Mediada istinad məsələsi xüsusi
mexanizmlə tənzimlənməlidir -
Müasir Azərbaycan mediasının bəlkə
də ən ciddi problemi istinad mədəniyyətinin
formalaşmamasıdır. Xüsusən elektron mediada istinad məsələsi
aktual bir problemə çevrilib. Portalların dünya
praktikası ilə ayaqlaşmaq cəhdi təqdirəlayiq hal
olsa da, istifadə olunan informasiyalara istinad olunmaması xəbər
yayıcısının peşəkarlığını
kölgə altına salır. Hazırda
gündəlik xəbər yayan informasiya saytlarında məlumatların
əksəriyyəti istinadsız göstərilir. Ən mənfi
cəhət isə odur ki, bu sahədə problem ötən
illərdə necə idisə, bu gün də eyni vəziyyət
hökm sürür. Eyni məlumatın müxtəlif
saytlarda istinadsız yayılması isə mübahisələrə
səbəb olur. Həmin xəbərin ilk dəfə
hansı saytda və ya qəzetdə dərc olunduğu ətrafında
söz-söhbət sosial şəbəkələrdə
qarşılıqlı ittihamlara yol açır, hətta bəzən
təhqirlərə də yol verilir. Ancaq bu, təkcə şəbəkə
söhbəti deyil, həm də peşəkarlıq məsələsi
və müəllif hüququnun pozulmasıdır.
Xüsusən son vaxtlar bəzi həmkarlarımız
“istinad mədəniyyəti” ifadəsindən geninə-boluna
istifadə edirlər. Bəzi saytlar
tirajladığı informasiyanı başqa bir mənbədən
götürdükləri halda, xəbəri yayımlayan mənbəyə
istinad etməyi ya özlərinə
sığışdırmır, ya da görməməzlikdən
gəlirlər. İstinad mədəniyyətinin pozulması
problemi ilə əksər hallarda cəmiyyətdə
nüfuzu olan, geniş oxucu auditoriyası ilə
sayılıb-seçilən agentliklər, xəbər
portalları üzləşirlər. Dünya mətbuatında
qəbul olunmuş təcrübə isə belədir: - Hər
hansı KİV digərindən məlumat götürərək,
bu məlumatı öz qəzetində, jurnalında, internet
saytında və s. yerləşdirirsə, mütləq məlumatın
ilkin mənbəyinə istinad edir. Bu normaldır və
çox yaxşı təcrübədir. Əlbəttə,
insanlara lazım olan informasiyanın daha sürətlə
çatdırılması mühüm amildir. Amma bu, o demək
deyil ki, başqa bir mətbu orqanın informasiyasını
özününküləşdirib, nöqtə,
vergülünə belə dəymədən öz adına
çıxmaq olar. Auditoriya kimin nə söylədiyi,
informasiya və fikirlərin haradan qaynaqlandığı barədə
açıq siqnal almalıdır. Əks halda, auditoriyada fakt,
şərh və rəy arasında çaşqınlıq
yarana bilər. Əfsuslar olsun ki, 90-cı illərdən, yəni
müstəqil media formalaşandan bəri bu məsələ
müzakirə olunsa da, indiyə qədər həllini
tapmaq mümkün olmayıb.
Mövzunu “Şərq”ə dəyərləndirən
Mətbuat Şurası İdarə Heyətinin üzvü,
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli
deyib ki, Azərbaycan mediasının ilkin mənbədən
informasiya almaq imkanları çox zəifdir:
“Biz istədiyimiz dövlət qurumlarından,
yaxud ictimai qurumlardan məlumat almaqda problemlərlə üzləşirik.
