltərədən
qayıdandan sonra S.Vurğunun dediyi kimi, "kiçik
xalqın böyük şairi olmaqdansa, böyük xalqın
kiçik şairi" olmaq səadəti
yazılmayıbmış. Həm də axı
kiçikliyindən-böyüklüyündən
asılı olmayaraq dünyada verilən bütün
mükafatların arxasında hər hansı məqsəd
güdülür və bu da çox vaxt xoşməramlı
olmur. Bilirsiniz necədi, efirlərdən-ekranlardan
evimizə dürtülüb, gözümüzə
soxuşdurulan hər cür maddiyyatla əhatələnmiş
orden-medallı çox "xalq şairləri mövcud olub
bir zamanlar. İndi hanı onlar? Axı həm də onlarla eyni vaxtda kasıb
komasına sığınıb, öz könül hücrəsinə
çəkilən şairlər də yaşayıb. Bu gün onlar həmin o imtiyazlı
çağdaşlarından daha diri, daha duru deyilmi?
-Bu
günlərdə xəbər yayıldı ki, "Kitabevim" mağazalar
şəbəkəsi baglanmaq üzrədir…
- Mənim
dünyada ən çox 3 şeydən qorxum olub həmişə.
Allahsız cəmiyyətdən,
böyüksüz mahaldan və kitabsız cəmiyyətdən.
Kitabı o adamlar sevir ki, Allahını
tanıyır və böyüyünün qədrini bilir.
Görünür, cəmiyyətimiz həm də
ona görə bu qədər boz-bulanıq hala gəlib ki,
kitabsız adamlar at oynadır bu saat. Onlara
qalsa, kitab yazanları çıxdaş edər, oxuyanları
isə lağ və gülüş obyektinə çevirərlər.
Amma hər bir cəmiyyətin dəyəri onun
insanlarının müqavimət gücü ilə
ölçülür. Təbii ki, indi də
heç olmasa, aydınlarımız müqavimət göstərməli,
xüsusilə son illərdə əsl kitab və mədəniyyət
ocağına çevrilmiş "Kitabevim" mağazalar
şəbəkəsini qorumalıdı. İlin-günün
bu vaxtında kitabsevərlərin həmişə üz
tutduğu belə bir rahat və zövqlü məkanın
qapadılması, yumşaq desək, yolverilməzdir.
-
Şair, sizdən daha çox sevdiyiniz, özünüz
oxuyandan sonra “Ah” çəkdiyiniz, şedevr hesab etdiyiniz bir
şeirinizi istəyirəm.
- Dərdiş,
şedevr-zad nədi? Mənim elə böyük iddiam yoxdu. Sadəcə,
bu dəqiqə yadımda olan bir cızmaqaramı ərz edərəm
AVTOPORTRET
Bu adam sevmədi özünü,
Özgələrini sevdi amma.
Ömründə bircə xoş gün
görmədi,
Göz açandan dərd gördü amma.
Başına uçuldu tikdiyi,
Fil çəkəmməyəndi çəkdiyi.
Tumurcuqlamadı əkdiyi,
Gül-çiçək açdı dərdi
amma.
Dözüb də hamının nazına,
Hə dedi hər şeyin azına.
Can deyib oğluna-qızına,
Çörək yox, ürək verdi amma.
Qaçsalar
da hər yerdə üzündən,
Qaçmadı bir yol da sözündən.
...Qarışqa
idi öz gözündə -
Başqaları bir devdi amma.
Bəlkə
də heç baxtlıq deyilmiş,
Bu günlük-sabahlıq deyilmiş.
Ölüb
yaşamaqlıq deyilmiş...
Bəlkə yaşayıb öldü amma.
- Bir son
söz deyin!
-
Yaşasın Azadlıq, bir də Məhəbbət!
Əhmət Ayyət
Şərq.- 2019.- 14
dekabr.- S.5