Peşə fəaliyyətimizi yerinə yetirərkən
qarşılaşdığımız ən ciddi problem ilkin
mənbədən informasiya almaqdır. “İnformasiya əldə
etmək haqqında” qanunda bununla bağlı konkret müddəalar
var. Ancaq bu qaydalar gözlənilmir. Bu, ciddi problemdir və dəfələrlə
gündəmə gətirməyimizə baxmayaraq, həllinə
nail ola bilmirik. Dünyanın hər yerində qəzet və
saytların gün ərzində istehsal etdikləri məhsulun
təxminən yarıdan çoxu onların öz məhsulları
olur. Nüfuzlu media qurumları xəbər üçün
başqa saytlarda gəzişmirlər, özlərinə məxsus
informasiyalar hazırlayırlar. Amma Azərbaycanda iqtisadi səbəblərdən
KİV-lərdə gedən informasiyaların 80-90 faizi
ümumi məlumatlar olur. Onları da böyük informasiya
agentlikləri və qurumların mətbuat xidmətləri təqdim
edir. Əslində bu, normal hal sayılmır”.
Y.Məmmədlinin sözlərinə görə,
bütün saytlarda xəbərin eyni formada olması doğru
deyil:
“Səbəbi odur ki, media orqanlarının
müxtəlif qurumlarda jurnalist saxlamağa maddi imkanları
çatmır. Belə imkan olsaydı, həmin müxbirlər
özəl informasiyalar hazırlayardılar. Jurnalistlərimizin
özəl informasiyalar hazırlamaq imkanları çox
azdır. Ona görə də tirajımız və
oxucularımız azdır. Əlbəttə, bu durum bizə
haqq qazandırmır. Ancaq vurğulamaq
lazımdır ki, sadəcə istinadla sayt işlətmək,
bütün xəbərləri istinadla vermək də
doğru deyil. Çünki belə çıxır ki, bir nəfər
əziyyət çəkib xəbər hazırlayır, digər
saytlar ona istinad edərək dolanırlar. Belə də
olmaz”.
Jurnalist Araşdırmaları Mərkəzinin
rəhbəri Seymur Verdizadə də “Şərq”ə bildirib
ki, Azərbaycan mətbuatında istinad problemi danılmaz
faktdır:
“Biz təkcə gündəlik
informasiyaların deyil, hətta müsahibələrin,
reportajların da istinad edilmədən müxtəlif saytlarda
yerləşdirildiyinin şahidi oluruq. Bu isə haqlı
narazılığa səbəb olur. Jurnalistlər biri-birlərinin
əməyinə hörmət etməlidirlər. Heç
kimin ixtiyarı yoxdur ki, mənim müxtəlif mənbələrdən
dəqiqləşdirdiyim özəl xəbəri istinadsız
yaysın. Amma bu məsələdə ifrata varmaq olmaz. Gənclər
və idman naziri Azad Rəhimovun Polşaya səfəri özəl
xəbər deyil. Belə xəbərləri nazirliklər
vaxtında öz saytlarında yerləşdirməlidirlər
ki, mətbuat faydalana bilsin. Sosial şəbəkələrdə
istinad üçün “saçyoldusuna çıxan” elə
adamlar var ki, sınıq-salxaq kompüterindən başqa
heç nəyi yoxdur. Onun işi-gücü
başqalarının xəbərlərini
çırpışdırmaqdan ibarətdir. Belə
adamların istinad mədəniyyətindən dəm
vurması yersizdir”.
S.Verdizadə bəyan edib ki, informasiya mənbələrinin
çoxu üzümüzə qapalıdır:
“Azərbaycanda heç bir KİV-in
Pentaqondakı gizli mənbələrə istinadən özəl
məlumat yaymaq imkanı yoxdur. Yardımlıda ot
tayasının yanmasıyla bağlı xəbərin birinci
hansı saytda getməsi isə mətbuat hadisəsi deyil. Həmkarlarımın
belə məsələlərə enerji sərf etməsinə
görə təəssüflənməyə bilmirəm.
Müsahibələri, reportajları, araşdırma
materiallarını yayarkən mütləq ilkin mənbəyə
istinad olunmalıdır. Təkcə saytın və ya qəzetin
deyil, həm də jurnalistin imzasının
saxlanılmasının tərəfdarıyam. Biz jurnalistlərin
sahib olduğu ən böyük sərvət
imzalarımızdır. Jurnalistin imzasının itməyinə
imkan vermək olmaz. Tez-tez iş yerini dəyişən peşə
sahiblərinin sırasına jurnalistlər də daxildir. Ancaq
illərlə əziyyət çəkib
tanıtdığımız imzamızın hesabına gələcəkdə
işsizlik problemindən sığortalana bilərik”.
“Milli.az” xəbər portalının baş
redaktoru Anar İmanov da qəzetimizə
açıqlamasında vurğulayıb ki, onun
üçün istinad - hörmət məsələsidir:
“Əgər kimsə özünə hörmət
edirsə, o zaman başqalarına da, onların zəhmətinə
də hörmət edəcək. Yox, əgər o şəxs
xəbəri oğurlayıb, istinad etmirsə, o zaman ilk
növbədə özünə hörmət etmir. Mənim
üçün də o şəxs həmkar deyil, oğrudur.
Təsəvvür edin, hansısa jurnalist araşdırma
aparır, tərcümə edir, vaxtı gedir, məqalə
yazır və bu yazı yayımlanandan bir qədər sonra kimsə
onu oğurlayaraq istinadsız işlədiyi mətbu orqanda dərc
edir. Mənə görə, bunun adı oğurluqdur və
bununla məşgul olmaq jurnalistika deyil. Bu məsələdə
tənzimləmə mexanizmləri fikirləşmək
lazımdır. Oğru cəzasız qalmamalıdır. Bu məsələlərdə
cəzasızlıq xəbərlərin daha da böyük
miqyasda oğurlanmasına gətirib çıxaracaq. Təkcə
ictimailəşdirməklə iş bitməməlidir. Bu kimi
halların cəzası da olmalıdır, yetər ki, media əhli
bunu istəsin. Fikrimcə, əgər xəbər
oğruları cəzalandırılsa, bütün həmkarlarımın
ürəyincə olacaq”.
“Pia.az” saytının baş redaktoru Azər
Qaramanlı isə söyləyib ki, istinad məsələsi
hər şeydən əvvəl mədəniyyət məsələsidir:
“Əgər kimsə başqasının müəllif
haqqını mənimsəyirsə, bu, hər şeydən əvvəl
mədəniyyətsizlikdir. Həm də hüquqi məsuliyyət
yaradır. Düzdür, bəzən belə hallar bilmədən
də olur və bu da nəzərə alınmalıdır. Başqasının xəbərini dəqiqləşdirmə
ilə versək belə, xəbərin ilkin mənbəyə
olan hissəsinə istinad verilməlidir və bu mütləqdir.
İstinad, müəllif hüququ ən kiçik xəbərə
də aiddir, təkcə araşdırma və müsahibələrə
deyil. Hesab etmirəm ki, istinad məsələsi vicdani
bir yanaşmadır. Bir daha qeyd edim ki, bu hal
hüquqi məsuliyyət daşıdığına və
müəlliflik hüququ qanunla tənzimləndiyinə
görə vicdani yanaşma bu məsələdə rol oynaya
bilməz. Çünki burada xoş məramdan deyil, qanunla məcburi
hala gətirilən məsələdən söhbət gedir”.
Baş redaktorun fikrincə, istinad xüsusi mexanizmlə
tənzimlənməlidir:
“Sadəcə qanunla tənzimlənən istinad
məsələsi bütün hallarda məcburi xarakterlidir və
bu, birmənalı olaraq belə qəbul olunmalıdır. Buna
riayət etməmək və bilməyərəkdən
baş verdikdə üzr istəyib istinadı bərpa etməmək
sadəcə oğurluqdur”
Qocayev İsmayıl
Şərq.- 2019.- 17
dekabr.- S.11